Bu dəfə 4-1=0 edir

Bu dəfə 4-1=0 edir
15 mart 2016
# 15:04

Səlim elə bilmişdi ki, intiharla canı qurtaracaq, rahatlığa çıxacaq. Amma ruhu əzab içindəydi. Peşmanlığın dəhşətindən yanırdı. Yanğının sonsuzluğunu bilmək onu daha da yandırırdı. Sən demə, təkcə ruh paltarını−bədənini yandırmayıbmış, ruhunun özünü də sönməz oda atıbmış. Sən demə, cisminin külə dönməsi ilə işgəncə bitməyibmiş. Əsl yanğı ondan sonra başlayıbmış. Ruh da−ÖZ də yanarmış. Yox sayılan varlığının iztirabından qurtuluş da yox idi daha.

Dəhşətli əzabları, qorxuları gözünü açdı, fikrini aydınlatdı. İndi anladı. Anladı ki, əslində, fiziki ağrı ağrı deyilmiş heç: sonu var. Mənəvi əzab isə sahilsizdir, üfüqsüzdür: ölməz ruha aiddir. Anladı ki, o şey ki konkretdir, qorxulu deyil: keçib gedir. Əsl qorxmalı olduğumuz əbədi olan batindir. O batin ki, ölməklə ölmür, yoxa çıxmır. Ölməklə qurtarmaq olmur ondan.

Amma. Amma indi bu anlayış nəyi dəyişirdi? Nəyi dəyişə bilərdi? Təəssüf, gec idi. Çox gec. Bir tək özünümü oda atdın? Hələ ailən! Çiçək, Nazlı, Fərid! Bağışlaya biləcəklərmi? Bu qədər müsibətdən sonra. Bu qədər sitəmə atıb baş götürüb qaçdın. Əlac bumu? Kasıblığa əlac bumu?! Bax sənsizlik, sarsıntılar sağkən öldürdü onları. Boşluğun dağıtdı yuvanı. İndi hərəsi bir yanda−qaranlıqda.

***

Həbsxana Nə qədər boyasalar, isitsələr də, qara, soyuq divarlar - ölmüş ümidlərin məzarı. Bütün fəsilləri eyni. Xəyallarla ovunmaq, yuxularla yaşamaq, gerçəkdə isə ölü kimi. Gənc həyatın puçluğuna göz yummaq, çarəsizlik. Ömrün 17-ci baharın qara qışı.

Nazlı yorğun nəzərlərini qardaşından ala bilmirdi. Fəridin yazıq görkəmi ürəyini yandırırdı:

− Bəlkə, gələn ay gələ bilmədim, - nəhayət, dilləndi, - ananı qoyub uzaq yola çıxa bilmirəm.

Yenə sükut çökdü araya. Bu lal söhbətdə nələr danışdılar, nələr. Gözlərini qaçırırdı Fərid. Nazlı ilə göz-gözə gəlməkdən qorxurdu. Xəcalətdən gizlənməyə yer axtarırdı. Dili də kilidlənmişdi. Neçə vaxtdır, xəyalı ilə yaşadığı bu anın ağırlığını qaldırmağa gücü çatmırdı, elə bil. Nə desin? Necə təsəlli etsin bacısını? Atasından sonra anasını xəstəliyə salan, iflic edən onun dərdi olmadımı? Qaş qayıran yerdə göz çıxartmadımı? Harama qaçıb ana, bacısını təkrar yetim qoydu. Yad malına əl uzadıb həbsə düşdü. Elə bilmişdi, asanı seçib, amma çətinə düşdü. Zamanı geri qaytarmaq, yenidən başlamaq mümkün olsaydı...

Yenə Nazlı pozdu səssizliyi:

− Yemək, təmizlik necədir burda? Darıxmırsan?

− Yox, hər şey yaxşıdır, məndən nigaran olmayın,− Fərid ağır-ağır cavab verdi,− sən danış. Ana necədir indi? Özün? Məktəbə gedirsən, hazırlaşırsan?

Nazlı kədərlə gülümsədi:

− Ana yaxşılaşıb bir az, narahat olma. Mən də oxuyuram, görək nə olacaq?

Hər ikisi bilirdi ki, sözlər həqiqəti gizlədə bilmir bu dəfə. Yenə baxışlar sözə çevrildi, duyğular dilə gəlib ürəkdə danışdılar.

“Canım bacım, darıxmaq da nə kəlmə! Ürəyim partlayır. Diri-diri bağrım çatlayır. Sizə sahib çıxa bilmədim. Axmaqlıq etdim. Gör nə gündəyəm, bacım türmələri gəzir. Bu da kişilikmi? Burdan bir qurtula bilsəydim, İlahi!” - əsəbdən dişlərini qıcadı. Susdu, susdu və susdu.

”Ay qardaş, nə qoyub nə axtarırsan. Ana nə gündədir! Yeriyə də bilmir daha. Nə məktəb, nə oxumaq. Bu 11-ci sinfi heç məktəbə ayaq basmamışam. O xəyallar çoxdan suya düşüb. Bəs anaya kim baxsın? Kim dolandırsın evi? Yanına necə gəlim? Pensiya heç ev kirəsin ödəmir. Bir yandan satıcılıq, bir yandan tikiş. Əl-ayağım qabar olub. Ana yazıq da qalıb ortada, qonşunun umuduna. Güclə vaxt edib həkim-dərmanına qaçıram. İndi necə deyim bunları sənə? Öz çəkdiyin özünə bəsdir də elə.

Eh! Tez böyüdük, qardaş, tez böyüdük”,−içini çəkdi, gözləri doldu yenə. Saxlaya bilmədi hıçqırığını. Ürəklənmişdi. Neçə vaxt idi, düşünməyə, özünə baş vurmağa macalı olmurdu qızın. Həm istəmirdi, hissə qapılsın. Elə bilirdi, kövrəklik yazıq edir adamı. O isə güclü görünməyə çalışaraq duyğularını içinə gömmüşdü. Robot kimi yaşamaq daha rahat idi ona. İndi isə duyğuları gözlərindən axırdı. Lal hisləri hönkürtüyə çevrilib danışırdı.

Fərid dözə bilmədi. Bağrına basdı bacısını. Bərk-bərk qucaqladı, başını sığalladı. Bu doğmalıq, bu sarılma nə qədər yüngülləşdirdi onları. Gözlərinə, ürəklərinə işıq verdi. Amma neyləməli? Buna belə həsrət idilər. Təklik özü zülmətdir elə. Hərəsi bir yanda zülmətdə idilər. Anladılar ki, birlikdə olmaq səadət imiş. Varlıqları xoşbəxt olmağa bəs edirmiş. Ac da olsalar, kasıb da olsalar, birgə olmaq yetirmiş. Doğmalıq özü dəstək imiş, ümid imiş.

Yenə ayrıldılar. Həsrətlə, nigaran baxışlarla. Yenə işığı söndü ürəklərin. İtələndilər hərəsi bir boşluğa doğru. Yeri dolmayan boşluğa doğru...

***

İndi ey Sən - ailəni dərbədər edən, peşmanlıq alovunun dillərində necəsən? Ölümün çarə oldumu? Xilas etdimi səni, ailəni?

# 1125 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #