“İslam tarixinə xronoloji nəzər” kitabına önsöz

“İslam tarixinə xronoloji nəzər” kitabına önsöz
19 aprel 2018
# 16:54

Keçən əsrin axırıncı onilliyi və vərəqlənməkdə olan yeni əsrin ilk illəri xalqımızın kütləvi surətdə dini etiqada qayıdışı ilə səciyyələnir. Sosial mifologiyanı rəhbər tutan, dindarlara ateizm təbliğ edən, sadəlövhlərə «möcüzələr» aşılamağı özünə məqsəd seçən bir ictimai quruluşun yetmişillik bayatıları artıq öz hökmünü itirmişdir. Bu quruluşun yersiz, mənasız əllaməlikləri – ümumbəşəri vəzifələrini unudub, Səma səltənətinə sataşması, «Allahsızlar təşkilatı» yaratması indi tarix səhifəsinə düşmüş bir qara ləkə kimi xatirələrdə qalmışdır.

Yeni dövran dinə qarşı yönəldilmiş hər cür tədbirlərə, hər cür məhrumiyyətlərə xitam vermişdir. On illər boyu qapıları bağlı qalan və yaxud anbarlara, çayxanalara, teatr səhnələrinə döndərilən məscidlərimiz yenidən inam mərkəzinə, din ocağına çevrilmişdir. Bir vaxtlar belə ocaqlara həsrət qalmış obalarımızda «Allah evi» sayılan yeni əzəmətli binalar tikilmişdir. Palçığı ilahi eşq ilə yoğurulmuş bu müqəddəs məbədlərdə indi müntəzəm olaraq kütləvi mərasimlər keçirilir, dini ayinlər icra olunur. Bu məbədlərin hündür minarələrindən gündə üç dəfə eşidilən azan səsləri, «Allahu Əkbər! Allahu Əkbər!» nidaları ən güclü çağırış, ən təsirli melodiya kimi minlərin, on minlərin baxışlarını Səma səltənətinə yönəldir.

Bir vaxtlar yasaq edilmiş dini bayramlarımız vətəndaşlıq hüququ qazanmışdır. Bizim üçün ən əziz, ən müqəddəs sayılan bu bayramlar bütün yaşayış məskənlərində təntənəli surətdə qeyd olunur. Müsəlmanlığın başlıca şərtlərindən olan oruc tutmaq, gündə beş dəfə namaz qılmaq da kütləvi hal almışdır. Ramazan ayı gecələrinin tən yarısında binaların pəncərələrindən süzülən işıqlar Allah qarşısında öz borclarını yerinə yetirməkdə olanların kütləviliyindən xəbər verir.

Yeni dövran və İlahi eşq, İlahi məhəbbət güclü qələm sahiblərinin görkəmli tədqiqatçıların və mahir tərcüməçilərin diqqətini İslam dininin, İlahi vəhylər toplusu, səmavi kitabların ən yetkini olan “Qurani-Kərim”in, peyğəmbərlərin əşrəfi olan Məhəmməd peyğəmbərin (s.ə.s) həyat və fəaliyyətinin təbliğinə yönəltmişdir. “Qurani-Kərim” ilk dəfə olaraq Z.M.Bünyadov və V.M.Məmmədəliyev tərəfindən müasir Azərbaycan dilinə tərcümə edilmiş və yüz minlərlə ailənin evində ən hörmətli qonaq olmuşdu. Dini mövzuda yazılmış və tərcümə edilmiş bir sıra kitablar, o cümlədən «Qurana dair 101 sual», bu sətirlərin müəlliflərinin qələmindən çıxmış «Məhəmməd Peyğəmbər: həyatı və kəlamları», «Peyğəmbərə 40 sual», Rafiq Əliyevin «Dinin əsasları», Mustafa Müftinin «İslam tarixi», Əhməd Əhmədovun «İslam təlimi», Mürtəza Səmavinin «Necə hidayət oldum», görkəmli din xadimləri Əhməd Didatın «İisus v İslame», Seyyid Müctəba Musavi Larinin «Boq i eqo atributı», «Voskresenie umerşix», «Nakazanie i jizn posle kontsa sveta», «Proroçestvo», İbn əl-Ərəbinin «Mekkinskie otkrovenie» əsərləri oxucuların stolüstü kitabı olmuşdur. Şairlərimiz, bəstəkarlarımız və müğənnilərimiz də xalqımıza din ilə bağlı töhfələr verməyi unutmamışlar.

Dini təhsil sahəsində də ilk addımlar atılmışdır. Bir vaxtlar dini təhsil almış mollalara həsrət qalmış məscidlərimizdə indi kamil gənc ruhanilər xidmət göstərirlər.

Din, sevimli Peyğəmbərimizin dediyi kimi, öyüddür, nəsihətdir. Dinin müqəddiməsi Allah xətrinə, din xətrinə, peyğəmbərlər xətrinə, müsəlmanların başçıları xətrinə, cəmi müsəlmanların xətrinə öyüddür, nəsihətdir. İslam dininin mahiyyətini geniş kütlələrə izah etmək, insanları Allahın buyurduğu yola səsləmək həm savabdır, həm də şərəflidir. Belə bir şərəfə nail olmaq üçün imkan daxilində olan bütün vasitələrə əl atılmalıdır. Dini təhsilə orta məktəbin birinci sinfindən başlanılmalıdır. Ali məktəblərdə İslam dininin tədrisinə xüsusi diqqət yetirilməlidir.

Adəmin övladları Qabilin Habili öldürməsindən, kim bilir, neçə min il keçib. Bu illər ərzində haqqın yolundan azanlara qarşı saysız-hesabsız cəza tədbirlərinə əl atılmışdır. Lakin bu cəza tədbirlərindən heç biri azmışları pis əməllərdən çəkindirə bilməmişdir. Bəs bütün insanları haqqın yoluna cəlb etməyin yeganə çarəsi nədədir? Yeganə çarə dini tərbiyədə və insalarda dinə möhkəm inam yaratmaqdadır.

Bütün bəşəriyyəti haqqın yoluna cəlb etməkdə, başqa dinlərə nisbətən İslam dini daha böyük təsir gücünə malikdir. Bu təsir gücü onun stabilliyində, onun hökmlərində və onun sarsılmaz ənənələrindədir. Dünyada İslam dininin cazibə qüvvəsini artıran, başqa dinlərə mənsub olanların ona meyl etməsinə təsir göstərən amillər elə bunlardır. Maraqlı burasıdır ki, sevimli Peyğəmbərimizi bütün peyğəmbərlərdən üstün tutanların və İslama meyl edənlərin sırasında xristian dünyasının alimləri də vardır.

Məşhur Amerika tarixçisi, görkəmli riyaziyyatçı və astronom Maykl Xart «Tarixdə ən məşhur adamlar» əsərini yazarkən yüz şəxsiyyəti seçib ayırmış və bunların hər birinə öz səviyyəsinə görə kitabında yer vermişdir. Biz bu əsərdə birinci yerdə:«Mən aləmlərə lənət oxumaq üçün deyil, rəhmət oxumaq üçün göndərilmişəm» - deyən sevimli Peyğəmbərimizin adını oxuyuruq. Kitabın müəllifi şəxsiyyətlərin həyatda xidmətlərini əsas tutaraq Məhəmməd peyğəmbərdən sonra ikinci yerdə müqəddəs Pavelin, üçüncü yerdə Həzrəti İsanın, qırxıncı yerdə Həzrəti Musanın adlarını qələmə almışdır. Sevimli Peyğəmbərimizin dünyada birinci şəxsiyyət kimi qeyd edilməsi, əslində, onun yaratdığı İslam dininə böyük rəğbət hissinin təzahürüdür.

Avropada mənəvi düşkünlüyün bütün əlamətlərinə dözə bilməyən, bu düşkünlüyün qarşısını ala biləcəyinin fərqinə varmadan İslam dini haqqında düşünən ingilis tədqiqatçısı Riçard Bell, xristianların qəzəbini bildirməkdən çəkinməmişdir. Uzun illər İslam dini ilə bağlı tədqiqatlar aparan alim belə bir fikrə, belə bir nəticəyə gəlmişdir ki, Avropanın qarşısında yeganə bir yol vardır. Bu yol İslamdır. Başqa yol yoxdur.

İslam dininə qarşı rəğbəti artıran bu dinin nur çeşməsi, səmavi kitabların ən axırıncısı, İlahi vəhylər toplusunun ən yetkini “Qurani-Kərim”dir. “Quran” təkcə İslam dininin deyil, bütün səmavi dinlərin külliyyatıdır. ”Quran” Allah dərgahına gedən yolları işıqlandıran bir Günəşdir. “Quran” əbədiyyət yollarını göstərən İlahi tərtibdir. Səma səltənətinin və Yerin nurudur. Quran Allah haqqında poeziya, şeriyyət olan teologiya elminin müntəxəbatıdır.

Həyati faktları əsas tutub etiraf etmək olar ki, insanların çoxu bu müqəddəs kitabın dərin mənalı ayələrindən xəbərsizdir. Əgər bütün insanlar bu ayələrin mənasından xəbər tutsaydılar, bu fani dünyanın sınaq meydanı olduğunu dərk edərdilər, sərvət düşkünü olmazdılar, həyatın mənasını eyş-işrətdə görməzdilər, özlərinə hesabat verib deyərdilər ki, bu dünyaya özümüzlə nə gətirmişik ki, gedəndə də özümüzlə aparaq. Əgər bu ayələr hamı tərəfindən oxunub dərk edilsəydi, Allaha şərik qoşulmazdı, rüşvətxorluq olmaz, insanlar bir-birinə qənim kəsilməz, xəyanət, əliəyrilik, əyyaşlıq olmazdı. Əgər bu ayələrin mənasından hamılıqla ciddi nəticə çıxarılsaydı, Yer üzündə İlahi hakimiyyət yaranardı və bu hakimiyyətin devizi ədalət, ədalət, yenə də ədalət olardı.

Öz davranışı, əməlləri, həyatı ilə islamda “Qurani-Kərim”ə və bu müqəddəs kitabdan sonra islamın ikinci istinad mənbəyi olan Hədisi-şəriflərə əsaslanan hər bir şəxs həyatın keşməkeşli yollarından asanlıqla keçər və günah girdabına düşüb çabalamazdı.

İslam haqqın dinidir. Yaradan tək olduğu kimi həqiqət də təkdir, həqiqət tək olduğundan həqiqətə gedən yol da təkdir. “Qurani-Kə- rim” bu həqiqətə gedən yolun göstəricisidir.

Hal-hazırda sizin nəzərinizə - mühakimənizə təqdim edilmiş kitab 2006-cı ildə “Oskar” nəşriyyatında “İslam kitabxanası” başlığı altında çap edilmiş əsərin bir hissəsidir. Adı çəkilən kitab rus dilində Rusiya Federasiyasında da çoxsayli tirajla nəşr edilmişdir. Biz “İslam tarixinə xronloji nəzər” əsərini təkrar nəşr etmək qərarına gəlmişik. Buna bir neçə səbəb var. Müasir dövrdə qərb siyasətçiləri islamdan siyasi məqsəd kimi istifadə edib onu gözdən salmaq istəyir, onu terrorizmlə eyniləşdirirlər. “İslam terrorizmi” kimi bir kəlmə lüğətdə yer alıb. Amma tarix göstərmişdir ki, islam aləmində terror sözü Əfqanıstanın işğalından sonra, yəni islamın təşəkkül tapmasından 1400 il sonra lüğətdə öz yerini almışdı. Çox ehtimal ki, terrorist qruplarında siyahıda olan müsəlmanlar nə məscidlərdə, nə də ailələrdə öyrədilmirlər. Qərb, mənfur mənafeyini həyata keçirmək üçün terrorist qruplarını yaradır və maliyyələşdirir. Bütün bunları nəzərə alaraq bu kiçikhəcmli kitabı tərtib etməkdə məqsəd islamın yaranmasını, cahilliyyət dövründə formalaşmasını şərh etməklə bərabər, Peyğəmbərin və onun səhabələrinin şərəfli yolunu işıqlandırmaq, onun dediyi şəriət qanunlarına, fiqhə riayət etmək, o dünyamızı qazanmaq arzusu olub.

O. Qüdrətov, N.O.Qüdrətov

# 1451 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #