Tərbiyə bakirəliklə ölçülə bilməz - Vüqar Babazadəyə cavab

Tərbiyə bakirəliklə ölçülə bilməz - Vüqar Babazadəyə cavab
7 iyul 2022
# 16:40

Kulis.az Anar Qasımovun yazısını təqdim edir.

Cəmiyyətimizi ayaqda tutan dəyərlərin dəyərsizləşdirilməsi bizə nə vəd edir və bunda məqsəd nədir?

Dünyada dəyər və buna qarşı heç bir dəyər anlayışını qəbul etməyən bir düşüncə/güruh ortaya çıxıb. Doğrudur, ta dünya bərqərar olandan bəri Şərq xalqlarının ortaq ədəbi-dini düşüncəsinin məhsulu olan “Avesta”da göstərildiyi kimi, xeyir və şərin mübarizəsi var, amma heç vaxt bu qədər gərginləşmə, üzə çıxma olmamışdı.

Məsələn, bir anlığa bu gün cəmiyyətdə hökm sürən vəziyyəti 30-40 il öncəki durumla qarşı-qarşıya gətirin, çox fərqlərin olduğunu, hətta uçurumun mövcudluğunu görə biləcəksiniz, elə deyilmi?!

Cəmiyyətin hələ 30-40 il öncəkinə nisbətən, çox uzağa getməyə də ehtiyac yoxdur, nə qədər təzyiq və aşınmaya məruz qaldığı göz qabağındadır. Bəs bunların səbəbi nədir və nəticələri bizi hansı hallarla qarşı-qarşıya qoyur?!

Gəlin bu sualların cavabını Kulis.az saytında Vüqar Babazadənin “Gecəyarısı uşaqları – 1” adlı yazısı timsalında ailə dəyərləri kodeksindən nəzər salmaqla cavab verək.

Vüqar Babazadənin yazısının “giriş” hissəsi, təəssüf ki, tamamilə doğrudur.

Müəllif haqlı olaraq yazır: “Ənənəvi Azərbaycan ailəsi modeli dağılır. Özü də yavaş-yavaş da deyil, sürətlə və qarşısıalınmaz şəkildə. Adamlar həyatın maddi və mənəvi problemlərinə o qədər aludə olublar ki, bunu görə bilmirlər”.

Vüqar Babazadənin də qeyd etdiyi kimi, minillik ailə dəyərləri sistemimiz, xalqımızın “Kiçik dövlət” adlandırdığı və müqəddəslik mərtəbəsində gördüyü ailə birliyi kökündən sarsılıb və dağılmağa üz qoyub. Ailə təlim və tərbiyənin (xüsusilə də tərbiyənin) ilkin və ən güclü müəssisəsi kimi sarsılmağa başlayıbsa, deməli, cəmiyyətdə də hökm sürən xoşagəlməz halların artması durumu da çoxalıb deməkdir, necə ki son dövrlərdə cəmiyyətimizdə əvvəllər müşahidə edilməyən bir çox hadisələr özünü daha güclü və artan tepmdə göstərməyə başlayıb və bu da danılmaz bir həqiqətdir.

Müəllifin yazısının “giriş” hissəsindən sonrakı fikirləri isə əsas etibarı ilə yanlış dəyərləndirmələrlə doludur.

Məsələn, o bildirir ki, yeni dövrün şərtlərinə ayaq uydura bilməyən nə varsa, hamısı dağılmağa, məhv olmağa məhkumdur. Qədimi, köhnə “ailə” anlayışı yox olur, keçmişdə ilişən insanlar mağaralarına geri qayıdır.

Bəli, bu fikir tamamilə yanlışdır.

Birincisi, dəyərin – ailə dəyərlərinin köhnəlməsi doğru bir yanaşma deyil. Düzdür, hər dövrün bir hökmü və tələbi var, dəyərlər də buna görə yeni çalarlara yiyələnə bilər, amma bu o demək deyil ki, o bütövlüklə dəyişilməldir və dəyərlərin mühavizə edən insanlar “mağaralarına geri qayıtmalıdır”.

Cəmiyyətimiz dəyərlərin qorunmasına, dəyərləri qorumağa xidmət edən yanaşmalara daha çox dəstək göstərməli və bu kimi yanaşmaları rədd etməlidir. Nəinki onları mağara dövründə yaşayan düşüncə sahibləri səviyyəsinə endirmək düşüncəsi ortaya qoyulmalıdır.

Və müəllifin “ümumi dil”lə danışmaq yanlışlığı. Cəmiyyətdə yazıda göstərilən “Ənənəvi yox, yeni insan tipləri peyda olur. Bu cür tiplər heyvanlarla daha sıx münasibət qururlar, uşaq istəmirlər, “müqəddəs ailə” anlayışını qəbul etmirlər, hər işdə məntiq öndə gəlir. Dövr dəyişib – müasir qadın patriarxal ailənin üzvü, evinin sahibəsi, uşaqlarının anası qismində xoşbəxt kölə həyatı yaşamaq istəmir” kimi yanaşmalar hansı kriteriya və yaxud da sosial sorğu nəticəsində “ümumi düşüncə” şəklində verilib?!

Azərbaycan cəmiyyətində, düzdür, ailə dəyərləri böyük sarsıntı içərisində olsa da, ənənəvi insan tipləri (müəllifin “ənənəvi insan” sözü də nə dərəcədə doğrudur!) var, ailəni müqqəddəslik mərtəbəsində görənlər yenə çoxluq təşkil edir, qadının “ana” adını almaqla cənnətin də üzərində durduğunun inancında olanlar sayca üstündür.

Əlavə olaraq, heyvanlarla sıx münasibət haqda da bir şey söyləmək istərdim. Qərb coğrafiyasının bizə “ixrac etdiyi” heyvan sevgisi nə dərəcədə doğrudur?! Bu gün, əfsuslar olsun ki, Qərbdə heyvan sevgisi bütün canlıların əşrəfi hesab edilən insana olan sevgini üstələmişdir.

Məsələn, Qərb bir itin, pişiyin ölümünə göstərdiyi yanaşmanın yüzdə birini gündə yüzlərlə, minlərlə dənizlərdə, okeanlarda ölən insanlara göstərmir. Bu amili görəndə özü qərbli olan Aristotelin “Mədəniyyətin sonu vəhşilikdir” sözlərini xatırlayıram.

Bəli, Qərb mədəniyyəti mədəniyyət prizmasından vəhşiliyə doğru yön alıb.

Bakirəlik məsələsinə gəldikdə isə bu mövzu, yazıda da göstərildiyi kimi, bütün dövrlər üçün aktualdır və hər zaman özünü göstərib. Amma onu deyə bilərik ki, bu ümumi müzakirə mövzusu olmamalıdır.

İnsanların hər biri ailə həyatı quranda düşüncəsinə, ailə dəyərlərinə olan münasibətinə görə bu məsələni özlüyündə hesaba çəksə, yaxşı olar. Amma bir şey deyək ki, bizim milli və dini dəyərlərimiz bakirəliyin qorunmasına çox böyük önəm verir və bu da özlüyündə bizim ailə dəyərlərimiz içərisində qiymətləndirilir.

Müəllifinsə “Tam razılığa gələ bilməmişik ki, bakirə olan qız tərbiyəlidir, yoxsa yox? Bakirə olmayan qız tərbiyəsizdir, yoxsa yox?” fikri ümumi olaraq doğru deyil. Tərbiyəli olmaq və ya olmamaq bakirə olmaqla ölçülə bilməz, amma bakirəliyini qorumayan qızın da tərbiyəsi güclü şəkildə sual altındadır demək mümkündür.

Vüqar Babazadənin yazısının bu hissəsindən sonrası “ümumi dil” və “ümumi fikir” prizmasından çıxaraq “şəxsi düşüncə” zəmininə keçdiyindən onları cavablandırmağı və fikir bildirməyi məqsədəuyğun hesab etmirik.

Ümumiyyətlə, cəmiyyətimizin gözəlləşməsi, daha yaşana bilər hala gəlməsi bizim əsas məqsəd və məramımız olmalıdır. Dəyərlərin dəyərsizləşdirilməsi, müəyyən nəsnələrin daha da qabardılması və Qərbdən elm, texniki tərəqqi yerinə, dahi Hüseyn Cavidin təbiri ilə desək, “zübbəlik” almaq doğru deyil. Əks təqdirdə biz məhv olarıq, cəmiyyətimizdə xoşagəlməz hallar tüğyan edər. Gələcək nəsillər isə assimilyasiya olunar. Bu zaman isə dövlət də əldə getmiş olar.

# 3126 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #