Başına qadın yaylığı bağlayan şair

Başına qadın yaylığı bağlayan şair
18 yanvar 2018
# 21:00

Kulis.az Murad Köhnəqalanın “Bəşir Kəsərli əfsanəsi” yazısını təqdim edir.

Metro ilə gedib-gələnlər yəqin bildi söhbət kimdən gedir. Bu kişi şair Bəşir Kəsərlidir. Mən onun kitabını alıb oxumuşam. Xüsusi olaraq böyük istedad sahibi deyil, ancaq onun müəllifi olduğu kitabları satması adamda mütləq maraq doğurur. Metro vaqonlarına girən kimi şivən qoparan, yedəkdə gəzən korlar, kəsik qolunu, qıçını camaata göstərən şikəstlər ortaya elə qaramat ab-hava gətirir ki, adam uzun müddət öz ruhi müvazinətini nizamlaya bilmir. Ancaq Bəşir Kəsərli vaqona girən kimi hamının üzündə təbəssüm əmələ gəlir. Dəxli yoxdu, bu təbəssüm ironik də ola bilir, hər halda xoş ovqat yaranır.

Bəşir kişi çox vaxt içəridəkiləri danlayır da: “Ay əli qəzet-kitab görməyən bədbəxt xalqım, alın şeir oxuyun, mənim kitablarımı bəyənmirsənsə, ayrı kitab al oxu, heç olmasa qəzet oxu, ay yazıq millət!”

Fikir vermişəm, o içəri girəndə azəri xalqının telefonla oynayan gəncləri bir az özlərini yığışdırır. Çox görmüşəm, hərdən belə cavanların yanında dayanıb inqilab eləyir: “Ay oğul, o telefon danışmaq üçündü, vaxtını oradakı siçan-pişik oyunlarına sərf eləmə, qorxma, əlinə bircə dəfə kitab al, oxu, sonra yavaş-yavaş oxumağa vərdiş edəcəksən. Get bir dənə bədii kitab al, oxu!” Aralanandan sonra başını bulaya-bulaya deyir:

“Bu telefonlara oyun qoyanların Allah öyünü yıxsın!”

Fikir ver, telefon çıxardana söyüb qarğımır. Çünki bu adam tərəqqinin tərəfindədir. Axmaq oyunları söyür. Nə başınızı ağrıdım, o, vaqona girən kimi sarsaq adamlardan mənim də heyfimi alır. Tanıyanlar bilir, şəhərdə ən kəskin aksiyanı Bəşir Kəsərli təkbaşına keçirirdi. Başına qadın yaylığı bağlayıb gəzirdi. Mənası da bu idi: nə qədər ki, Qarabağ düşmən əlindədir, nə qədər ki, sülhdən danışırıq, bizdən kişi çıxmaz. Başında yaylıq metroya girəndə belə bir mənalı cümlə deyirdi:

Image result for bəşir kəsərli

“Qeyrətli xalqın qeyrətsiz oğluyam!”

Bəşir özünün bu “qeyrət aksiyasına” təzə başladığı vaxtlarda şəhərdə tez-tez polislər onu tutub şöbəyə aparırmış. Yəqin şöbə rəisləri ondan soruşurmuş ki, ölkədəki atəşkəsi nöş pozursan. Yəqin Bəşir də belə deyirmiş: “A kişi, baş mənim deyil, papaq qoymuram, yaylıq bağlayıram. Mən biqeyrətəm. Sizin qanunlarda qeyrətlə bağlı maddə yoxdur ki?! Ay sağ ol, onda burax məni, çıxım gedim!”

Çox vaxt polis Bəşirin yaylığını zorla başından açıb müsadirə edirmiş. Bəşir də gedib mağazadan təzə yaylıq alırmış. O, hərdən başındakı yaylığın üstündən “Qarabağ” yazılmış lent də bağlayır.

O, məni tanımasa da mən onu lap çoxdan tanıyıram, 80-ci illərdən. Hərdən şairlərin yığıldığı yerə gəlib öz şerlərini oxuyardı. Düzü, o vaxtlar Bəşir Kəsərli mənə dəli adam təsiri bağışlamışdı. Ona ironiya eləyənlərə həmişə kəskin cavab verərdi. Onun “Kəsərli” təxəllüsü bəzilərində gülüş doğururdu. Ancaq o, heç vaxt maraqsız görünmürdü. Uşaq kimi sadəlövhlüyü və daxili saflığı bu cüvəllağı cəmiyyətdə onu tez-tez gülməli vəziyyətə salırdı. Bir vaxtlar o, cəld addımlarla yeriyən qıvraq bir adam idi. Son vaxtlar onu vaqonlarda gəzərkən əlinə əsa aldığını görürəm. O, gəzəndə əsaya söykənməsə də ürəyimdə fikirləşirəm ki, deyəsən, Bəşir Kəsərli də qocalmaq istəyir.

Bir dəfə Bəşir vaqonda mənə utanc gətirən bir mənzərə yaratdı. Demək, hər dəfə olduğu kimi, əlində kitablar özünü içəri atdı: “Ay mənim kitab oxumayan kitabsız millətim! Kitab alıb oxuyun! Gözəl şerlər, qəzəllər müəllifiyəm!” Bu dəfə başında yaylığı yox idi. Mən ayaq üstə bir küncə söykənib qəzet oxuyurdum. Birdən o, yanıma çatanda iki əlimdən də tutdu. Heç nə başa düşmədiyimə görə müqavimət göstərmədim. Və qəfil əlimin birini qaldırıb öpdü: “Sənin qəzet tutan əllərini öpürəm!” Onun bu jestini başa düşüb əlimi çəkənə qədər o, artıq mənim əlimi öpmüşdü.

Düzü, özümü çox narahat hiss elədim. Belə bir maraqlı adam nə üçün mənim əlimi öpməlidir? Axı heç mən ona layiq deyiləm! Ümumiyyətlə, mən heç vaxt əl öpməyin tərəfdarı olmamışam. 1993-cü ildə Antalya şəhərində məşhur Alparslan Türkeşin təşəbbüsü ilə Dünya türklərinin I qurultayı oldu. Mən də o qurultayın iştirakçısı idim. Yadımdadır, Türkeş oturmuşdu, hamı gedib onunla görüşür və əlini öpürdü. Əl öpməyi qəbul etmədiyimə görə gedib dünyalarca sevdiyim Türkeşlə görüşmədim və bu tarixi adama əl vurmadan uzaqdan tamaşa elədim.

“A kişi, sən neynirsən?” - dedim. Bəşir vaqonun qapısına tərəf getdi. Üzü qapıya tərəf durmuşdu ki, qatar dayanıb qapılar açılan kimi o biri vaqona keçsin...

2009

# 3851 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #