Başımı kəsmək istəyirdilər! – Məsciddən Reportaj

Başımı kəsmək istəyirdilər! – Məsciddən Reportaj
5 avqust 2019
# 11:02

Kulis.az Samirə Əşrəfin məsciddən yazdığı reportajı təqdim edir.

Yaşıl rəngə boyanmış dəmir darvazanın yanına çatanda əsas məsələni fikrimdə götür-qoy edirəm. Reportajın ən çətin mərhələsi məhz budur. Məqsəd və məramı açıqlamaq. Böyük kəsimi dindar olan qəsəbənin məscidindən reportaj hazırlamağa gəlmişəm. Hər şeyi, nəyi necə deyəcəyimi, oturuşumu-duruşumu əvvəlcədən ölçüb biçmişəm. Üzümün makiyajını tərtəmiz silib, başıma enli və uzun yaylıq da bağlamışam. Amma sən demə tək yaylıqla iş bitmirmiş. Bu barədə isə bir az sonra.

Dəmir qapını açmazdan əvvəl günü oruc tutmaq, namaz qılmaqla keçən yaşlı, dindar və mühafizəkar adamlara onlardan reportaj hazırlamaq fikrimi necə açıqlamaq barədə bir az da düşünməli oluram. Bəlkə deyim uşaq gecə bərk qorxub, ona qorxuluq duası yazdırmaq istəyirəm. Ya da rəhmətlik atam tez-tez yuxuma girir, “Yasin” surəsi oxumaq lazımdır. Əlqərəz seyid cəddinə arxayın olan kimi mən də cəddimə arxayın olub məscidin darvazasından həyətə girirəm.

Günorta namazı olduğundan ətrafda sakitlik baş alıb gedir. Hərdən hansısa ağacın budağında istidən halbahal olmuş sərçələrin zəif cikkiltiləri eşidilir. Yadıma “Dəli Kür” romanında göytəpəlilərin məscidinə məsləhətə gəlib Qoriyə uşaq aparmaq istəyən Aleksandr Osipoviç düşür. Amma mən Qoriyə uşaq aparmağa yox, sayta söz aparmağa, reportaj çatdırmağa gəlmişəm.

Həftənin birinci günü saat on ilə on bir arası Aliyə Dadaşovanın səsi, daha doğrusu mesajı çatdan göyərəcək.

- Samirəcan, reportaj demişdin e, necə oldu?

Və yaxud da:

- Bacı, reportajı mənə yolla, məscid söhbətini merak edirəm.

Aliyənin yazdıqlarımı oxuyub qımışacağını düşünüb xoşhal oluram. Məscidin həyətində barı təzəcə sovulmuş ərik ağacının altındakı oturacağa əyləşirəm. Məscid qapısının sol tərəfində, sürüşkən daş səkinin üstündə yaşlı kişi namaz qılır. Yəqin çox isti olduğundan namazı bayırda qılır deyə öz-özümə düşünürəm.

Külək vurduqca ərik ağacının yarpaqları pıçıltı ilə bir-birinə toxunub xışıldayırlar. Ətrafa yüngülvari meh yayılır. Əvvəllər də bu ağacın altında elə günorta saatlarında bir neçə dəfə əyləşmişəm. Həyətdəki sakitlik, allahın evi ifadəsi adama rahatlıq bəxş edir. Sizə bir sirr açım. Bu ərik ağacının altı yeganə yerdir ki, burda əyləşəndə ölüm qorxusundan xilas oluram. Cənnəti dəfələrlə bu ağacın altında hiss etmişəm desəm yəqin ki, yalan olmaz. Bu qədər rahatlığı başımın üstündə peyda olan qarapaltarlı oğlan pozur. Yeniyetmə oğlan mülayimliklə xəbər alır:

- Xanım, nəsə kömək lazımdır?

Özümü tox tutub cavab verirəm:

- Axundu, ya da hacılardan birini görmək istəyirəm.

Oğlan gəldiyi kimi də geri qayıdır.

Qadın bütün mənzərələrə gözəllik qatır deyibən ətrafdakı sakitlikdən istifadə edib özümü kənardan görməyə çalışıram. Ağac altı, yeri ağ, üzərində solğun mavi yarpaqlar, qırmızı, xırda güllər olan yay paltarı geyinən, başına əynindəki paltarlara uyğun yaylıq bağlayan qara eynəkli qadın əyləşib. Ağacın kölgəsi onu iyulun amansız istilərindən qoruyur, budaqlarını ətrafa səfərbər edir.

Bayaq gedən oğlan ortayaşlı kişi ilə yenidən peyda olanda özümü görməkdən əl çəkib özümə qayıdıram.

- Xanım, baş axund burda yoxdur, o biri dindarlar, hacılar da namazdadırlar, bir azdan çıxarlar.

“Bəs bu kişi kimdir?” Amma sualı ürəyimdə ünvanlayıram.

Sifəti gündən qaralıb tunc rəng alan kişi aşırmalı çantasını bir az da belinə tərəf hərləyib deyir:

- Mən bura Lənkərandan qonaq gəlmişəm. Məscid adamı deyiləm. Beş dəqiqəyə namaz bitir.

Kişi nədənsə qonaq olduğunu növbəti dəfə də təkrarlayır.

- Mən qonağam, hərdən bura gəlirəm, gedirəm.

- Amma dindarsınız.

- Bəli, dindaram. On beş yaşımdan namaz qılıram, Quran oxuyuram.

- Adınız nədir, neçə yaşınız var?

- Adım Həsəndir. 41 yaşım var.

Onu bir az sınağa çəkmək, həm də dinlə bağlı maraqlı nəsə öyrənmək üçün müsahibə janrına keçid edirəm:

- Sizcə, din olmasa nə baş verər?

Həsən kişi suala sualla cavab verir.

- Din olmasa nələr baş verməz ki? Din vətənə, millətə olan sevgidir. Din bizə vətəni, şəhidlərin məqamını tanıdır. Biz dini vətəni atıb qaçanlarla yox, vətəni qoruyan insanlarla tanıyırıq. Biz dini İmam Hüseynlə, Mübariz İbrahimovla sevirik. Peyğəmbərimizin də belə bir hədisi var.

Kişi hədisi əvvəlcə ərəb aksenti ilə ərəb dilində deyir. Sonra xatircəm olum deyə öz dilimizə də tərcümələyir.

“Vətəni qorumaqdan boyun qaçıran şəxs bizdən deyil. Vətənini qorumayan şəxs cəhənnəm əhli sayılır.”

- Cəhənnəmə, daha doğrusu o dünyaya inanırsınız?

- O dünyanı allah bizə buyurub. Bu adi bəşər övladının yazısı deyil. Din bir çox pisliklərin qarşısını alır.

Deyəsən mənə axund, Hacı gərək olmayacaq. Həmsöhbətim xeyli savadlı və maraqlı başlayıb deyə özlüyümdə düşünürəm.

- Din sizə nəyi tanıdıb?

Kişi gülümsəyib əlimdəki diktofona işarə edir:

- Bilirəm indi səs yazılarım gedir...(susur). Din mənim özümü mənə tanıtdırıb.

Araya yenə uzun sükut soxulur. Kişi dərin fikrə gedir, sonra hardansa lap uzaqlardan qayıdıb söhbətə qaldığı yerdən davam edir.

- Dində özümü, millətimi, xalqımı tanımışam. Allah-təala buyurub. “Biz insanı gözəl biçimdə xəlq etdik”. İnsanın yaradılışı başdan ayağa möcüzədir. Ruh bədəndən çıxandan iki saat sonra bədən üfunətli cəsədə çevrilir. Amma allahın yaratdığı ruh bədəni tənzimləyir. Bütün bunlar İlahinin möcüzəsidir.

Bayaqkı oğlan yenidən məscidin həyətində görsənir. Bilmirəm o, kişiyə him-cim edir, ya kişi özü çox danışmaqdan ehtiyat edir. Ayağa qalxıb getməli olduğunu deyib xudahafizləşir.

Həyətə göz gəzdirirəm. Əyləşdiyim yerlə üzbəüz tikilinin dəhlizi hacıların və axundların otaqlarına açılır. Onun arxa tərəfində isə qadınlara aid olan iki mərtəbəli bina və dəstəmazxana var. Dindar qadınlar ora toplaşır, orda dəstəmaz alıb namaz qılırlar. Məscidin arxa tərəfindəki yığcam tikili isə yuyat yeridir. Yuyat yerinin yaxınlığında rəngi qopub tökülmüş, bozarıb taxtası çürümüş hər iki tərəfdən dəmir qulpları olan tabut var. Heminqueyin təbirincə düşünsək, hər tabut da bir əcəl zəngidir. Bizə öz ölümümüzün yetişəcəyi anı xatırladır.

Qara-qura fikirləri özümdən qovmağa çalışıram. Fantaziyamı işə salıb tabutu köhnə qayığa bənzədirəm. Bu düşüncəyə aldanmağım o qədər də çətin olmur. Məscidin iki yüz addımlığı dənizə açılır. Hər gün orda onlarla adam qayıqla balıq ovuna çıxır.

Namaz bitir, piyada gələnlər piyada, maşınla gələnlər maşınla çıxıb gedirlər. İki yaşlı kişinin mənə tərəf yaxınlaşdığını görürəm. Tez başımdan sürüşüb çiynimə düşən yaylığı düzəldirəm. Birinci bəstəboy, narın ağ saqqalı olan kişi yaxınlaşır.

- Xanım, siz gərək icazə alasınız.

- Kimdən?

- Dini İcmadan.

İcazə söhbəti bir az toxunur. Ötkəm, həm də incik səslə dillənirəm:

- Bu gündəlik, sadə reportajdır. İnsanların dinə münasibəti, məsciddəki dindar adamların müşahidələri, fikirləri barədə maraqlı nələrsə öyrənmək, yazı yazmaq istəyirəm.

Narın saqqalı kişi yenə dillənir:

- Son illər məscidə mətbuatdan çox gəlib-gedən oldu. Çoxu da xoş niyyətlə gəlmir. Ona görə də icazə olmadan nəsə danışmaq istəmirəm. Amma siz xanımsınız, sizə ehtiram hər birimizin borcudur. Məscidin axundu yas məclisindədir. Buyurun keçin içəri. Bir azdan gələcək.

Axundun qəbul otağına keçirəm. Otaq boyu tünd çəhrayı rəngində divan düzülüb. Divanın qarşısında yan-yana iki balaca şüşə masa qoyulub. Masanın üzərində cürbəcür dini kitablar var. Kitabların arasında “Multikulturalizm” jurnalı da gözümə dəyir. Divardan asılmış rəflərin gözünə də irili-xırdalı kitab və jurnallar boy sırası ilə düzülüb.

Özünü məscidin siravi işçisi kimi təqdim edən Hacı Abdulla əlli yaşı ötmüş nurani adamdır. Hacı Abdulla süzdüyü çayları masanın üzərinə qoyaraq qısaqol köynəyimə işarə edir:

- Xanımlarımız məscidə gələndə yaxşı olar ki, qolu uzun paltarlar geyinsinlər, başlarını yaxşı bağlansınlar.

Hacının telefonuna zəng gəlir. O, aramla başqa otağa keçir, amma səsini eşidirəm. Deyəsən zəng vuran ev əhlidir.

O gələnə qədər mən də istisi öləzimiş çaydan bir neçə qurtum alıram. Qənddandakı konfetlərdən götürüb-götürməyim deyə düşünürəm. Hacı otağa qayıdanda konfetlərə toxunmadan çayı yavan içmək qərarını qəbul edirəm. Otaqda düzülən divar boyu divanlara göz gəzdirirəm.

- Buralar deyəsən təzəlikdə təmir olunub. Lap “Möhtəşəm yüz yıl” serialındakı şəhzadələrin otaqlarını xatırladır.

- Həə, bu otağı da bir nəfərlə özüm təmir etmişəm, divanları da özüm yığmışam. İndi də mərasim zalının rəflərini hazırlayırdım. İstəyirdim namaza qədər bitirim.

- Neçə ildir dindarsınız?

- Mən dindar ailəsində dünyaya gəlmişəm. Əslən Sabirabaddanam. Gözümü açandan, lap uşaqlıqdan məscidə gedib gəlmişik. Yadıma gəlir, 1965-66-cı illərdə Kommunist rejimi məscidə getməyi insanlara qadağan eləmişdi. Çox çətin dövr idi. Altı, yeddi yaşım olanda gecələr yaşlı adamlar çiynimdən tuta-tuta məscidə gedərdilər. Məscidin pəncərələrinə dörd qat pərdə vurardılar ki, gəlib tutmasınlar. Biz də orda oturub mərsiyələrə qulaq asır, arada bardaş qurub dizimizə, sinəmizə vurardıq. Uşaq idik də. Nə bilirdik dindarlıq nədir, məscid nədir.

Hacı Abdulla nəql etdiyi kimi bardaş qurur, əllərini yüngülcə əvvəl dizinə, sonra da sinəsinə vurur. Hətta yırğalandığını da hiss edirəm. O, sanki aradan keçən əlli ilik uşaqlıq xatirələrini təzələməyə çalışır.

- O vaxtın dindarları da məsciddə belə məsələlərə ciddi baxırdılar. Uşaq olsaq da bizim orda deyib gülməyimiz, lağlağı etməyimiz onlara pis təsir edirdi. Belə olanda uşağın böyüyünə irad tutardılar.

- Məsciddə güldüyünüz olurdu?

- Uşaq vaxtı olub, əlbəttə. Gülməyimə görə mənə sillə də vurublar. Deyiblər - sən gör, hara gəlmisən? Bilmirsən ki, burda deyib-gülmək, lağlağı eləmək olmaz! Altmış yaşıma az qalıb, amma o vaxtı mənə dəyən sillə indiyənə qədər yadımda qalıb. Allahın evinə gələndə onu dərk edib gəlmək lazımdır.

Yadıma niyəsə Lev Tolstoyun ən gözəl, həm də ən ürküdücü hekayəsi “Sergi ata” düşür. Verəcəyim sualı düşüncələrimdən ayırıb ünvanlayıram:

- Din hər şeydən əvvəl nəfsi cilovlamağa kömək edir. İnsanı səbrli olmağa səsləyir.

- Əlbəttə. Nəfsini cilovlayan adam hər şeyə qadirdi. Öz qəlbinlə, nəfsinlə cihad edə bilsən, çox şeyə nail olarsan. Nəfs kişi və qadında eynidir. Amma qadında kişidən daha çox da ola bilər. Qadın hər şeyə, bər-bəzəyə, qızıla həris olur. Amma şəriətdə, dində gözütox, nəfsinə hakim ola bilən qadınlarımız da olub. Onlar dua edəndə özlərinə yox, başqalarına ediblər.

Hacı baxışlarını yerə dikib fikrə gedir. Sanki nəyisə deyim deməyim deyə götür qoy edir. Amma deyəsən danışmaq qərarına gəlir:

- Bir ailə vardı, ailəlikcə mömin idilər. Uzun illər ailəvi dost olmuşduq. Onlara çox köməyim dəymişdi. Bir dəfə mənim üçün dini əhəmiyyəti olan məsələyə görə onlardan ürəyim sındı. Sonralar ailə üzvlərindən bir neçəsi dəfələrlə mənə zəng vurdu. Cavab vermədim. Bir gecə yuxuma başıbağlı bir qadın girdi. Salam verdim, salamımı almadı. Dedi, sən mənim balalarıma niyə axıra qədər kömək eləmədin? Niyə onların zənglərini cavabsız qoydun? Sən bilmirsən ki, hər şey bizə əyan olur?

Hacı kədərlə sözlərinə davam edir:

- Yuxuda qadının ayaqlarına düşüb, nənə deyib yalvardığımı xatırlayıram. İstəyirdim o, məni bağışlasın. O qadının yuxuda dediyi sözlər indi də yadıma düşəndə məni ağlamaq tutur.

Bunu deyəndən sonra o, doğurdan da kövrəlir, yaş kirpiklərinə toxunub geri qayıdır.

- Günahsız insan yoxdur. Cavanlıqda cavanlara xas günahlarım olub. Amma heç kimə böyük mənada pislik etməmişəm. Məscidə qədər çöl-bayır uşağı olmuşam. Məni döyüblər də, söyüblər də, hətta yerə yıxıb başımı belə kəsmək istəyiblər. Bıçağı boğazıma dirəyiblər, amma səbr edib dözmüşəm. Allahın ətəyindən yapışmışam.

Çoxdandı fikrimdə gəzdirdiyim sualı məqamdır deyib Hacıya ünvanlamaq istəyirəm. Çək-çevir edirəm. Bir az da alacağım cavabın qeyri-məlumluğundan, necəliyindən ehtiyat edirəm. Amma bayaq həyətdə rəngi soluxmuş tabutu xatırlayıb öyrənmək arzumun cilovunu sərbəst buraxıram.

- Bayaq gördüm, burda yuyat yeri də var. Həyətdə tabut da qoyulmuşdu.

- Qəsəbədə bir məscid var, yuyatsız olmaz axı.

- Son vaxtlar cavan ölümləri də çoxalıb.

- Ölüm cavana, qocaya baxmır. Amma son illər “avariya”dan ölənlərin sayı çoxalıb. Cavanlar maşın sürəndə ehtiyatsızlıq edirlər.

- Cavan meyit gətiriləndə pis olursunuz, ya öyrəşmisiniz?

- Yox, mənim üçün hər şey adiləşib. Haçansa təsir edirdi. Bir vaxtlar yuyat yerinin yanına fırlana bilməzdim. Sonra bir hadisə mənim bu qorxumu yox elədi.

- Hansı hadisə?

- Qardaşım qıraqda, Rusiyada yaşayırdı. Bir gün xəbər gəldi ki, onun başına pul qoyublar, öldürəcəklər. Bu xəbər mənə çox pis təsir etdi. Xəstələndim, dilim batdı. Onda getdim rayonumuza. Dörd ay qaranlıq otaqda qaldım, namaz qılıb, oruc tutdum. Dörd aydan sonra dilim yavaş-yavaş açıldı. Əvvəl evimə gəldim, sonra məscidə gəlib allaha dua etdim, əl açıb allaha yalvardım ki, məni onun zəvvarlarına xidmət etməklə şərəfləndirsin. Məhərrəmlik ayının birinci günü bura gəldim, sonuncu gün artıq tam sağalmışdım.

- Sağalmağınız üçün niyyət edib gəlmişdiniz?

- Yox, mən inanırdım ki, sağalacam. Hər şey onun əlindədir.

Hacı onu deyəndə başını yuxarı qaldırdı. Mənə elə gəldi ki, doğurdan da hər şey əlində olan hər kimsə Hacının göstərdiyi qeyri-naməlum yerlərdə, göylərdədir.

- Ondan sonra meyitdən qorxmadım. Məsciddə kəfən, ölçü işlərinə mən baxıram, cavanların başı çıxmır, çox vaxt səhv edirlər. Meyitin də uşağı, cavanı, qocası olur. Bəzən elə kriminal meyitlər gəlir ki, bu işin məktəbin keçmədən onlara toxunmaq olmaz. Həm də dində də var, əgər yaxınlıqda bir müsəlman rəhmətə gedirsə, onun yuyulmasının vacibliyi ətrafda olan bütün müsəlmanların boynuna düşür. Bunun hesabı, axirətdə ayrıca sorğu-sualı olacaq.

Yavaş-yavaş lap uşaqlıqda meyitlər, mürdəşirlər haqqında eşitdiyim qorxulu əhvalatların əslini öyrənməyə doğru yaxınlaşıram. Hacının hər şeyi düz danışacağına, mənə qəlbdən inanıb bildiklərini nəql edəcəyinə əminəm.

- Meyitlərin əlcəklə yuyulması məsələsi doğrudur?

- Hərənin bir xəstəliyi olur. Əlcək əsasən ölüdən xəstəlik, mikrob keçməsin deyə istifadə olunur. Bir də ki insan hər şeyi əli ilə hiss edib duyur. Meyitə toxunan adamın da yadında həmin hissiyyat qalır. Əlcək ona görə geyinirlər ki, həmin hissiyyat sonradan adamın xatirində qalmasın, itib getsin. Yoxsa, adam hövllənib, qorxar, hətta havalanar da. Bizim dövrümüzdə də parçadan əlcək tikərdilər. Meyit də canlıdır, onun enerjisi mütləq var.

Hacıyla söhbətə yekun vura-vura məscidin həyətinə çıxırıq. Bayaqkı istidən əsər qalmayıb. Gün yavaş-yavaş sürünüb üzü qərbə doğru gedir. Gedərkən istisini də özü ilə aparır. İyirmi illik ağaclar məscidin daş səkisinə kölgə salırlar.

Hacıya məscidin içərisinə girib bir neçə şəkil çəkmək istədiyimi deyirəm. Razılaşır, amma xahiş edir ki, başımı yaxşı-yaxşı çarqatlayım. Bürünüb içəri girirəm. Şəkilləri çəkib onunla sağollaşıram. Hacı məndən ayrılır. Mən yoluma, o, isə bayaq mən əyləşdiyim ərik ağacına tərəf gedir. Əllərini ağacın gövdəsinə sürtüb ilıq səmaya baxır. Uzaqdan mənə elə gəlir o göydəki ilə nə barədəsə səssiz-səmirsiz, qəlbən söhbət edir.

# 5524 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #