Dünyanın ən böyük şərab anbarından Reportaj

Dünyanın ən böyük şərab anbarından Reportaj
2 iyul 2019
# 12:01

Kulis.az saytı Fərid Hüseynin Moldovanın "Mileştii Miçi” şərab anbarı haqqında "poetik reportajın bədii nəsrlə şərhi”ni təqdim edir:

Kəmali-hüsn veribdir şərabi-nab sana,

Sana həlaldir, ey müğbeçə, şərab sana.

Məhəmməd Füzuli

Bu dibaçeyi-məhdudiyyətdir və

səbəbi-təlifi-hekayətdir...[1]

Say, hesab, rəqəm, sən demə, çox vacib nəsnələrmiş... Minin, milyonun, milyardın, trilyonun öz hikməti, öz mənası varmış. Amma o hikməti anlamaq, o mənanı tutmaq, o əhatəni görmək üçün iti göz, sərrast baxış, "ağı-qaradan seçmək” bacarığı, bir də "vicdan barometri”, "ədalət tərəzisi” lazımdır ki, düzgün görə, dəqiq çəkə, qədərini gərəyincə biləsən. Əks təqdirdə, o rəqəmlərin hamısı uşaqların əlində gündə dəfələrlə düzülüb-dağılan say çöplərinin "hərəkətlərindən” ötə bir şey ifadə etməyəcək. Böyük rəqəmlər bizə həm də saysız-hesabsızlığı, qədər-qəsəmsizliyi, geniş miqyası, ən əsası, onların mahiyyətini öyrətmək üçündür. Məsələn, deyək ki, şərab dəlisisən, axı, o şərabdan lap istəsən belə, nə qədər içə bilərsən ki? Üç, beş, min litr... Bəs, sonra? Lap deyək ki, əşyavilik xəstəliyinə tutulubsan, həvəskarı olduğun əşyadan nə qədəri sənin ola bilər? Onu, yüzü, mini... Paltar xəstəsi, qadın, yaxud kişi düşkünü, var-dövlət aşiqi, şöhrət xəstəsi... Sıranı, siyahını bəsdir deyincə artırmaq da olar. Axı, dünyadakı bütün paltarları alıb geyə bilməzsən, axı, hər cür var-dövlət bir adamın ola bilməz, axı, bütün qadınlar, bütün kişilərin öz "xəstə”lərinə nəsib olması mümkünsüzdür. Şöhrətli bir insanı götürək, bir yerdə çox sevilib, digər bir yerdə heç kim ola bilər, qara qəpiyə də dəyməz üstünlükləri, haralardasa tanınmağı və sair və ilaxır. Yəni Allah dünyanı bunca böyük, illəri bu qədər çox, insanları saysız, əşyaları bir belə hesabsız yaradıb ki, insan onlardan özünə çatacaq qədərini seçsin, hər şeyi qamarlamaq, sahiblənmək iştahasının qarşısında əli soyusun, gücsüzlüyünü anlasın. Ancaq nəyinsə, kiminsə azarına yoluxmuş, həvəskarına çevrilmiş insan özü üçün Allahın qoyduğu bu həddi, miqdarı, sayı bəzən itirir. "Hədd hissi”, hara qədər getməyi duymaq bacarığı, özünə "dayan” demək iradəsi isə insana verilmiş ayrı bir xoşbəxtlikdir. Nizami Gəncəvi yaradıcılığını həm də buna görə sevirəm. Çünki Nizami insana həm də özü-özünə bəs etməyi öyrədir, tamahdan yorulmağı təlqin edir. "Sirlər xəzinəsi”ndə Nizami özü həqiqət axtarışından, ədalət aramaqdan yorulur, "Xosrov və Şirin”də Xosrov müharibələrdən yorulur, "Leyli və Məcnun”da Məcnun çox erkəncə maddi dünyadan yorulur, "Yeddi gözəl”də Bəhram şah eyşi-işrətdən yorulur, "İsgəndərnamə”də İsgəndər əbədiyyət tamahından – dünyanı tutub-durmaq arzusundan yorulur. Nizami əvvəlcə özü yorulur, sonra qəhrəmanları... Yorulmaq, dayanmaq, toxtamaq, ən əsası, özünə gəlmək əlamətidir, fani olduğunu anlamağın göstəricisidir. Yorulan kəs "ahəstəcə” öz istəyindən əl çəkir, iddialarından yaxa qurtarır. Ancaq həyatda həris adamlar yorulmağın fərqində olmur, daim səfərbər, şövqlü, qıvraq olur, ona görə də dünyadan dördəlli yapışır, "əsrlərə sığmaz planlar” qurur, xəstələnmək, yataq dustağı olmaq, vaxtsız əcəl, qəfil ölüm, dayandığı mərtəbədən enmək ehtimalları yadlarına düşmür, ağıllarına gəlmir. Mən bu qədər uzun girişi, "dibaçə”ni heçdən, bihudə yazmıram, ona görə qələmə alıram ki, danışdığım məkanı görəndə mən də özümə sual elədim: "Bir ömür bunlardan nə qədər içə bilərsən?” Cavabım gecikmədi: uzağı burdakı bir neçə "şərab oyuğu” – şkaflara doldurulmuş şüşələrdəki qədər. Say çoxluğu, rəqəmlərin böyüklüyü qəlbimdə həmişə fanilik duyğusu oyadıb. Özgəsinə məxsus trilyonlarla əşya, varlıq, tanımadığımız milyardlarla insan...

Bu ğəzəl "Mileştii Miçi”yi-həzinin dilindəndir...[2]

(sətri tərcümə )

Mileştii Mici – yəni mən, "o yerəm ki, artıq adım

2005-ci ildən Ginnesin rekordlar kitabındadır.

Adım "Dünyanın ən böyük şərab kolleksiyası” kimi "rahatlıq tapıb”.

Hazırda anbarlarımda 2 milyondan çox şərab şüşəsi qorunur...

Şərablarımın 70 %-dən çoxu qırmızı,

20 % -i ağ, 10 %-ə qədəri isə desertdir.

Məndə hər qiymətə şərab tapa bilərsiniz,

3 avrodan tutmuş, cibinizin bərəkətinə qənim qiymətlərəcən...

Ən bahalı şərablarım isə hələlik 480 avrodur,

Onların qədimliyinə görə bu pulu verməyinizə dəyər.

Onların istehsal tarixi, "yaddaşımda yanılmıramsa”,

1973-1974-cü illərə təsadüf edir.

Mileştii Miciyəm, amma bəzi bahalı şərablarımın hüquqları

Yaponiyaya məxsusdur, onları ancaq yaponlara sata bilərəm...

Bu Fəridi-biçarənin şərab anbarına üz tutduğudur

və şəraba sevdasının artdığıdır...[3]

Moldovada "Dünya Şairlərinin Avropa Baharı” adlı ədəbiyyat festivalında iştirakımın ikinci günü idi, çağırıb qonaq şairlərə Azərbaycan manatının məzənnəsi ilə hesablasaq, 60 manat pul verdilər. Kağıza qol çəkib götürdük, izah elədilər ki, bu pula gedəcəyiniz yerdən şərab alarsınız. Düzü, informasiyanın qıtlığı "icazə vermədi” əməllicə anlayım ki, bu pul məsələsi nə deməkdir və niyə həmin pula məhz şərab almalıyıq? Sonra avtobus gəldi və Kişinyovdan xeyli uzaqlaşdıq.

Avtobusda zarafat edən kim, mahnı oxuyan kim, bir-birini sorğu-sual edən kim. Qarmaqarışıq şairlər "məclisi”. Mənim yerim yaxşı idi, yanımda Moldova Yazıçılar Birliyin sədri Arkadi Suçevyanu əyləşmişdi, onun da yanında xanımı. Məni danışdırırdılar, Bakı haqqında, yaşayışımız barədə və Azərbaycanın gözəllikləri xüsusunda... Arkadi bəy ötən il Bakıda olmuşdu, paytaxtımızı çox bəyənmişdi və şəhərimiz barədə verdiyi suallar da elə tərzdə idi ki, bunu "xoş şeylərdən danışaq tələsi” də saymaq olardı. Arkadi və xanımı son dərəcə sadə və səmimi insanlardırlar, buna görə də söhbətimiz yaxşı alınırdı...

Şərab qalereyasının həyətinə daxil olduq, gördüyüm ilk mənzərə məni heyrətə saldı: "Cənnət”... Bir tərəfdə qırmızı şərab bulağı qaynayır və şərab fontanı nəhəng badələrə axıb, ordan da yerə tökülür. Digər tərəfdə də ağ şərab fontanı... o da eyni cür... Hə, onda cibimdəki "pul tərpənməyə başladı” və agah oldum ki, deməli, bayaq iştirakçılara pulu bura üçün "cənnətxərcli”yi veriblərmiş. Neynək, "bəy verən atın dişinə baxmazlar”. Sonra yolumuz qaranlığa düşdü...

Bu şərab anbarının pəyami-əhvalıdır

və bizlərə dəfi-məlalıdır...[4]

Məndə – bu şərab qalereyasında çalışan ustaların "əl işləri” indiyə qədər 76 medala layiq görülüb. Baxmayaraq ki, Moldova dadına doyulmaz, şirəsi bol üzüm sortlarının vətənidir, bu sarıdan korluğumuz yoxdur, amma bəzi məqamlarda kənardan da bura məşhur üzüm sortları gətirilir. Şərabın yaxşı olması üçün əsas səbəb üzümün "ibtidai dadı”nın – ilk tamının itməməyidir, bunu qoruya bildinsə, afərin, deməli, tutuzdurdun, bazardan cibidolu, rəqabətdən qalib qayıdacaqsan, qapında növbəyə düzülən sifarişçilərin sayı çox olacaq. Yox, əgər "hər nədirsə, odur”, yaxud "olanımız budur” əlacsızlığı, həvəssizliyi ilə bu işə qol qoydunsa, onda ölüm-dirim savaşı gedən, rəqabəti ölçüyəgəlməz nəhəng şərab bazarlarında barmağını sovuracaqsan – əliboş qalacaqsan. Ona görə, üzümlərin ilk – təbii dadını saxlamağa üstünlük verir və buna əksərən də nail oluram. Burda əsas, xammal mənbələri "Traminet”, "Muskat”, "Rislinq”, "Dnestr”, "Milestko”, "Kodru”, "Puncar”, "Auri” və "Kahor”dur. Yadımdan çıxmamış özüm – anbar – qalereya, – haqqında bir uğurumu da xatırladım. Mən dünya şərab sənayesinin "Qızıl kolleksiya”sına sahibəm. Bura ölkənin hər yerindən ən yaxşı şərablar gətirib saxlayıram, eyni zamanda, burada istehsalım da var, müxtəlif şirkətlərdən üzüm alaraq şərab hazırlayıram.

2002-ci ilin sentyabr ayında Avropa Parlamentindən 500 nəfərlik nümayəndə heyəti Strasburqda keçirilən görüş zamanı mənim – "Mileştii Miçi”nin qızıl fondunu görmək üçün rəsmi təqdimat masasına əyləşmişdilər. Həmin süfrədə başqa şərablar da vardı, rəqiblərim bəs qədər idi, amma o görüşdən sonra Moldova şərabının adı "şərabçılıqda beynəlxalq keyfiyyət standartı” kimi təsdiq olunub. Bunu nəyə görə xatırladım, çünki elə uğurlar var, onun haqqında gərək özün danışasan ki, kimsə nağıl eləyəndə nəyisə əskildib-çoxaldır, düzü düz, əyrini əyri deməyə can çəkir. Deyəsən, özümü çox təriflədim, eybi yox, qoy bu da mənim fəxriyyəm olsun...

Bu Fəridin bahar əyyami seyri-anbar etdigidir

və orada muradına yetdigidir...[5]

Adı çəkilən şərab anbarı Moldovanın paytaxtı Kişinyovdan 18 km aralıdadır. Şirin söhbət yolu qısaldır, kəsələşdirir, elə hey şair həmkarlarla yol uzunu nədən gəldi danışırıq. Paytaxtın insan sıxlığından, izdihamından uzaqlaşdıqca, kəndin havası, balacalaşan evlər, artan ağaclar göz oxşayır. Moldovadakı yaşıllıq insanı gözəlliyin əsirinə çevirir, Allah burdan təbiətin möhtəşəmliyini əsirgəməyib, yaşamaqdan çiyrənən adam belə bu ecazkarlığı görsə, şükür edər, dünyadan dördəlli yapışar.

"Mileştii Miçi” kəndinin əhalisi azdır, elə evlərin sayından, yolda adamların gözə seyrək dəyməsindən də bunu görmək olur. Deyilənə görə, burada adamların sayı heç 4000-ni aşmır. Hərəni də öz qayğısı qanadının altına alıb, işləyən kim, əli əkində "eşələnən” kim, nəsə daşıyan kim... Gördüyümüz adamlar isə əksəri əliqabarlı, əməksevər, varlığını öz zəhməti ilə ifadə edənlərdir. Yaxşı da edirlər, əbəs yerə deməyiblər ki, "yolu xəyal ilə süpürmək olmaz”,[6] gərək işləyəsən, çalışasan ki, arzularına yetə biləsən – "bulud ağlamasa çəmən gülərmi?”[7]

Uzun illər burada yaşayan camaatın çörək pulu, sözün həqiqi mənasında, daşdan çıxırmış. Yəni əhali yeraltı qazmalardan qaynar həvəslə ağ daş çıxarıb həm özləri satarmış, həm də təyinatı üzrə istifadə edərmişlər. "Nizəni darıya saplayan”[8] bu zəhmətkeş camaat bu gün də eyni dərəcədə səriştə ilə öz işində-gücündədir. Sadəcə, dünən bir şey üçün lazım olan daş anbarları, karxanalar bu gün başqa məqsəd üçün istifadə edilir. O vaxtlar dərinlikdə olan qazmalarda yaranmış quyularda həm də şərab saxlayarmışlar. Deyilənə görə, indi şərabların olduğu ərazidə qədimlərdə Sarmat dənizi olub. İndi də "şərab dənizi” var. Boğulan boğulur, qədərin bilən də kef çəkir bu "dənizdə”...

200 km-ə qədər uzanan bu quyuları görməyə, demək olar, güzarı Moldovaya düşən əksər turistlər təşrif gətirirlər. Tüstünün saxlanılan şərablara ziyanı var deyə, turistlərə burada siqaret çəkmək qadağandır. Ciyəri "odlanmaqdan” sarı yananlar, tüstünü sinəsinə çəkmək üçün əldən-ayaqdan gedənlər buradakı məşhur restorana gedə, orada rahatca siqaretlərini çəkə bilərlər. Turistlər, adətən, beş nəfərlik qruplar şəklində bu gözəl məkanı seyrə çıxırlar, bircə bazar günü 15 nəfərlik qrupların gəzintisinə icazə verilir. Həftənin ara günləri qonaqlar, adətən, saat 17:00-dan sonra qəbul edilir, bazar günləri turist turları yataqdakı iş saatlarına uyğun təşkil olunur. Bir sözlə, burada çalışanlar öz işlərini möhkəm tutublar, anbarın işini heç bir turistin səfər rejiminə uyğunlaşdırmayıblar. Bəlkə də, yaxşı edirlər...

Təmamiyi-Süxən[9]

1969-cu ildən bəri şərabsevərlərin xidmətində olan "Mileştii Miçi” tunel tipli anbardır. Anbar tunellərdən ibarətdir, burada işıqlı yollar azdır. Burada elə üzüm növləri var ki, onların saxlanılması üçün bu cür mühit və şərait "hava-su kimi” lazımdır, əks təqdirdə məhsullar zay olar. Anbarın dərinliyi 30-85 metr məsafədə dəyişir və şərablar isə 12–14 C və 85-90% nisbi rütubətdə qorunur. İşçilər "kaprizli üzümlər”in, şərabların nazı ilə oynayırlar və doğurdan da, şərabın qadına bənzədilməsinin real əsası da məhz bu məqamda mənim üçün tam aydınlaşdı. Burda geniş prospektlər və küçələr mövcuddur. Küçələrin heç də hamısı yüksək səviyyədə işıqlandırılmayıb, ancaq par-par parıldayan "mərkəzi küçələr” də yox deyil. Anbarın içərisində maraqlı bir "süni şəlalə” də var ki, bura da turistlərin baş çəkdiyi sevimli ünvanlardan sayılır. Qalereyanın "Qızıl fondu”nda ayrı-ayrı dövrlərə aid şərab şüşələri var. Onlardan adı "dillər əzbəri” olan, şöhrəti ellər dolaşan "Codru”, "Negru de Mileştii Miçi”, "Tranafirul Moldovei”, "Auriu”nin adını xatırlamaq olar.

Bu Fərid Hüseynin vadiyi-şərabda sərgərdənlığıdır

və dequstasiya zalında canfəşanlığıdır[10]

Unutdum deməyi, avtobusumuz şərab anbarının həyətinə daxil olanda beş dəqiqəyə yaxın bələdçini gözlədik, axır ki, gəlib yetişdi. Sonra biləcəkdim ki, bəs qədər bilgin, savadlı xanım bələdçinin ad-soyadı Viktoriya Şarcaneondur. Avtobusa minən kimi əvvəlcə hansı dildə danışacağını müəyyənləşdirmək üçün seçimi şairlərin öhdəsinə buraxdı və güc yenə də bütün zamanlarda olduğu kimi çoxluğun əlində idi, avtobusdakıların çoxu moldavan-rumın olduğuna görə, xanım bələdçidən rumın dilində danışmasını istədilər. Gərək Allahla deyəsən, heç nə başa düşmədim... Amma gərək orasını da deyəsən ki, hər dəfə avtobusdan düşüb hansısa şərab küçəsini, yaxud bölməsini təqdim edəndə bələdçi xanım özü mənə yaxınlaşıb ingilis dilində də müfəssəl məlumat verirdi və sonradan mənim üçün informasiya ilə zəngin bir buklet də tapıb gətirdi. Bu anbar haqqında reportaj yazacağımı biləndə isə təklif elədi ki, "facebook”da dost olaq, nə sualım olsa, yazım. Vədələşdiyimiz kimi də oldu, sonradan məni maraqlandıran suallara Viktoriya xanım kifayət qədər əhatəli, tutarlı cavablar yazdı. Sanki həmin cavabların "marşrutu” ilə da bu nəhəng, ucsuz-bucaqsız anbarı addımbaaddım gəzmiş oldum.

Gəzib-gəzib, gəlib çıxdıq dequstasiya zalına. Amma hara gəldiyimizi heç özümüz də bilmirdik. Bir də gördüm ki, Viktoriya xanım əlində bir bardaq mənə yanaşdı və dedi ki, qarşıda gördüyün dörd böyük çəlləkdən hələ heç kəs şərab içməyib, buyur bu bardağı, çəlləyin kranını açıb dadına bax. Viktoriyanın gözəlliyininmi, şərabı ilk dadmaq eqoistliyininmi, yoxsa içimdəki uşaq paklığınınmı, deyə bilmərəm, güdazına getdim. Başladım kranı açmağa, burduqca gördüm ki, kran sola doğru gedir və çəlləklər biri-birindən ayrılır. Sən demə, o çəlləklər şərab çəlləkləri deyilmiş, sadəcə qapıların tayları imiş, kranı açanda, əslində, dequstasiya zalının – restoranın qapısını açmış olursanmış. Bu da əksər turistlər üçün qurulmuş əla bir "tələ gülməcə”dir. Qapı açılan kimi isə qapının arxasındakı musiqiçilər milli mahnılar oxumağa başladılar. Həzin musiqi sədaları altında hamılıqla dequstasiya zalına daxil olduq. Stolun üzərində qırmızı, ağ və qara şərablar qoyulmuşdu. Uzağı, hərəsində iki qurtumluq şərab idi. Oradakıların hamısının dadına baxmalısan. Sonra yenə də üç cür şərab süzürlər və yemək gələnə qədər altı növ şərabdan içib, ağız dadına ən uyğun olanı seçirsən və yemək boyunca xidmətçilər sənə həmin şərablardan süzürlər. Orada şairlərlə şam yeməyi yeyib, xeyli tostlar dedik və badələr hər təmsilçinin timsalında bir xalqın və onun poeziyasının şəninə qaldırıldı. Süfrəyə yeməklərlə bərabər həm də gözəl üzüm növləri qoyulmuşdu. Üzümlərə baxa-baxa Jean Anthelme Brilliat-Savarinin məşhur bir fikrini xatırladım: "Şərab düşkünü bir adama axşam yeməyindən sonra üzüm təklif ediblər. O da boşqabı kənara itələyərək deyib: "Çox sağ olun, şərabı həb kimi qəbul eləmirəm”.

Bu, ərbabi-vəfadan təvəqqeyi-qəbuli-məzirətdir

və qalereyayi-şərabdan yazdığıma görə

əshabi-zəkadan təmənnayi-məğfirətdir...[11]

"Şərab odsuz işıq və bədənsiz ruhdur” deyiblər, elə bilirəm, düz də deyiblər. Moldovanlar iddia edirlər ki, bizim şərabımızın hər damlasında yerin və günəşin qüvvəsi var. Ümumiyyətlə, bu ölkədə şərab haqqında danışanda ürəkdolusu, sanki müqəddəs bir şey haqqında söhbət gedirmiş kimi danışırlar. Hətta söhbətə bir az gec qoşulan olsa, elə bilər, hansısa mötəbər bir adam haqqında söz açılıb. Şərab Moldovanın həqiqətidir. Şərabı öyən orta çağ şairlər çox olub, amma onların əksərən şərab haqqındakı fikirlərini ədəbi tənqidçilər, daha çox iman əhli "ilahi mey”ə bağlayıb "hal-əhli”nin bu nemətdən əlini soyudurlar. Hər halda, o şeirlərdə real və rəmzi mənaların hər ikisi var. Amma Şərq şeirində də şərabın, lap elə ilahi meyin insanı həqiqətə çatdıran nemət olduğunu bəzi məqamlarda deyiblər. Amma Benjamin Franklin şərabın insanı həqiqətə çatdırması ilə bağlı fikrini kəsə və birbaşa, yozumsuz ifadə edib: "Nuhdan əvvəl insanın içdiyi yeganə maddə su idi və su içən insan həqiqətə heç cür çata bilmirdi. O qədər sevdikləri su həmin insanlara layiq olduqları cəzanı verib, onları suya qərq etdi. Bütün çağdaşlarının bu "nankor içki” ilə məhv olduğunu görən xeyirxah Nuh, suya qarşı mənfi münasibət formalaşdırdı. Onun susuzluğunu yatırmaq istəyən Tanrı, tənəkləri yaratdı və ona şərab düzəltməyin qaydasını öyrətdi. Bu mayenin köməyi ilə o, günbəgün həqiqətləri gün işığına çıxardı”. Bu fikrə əlavə izah vermədən yenə də qayıdırıq əsas məsələyə. Deməli, bu "yeraltı krallığın” şərab çəlləkləri sıralanan uzun küçələri ilə getdikcə qeyri-ixtiyari düşünürsən ki, görəsən, insanları bu qədər illərdir şərabdan uzaqlaşmamağa, əksinə, ona daha da bağlanmağa sövq edən qüvvənin adı nədir? Burada yığılmış şərabların çoxunun üstünü toz və hörümçək toru basıb, amma buna baxmayaraq, o şüşələri əlinə götürüb baxanda "qan qırmızı” şərabların cəzbindən toz-zad adamı qətiyyən narahat eləmir.

Bura gələn ziyarətçilərə qırmızı mum ilə möhürlənmiş şərab qalereyasının xəritəsi verilir. Açığı, mən şərablara baxa-baxa bir xeyli aralanmışdım dostlardan, həm də orada çəkiliş aparırdım, amma o qədər qarışıq, dolanbac küçələrlə baş alıb getdim ki, sonra geri qayıda bilməməkdən qorxdum və şair həmkarlarımın yanına qayıtdım. Gərək xəritə götürəydim...

Moldovanların şərab sevgisinin bir ifadəsi də budur ki, onların fikrincə, üzüm növləri hamısı bir-birindən fərqləndiyi kimi, şərablar da hamısı bir-birindən seçilir və bu mənada hər şərab təkrarsızdır – insan taleləri, barmaq izləri kimi... Bu fərqlər isə həm də özünü daha çox içənlərə təsirləri ilə göstərir. Təsirlərdən danışmışkən Stefen Potterin şərab haqqındakı məşhur fikrini unutmaq ədalətsizlik olar: "Burqundiya şərabı insanı sarsaq şeylər düşünməyə vadar edir, Bordo şərabı həmin şeylər haqqında danışdırır, şampan isə həmin axmaq işləri gördürür”.

Bu Dionisin röyasında Fəridi

"Mileştii-Miçi”də gördügüdür...[12]

Bu şərab küçələrində gəzəndə tez-tez palıd qozaları da gözə dəyir. Bildiyiniz kimi, şərabın ən gözəl saxlanma yerlərindən biri də, heç şübhəsiz, palıd ağacından hazırlanan çəlləklərdir. "Moldova de Lux” şərabının köpüyü isə süzən zaman çox adamların ağzının suyunu axıdır və qeyd edim ki, həmin şərab da palıd çəlləyində xüsusi şəraitdə saxlanılır. Əbəs yerə Moldovaya "Şərab cənnətinin qapısı açıq olan ölkə” demirlər. Buradakı restoranda vegetarianlardan tutmuş hər cür yemək kaprizləri olan müştərilərəcən hamıya mükəmməl qulluq var. Şərab qalereyasının çıxışında isə böyük bir Muzey-mağaza var ki, oradan müxtəlif qiymətlərə şərab, yaxud şəraba aid suvenirlər, badələr, mini çəlləklər də ala bilərsiniz. Burda hər gün onlarla tur təşkil edilir. Turları idarə etmək üçün dünyanın demək olar ki, aparıcı dillərinin hamısında danışa bilən peşəkar bələdçilər tapmaq mümkündür. Tur sifariş verən qrupların maşınlarının hündürlüyü isə 2,7 metrdən çox olmamalıdır.

Mən – Dionis göylərdən yerə baxaraq bu şərab səltənətini – "Mileştii "Miçi”ni daimi bərqərar görürəm, bura təşrif gətirən gənc şairinsə yolunu hamar görürəm...

[1] Bu, məhdudluq haqqında girişdir (başlanğıcdır) və əhvalatın yazılma səbəbidir.

[2] Bu qəzəl kədərli Mileştii Miçinin dilindəndir.

[3] Bu, Fəridin şərab anbarına getməsi və orada şəraba olan həvəsinin (sevgisinin) daha da artmasıdır.

[4] Bu, şərab anbarının əhvalını danışması və dərdini bizimlə bölüşməsidir.

[5] Bu Fəridin bahar çağında şərab anbarına getməsi və orada arzusuna çatmasıdır.

[6] Nizami Gəncəvinin sözləridir.

[7] Misra Nizami Gəncəviyə aiddir.

[8] Azərbaycan xalq məsəli. Adətən, bacarıqlı adamlara aid edilir.

[9] Fikrin sonu (yekunu)

[10] Bu, Fəridin şərab vadisində sərgərdan olmasıdır və şərabların içilib yoxlandığı zalda canfəşanlıq etməsidir.

[11] Bu səmimi dostlardan üzrümü qəbul etmək istəyimdir və şərab qalereyasından yazdığımıza görə bağışlanmaq təmənnamdır

[12] Bu, Dionisin (şərab allahı) röyasında Fərid Hüseyni "Mileştii Miçi”də (şərab qalereyası) görməsidir. /aertkaspi.az/

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #