Tamaşaçının Elgiz saxtakarlığı

Tamaşaçının Elgiz saxtakarlığı
11 fevral 2015
# 14:04

Kimi dindirirsən, yerli televiziyalardan narazıdır. Hətta TV-də çalışanların özü də giley-güzar edir. Bütün narazılıqların başında isə “ağlaşma” və şou verilişləri dayanır. Hamı deyir ki, bu layihələr faydasızdır, zərərlidir, bağlanmalıdır və s.

Tamam, deyək ki, bu verilişləri bağladılar. “Ağlaşma” və şounu yığışdırıb, əvəzinə elmdən, iqtisadiyyatdan, canım sizə desin, təhsildən layihələr hazırladılar. Özü də müğənnisiz-manıssız, dınqır-çıqqır olmadan. “Ağlaşmadan” təhsilə keçid sizi qane edəcəkmi? İndi də TV-lərdə bir-iki ciddi layihə var. Ağıllı adamları dəvət edib, müzakirələr aparırlar. Baxırsınızmı? Sizi anlamaq gerçəkdən çətindir. İzləmədiyiniz verilişləri niyə tələb edirsiniz?

Fərz edək ki, televizorun qarşısında əyləşibsiniz və pultla kanalları “dolaşırsınız”. Səhiyyə ilə bağlı ciddi müzakirəni izləyəcəksiniz, yoxsa Elgizin, ya Zaurun verilişini? Səmimi olaq. Hələ qonaq Maral Tahirqızıdırsa, gözünüzü ekrandan çəkmirsiniz. Qadın ağzına gələni danışır, aparıcı da onu ələ salır, siz də qəşş edib baxırsınız.

O zaman nəyinizə lazım ciddi verilişlər? Özünüz şou istəyirsinizsə, TV-ləri qınamayın. Bəyənmədiyiniz proqramların aparıcılarını da söyməyin. Onlar sizin istəyiniz kimi çalışırlar. Manıslardan ötrü də ürəkləri getmir. Görürlər ki, Telli Borçalı gələndə reytinq artır, yəni daha çox izləyirsiniz, yazıq aparıcı gələn dəfə də yenə bu xanımı dəvət edir. Təki sizin ürəyinizcə olsun. İnsafsızlıq etməyin, əllərindən gələni edirlər. Biri şpaqat açır, o biri qaçan gəlinləri tapır, digəri efirdə yengəlik edir və s.

Kanalların birində səhər proqramını hazırlayan həmkarımla bu haqda danışdıq. Dedi ki, hansı gün sosioloq çağırıb, önəmli bir problemi müzakirə ediriksə, tamaşaçı narazı qalıb qaçır, reytinq düşür. Məcburən növbəti gün qalmaqallı müğənni dəvət edirik, o da gəlib bir ağız oxuyur, tamaşaçı geri dönür, reytinq qalxır.

Yaranan vəziyyət son illərin problemi deyil. Xeyli müddət əvvəl Avropa Şurasının təsdiqlədiyi bir TV layihə hazırlayırdıq. İnsan haqlarına dair faydalı məsləhətlər və söhbətlər idi. Hansı kanala göndərdiksə, eyni cavabı eşitdik: "Önəmi müzakirədir, amma tamaşaçı bəyənməyəcək, müğənni, qalmaqalla "bəzəmək" lazımdır". Biz də belə edə bilərdik, amma o zaman da xarici təşkilat bu "bəzəyi" anlamaz və qəbul etməzdi.

Şou aparıcıları haqqında fikir yürüdəndə də diqqətli olaq. Bir ucu sizə çatır. Məsələn, Elgiz düşükdürsə, bəs onun minlərlə izləyicisi kimdir? Aparıcını “atıb-tutursunuz”, amma tamaşaçısına "səviyyəsiz" deməyə diliniz gəlmir. Çünki o kütlənin içərisində siz də varsınız. Reytinq cədvəli dilə gətirmədiyiniz etirafınızdır.

Baxın, seçim hər kəsin haqqıdır. Sizi seçiminizə görə, kimsə qınaya bilməz. Kefiniz Mikayılın şousuna baxmaq istəyirsə, buyurun. Amma lütfən, onu izləyib, sonra nifrətinizi yağdırmayın. Ciddi və səviyyəli görünməyiniz üçün şou aparıcılarını “kullanmayın”. Elgizlərin, Zaurların ağıllı veriliş hazırlamasını istəyirsinizsə, siz seçiminizi dəyişin, manısları izləməyin. TV də görəcək ki, ciddi layihələrə baxırsınız, tədricən şou efirdən yığışacaq, yerini faydalı layihələr tutacaq. Mikayıl da daha manısları deyil, alimləri dəvət edib, təhsildəki problemlərdən danışacaq. Yəni Mikayılı, Zauru dəyişmək sizdən asılıdır. İnanın ki, onlar da dəyişmək üçün sizi gözləyirlər.

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

18:38 22 aprel 2026
Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

18:15 22 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:18 22 aprel 2026
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər