Güzgü uşaq

Güzgü uşaq
10 yanvar 2018
# 16:35

Səmayə Nənə

Çox illər bundan əvvəl balaca bir şəhərdə, balaca bir evdə, balaca bir ailədə, balaca bir oğlan yaşayırdı. Bu balaca ailə üç nəfərdən ibarət idi. Ata, ana, balaca oğlan. Balaca oğlanın adı Yusif idi. Onun 6 yaşı vardı. Yusif çox xəyalpərəst idi. Bütün günü xəyallar qururdu. Məsələn, bir dəfə, o, gəzintiyə çıxanda göydə uçan quşu əjdahaya, küləyin təsiri ilə uçan sellofan paketi isə quşa oxşatmışdı. Yusifin xüsusi zövq aldığı bir şey, evlərinin qonaq otağının divarındakı böyük güzgünün qabağında durub xəyal qurmaq, bu zaman öz-özünə danışmaq idi. Güzgü kürəyini söykədiyi divarla üz-üzə dayanan hər şeyi əks etdirirdi.

Günlərin birində, Yusif yenə, evdə tək, sevdiyi məşğuliyyəti ilə məşğul idi. Güzgü qabağında durub özünü müxtəlif heyvanlara oxşadırdı. Pişik kimi miyovuldayır, it kimi hürür, şir kimi nərildəyirdi. Gah su kimi axır, gah da özünü ağac edirdi. Birdən bu həssas uşaq, qəribə bir hissə qapıldı. Sanki indi güzgünü görmüş kimi, öz-özünə pıçıldadı:

- Güzgü olmaq necə bir hissdir görəsən? Sabahdan güzgünün qabağında etmədiyim hərəkət qalmayıb, amma mən bir tək güzgünün fərqində olmamışam. Görəsən güzgü olmaq necə olur?

Yusif, yenə xəyal gücünü işə salaraq, əllərini güzgüyə dayadı və dedi:

- İndi mən üç dəfə, mən güzgüyəm, mən güzgüyəm, mən güzgüyəm deyəcəm və 1 ay güzgü olacam.

- Mən güzgüyəm, mən güzgüyəm, mən güzgüyəm!

Bunu deyər deməz, ev Yusifin başına fırlandı. Nə olduğunu anlamadan bir baxdı ki, evin qarşı divarı ilə üz-üzə dayanıb. Hansısa qüvvə onu divara söykədi. İstədi divardan ayrılıb güzgüyə tərəf çevrilib güzgüyə baxsın, çevrilə bilmədi. Qaçmaq istədi, qaça bilmədi. Qışqırmaq istədi, qışqıra bilmədi. Əllərini qaldırmaq istədi, qaldıra bilmədi.

Birdən anladı elə bil. O, güzgü olmuşdu deyəsən...

Bir neçə saat keçdi Yusif belə qaldı, qaldı, qaldı. Darıxmağa başlamışdı. Anası evə gəldi. Yusifi səslədi. Heç bir səs çıxmadığını görüb balaca evlərini axtarmağa başladı. Yusif anasının bəzi hərəkətlərini görür, səsini eşidirdi. Ana qorxma mən burdayam demək istədi bir neçə dəfə, alınmadı. Ana yorulub əldən düşəndən sonra, yoldaşına zəng edib, ağlaya-ağlaya Yusifin evdə olmadığını dedi. Bir az da vaxt keçdi, ata gəldi. Birlikdə evi axtarıb, polisə, xəstəxanalara, nənə və babalara, əmi və dayılara, xala və bibilərə, digər qohumlara bildirdilər. Evə tezliklə, polis və qohumlar gəldilər. Bütün qohumlar Yusifin ata-anasına təsəlli verir, onları üzüntüdən xilas etməyə çalışırdı. Yusif bütün bunları görür, lakin heç nə edə bilmirdi.

On gün belə keçdi. Anasını hər gün belə üzüntülü və ağlayan görəndə, Yusif, etdiyi hərəkətdən peşman olurdu. Qohumlar hər gün Yusifgilə gəlir, ailənin dərdinə şərik olurdular. Evə gələn bütün qonaqlar, güzgüdə güzgülənirdilər. Yusif üçün əslində bu, çox əyləncəli idi. Məsələn biri saçını düzəldirdi, biri paltarını, digəri üz gözünü səliqəyə salırdı. Yusif hər dəfə qohumların geyimlərinə, xarici görünüşlərini necə düzəltməyə çalışdıqlarına baxıb gülürdü. Lakin qonaqlar gedəndən sonra, ata-anasının necə kədərləndiyini görüb üzülürdü.

Güzgü olduğu növbəti günlərdə Yusif başqa şeylər də görməyə başlamışdı. Evlərinə gələnlər seyrəkləşməyə, laqeydləşməyə başlamışdı. İndi hamı gəlib bir-iki ağız təsəlli edib başlayırdı öz problemindən danışmağa. Yusifdə də dəyişiklik vardı. O, daha insanların xarici görünüşünə yox, üzlərindəki ifadəyə baxırdı. İnsanlar qəribə idilər. Məsələn, Yusif uzaqdan görürdü ki, evə gələnlər, onun ata-anası ilə fərqli, təklikdə fərqli, güzgünün qarşısında isə fərqli olurlar...

Ata-ana ilə üzüntülü görünənlər, təklikdə ancaq öz qayğılarından, evə gedəndən sonra görəcəkləri işlərdən danışırdılar. Güzgü qarşısında isə, onların üzlərində qəribə bir məmnunluq, laqeydlik, özünə əminlik, bir az da həyəcan olurdu.

Yusif təzə-təzə güzgü olan vaxtlarda yalnız valideynlərinə görə üzüntü, qohumlarına görə isə əyləncə hissi keçirirdisə, artıq insanların daxilini gördüyü üçün güzgü olmaqdan qurtulmağa az qalmış tez qurtulmağı arzulayırdı, yaman sıxılmağa başlamışdı. Nə qədər ağıllı, həssas olsa da 6 yaşlı uşaq üçün hərəkətsizlik çətin idi. Üstəlik anasının yemək yeməməsi, hər keçən gün uşağın vicdanı ilə tanış olmasına səbəb olmuşdu. Yusif günləri, saatları, dəqiqələri hətta saniyələri saymağa başlamışdı. Sadəcə bir istəyi vardı ki, o yenidən əvvəlki vəziyyətinə qayıdana qədər anasına heç nə olmasın.

...Beləcə üzücü günlər keçdi. Budur artıq yenidən normala halına qayıtmaq üçün sonuncu günün son saatlarını yaşayan Yusif dəqiqələri sayır. Dəqiqələri saysa da, içində ömürlük belə qalmaq qorxusu var. Atası anasına yenə polis şöbəsinə gedəcəyini deyib evdən çıxıb. Evdə təkcə anasıdır. Anası fasilələrlə ağlayır, Yusif ona baxa-baxa saniyələri sayır... Yarım saatdan da az vaxt qalıb. Anası artıq 1 saatdır ağlayır və heç ara verməyib. Yusif qışqırır:

- Ana, ağlama az qaldı.

Səsi çıxmır ki, çıxmır. Ana isə durmadan ağlayır, ağlayır... Yusifin azad olmasına 3 dəqiqə qalıb. Üzüntü ilə anasına baxır. Anasının ağlamaqdan gözləri şişib, nəfəs alması isə çətinləşib. Yusifin anası ağlamaqdan özündən getdi. Üzücü bir neçə dəqiqə belə keçdi. Birdən Yusif özünü güzgünün qabağında gördü və o an hər şeyi anladı. O, daha güzgü deyil. Adi həyatına qayıdıb. Anasını güzgüdə görən Yusif, tez anasının yanına getdi. Onu ayıltmağa çalışaraq dedi:

- Ana, qalx, qalx mən gəldim.

Ana özünə gəldi. Yusifi görüb gözlərinə inanmadı. Oğlunu möhkəm qucaqlayıb ağlamağa başladı. Sonra özünə gəlib Yusifi sorğu-suala tutmağa başladı. Harda olduğunu soruşanda, uşaq güzgü olduğunu, başına gələnləri, evdə gördüklərini ona danışdı. Ana dinlədi, lakin inanmadı. Atasına, qohumlara zəng edib oğlunun qayıtdığını dedi. Ata, qohumlar, polislər evə gəldi. Yusif hamıya olanları danışdı. Lakin heç kim ona inanmadı.

Hamılıqla belə qərara gəldilər ki, Yusif evdə gizlənib, daha sonra gizləndiyi yerdən çıxıb....

# 2450 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #