Dağlar, sizdə nəyim qaldı… - Qalib Arif

Dağlar, sizdə nəyim qaldı… - Qalib Arif
16 iyun 2017
# 11:38

Böyük Qafqazın qurtaracağı, kiçik Azərbaycanın başlanğıcı… Deyirəm Allah xoş gündə, xoş yerdə, xoş ovqatda yaradıb bizim rayonu, xeyirdən-bərəkətdən yox deyincə verib. Tanrıya «salam aparan» başı qarlı dağları, şabalıd, qoz, fındıq bağları, bağlara can verən gur çayları... Yaylaqları yayda da sərindir, bulaqları diş göynədir. Aranı istidən istidir, yayda günün altında yumurta bişirir. Meşələri, çiçəkləri rəngarəngdir, amma adamları bir rəngdir – əllərinin zəhmətini yeyən, ancaq Allaha baş əyən, sözü üzə deyəndilər. Alverdən, sələmdən uzaqdılar, kitab oxumağa, savad almağa, çörəyi daşdan çıxarmağa qoçaqdılar. Atamın qəbri burdadır, arzularımın beşiyi, məbədi buradır. Mən burda anadan olmuşam, quş olub qanad açmışam, qismət olsa, ruh olub burdan da yellərə sovrularam. Mən bu kövrək sətirləri atamın qəbri başında başıma yazıram, sonra evdə kağıza boşaldıram. Düşünürəm ki, oğlum da bir gün… Nə isə, biz atalı-babalı, oğullu-uşaqlı qələm adamıyıq, çörəyimiz qələmdən çıxır. Atam deyərdi ki, «qəlbimizin qanı ilə» söz yazmaq bizim genimizdə, «iynənin ucu ilə gor qazmaq» isə qismətimizdədir.

Artıq ömrü çoxdan yarı eləmişəm, bütün bu illəri doğma rayondan kənarda yaşamışam. Amma indi də başıma rayon fikri girəndə, mıxla da vurub çıxarmaq, məni yoldan saxlamaq mümkün deyil. Yadımdadır, uşaqlıqda ailəliklə gedərdik, səhər tezdən qırmızı «İkarus»a minərdik. Avtobusda atamın yanında, pəncərənin qabağında oturardım, bir-birini əvəz edən rayonlara, rayonumuza doğru gedən yollara baxardım. Özümü unudardım, tez-tez atamın «Pobeda» saatına baxardım. Bacılarım anamın yanında, pəncərənin qabağında yer tutardılar, yolda qeyri-adi bir şey, məsələn, camış, ya uzunqulaq görəndə, mənə baxıb qımışardlar, «camış inəyin anası, uzunqulaq eşşəyin balasıdır?» soruşardılar. Avtobus elə bil qəsdən yayda «dəmir əriyən» rayonda dayanardı. Atam bizi ayaqyoluna aparardı, anam əllərimizi yuyardı. Atam bizə dəmli, konfetli çay alardı, anam bizə pendirli, xiyar-pomidorlu süfrə açardı. Allahın verdiyindən yeyib, üstündən də çay içib avtobusa minərdik, pəncərələrə dirənərdik. «Çaqqa-çuruq, çukka-çuruq, kəndə nə vaxt çatırıq?»

Nəhayət, bu da bizim Əyriçay – qıvrıla-qıvrıla axır… Deyirlər Azərbaycanın bütün əyriləri burda qurtarır, burdan yuxarı - bizim dağlara qalxmır… Deyirəm ki, Əyriçaydan sonra havanın təmizliyi, sərinliyi fiziki hiss olunur, adam başını maşının pəncərəsindən çıxarmaq, ağzını açmaq, təmiz havadan udmaq, doyunca udmaq istəyir. Amma həmin dövrdə avtobusun pəncərələrini açmaq və başını çıxarmaq sadəcə olaraq, mümkün deyildi…

Anamgilin kəndi rayonun aran yerində, yayda yumurta bişən yerdədir. Atamgilin kəndi tanrıya «salam aparan» dağlardadır, diş donduran bulaqlar burdan axır. «İkarus» anamın aranında dayanmazdı, dağlara doğru yol alardı. Bir azdan yolun solunda, uzaqlarda atamın dağları görünərdi, atam dodağının altında züm-zümə edərdi: «Dağlar sizdə nəyim qaldı, qoca atam-anam qaldı». Atam rayona çatan kimi avtobusdan düşərdi, maşın dalınca yüyürərdi. Anamdan, bacılarımdan muğayat olmaq, yükləri avtobusdan boşaltmaq mənim öhdəmə düşərdi. Biz özümüzə gəlməmiş atam özünü «Vilis»lə çatdırardı. Atam cavanlığında rayonda müəllim işləmişdi, kənd məktəbinə rəhbərlik də etmişdi, onu yaxşı tanıyırdılar, yolda qoymurdular. Üstü brezentli maşına minib dağlara üz tutardıq. Bir dəfə atamdan «Vilis»in nə demək olduğunu soruşdum. Onun yerinə sürücü cavab verdi ki, Vladimir İliç Lenin deməkdir, onun adının baş hərfləridir. Atam bir söz demədi, amma ürəkdən güldü. Mən yalnız sonralar atamın gülüşünün səbəbini öyrəndim – «Vilis» 40-cı illərdə ABŞ-da istehsal olunan «Cip»dir, «Sudebeyker» kimi II Dünya müharibəsindən sonra Sovetlər İttifaqına verilən markalardan biridir. Birincinin bazasında Qaz-69, ikincinin bazasında isə Qaz-51 maşınları hazırlanıb.

Mən onda hələ bunları bilmirdim və Vladimir İliç Leninin maşınında, arxa oturacaqda, pəncərənin qabağında oturmuşdum, başımı pəncərədən çıxarmışdım. Ağzımı açardım, gözlərimi qıyardım, yaşıl ağaclara, onların fasiləsindən görünən uca dağlara baxdıqca baxardım. Sürətlə gedən maşına müqavimət göstərən, küləyə çevrilən sərin hava ağzıma-burnuma dolardı, saçlarımı qarışdırardı. Atam qabaqda oturardı, sürücü ilə rayonun problemlərindən, yeniliklərdən, kəndin dərdindən-sərindən danışardı. Anam mənim yanımda, ortada olardı, pəncərənin qabağında oturmaq üstündə ağlaşan bacılarımı sakitləşdirməyə çalışardı.

Dağ döşündə yerləşən rayonu arxada qoyub, dağlara – kəndimizə doğru qalxırıq. Maşın sanki təkərlər üstündə deyil, keçi kimi tullana-tullana gedir. Yolun hər iki tərəfi dərədir, sürücü təcrübəli, yola bələd olsa da, ehtiyatı əldən vermir. «Vilis» enişə düşəndə fısıldayır, yoxuşa qalxanda uğuldayır, ancaq atamın «Qotur bulağ»ına çatanda dayanır. Bura atamın rayonda və dünyada ən çox sevdiyi, bizə də sevdirdiyi yerdir. Daşlı-kəsəkli yolun sağında, hardasa 5-10 metr aralıda ağacların altında çatcaxlar görünür. Biz düşmüşük və ailəliklə bulaq başındayıq, yalnız sürücü maşındadır. Atam böyük bir fındıq topunun altında diz çöküb – onun kökləri arasından təbiətin neməti, dağlar gözəli bulaq qaynayır. Bulaq gah elə bil şaqraq gülüşlə gülür, gülür ki, nəhayət qaranlıq dünyadan işıqlı yer üzünə çıxıb, günəşin görüşünə gəlib. Gah da elə bil ki, dərin hıçqırıqla ağlayır, axı, uşaq da anadan olanda ağlayır. Deyirlər bu dünyada çəkəcəyi əzab-əziyyəti, görəcəyi haqsızlığı duyub ağlayır. Bilmirəm, onda mən hələ balacaydım, məni ayrı şeylər düşündürürdü. Mən bir az aralıda palıdın budaqları arasında cəh-cəh vuran qaratoyuğa diqqət kəsilmişdim. Atamın yanında cibimə əl atmağa, quşatanı çıxartmağa qorxurdum. Xasiyyətini bilirdim, acıqlanacaqdı, bəlkə də sındıracaqdı. «Quşatan heyfdir, sarı rezindəndir» fikirləşirdim.

Biz adama bir-iki qurtum alıb (artıq içmək olmur, bumbuzdur, dişləri dondurur) getməyə hazırlaşırıq və atam boğazımı arıtlayıb ailəmizin adından bulağa müraciət edir: «Gözəl bulağım, sənə nə arzulayım? Deyim ki, sənin böyük dayağın olsun, bu dağlardan böyük dayaq ola bilməz. Deyim ki, sənin suyun bol olsun, sən onsuz da çay kimi axırsan. Deyim ki, sənin suyun sərin, təmiz olsun, sən elə təmizlik timsalısan. Biz bir olan Allahdan arzulayırıq ki, o, bunları sənə çox görməsin. Biz bu dünyada gəldi-gedərik, sən yaşa, bulaq!»

«Kilsələr» deyilən yerdə maşın bir də dayanır. Atam əli ilə uçulub-dağılmış tikililəri göstərir, «bunların min il tarixi var, qədim alban kilsələridir» deyir. Anam bütün bunları bilir, odur ki, maşından düşmək istəmir. Mən isə hələ kilsəni məsciddən, albanı azərbaycanlıdan ayırası yaşda deyiləm, birinci onilliyi yenicə yola vermişəm. İkisi mən yaşda olan bacılarımın biri ağlayır, o bir isə, deyəsən yatır. Yolumuza davam edirik, kəndimizə gedirik…

Enişli, yoxuşlu yollar qurtarır, kəndimizin ayağında «Talalar» başlayır. Yolun sağ tərəfi dərin dərə, sol tərəfi taxıl zəmisidir. Taxıl mənim boyumdan yuxarıdır, soldakı dağın döşünə kimi uzanır. Atam burda birdən maşını saxladır, düşür. Mən də düşürəm - aşağıda aranlar, yuxarıda dağlar əlin içindəki kimidir, kəndin evləri də göz önündədir. Kəndimizin arxası şimali-qərbədir, günəş aşağılarda qürublara enir, aranlar qan içindədir. Yuxarılarda Quş qayası (kəndimizdə dağ adıdır) qarlı başını qaldırıb bizi salamlayır. Atam sanki bütün bunları görmür, yaşıl taxıl dənizini kəsib keçən, amma özü görünməyən cığıra düşür. Qarşı tərəfdən balaca, qoca bir qarı gəlir, taxılların arasından güclə dikəlir. Beli bükülüb, gözləri bizə dikilib. Gah ağlayır, gah gülür, bizə tərəf yüyürür. Atam onu qabaqlayır, ondan qabaq ona çatır, əyilib qucaqlayır. Nənəm yavaşdan ağlayır, oğlunu duz kimi yalayır. Mən də çatıram, onların qucağına atılıram. Atam gah qan yağan aranlara, gah başı qarlı dağlara baxır. Gah da da göz yaşları axıb onu ələ verməsin deyə yuxarılara, sonsuz səmalara baxır. Yuxarılarda nöqtə kimi görünən, səmalarda süzən dağ qartalı diqqətimi cəlb edir…

Burda dağlar meşəli dağlardır, hara baxsan meşədir, təkcə Quş qayasının başından başqa. Quş qayasının yay-qış qarlı olan başı keçəldir, lap pendir motalı kimi. Mən bir dəfə atamla Quş qayasının lap başına kimi qalxmışam. Heç vaxt yadımdan çıxmaz...

Səhər tezdən çıxsaq da, gün qalxanda yolu ancaq yarı eləmişdik. Bu zaman hündür ağacların sıx kölgəsi altında getmək çox xoş idi. Bura günəşin bircə şüası da düşmürdü, ayağının altında isə meşənin öz qonaqları üçün saldığı və ildə bir dəfə, payızda dəyişdiyi qızılı-qırmızılı meşə xalısı xışıldayırdı. Hardasa yaxınlarda quq-qu quşu quqquldayırdı. Bizi neçə yüz illik ağacların gövdələri əhatə etmişdi. Başımızın üstünü topa buludlar təki bu ağacların nəhəng çətirləri örtmüşdü. Bu əzəmətli, möhtəşəm mənzərəyə baxdıqca qəlbim fərəh hissi ilə dolur, amma təbiətin bu yabanı gözəlliyi, şabalıd, qoz ağaclarının nəhəngliyi məni heyrətləndirir. Hər yerdə alçaq, iki-üç metrlik kol boyda olan fındıq ağacı burda göylərə baş çəkir, fısdıqla, qızılağacla bəhsə girir. Mən burda cır alma, cır armud, hətta cır gilas görürəm, kiçik dağ çayının sahilində doyunca böyürtkan yeyirəm.

Yuxarı qalxdıqca, meşələr seyrəlir və gün başımıza od ələyirdi. Dörd yandan bizi əhatə edən dağlara sanki yaşıl otlardan xalı salınmışdı, gün altında yaşıl atlas kimi parıldayır, göz işlədikcə hər tərəfə uzanır, üfüqlərədək bütün dünyanı doldururdu. Lakin bu yaşıl sonsuzluq adamı sıxmır, qorxutmur, onu yaşamağa, yaratmağa səsləyirdi. Yaşıl sonsuzluq gözləri yormasın deyə, təbiət ona təbii rənglərdən naxış da vurmuşdu: qırmızı, göy, sarı... Bu al-əlvan naxışlara baxdıqca dünyamız qədər qədim oğuz dastanı yada düşürdü – ana südü, dağ çiçəyi...

Biz yavaş-yavaş qalxırıq və günorta üstü dağın başına çatırıq. Quş qayasının aşağıdan şiş kimi görünən başı burda yastı, qarlı bir taladır. Kənd burdan baxanda əl boydadır, ağ şiferli, qırmızı kirəmidli evlər dırnaqdan da balacadır. Yəqin heç kim inanmaz, avqust ayında atamla qartopu oynayırıq. Arada yıxılıram, dururam, atalı, analı günlərin ləzzətini çıxarıram. Eh, hanı indi o günlər?! İndi bu hadisədən onillər keçib, amma gördüklərim, hiss etdiklərim indi də yaddaşımın qızıl fondundadır. Sən dağın başında durmusan, bütün dünya sənin ayaqların altındadır. Əlini uzatsan, buludlara çatar. Hətta qartal, məğrur dağ qartalı səndən aşağılarda süzür. Sən zirvədəsən, sən xoşbəxtsən. Amma təəssüf içindəsən: Şimalda daha hündür dağlar görünür. Sən hələ ora getməmisən, o dağları fəth etməmisən. Bəlkə də heç zaman fəth etməyəcəksən...

Yuxarıda dediyim kimi, mən atamın qəbri başında durmuşam, bu kövrək sətirləri yaddaşıma yazıram. Yaşlı gözlərim qəbir daşındadır, qara daşa həkk olunmuş şəkil mənə məni xatırladır, mənimlə danışır:

Tanrı bəxş etdiyi qələm əlində

Haqqın dərgahına qalxıb Arif də.

Allah möcüzəsi hər bir gülündə

Behiştə yol alıb bu karvan, Qaxım!

Qalib ARİF

# 1851 dəfə oxunub

Oxşar xəbərlər

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

14:30 28 noyabr 2024
Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

14:00 28 noyabr 2024
Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

Elçinin yeni çoxcildliyinin II və III cildləri çapdan çıxıb

13:13 28 noyabr 2024
İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

İki nağaraçı üz-üzə - 55 min manatlıq təzminat

13:06 28 noyabr 2024
Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

Can verən həmkarının başı üstündə oxuyan Xalq artisti - Stalin onun haqqında nə demişdi?

12:00 28 noyabr 2024
Azərbaycanlı reper həbs olundu

Azərbaycanlı reper həbs olundu

11:00 28 noyabr 2024
#
#
# # #