Xanın qaçdığı quyu, Lüteran kilsəsi, yer üzərindəki cənnət - Göygöldən reportaj

Xanın qaçdığı quyu, Lüteran kilsəsi, yer üzərindəki cənnət - Göygöldən reportaj
8 mart 2023
# 09:00

Kulis.az Rəvan Cavidin Göygöldən hazırladığı reportajını təöqdim edir.

Göygölə birinci səfərim idi. Əsgərlikdə hüznlərimizi bərabər böldüyümüz, el dili ilə desək, bir yerdə bərkə-boşa düşdüyüm dostum Əli Gəncənin girəcəyində, “Köhnə Yevlax avtovağzalı” deyilən yerdə məni gözləyirdi. Çatan kimi salam-kəlam eləməmiş birinci sualı verdim:

– Bura niyə Yevlax avtovağzalı deyirlər ki?

– Salam, qaqa. Xoş gəlmisən!

Əli mənim bu cür kəllə-mayallaq suallarıma öyrəşmişdi deyə, suala cavab da vermədi. Bilirdi ki, məzələnirəm. Göygölə uzanan şüşə kimi asfaltda düşünürdüm ki, məni ənənəvi şiə şəhəri gözləyir. Orada İkinci Dünya müharibəsindən sonra almanların yaşadığını bilirdim. Fikirləşirdim ki, Gəncənin dini ab-havası çoxdan Kəpəzin dumanı kimi Göygöl şəhərinin üstünü alıb. Elə deyilmiş.

Göygöldə çoxlu sayda kilsə olduğunu da bilirdim. Ona görə də, dostumu şəhərin kəşfinə çıxmağa tələsdirdim.

– Gedək gəzək...

– Bu palçıqda haranı gəzəssən? Otur yemək yeyək.

Əli məndən beş-altı yaş balaca olsa da, həyatın hər sifətini görmüş biri olduğu üçün onunla aramda yaş fərqini heç vaxt hiss etməmişəm. Amma qaraya israrla ağ demək adətimdi deyə, inadkarlığımla dostumu bezdirdim. Mən deyənə gəldik. Birinci Köşküdən dağlara uzanan yoldakı köhnə erməni kilsəsindən başladıq.

Kilsə istifadəyə yararsızdı. Kənd camaatının kilsə haqqında heç bir məlumatı yoxdur.

Kilsə qırmızı ağır kərpiclərdən inşa olunub. Divarlarında erməni qriqoriyanlarının simvolları var. Dini ayinlər həkk olunmuş lövhələrə ziyan dəyməyib. Kilsənin önündə bir neçə erməni qəbri də var. Qəbir daşlarının üstündəki yazıların bircə hərfi də zərər görməyib.

Kilsə də İsanın heykəli, ikonu yoxdur. Bəlkə də, olub, ya da, ümumiyyətlə, İsaya “ehtiyac duymayıblar”. Qalın gövdəli ağacın altına məzarlar elə səpələnib ki, baxanda bunların torpağın altından çıxdığına inanmaq olmur. Elə bil, göydən yağış kimi yağıblar. Atılmış, tənha, kiçik qəbiristanlıq. Torpağın üstə oturub siqaret yandırdım.

Sonra kilsənin yanında bir az da fırlanıb evə qayıtdıq. İkinci gün gedəcəyim kilsə haqqında məlumatlar tapa bilmişdim. Hacıkəndə uzanan yolun qırağında Yeni Zod kəndindəki dağılmış kilsəyə baxmağa getdik.

Yeni Zod kilsəsi alban kilsəsidir. Tədqiqatı ilə erməni tarixçi Karapetyan məşğul olub. Onun qeydlərinə görə, kilsə 1639-cu ildə başqa bir alban kilsəsinin dağıntıları üzərində inşa edilib. Kilsənin içinə girməyə qorxurdum. Bərk qışqırsan, çay daşlarından tikilmə tavanı başına uçacaq. Qəzalı vəziyyətdə idi.

Məbədin içindəki bəzi dini təsvirlər salamat qalmışdı. Kilsə haqqındakı bir video-materialda bu məbədin on üçüncü əsrdən qaldığı deyilir. Səkkiz yüz il yaşı olan məbədə bu cür biganə yanaşılması məni kədərləndirdi. Bu cür abidələr rekonstruksiya olunmalıdır. Di gəl, aidiyyəti qurumların səhlənkarlığı ucbatından məbəd az qala uçsun və bütöv bir tarix yoxa çıxsın.

Əli və dostu məni yolun kənarında gözləyirdilər.

– Nəsə tapdın?

– Buralarda əla kino çəkmək olar e.

– Baş rola da məni çəkərsən.

– Allah haqqı, çəkərəm. Bir milyon manat tapa bilərsən?

Yol boyu elədiyimiz söhbətdən məlum oldu ki, iyirmi ildir Göygöldə yaşayan dostum birinci dəfədir Göygölə gedir. Dörd gün bunu əlimdə bayraq edib nəyi var məzələndim.

Göygöl mübaliğəsiz cənnətdir. Kəpəzin dumanı, yamyaşıl meşələri, gömgöy su, səpsərin hava. Məncə Cənnət varsa, Göygölə bənzəyir. Allahın çəkdiyi canlı tablodur. Buranı görəndən sonra Allaha inanmamaq da, nə bilim, cahillikdir.

Gölün kənarında gəzişəndə Əli dedi ki, buradakı ağaclarda kameralar var.

– Yəqin azıb-eləyən olsa, rahat tapılsın deyə qoyublar.

– Yox, qaqa. Gələn-gedən bura siyirdi. Ona görə, qoruyublar ki, heç kim bura siyməsin.

– İndi mən bunu necə yazacam?

– Yazarsan ki, turistlər ağacların dibinə təbii ehtiyaclarını ödədikləri üçün kamera qoşmuşdular. Təbii ehtiyac e!

– Guya indi heç kim bu meşədə təbii ehtiyacını ödəmir?

– Burada bir ağac var, onun arxasına siyə bilərsən.

Bu mövzuda bir xeyli çürümüş zarafat eləyib Köşküyə qayıtdıq.

Ertəsi gün Əli məni Göygölün Qız qalasına apardı. Daha doğrusu qalanın xarabalıqlarına. Tamamilə uçmuş, dağılmış, beş-on ilə tarixdən silinəcək vəziyyətdə idi qala. Aidiyyəti qurumlar buranı da “görməyiblər”.

– Bura niyə Qız qalası deyiblər, Əli?

– Bilmirəm, qaqa. Kənd camaatı deyir ki, Gəncə xanlığından da əvvəl tikilib.

– Bu quyu nədir bəs?

– Tunel. Xan o vaxt buradan qaçıb.

– Bu rəvayətdir, ya nə?

– Bilmirəm. Hər halda, belə danışırlar. Bu tunelin bir çıxışı da Kəpəzin o yanındadır. Xan döyüş vaxtı quyuya düşüb, oradan da qaçıb gedib.

– Hansı xandı o elə?

– Bilmirəm.

Quyunun yanında bardaş qurub aldığımız pivədən qurtumlaya-qurtumlaya çobanlara baxdıq. Daha doğrusu, ancaq mən içdim. Həmin günlər Aşura günlərinə təsadüf edirdi deyə Əli içmədi.

– Qaqa, Allah səni bərk vuracaq. Aşura günündə içirsən.

– Nolacaq ki, kimə pislik edirəm?

– Həyatımda səni qədər bivec adam görməmişəm.

– Sağ ol, qardaşım!

Qayıdanda yolda dincəlmək üçün bir ağacın altında oturub nəfəsimizi dərdik.

Göygölün simvolu olan kilsəni axıra saxlamışam. Müqəddəs İohann kilsəsi.

Bu lüteran kilsəni on doqquzuncu əsrin ortalarında Göygöldə məskunlaşan almanlar tikib. O vaxt bu ərazilərə köç edən almanların digər kilsələri də Şəmkir rayonundadır. Almanların Göygöldə tikdiyi evlər şəhərə multikultural libas geyindirib. Memarlığın insan xarakterinə bu qədər təsir etdiyi ikinci bir şəhər tanımıram. Göygöl sakinləri eynilə şəhərin özü kimi məsələlərə tolerant yanaşmağı bacarır.

İkinci Dünya müharibəsindən sonra almanlar şəhəri tərk etsə də, bəziləri gizlənə bilir. 1941-dən sonra kilsə hərbi hospital kimi istifadə olunub. Daha sonra idman məktəbi kimi istifadəyə verilib. 2008-ci ildə almanlar kilsəni təmir etdirib və hazırda kilsə muzey kimi fəaliyyət göstərir.

Göygöldə dövlət qeydiyyatına düşməyən abidələr üçün təəssüfləndim. Göz görə-görə böyük bir tarixin itib-batmasına icazə verirlər. Göygölü Kəpəz zəlzələsindən sonra yaranan yeddi göllə tanımaq azdır. Ucqar kəndlərində, açıq səma altında muzeyləri var bu şəhərin. Aidiyyəti qurumların vəzifəsi o muzeyləri “tapmaq”, “görmək” və qorumaqdır, bizim vəzifəmiz isə o muzeyləri tanıtmaq.

# 3731 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış xanəndə vəfat etdi

Tanınmış xanəndə vəfat etdi

10:10 22 noyabr 2024
Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

Bu televiziya kanalları ilə bağlı tədbir görüldü

09:27 22 noyabr 2024
Daha bir serial final edir

Daha bir serial final edir

09:19 22 noyabr 2024
"Vətəndaş A"nın səs rejissoru:  "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

"Vətəndaş A"nın səs rejissoru: "Çıxarılan o səhnələrə rejissora etiraz edəcək qədər heyfim gəlir" - Müsahibə

09:00 22 noyabr 2024
Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

Alfred Şnitkeyə həsr olunmuş gecə keçiriləcək

18:40 21 noyabr 2024
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ləğv olundu

17:14 21 noyabr 2024
#
#
# # #