Ssenarist Fariz Əliyev: "İstedadlı aktyorlar kommersiya filmlərinə çəkilmirlər" - Müsahibə

Fariz Əliyev, ssenarist

Fariz Əliyev, ssenarist

3 noyabr 2021
# 09:00

Kulis.az “My name is İntiqam”, “Gizlənpaç”, “Qızqaçırtma” və digər məşhur, kommersiya uğuru qazanmış filmlərin ssenaristi Fariz Əliyevlə müsahibəni təqdim edir.

- Fariz bəy, bəzən fikirlər səslənir ki, pandemiya dönəmi olmasaydı, kommersiya kinosunda yeni mərhələ başlayacaqdı. Siz necə düşünürsüz?

- Bu, bir az mübahisəli mövzudur. Təbii ki, pandemiyanın da rolu oldu kommersiya kinosunun zəifləməyində. Lakin pandemiya başlayana qədər də kommersiya kinosunda qəribə şeylər baş verməyə başladı. Yəni işin içinə təsadüfi insanlar girdi... Mən nə deyirəmsə, altından xəttə çəkərək deyirəm. Azərbaycanda kommersiya kinosunun inkişafında heç bir əməyi olmayan insanların əllərinə yaxşı fürsət düşdü. Və onlar başladılar Azərbaycan kommersiya kinosunun inkişafını zəiflətməyə, öz maraqları üçün istifadə etməyə. Bunlar əsasən iki nəfərdir: Xəzər TV-nin keçmiş rəhbəri Şamxal Həsənli, digəri Cinema Plus-un keçmiş rəhbəri Cəfər Axundzadə. Ümumiyyətlə, Cəfər Axundzadənin əlindəki imkanlardan istifadə edərək vurduğu zərbənin fəsadları hələ uzun müddət kommersiya kinosunda hiss ediləcək. Şamxal Həsənli ilə onun arasındakı intriqa böyüyərək, kinoteatr şəbəkələrinə də mənfi təsirini göstərdi. Halbuki, biz 2013-14-cü illərdə kommersiya filmləri istehsal etməyə başlayanda, həmin insanların bu sahəni yaratmaqda nə mənəvi, nə fiziki, nə maddi əməkləri olmuşdu. Onlar girdilər bu sahəyə və düşündülər ki, yel əsib qoz tökülüb. İnhisarçılıq yaratmağa başladılar ki, bu da kommersiya kinosuna ümumilikdə təsirini göstərdi. Bazara girib ağalıq etmək olmaz. Bazarın direktorları tez-tez dəyişə bilər, bazarın adı dəyişə bilər. Amma bazarı yaradan adamlarsız inkişaf mümkün deyil.


- Cəfər Axundzadə ilə hər şey aydındır, yəni yerli istehsalçıların qarşısında eksklüziv nümayiş tələbi, bilet qiymətlərinin bahalılığı... Bəs Şamxal Həsənlinin kommersiya kinosundakı rolu nədən ibarət idi?

- Şamxalın əlində televiziya vardı və əlindəki gücdən istifadə edib kommersiya kinosunda inhisarçılıq yaradırdı. Park Cinema ilə danışıq aparırdılar ki, mənim istehsal etdiyim filmlər burda varsa, başqa filmləri götürməyin. Söhbət yerli filmlərdən gedir. Bu cür sıxışdırmalar təsir edirdi kommerisya kinosuna. Sual yaranır, kommersiya filmləri yarananda harda idin, nə işlə məşğul idin.

- Kinoteatr şəbəkələri arasındakı konfliktdən, inhisarçılıqdan bir sıra filmlər ziyan çəkdi. Sizin ssenaristi olduğunuz filmlər arasında zərərə uğrayan oldumu?

- “Əfsanə qayıdır” filminin başına o qədər oyun açdılar ki... Amma yenə də öz maliyyəsini çıxartdı. Onların intriqasının qurbanı oldu. O dövrdə çox film bu taleyi yaşadı. “Əfsanə qayıdır” yayıma girəndən 3-4 gün sonra Park Cinema-dan zəng elədilər ki, sizin filmi çıxardırıq yayımdan. Çünki “Qızqaçırtma”nın baxış sayını üstələyirsiz. Halbuki “Qızqaçırtma”nın da ssenaristi mən idim. Sadəcə “Qızqaçırtma” Xəzər TV-nin istehsalı idi. “Əfsanə qayıdır”da isə həm ssenarist, həm prodüser idim.

- Ssenarisini yazdığınız “Beşbetər” komediyası yaxınlarda nümayişə çıxacaq. İndi necə olacaq? Artıq nə Şamxal Həsənli, nə Cəfər Axundzadə vəzifədə deyillər. Yenə şəbəkələr arasında konflikt varmı? Yoxsa hər iki şəbəkədə göstəriləcək?

- Hər halda aralarında olan konflikti həll etməyə çalışdıqlarını deyirlər. Düzdür, biz “çalışırlar” sözünü çox eşitmişik. Ona görə, real görməsəm inanmayacağam. Amma çalışırlar.

- Fariz bəy, gəlin mövzunu dəyişək. Ümumiyyətlə kommersiya kinosunda fəaliyyətə başlayanda əmin idiniz ki, gəliriniz olacaq?

- Mən inanırdım ki, bunu bacaracğıq. Çünki iyini hiss edirdim. Bilirsiz bu, biznesdir. Biznesdə təcrübədən əlavə, həm də onun qoxusunu hiss etmək lazımdır. Təbii ki, Türkiyədən gələn o serial dalğasını, komediya və dramlarının burda kinoteatrlarda baxılmasını müşahidə edəndə, hiss etdik ki, bizdə də alınar, bu, mümkünüdü. Kommerisya kinosunda partlayışın səbəbi “My naem is İntiqam” və “Xoxan” oldu, bununla da yeni dalğa yarandı. Ard-arda filmlər çəkilməyə başladı. O vaxt sadəcə, “My name is İntiqam” filminin prodüser zəifliyi vardı. Bizdə niyəsə o vaxt belə fikir vardı ki, bu filmə baxmaq üçün ancaq bu kinoteatra gəlməlidir... Təsəvvür edin ki, bundan sonra ildə xeyli film çəkilirdi, hardasa 25-30. Xeyli işçi çalışırdı və biz səhv edə-edə öyrənirdik. Və kommersiya filmləri dövlətdən bir qəpik də pul almırdı... Ümumiyyətlə, dünya kinosu kommersiya kinosunun üzərində qurulub. Sənətdən danışan, kommersiya kinosuna dırnaqarası baxan adamlar hiss etmədilər ki, illər keçəndən sonra özləri bizlə işləyirlər, istər prodüser işlərində, istər ssenari məsələsində bizə müraciət edirlər.

- Kimi nəzərdə tutursuz?

- Elə kinostudiyanı. Keçmiş rəhbərliyin dövründən bu yananı nəzərdə tuturam. Onların heç biri kommersiya kinosu ilə bacarmadılar. Əllərində o qədər büdcə olmasına rəğmən. Onlar bizi qiymətləndirə bilmədilər. Bilmədilər biz kimik...


- Kommersiya kinosunda intensiv istehsal yaranandan bəri, kinoya məsul rəsmi qurumlardan sizinlə görüş, əməkdaşlıq təklif olunmayıb?


- Sizə bir söz deyim. Xahiş edirəm bunu yazın. Hansı formatdakı görüşdən gedir? Görüşüb çay içək? Görüşməkdən çox konkret addım atmaq lazımdır. Gəlin açıq müzakirə edək ki, siz hansı büdcələrlə hansı işləri görmüsüz, biz hansı büdcələrlə hansı işləri görmüşük. Nə iş gördülər, nə ortalığa çıxartdılar. Kinoteatrlar kommersiya kinosundan silkələnəndə onlar nə işlə məşğul idilər? Biz kənardan daha çox paxıllıq hiss etdik. Amma bizsiz mümkün deyil. Çünki kommersiya kinosu bizim çiynimizdədir. Əlinizdə 1-2 milyon büdcə ilə filminiz 2 gün kinoteatrda qalmır.

- İndi necədir vəziyyət, yeni rəhbərlikdən təşəbbüs varmı?

- Mən elə bir adamam ki, real faktlar, hərəkət görməyənədək münasibət bildirmirəm. Mədəniyyətlə bağlı dövlət idarələrində oturan adamlar münasibət yaratmadıqca uduzdular. Onlar mütləq bizlə ünsiyyətə girməlidirlər, soruşsunlar ki, sizin uğurunuz nədədir. Biz onsuz da heç nə itirmirik.

- Fariz bəy, Azərbaycanda komediya filmlərinin bir-birinə oxşaması fikriylə razısız?

- Konkret özümə cavabdehəm. Yazdığım filmlər “My name is İntiqam 1, 2”, “Gizlənpaç”, “Hoqqa”, “Qızqaçırtma”1,”Taxta ayı”, “Şər qarışanda”, “Səbət gilas”, “Əfsanə qayıdır”, “Qızqaçırtma 2”, “Ağ tük”, “Bayram axşamı” və diglərləri hansı bir-birinə oxşayır? Bənzəmələr nə ola bilər? Azərbaycanda nə qədər kommersiya ssenaristi varsa, bir o qədər məhdud sayda kommerisya aktyoru var. Elməddin Cəfərov, Fərda Amin, Müşfiq Şahverdyev, Dilarə Əliyeva, Elcan Rəsulov, İslam Mehrəliyev, “Bozşbaş pikçers”in üzvləri. Yadıma gəlir ki, yayda üç komediya çəkildi, üçünün də baş rol ifaçısı Fərda idi. Bu, Fərdanın günahı deyil ki, filmə sifariş verən adam onu istəyir. Çünki kassa aktyorlarıdır. Axı bizə bir il vaxt vermirlər ki, get bir il hazırlaş ssenari yaz. Aktyorun da bu imkanı yoxdur axı, bir rolu başqasına bənzəməsin. Yəni bənzərlik varsa da ssenarinin üstünə atmaq olmaz. Hər halda mən özümə cavabdehəm. Mən 16 film yazmışam və bu, o deməkdir ki, mən 16 dəfə səhv eləmişəm. Mənim başqa ssenaristlərdən fərqim daha çox səhv etməyimdir. Hər dəfə deyirəm ki, kaş ki bunu belə eləməzdim.

- Səhvlər etdiyinizi deyirsiz. Peşənizi təkmilləşdirmək üçün nələr edirsiz? Bu sahəylə bağlı mütaliə edirsinizmi, onlayn master klasslara qatılırsızmı?

- Bizi bu yerlərə gətirən istedadımız və təcrübəmizdi. Amma bu yetərli deyil. Danışıqlar aparmışam. Yaxınlarda xaricə böyük kurslarda iştirak edəcəm. Ancaq bu sahədə ölkədə rəqabət hələ ki zəifdir, biz dominantıq, yazdıqlarımız tutur. İndi vaxtım da azdır öyrənmək üçün. Həm də ARB kanalında icraçı direktorun müaviniyəm. Televiziya üçün seriallar, verilişlər yazıram.

- Ssenari yazanda xarakterləri, cəmiyyəti yaxşı tanımaq lazımdır. Siz necə işləyirsiz?

- Mənim dəftərçəmdə üç mindən çox qeyd var. Müşahidə qabiliyyəti çox önəmlidir. Qeydlərimi edirəm, 10-15 gün sonra onları saf-çürük edirəm. Müşahidə qabiliyyətsiz mümkün deyil. Balaca bir cümlə filmin ideyası ola bilər. Yaxud, balaca hadisə filmin ideyası ola bilər. Vaxt lazımdır təbii ki. İstedad olmasa mümkün deyil.

- Necə fikirləşirsiz, yeni komediya aktyorlarını tapmaq, onları məhsula çevirmək üçün hansı şərtlər lazımdır?



- Yeni simaları yetişdirmək üçün o boyda Mədəniyyət və İncəsənət Univeristeti var. Bu, onların işidir. Sənət meyarlarnı düşünmək yaxşı şeydir. Amma olur ki, istedadlı aktyorlar müəllimlərin fikrini önəmsəyərək kommersiya filmlərinə çəkilmirlər. Çünki təhsil alanda onlar ancaq yüksək sənəti əsas tuturlar. Kommersiya kinosuna çəkiləcəkləri halda sənətkarların qınağı ilə rastlaşmaqdan çəkinirlər.

- Bu fikri dəyişmək üçün nə etmək lazımdır?

-Bu fikir heç vaxt dəyişməyəcək

- Bu qədər pessimistsiz?

- İnsanlar özləri qərar verməlidir. Aktyor kommersiya kinosunda oynayırsa, bu o demək deyil ki, sənəti bilmir. Elə bir məqam gələ bilər ki kommersiya aktyoru ortaya çox güclü iş qoya bilər. Onları o qədər kiçik görməsinlər.

- Kommersiya kinosu yaranandan bəri, nələr inkişaf edib və nə kimi itkilərimiz olub?

- Ssenarilər inkişaf edib. Rejissorlarımız, kommersiya aktyorlarımız inkişaf edib. Rəng, səs, montaj, musiqi inkişaf edib. Nə geriləyib? Bu işə sahib çıxmaq, diqqət geriləyib. Maliyyə itkisi ona görə olub ki, işi bilməyənlər filmlər çəkməyə başladılar. Belə olanda, kimlərsə monopoliya yaratmaq istəyəndə istedadlı adamlar inciyib gedir.

- Fariz bəy, kommersiya kinosunun əsas silahı ssenaridir. Yəni ssenaridən çox şey asılıdır. Rejissorlarla konfliktiniz olur?

- Təbii ki rejissorun gücü böyükdür. Amma kommersiya kinosunda dominantlıq ssenaristdədir. Rejissorlara dəfələrlə mübahisəmiz olub. Olur ki, mizanı düzgün vermirlər. Təkid edirəm ki, belə olmalıdır. Biz təcrübə əsasında gəlirik və bizim sözlərimizin bir söykənən yeri var. Mizan düzgün çatdırmalıdır zarafatı. Deyirəm ki, sən düzgün başa düşməmisən ssenarini. Komediya filmlərində rejissor ssenarini incələməlidir, rakursu, mizanı dəyişmək istəyirsə, o zaman mütləq ssenaristlə məsləhətləşməlidir ki, sən bunu necə görürdün? Elə etmək lazımdır ki, ssenaristin qurduğu şey dağılmasın.

- Kommerisya kinosunda özünü təsdiq etmiş hansı rejissorların adını çəkə bilərsiz?

- Emil Abdullayev, Vüsal Hacı Qədir, Rüfət Şahbazov

- Yeni filminiz “Beşbətər” nədən bəhs edir?

- Mövzusunu bir cümlə ilə ifadə etməyə çalışacam. Bahalı toy çəkilir. Çəkənlərin səriştəsizliyi üzündən toy pozulur. Çəkənlər də Fərda ilə Elməddindir. Noyabrın axırı, dekabra kinoteatrlarda yayımını planlaşdırırıq.

- Pandemiyanın şərtləri çərçivəsində film kassa yığa biləcəkmi?

- Yığacaq. Bilirsiz nəyə görə? Onsuz da gecə gündüz kinoteatrlarda bütün salonlar ağzına kimi dolmur. İtkimiz 10-15 faiz olacaq. 50 faiz dolacaqsa, tamaşaçı başqa seanslara bilet alacaq.

# 3095 dəfə oxunub

Oxşar xəbərlər

# # #