Təbrizdən insan mənzərələri - REPORTAJ

Təbrizdən insan mənzərələri - REPORTAJ
25 yanvar 2013
# 15:00

Gömrükdəki həyəcan

Doğrusu Fəridlə Şəhriyarın İranda həbsindən sonra başqaları kimi mənim də gözüm qorxmuşdu. Hətta bəzi dostlar məni bu səfərdən çəkindirməyə çalışırdılar. Amma inadımdan dönmədim, qərara aldım ki, yeni ilin ilk günü Təbrizə yola düşəcəm.

Biləsuvar Sərhəd Gömrük Xidmətini keçən kimi adamı qəribə bir narahatlıq bürüyür. İstər-istəməz davranışlarına diqqət etməli olursan. İran haqqında o qədər dəhşətli şeylər eşitmişik ki, adamı lap vahimə basır.

Pasportumu yoxlayan gömrük xidməti işçisi də məni 15 dəqiqəyə yaxın gözlədəndə ürəyimə min bir fikir gəldi. Az qalırdı indidən belimdə şallaq ağrılarını hiss edim, qulağımda şallağın vıyıltısının əks-sədasını duyum.

Ancaq Gömrük Məntəqəsindən çıxar-çıxmaz üstünə cuman arabaçıların, taksi şoferlərinin səs-küyü içində gərginliyi tamamilə unudursan. Taksi şoferləri saqqız kimi yapışıb əl çəkmək istəmirlər, qiyməti endirir, bir-biri arasında mübahisə edirlər. Çox acınacaqlı mənzərədi. Nə edəsən, İran pulunun dəyəri günü-gündən düşür. Qiymətlər bahalaşır. Taksi şoferləri arasında əsl cəngəllik mübarizəsi gedir. Güclü qalib gəlib evinə bir tikə çörək apara biləcək.

Hər yerdə çadır qurulub, Kərbəlanı andırır

Təbrizə gedən yol gah düzənliklərdən, sıldırım qayaların, dağların arasından, gah da palçıqdan tikilmiş 20-30 evdən ibarət kiçik kəndlərdən keçir. Buralara təzəcə qar yağıb. Quzeylər hələ də ağarır. Uzaqdan uşaq vaxtından adını eşitdiyim Savalan dağı görünür.

300 km-dən sonra restoranlardan birinin qabağında maşını saxlayırıq. Cənubluların şirin ləhcəsi o dəqiqə bizi gülümsəməyə vadar edir. Misal üçün, salam-kalamdan sonra ofisiant neçə nəfər olduğumuzu bilmək istəyib soruşur: “Neçə başsız?”

Təzəcə sifariş vermişik ki, bir avtobus yaxınlaşır. Bakıdan gələn avtobusdan tökülənlər əlbəəl tualetlərə qaçışırlar. Bir azdan restoranın bütün masaları dolur. Aralarında gedən söhbətlərdən məlum olur ki, yerlilərimiz həkimə gəliblər.

Yolda maşının təkəri boşalır. Şofer təkəri dəyişmək üçün dayanır. Xeyli aralıda yaşıl çadır quraşdırılıb. Şofer deyir ki, biri gün (3 yanvar – red.) İmam Hüseyninin qırxı-ərbəindi, mərasimlə əlaqədar çadır qurublar. Bu vaxt iki nəfər motosikletlə gəlib yol nişanının yanında saxlayır. Üstünə “Ya Hüseyn” yazılmış bayrağı nişanın zirvəsinə sancır. Yolda nişanların başına keçirilmiş bayraqları çox görəcəkdik. Təbrizdə də təkcə məscidlərin qabağı yox, mağazaların qabağı da, küçələr də, məhhəllələr də qara bayraqlarla bəzənib, hətta bankların binasında da Kərbəla ilə bağlı şüarlara, bayraqlara rast gəlmək olar.

Eyni mənzərəyə maşının təkərini təmir etdirmək üçün yolüstü döndüyümüz Meşkin şəhərində də rast gəldik. Cənubluların olduqca mərhəmətli olduqlarını çox eşitmişdim. Təbrizdə qaldığım yeddi gün ərzində buna bir daha əmin oldum. Meşkin şəhərində təkər aldığımız yaşlı satıcı həvəslə yeni təkərləri götürüb piyada “təkər təmiri”nə apardı. Birinci təmirxana bağlı olduqda ərinmədi, təkərləri götürüb üzüyuxarı növbəti təmirxanaya yönəldi.

Nə alırsan al, “qabili yoxdu”

Ümumiyyətlə cənublular taksiyə hesab ödəyəndə, nəsə alanda “qabili yoxdur”, yəni “qonaq ol” deməyi çox sevirlər. Özü də burda ödəyəcəyin məbləğin heç bir önəmi yoxdu. Yeri gəlmişkən, 1000 tümən bizim pulla 25 qəpikdir. Məbləğ 1000 tümən də ola bilər, 100 min tümən də. Siqaret alanda da “qabili yoxdur” deyirlər, qızıl alanda da. Sonuncu gün isə cibimdə İran pulu qurtardığından taksi şoferinə 3000 yerinə 2000 tümən vermək istəyəndə ağzını elə büzdü ki, bu jestin boş söz olduğunu anladım.

Yeri gəlmişkən, Təbriz taksilərindən danışım. Təbrizdə taksiyə oturub birbaşa sürdürə də bilərsən, “20 Yanvar”dan Sumqayıta gedən taksilər kimi 4 nəfər oturub gedə də. Birinciyə “müsafir” deyirlər. İkincinin adı isə “darbəs”di. Darbəs getmək birincidən təqribən on dəfə ucuz başa gəlir. Təbrizdə qaldığım sonuncu gün darbəs getmək istədim. Taksinin son dayanacağından bir az qabaqda düşəcəkdim. Taksiyə 500, uzağı 1000 tümən bəs idi, amma mən nəzərimdə 2000 tümən tutsam da əvvəlcədən nə qədər verəcəyimi soruşdum. İstədim qabili yoxdur deyəndə mən də şəstlə iki minliyi qoyub şitin üstünə. Sürücü də duyuq düşübmüş kimi qayıtdı ki, 3000 tümən.

Təbrizdə qadınlar qabaqda oturmaqdan çəkinmirlər. Orda tez-tez bomboş taksidə qabaqda oturmuş qadına rast gəlmək olar. Bizdə isə adətən heç maşının sahibinin yoldaşı da qabaqda oturmur. Əgər qabaq oturacaqda qadın əyləşibsə, o dəqiqə belə bir təsəvvür yaranır deməli arvadı deyil...

Tıxacdı, amma siqnal verən yoxdu

Təbrizə gecə çatdıq. Açığı televiziyada gördüyümüz kadrlardakı köhnə maşınlardan məndə İran haqqında tamam ayrı təsəvvür yaranmışdı. Doğrudur, Təbrizin küçələrində təzə maşınlara çox nadir hallarda rast gəlmək olar. Amma bununla belə Təbrizin mükəmməl yol infrastrukturu var. Şəhərdə böyük avtomagistrallar var. Şəhərin içinə girmədən rahatlıqla bir başından o biri başına gedə bilərsən. Ümumi istifadəli nəqliyyat vasitələri və taksilər üçün xüsusi zolaq ayrılıb. Buna görə də taksi ilə hərəkət eləmək öz maşınında gəzməkdən daha rahatdır.

Şəhər yollarında saysız-hesabsız körpülər, yol ötürücüləri hərəkəti asanlaşdırsa da avtomobil olduqca çoxdur. Günün ən sakit vaxtında da yollarda sıxlıqdı. Bununla belə demək olar ki, siqnal səsi eşitməzsən. Hamı səbirlə öz yolunun açılmasını gözləyir. Hətta bəzən sürücülər özləri keçmək yerinə digər avtomobilə yol verirlər. Yol hərəkət ilə bağlı gərginlik yarandıqda isə siqnal yerinə maşının işıqlarını yandırıb-söndürməklə kifayətlənirlər. Cənublular maşın farasına çıraq deyirlər.

Cənublular növbə məsələsində olduqca səbirlidirlər. Əgər növbədirsə dayanıb gözləyər, darqursaqlıq etməz, özlərini “bezoçeret” dürtməzlər. Təbrizdə ən çox yanacaqdoldurma stansiyalarında növbə olur. Amma burda da maşınlar basabasa salmır, heç kəs birinci olmaq üçün maşınını sağdan-soldan aparatın yanına dürtməyə çalışmır. Bir də görürsən iki maşının arasında bir maşınlıq məsafə var, amma kimsə siqnal verib “qabağa sür” demir.

Ərdoğan da müalicəyə gəlmişdi

Təbrizdə apteklərdə də növbə olur. Cənublular aptekə davaxana deyirlər. Aptekə daha çox 17 Şəhrivər küçəsində rast gəlmək olar. Bu küçə başdan başa klinikalarla, həkimxanalarla boldur. Əksər həkimlər Təbrizin bu səmtində otururlar.

Bu səmtdə azərbaycanlı xəstələrə daha çox rast gəlmək olur. Türkiyənin İranla həmsərhəd bölgəsindən də Təbrizə xəstələr gəlir, ancaq azərbaycanlılar daha çoxdur. Biz xəstəxanada gözləyəndə Türkiyədən bir xəstə gəlmişdi. Qeydiyyat şöbəsində adını yazdıranda eşitdik ki, soyadı Ərdoğandı. Hamı başladı zarafatlaşmağa; bəs Ərdoğanın qohumu da müalicəyə Təbrizə gəlir. Azərbaycanlı və türkiyəli (cənublular türklərə türkiyəli deyirlər) xəstələr çoxluq təşkil etdiyinə görə təkcə apteklər deyil, analiz laboratoriyaları da, müayinə mərkəzlərinin adı da fars hərfləri ilə yanaşı latın qrafikası ilə yazılır.

Azərbaycandan Təbrizə müayinə-müalicə üçün gedən xəstələrin sayı günü-gündən artır. Azərbaycandan gələn avtobuslarda nadir adam tapmaq olar ki, Təbrizə gəzməyə gəlsin. Təbrizlilər gəzməyə dolanmaq deyirlər.

Təbrizlilər həkimlərilə iftixarla danışırlar. Deyirlər ki, Təbrizdə müalicə olunmaq üçün Tehrandan belə xəstələr gəlir. Təbrizlilər bu sahədə əməlli-başlı ixtisaslaşıblar. Bu qədər xəstə axını təbrizliləri də məmnun edir.

Zarafat deyil, taksilər dolanır, hotellər qazanır, restoranlar, mağazalar, həkimlər, apteklər... Hələ üstəlik Təbrizə gələn xəstələri həkimə aparmaq üçün araçılıq edənlər də var ki, bunlar həm xəstədən, həm də deyəsən həkimdən və apteklərdən faiz alırlar.

Təbriz qızları, oğlanları

İran dünyada ən çox burun estetik əməliyyatı edilən ölkədir. Hətta bir dəfə oxumuşdum ki, İran dünyada ən çox kosmetika istehlak edilən ölkədir. Doğurdan da elədir. Gənc təbrizli qızlar kosmetikaya daha çox meyllidirlər. Başlarını da bizim bildiyimiz kimi örtmürlər. Çadranı adətən yaşlı qadınlar taxır. Əksər gənc qızlar isə yalnız şal bağlayırlar. Və bu zaman demək olar ki, saçlarının yarıdan çox hissəsi bayırda qalır.

Təbriz oğlanları da çox müasir geyinirlər. Axşam Şahnaz küçəsində-bu küçədə əsasən mobil telefonlar satılır-uzun saçlı, çənəsinin altında bir çəngə saqqal saxlayan oğlanlar o yan-bu yana fırlanırlar və heç kim də onlar haqqında pis fikirdə olmur.

Ölüləri iki-iki basdırırlar

Təbrizin ən böyük qəbiristanlığı “Vadeyi-rəhmət” adlanır. Bura ucu-bucağı görünməyən böyük bir ərazidir. Təbrizin bütün ölüləri bu qəbiristanlıqda dəfn olunur. Qəbiristanlığın girişində üstü çardaqlı şəhidlər xiyabanı var. Burada İran-İraq müharibəsində şəhid olmuş əsgərlər dəfn olunub.

Sonrakı şəhid qəbiristanlıqlarında baş daşlarının üstlərində kiçik şüşə qutular qoyulub. Bu qutulara şəhidlərin üstündən çıxan əşyaları qoyulub.

Şəhidləri böyük hörmətlə yad edilirlər. Şəhərin bütün küçələrində onların rəsmləri asılıb.

Yerli hakimiyyət daha qəbirlərə başdaşı qoymağa icazə vermir. Deyəsən çox yer çatışmazlığına görədi. Eləcə məzarın üzərinə qoyulmuş sinə daşlarının üstü yazılır. Demək olar ki, bütün qəbir daşlarında şəkil var. Bu ölənlərin rəsmi ilə yanaşı imamların, müqəddəslərin də şəkli olar bilər. Qadın rəsmləri isə yoxdur. Vəfat edən qadındırsa onun məzar daşına üzü nurlu, görünməyən, boynubükük hicablı qadın obrazı olur.

Qəbiristanlıqlara yer olmadığı üçün Təbriz şəhərinin rəhbərliyi çıxış yolunu qəbirləri iki mərtəbə etməkdə görüb. Əvvəlcədən dərin xəndəklər qazılır. Sonra xəndəkdə iki mərtəbəli qəbirlər tikilib satılır. Ölünün biri qəbrin aşağı mərtəbəsində dəfn olunub üstü bağlanır. İkinci ölü qəbirə qoyulanda qəbir yenidən açılır və altdakı birinci qəbirin üstünə cənazə qoyulur. Buna görə yeni qəbirlərdə sinə daşlarının yuxarısı yazılır aşağı hissəsi isə ikinci ölü üçün boş saxlanılır.

Qəbiristanlıqda ailə sərdabələri də var. Bunlar olduqca bahalıdır. Təbii ki, varlılar üçün nəzərdə tutulub. Bu 20-30 kvm-lik sərdabələrdə kənardan otağa oxşayır. İçəridə stullar qoyulub. Bəzi sərdabələrdə hətta televizor belə var.

Daşdan pul çıxaranlar

Biz şəkər çuğunduru deyirik. Cənublular isə ləbləbi. Deməli arabada qazla işləyən sobanın üstünə böyük bir teşt qoyulub. Təbriz alverçiləri küçəbəküçə gəzib isti şirin şəkər çuğundurlarını satırlar. Olduqca dadlı olur.

Ümumiyyətlə cənublular daşdan da pul çıxarmağı bacarırlar. Bizim, ruslar gürcülər, ümumiyyətlə qafqazlılar arasında belə bir imicimiz formalaşıb ki, guya biz ticarətçi xalqıq, hər şəraitdə pul qazanmağın yollarını bilirik. Bu baxımdan cənublularla müqayisəyə gələ bilmərik.

Misal üçün, Təbriz küçələrində arabası ilə gəzib isti kartof-yumurta satanları çox görmək olar. İnsafən alıcıları da bol olur, kartof-yumurtanı əzib yuxa ilə dürmək düzəldib yeyirlər. Kartof-yumurta satanlar üstəlik çay da verirlər.

Küçənin tinində dayanmış bir kişi isə öz “icad”ı ilə məni həqiqətən heyrətləndirdi. Popkorn satan bu kişi bizim bildiyimiz popkorn aparatından istifadə etmirdi. O, bir dəmir çəlləyin içində ocaq qalayıb başqa bir vedrəni çəlləyin içində yürük kimi yellədirdi. Vedrənin içində popkorn vardı.

Bazarda çılpaq qadın təsvirləri

Təbrizin örtülü bazarı UNESCO-nun mədəni irsinə daxil edilib. Dünyanın ən böyük bazarlarından biridir. Bazarın böyük günbəzləri kərpicdən işlənib. Xalça satanların ayrıca şöbələri var, qızıl satanların ayrı. Qız-fındıq, quru meyvə satanların da ayrı. Bazarın içində soyuq, rütubətli bir hava var.

Təbrizlilər xalçadan nələr yaratmırlar ki. Böyük rəssamların əsərlərinin reproduksiyalarından tutmuş, portretlərə kimi. Adamın ilk baxışdan inanmağı gəlmir ki, İran kimi bir ölkədə çılpaq qadın təsvirli əsər olsun. Amma belə deyil. Antik yunan abidələrinin təsvirlərindən tutmuş “Veneranın doğuluşu”na kimi hər cür əsərə rast gəlmək olar. Yəqin xarici turistlərə qərb rəssamlarının əsərlərinin xalça üzərində təsvirlərini görmək maraqlıdır deyə bu xalçaların içində Leonardo Da Vinçinin “Son yemək” və başqa rəssamların əsərlərini görmək olar. Təbrizdə xalça sənəti özünün ən yüksək zirvəsindədir. Xalça üzərində işlənmiş bu təsvirlər çərçivəyə salınıb satılır. Təbii ki, qiymətləri olduqca bahalıdır.

Şəhriyarın dostu

Gülüstan bağını tapmaq üçün xeyli piyada dolanmışdım. Bağda səyyar kitabçıların piştaxtaları düzülüb. Kitabların arasında dünya ədəbiyyatından tərcümələr olduğu kimi Bəxtiyar Vahabzadənin, Əliağa Vahidin də əsərləri var. Təbrizdə kitab mağazaları çox genişdir. Tavana qədər ucalan kitab rəflərinin içində adamın başı fırlanır.

Gülüstan bağı ilə qayıdanda qarşıma rəsm qalereyası çıxdı. Yaşlı rəssam Bakıdan olduğumu bilən kimi sevincək məni rəsm əsərlərinin olduğu aşağı mərtəbəyə apardı. Bura rəssam Mahmud Davərinin ailə emalatxanasıdı. Dediyinə görə qayınatası və qayını Təbrizin məşhur rəssamlarındandı. Deyir, Şəhriyarla da dost olmuşam. Onunla olan şəklini göstərir. Rəngi salarmış qəzet səhifəsini hələ də saxlayır. Şəhriyarla bağlı xatirəsini danışır:

“Gecə idi. Hələ də emalatxanada idim. Bütün günü heç nə satmamışdım. Evə getmək istəmirdim. Birdən qapı açıldı. Şəhriyar daxil oldu. Hal-əhval tutduq. Sonra şəkillərə baxdı və bir rəsmin qarşısında dayandı. Yaşlı kişi rəsmi idi. Mən o şəklin hekayəsini danışdım. Bir kişi qoca vaxtında cavan bir qıza aşiq olur. Qız da ona qarşılıq vermir. Onda Şəhriyar farsca bir beyt dedi. Mən o beyti dərhal qeyd etdim. Səhər gözəl xəttatımız bu beyti tablonun üzərinə yazdı. Tehrandan şahın sarayı üçün rəsm almağa gəlmişdilər. Biləndə ki, rəsmin üzərindəki beytlər Şəhriyarındı çox baha qiymətə aldılar”.

Şəhriyarın qəbrini ziyarət

Cənublular Şəhriyarla qürur duyurlar. Şeirdən, ədəbiyyatdan heç nə anlamayan belə heç olmasa Şəhriyardan bir şeir bilir. Təbrizdən qayıdarkən yolda günün 14-16 saatını sükan arxasında keçirən şoferin Şəhriyarın adını çəkən kimi onun “Xan nənə” şeirini deməsi buna əyani sübut idi. Təbrizə gələn qonaqdan o dəqiqə soruşurlar ki, Məqbərətüş-Şüəraya (Şairlər məzarlığı ) getdinmi?

Şəhriyar burda dəfn olunub. Kitaba bənzəyən nəhəng abidənin tam mərkəzində Şəhriyarın qəbri yerləşir. Təbrizə gəlib ustad şairin qəbrini ziyarət etməmək mümkünmü? Məqbərənin mərkəzində yerləşən qəbri ziyarət edəndən sonra məqbərəni dolaşırıq.

Məqbərənin yerləşdiyi bu ərazidə Şəhriyardan başqa şairlərin qəbri var. Zəlzələ nəticəsində qəbirlərin hamısı itib. Əfsələddin Xaqaninin də qəbri burda yerləşir. Hazırda ərazidə arxeoloji qazıntılar aparılır.

Gipsdən düzəldilmiş yeməklər

Məqbərətüş-şüəranın arxasında isə ustad Behrudinin əl işləri olan muzey var. Bu muzeydə əsasən İranda məşhur olan yemək növlərinin gildən düzəldilmiş eksponatları var. Eksponatlar o qədər mükəmməldir ki, çoxunu heç adi yeməkdən də ayırmaq mümkün deyil.

Təbriz parklarında hər yerdə havayı trenajorlar quraşdırılıb. Sağlam həyat tərzi keçirmək istəyən hər kəs günün istənilən saatında bu trenajorlarda idman edə bilər.

Təbrizim, Təbrizim, gözəl Təbrizim...

Təbrizin küçələrində yollarında zibil tapmazsan. Gün boyu küçə təmizlikçiləri işləyirlər. Hamısı sarı geyimlərdə olur. Küçə təmizlikçilərinin içində qadınlar olmur.

Təbrizin yollarından, küçələrindən mağazalarının vitrinlərindən köhnəlik yağır. İlk baxışda adama elə gəlir ki, şəhər kasıb yoxsul, sanki kimsəsizdir. Amma bu ilk baxışda belədir.

Bir az diqqətlə baxanda hiss olunur ki, Təbriz böyük infrastrukturlu qədim-qaim şəhərdir. Nə qədər köhnə görünsə də, içindəki od alov, dinamizm adamı özünə çəkir.

İrandan qayıdanda sərhəddə növbədə dayanırıq. Gömrük qapısı ağzına uzanan qoşa yolun bir tərəfində uzun bir növbə var. Hamı səbirsizliklə gözləyir.

Birdən cavan oğlan yan yolla gəlib qapı ağzında dayanır. Növbədəkilər onu başa salmağa çalışır ki, bu növbədə xəstə də var, uşaq da var, qadın da var, get növbəyə dayan. O isə inadla deyir ki, mənim yüküm-zadım yoxdu, növbəsiz keçib gedəcəm.

Yadıma İranda gördüyüm növbələr və oranın səbirli camaatı düşdü. Öz-özümə düşündüm; dünyaya eşələnməyə gələnləri heç nə düzəldən deyil, istər İrana getsin-gəlsin, istərsə də İngiltərəyə. Yaxşı ki, növbəti dəstəni içəri buraxmağa gələn sərhədçi əsgər o nadan insanı taxıl zəmisinə girmək istəyən inəyi qovan kimi qapıdan qovub növbəyə dayanmağa göndərdi.

# 6870 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #