Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçirilib

Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçirilib
16 may 2019
# 10:01

Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçirilib.

Gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli və şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüblər.

Yaradıcılıq gecəsində çıxış edən Yusif Həsənbəy bu günün həyatının ən xoş anlarından olduğunu vurğulayaraq deyib: “Bu görüş keçmiş görüşlərə bənzəmir. Uzun yaradıcılıq yolu keçmişəm, indi də dostlarımın, oxucularımın qarşısında bir növ imtahan verirəm. Mən taleyimdən razıyam. Çünki həmişə işləmişəm, yazmışam. Bu illərdə onu başa düşmüşəm ki, yazıçıyamsa əsər yazmalıyam. Çünki yazanda hər şeyi unuduram”. Şair yaradıcılıq fəaliyyətini davam etdirəcəyini vurğulayaraq, belə görüşlərin davamlı olacağına əminliyini bildirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxışında bildirib ki, 1960-ci illərdə Azərbaycan ədəbiyyatında dönüş yarandı. Bu nəslin nümayəndələri olan Məmməd Araz, Xəlil Rza, Tofiq Bayram, təəssüf ki, dünyalarını dəyişiblər. Amma onlardan biri olan parlaq sima - Yusif Həsənbəy aramızdadır. Anar Azərbaycanda sözlərinə ən çox mahnı bəstələnən şair kimi tanınan Yusif Həsənbəyin bir-birindən maraqlı poeziya nümunələrinin görkəmli bəstəkarlarımızın diqqətini cəlb etdiyini söyləyib. Azərbaycan Yazıçılar Birliyinin sədri çıxışının sonunda şairi təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov bildirib ki, Yusif Həsənbəy yaradıcılığa erkən çağlarından uşaq şeirləri ilə başlayıb. Özünü yetişdirib böyüdükcə, yaradıcılığı da tədricən inkişaf edib, kamilləşib. İndi o, peşəkar şair, ədəbiyyatçıdır, həyatını şair kimi yaşayıb, ədəbiyyatın kapitanı olub. Yusif Həsənbəyin son illərdə yazdığı şeirlərin hamısını oxuduğunu vurğulayan N.Cəfərov deyib: “Bu şeirlərdə dəniz, ekoloji mühit, insanın təbiəti, ictimai-siyasi məsələlər var. Bir sözlə, Yusif Həsənbəy yaradıcılığının palitrası genişdir. O, şeirlərini yazanda dərhal oxumağa vermir, əvvəl özü oxuyur, sonra ədəbi ictimaiyyətə təqdim edir. Özü də şeirlərini oxuyanda kövrəlir. Bu, o deməkdir ki, o, əsərlərinin qəhrəmanları ilə yaşayır”.

Bildirilib ki, Yusif Həsənbəy 1932-ci ildə Quba rayonunda doğulub. İlk təhsilini Quba Pedaqoji Texnikumunda alıb. Ürəyində dənizə böyük məhəbbət olan Yusif Həsənbəy dənizçi olmaq istəyib. Dənizçilik məktəbinə daxil olsa da, müəyyən səbəblərə görə təhsilini yarımçıq qoymalı olub. Amma onun ürəyində hər zaman dənizə getmək, dəniz haqqında əsər yazmaq hissləri baş qaldırıb. Uzun illərdən sonra - 50 yaşında olarkən ilk dəfə dənizə çıxan Yusif Həsənbəyin həyatında bundan sonra dəniz dövrü başlayır.

Qeyd olunub ki, onun “Sualtı döyüşlər” əsərinin qəhrəmanları gerçək həyatdan götürülən obrazlardır. Bu roman çap edildikdən sonra Azərbaycan ədəbiyyatında əks-səda yaradıb. Belə bir müqayisə də aparılıb ki, uşaqlar böyüyüb ailə həyatı qurandan sonra pərvazlanıb ata evini tərk edirlər. Bədii əsərlər də belədir, yazıldıqdan sonra müstəqil həyata başlayırlar. Yusif Həsənbəyin şerləri də insan qəlbini riqqətə gətirir.

Tədbirdə Xalq artisti, qiraət ustası Eldost Bayramov şairin şeirlərini səsləndirib. Sonra Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artist Gülüstan Əliyeva və gənc xanəndələr Yusif Həsənbəyin şeirlərinə bəstələnən mahnıları ifa ediblər. İfaçıları Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblı müşayiət edib.

Gecənin aparıcısı filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlı olub. /azertag.az/

# 2381 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #