WhatsApp dövrünün sevgi qətlləri

WhatsApp dövrünün sevgi qətlləri
20 fevral 2015
# 08:30

Qadın qətllərinə son demək üçün, gəlin, ər evinə gor evi kimi gedən qadınlarımızın xatirəsinə hərəyə bir ağ gül bağışlayaq. Stefan Sveyqin “Yad qadının məktubları”ndakı ağ güldən deyirəm. Çünki məhz bu gül platonikliyə məhkum edilmiş sevginin tikanlı simvoludur.

Bizim qadınların əksəriyyətinin yerdəki həyatında sevgiyə yer olmadığından ümidlərini göylərə bağlayırlar. Arzulara, xəyallara, oradan da şairliyə adlayırlar. Amma yolunu heç cür sevginin qapısından sala bilmir. Bu qapını nəinki döyməyə, heç bu tərəfə baxmağa da cəsarət etmir. Adına əxlaqsız, yüngül, nəslin başını aşağı edən, atanın, qardaşın papağını yerə soxan biri deməsinlər deyə sevgisizlik taleyi ilə barışır.

Bunu nəzərə almayanda bıçaqlar, baltalar, intihar kəndirləri qadın boynunun bəzəyi olur.

Darıxdırıcı kənd həyatında belə bəzəkli əhvalatlara əlahiddə bir maraq var. İnsan faciələrinin statistikaya çevrilməsi insanlara dərdlərinə gülməyi, onlarla əylənməyi də öyrədir.

Belə bəzəkli əhvalatlardan biri bu yaxınlarda vaqe olub. Kəndlərimizdən birində 9-cu sinifdə oxumalı olan qızı Rusiyada işləyən 35 yaşlı birisinə nişanlayıblar. Elçilikdə sevgi motivi, təbii ki, gözardı edilib. Nəyə də lazım?

Ata-ana, nənə-baba yenə də ənənəvi “Hamı belə evlənmirmi?” arxetipini başı üzərinə qaldırıb. Amma əynindəki məktəbli önlüyünü hələ çıxarmamış qızı baş-göz eləməyə qalxan ailə indiki zəmanənin əvvəlkindən fərqlənən dadi-bidad zəmanəsi olduğunu da yaddan çıxarıb. Fərqində olmayıb ki, bu zəmanənin telefonu, interneti, Facebook-u, WhatsApp-i var.

Hər nə qədər məktəb oxumasa da, ata-ananın dəstəvuzu ilə dərslərdən yayınsa da, bir-iki siniflik savad bir qızın mesaj yazıb yollamasına yetir. Əlqərəz, nişanlı qız öz yaşıdı olan birisinə telefon vasitəsilə sevgisini izhar edir. Sevgisini də özü ilə birgə gündən–günə böyüdür...

Balaca kəndlərdə böyük sevgilər ancaq utanc gətirər. O kənddə də böyükləri məsələdən hali olunca düşüblər qızın üstünə. Hərbə-zorba ilə qıza rusiyalı adaxlısına sadiqlik andı içiriblər. Məktəb, sevgi qatili bu kənd bununla da kifayətlənməyib Rusiyadakı adaxlı oğlanın uzaq-uzaq ellərdən qayıdıb qızı, ya da sevgilisini qətlə yetirəcəyi günü gözləyir.

Bu yeganə fakt deyil. Təəssüf ki, artıq belə olaylar kimsəni təəccübləndirmir. Bir kişinin birinci arvadını boşayıb, dalınca qısa zaman fasiləsi ilə ikincisini və üçüncüsünü də qətlə yetirdiyi cəmiyyətdə daha nəyə təəccüblənəsən ki?!

Milli mentalitetimizdə qadın və kişinin yüz illər ərzində qorunan bəlli bir statusu var. Kişi qadına evdəki canlı paltaryuyan kimi yanaşıb, kənarda könül əyləndirə bilər. Sabirin yazdığı kimi, “Ərdir özü bilər, neçə övrət alır, alar...”

Və bu əsla ayıb sayılmaz. Amma ərli qadın bir başqasına qoşulub qaçarsa, dərhal, əxlaq, namus, milli qeyrət mexanizmi işə düşər.

Jurnalistlərdən tutmuş cəmiyyətin ən adi üzvünə qədər hər kəs əxlaq gözətçisinə çevrilər. Mühakimə haqlarının mənbəyi bilinmədiyi halda süddən çıxmış ağ qaşıq kimi “namus əldən getdi, gələcəyimiz necə olacaq” düşüncəsini sağa-sola səpələyər.

Deyən də tapılmaz ki, axı haradan gəlirik ki, hara da gedək?!

Dünyaya azad sevginin, azad məhəbbətin meyvəsi kimi yox, ata-babadan miras qalan ailə fəlsəfəsinin məhsulu kimi gəlirik. Bu fəlsəfəyə görə, normal azərbaycanlı ailə qurmalıdır, öz valideynlərini və uşaqlarını sevməlidir. Amma qəlbini məhəbbətə qapamalıdır.

Xüsusilə qadınlara sevgi yasaqdır. Onun məhəbbətlə bağlı düşüncələri xəyal aləminin ənginlikləri ilə məhdudlaşmalıdır. Arzusundakı sevgisinə sarılıb yatmalıdır, amma bu hissi sirr kimi özü ilə qəbrə aparmalıdır.

Mərhum filosof Həsən Quliyevin “Arxatepik azərilər: mentalitetin simaları” kitabında yazdığı kimi, real həyatda mümkün məhəbbətin minimumu ilə kifayətləndiklərinə görə azərbaycanlılar virtual məhəbbət vasitəsilə onun çatışmazlığını artıqlaması ilə aradan qaldırırlar. Real həyatda qeyri-mümkün olanlar ilham pərisi ilə virtual həsbi-hal məqamında mümkün olur.

Bax, bizə elə buna görə şair xalq deyirlər.

Bu şair xalq təyinatı əslində xüsusi poetik qabiliyyətdən deyil, çatışmazlıqdan, sevgi aclığından qaynaqlanır. Amma internet dünyasında, insanlar arasındakı kommunikasiyalarda inqilabi dəyişikliklərin baş verdiyi indiki əyyamlarda bu cür şair xalq olaraq qalmağın çox böyük fəsadları da var.

Və biz indi bu fəsadlarla baş-başayıq.

İnformasiya texnologiyalarının nailiyyətləri insanların virtual dünyasını mücərrədlikdən, irrealıqdan, göylərdən endirib yerə çırpıb. Arzuların, nakam sevginin portretini irreal pərinin, xəyali aşiq və məşuqun yox, konkret Əlinin, Vəlinin, Pirvəlinin monitordan boylanan surətində asıb.

“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” deyib röyasında buta alıb-verən aşiqlərimizin evinə daha ilham pərisi qapı-bacadan daxil olmur. İndi yolunu internetdən, sosial şəbəkələrdən, mobil telefonlardan salan ilham pərisi nağıllardakı, dastanlardakı, şeirlərdəki sələfindən fərqli olaraq daha dağıdıcı xarakterlidir.

O, ailələri tar-mar edir. Qısqanclıq zəminində ölkənin hər yerini bürümüş dəhşətli qətllərə vəsilə olur.

Amma bugünkü ailə faciələrində ancaq texnologiyaları günahlandıranlar da düşünməsinlər ki, haqlıdırlar. Bütün yaşanan ailə dramları real və virtual dünyaların bir-birinə asanlıqla keçidinin nəticəsidir. Paralel dünyaların mövcudluğunu inkar etməyən fizika elmi bir dünyadan başqasına keçid üçün mütləq "Şvarstşild sferası"nın, sadə dildə desək, qara dəliyin mövcudluğunu tələb edir. Bu sferanı isə, nə yazıq ki, axtarsan, çox azərbaycanlıların evlərində taparsan.

Yaxşısı budur, evlərimizin həndəvərinə namusdan hasar çəkincə, içərisini sevgi ilə isitməyi bacaraq.

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #