"Xalça məsələsini araşdırmaq lazımdır" - Rəşad Məcid

"Xalça məsələsini araşdırmaq lazımdır" - Rəşad Məcid
8 mart 2024
# 11:05

Kulis.az Rəşad Məcidin dünən baş tutmuş "Qarabağ-Bayer Leverkuzen" oyunu barədə yazısını təqdim edir.

Bilmirəm, mətbuat konfransında jurnalistlər Qurban Qurbanova Xabi Alonsoya bağışladığı xalça barədə sual verdilər, yoxsa yox, amma bilmək maraqlı olardı: xalça bağışlamaq ideyası necə yarandı, xalça necə seçildi, ilmələrdə hansısa mesajlar vardımı?

Bizim mifologiyada xalçanın mənalarından biri də onun qaranlıqdan, zülmətdən, çətinlikdən qurtulmağın, uğurun rəmzi olmasıdır. Maraqlı araşdırma mövzusudur.

Dünən “Qarabağ” qeyri-adi oyunu ilə azarkeşləri yenə coşdurdu. Oyunun birinci hissəsindəki ruh, enerji, fantastik mübarizə, özünəgüvən pik həddə idi və bütün azarkeşlərə sirayət edirdi. Gözdən qaçmayan məqam isə yenə Qurban Qurbanovun 2-ci topdan sonra da təmkinli və soyuqqanlı davranışı idi.

On beş ildir, “Qarabağ” avrokubok oyunlarında uğurlar qazanır, azarkeşləri sevindirir, “Azərbaycan”, “Qarabağ”, “Ağdam” adlarını dünyada təbliğ edir. Bu illərdə sevincli günlərlə bərabər, məyusedici, bədbin məqamlar da olub - hakim ədalətsizliyi, “Qarabağ”ı aşağılamaq cəhdi, azarkeşlərin haqlı-haqsız tənqidləri və s.

Amma “Qarabağ” dayanmır, yoluna davam edir.

Bu ardıcıllığın, bu əzmin sirri hardadır, nədədir axı?

Yeri düşəndə həmişə demişəm və buna əminəm: Sirr Qurban Qurbanovdadır, onun xarizmasında, xarakterində, gördüyü işə bağlılığında, dərin mənəvi zənginliyində, möhkəm ruhunda və əlbəttə, İlahi Ədalətə inamındadır!

Son vaxtlar Qurban Qurbanov və “Qarabağ” haqqında çəkilən iki filmə baxmışam. Filmlərin təqdimatındakı çıxışlarında Qurban Qurbanovun təməl fikri, qəti mövqeyi belə olub: əgər sən bir işi ürəkdən, sevgiylə, ağır zəhmətə qatlaşaraq görürsənsə, mütləq nəticə verir, qiymətini alır, Allah bunu görür!

Onillər boyu inandığım, ifadə etdiyim, kitabıma adını verdiyim “Dəlicəsinə” essemdə də buna daimi əminliyimi bildirmişəm: bir insan bir şeyi Dəlicəsinə istəyirsə, mütləq ona çatır, çatmırsa, deməli, Dəlicəsinə istəməyib.

Qurban Qurbanovun bu qətiyyəti, inamı mənə Vətən müharibəsindən sonra Ali Baş Komandanın dediyi bir fikri dəfələrlə xatırladıb: “Allahım mənə güc verdi və mən bu müharibəni qalibiyyətlə bitirə bildim!”

Allahın verdiyi güc, daxili, mənəvi inam, əyilməz ruh, sonsuz zəhmət! - İnsan həyatının formulu!

Qurban Qurbanovun jurnalistlərə münasibəti də bir ayrı müzakirənin mövzusudur; hörmətlə, təmkinlə, diqqətlə dinləyərək, ən bəsit suala da soyuqqanlı cavablar verir. Emosionallıq onun daxilindədir. Hiss etmişəm, əslində çox həssas və kövrək insandır. Şəhid baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov tədbirlərin birində Qurban Qurbanova “Qarabağ” azarkeşi olan Səidin hərbi papağını və geyimini təqdim etmişdi. Qurban Qurbanov tədbirdən ayrılanda mənə “Nofəli götürün gəlin, bir söhbət edək, çox təsirləndim” demişdi.

“Braqa” ilə oyundan sonra jurnalist “Qarabağ”la bağlı kitabların olmadığını deyəndə, Qurban Qurbanov bunun onun cavablandıracağı məsələ olmadığını söyləmişdi. Amma sual da düz deyildi. “Qarabağ” barədə, dediyim kimi, filmlər də çəkilib, bizdə və xaricdə kitablar da çap olunub. Son iki oyunda isə İlqar Fəhminin təzə yazdığı, Qurban Qurbanova həsr etdiyi “İldırım” fantasmaqorik novellasını xatırlayıram. İlqar Qurban Qurbanovun sirrini açmağa çalışıb, amma yəqin ki, bunun realist izahını tapa bilmədiyindən mistikaya, fantasmaqorik janra üz tutub.

Hə, jurnalistlər gərək o xalça mövzusunu araşdırsınlar.

Xabi Alonsonun və “Bayer”in gələcəyində o xalçadan izlər olacaq, elə Qurban Qurbanovun da.

İndi isə dünənki parlaq oyuna, birinci hissədəki enerjiyə və ruha, yaxşı nəticəyə görə “Qarabağ”ı, Qurban Qurbanovu ürəkdən təbrik edirəm.

# 2774 dəfə oxunub

Oxşar xəbərlər

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

Eldar Bolqarıstanın “Eurovision-2026” milli seçim finalının ulduz qonağı oldu

19:02 3 fevral 2026
"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

"Oskar"a namizəd göstərilən filmin ssenaristi İranda saxlanıldı

16:50 3 fevral 2026
Qəbələdə  “Qış nağılı” Musiqi Festivalı  keçiriləcək

Qəbələdə “Qış nağılı” Musiqi Festivalı keçiriləcək

16:20 3 fevral 2026
Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

Üzvlük haqqını ödəməyən yazıçılar AYB-dən çıxarıldı

14:30 3 fevral 2026
Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

Atamın məzarını ziyarətə gedə bilmirəm… - Saleh Məmmədova açıq məktub

14:25 3 fevral 2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum oldu

14:05 3 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər