Sevdiyinə həsrət qalan, xəstəxanada ürəyi partlayan Hüseyn Seyidzadə

Sevdiyinə həsrət qalan, xəstəxanada ürəyi partlayan Hüseyn Seyidzadə
15 oktyabr 2024
# 14:11

Bu gün Azərbaycan kino tarixində ilk rəngli bədii filmin rejissoru Hüseyn Seyidzadənin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvanda doğulub. Atası Mirəli bəy tacir, anası Ruqiyyə xanım isə evdar qadın idi. Ailə 1918-ci ilə qədər Qəmərlidə yaşayıb. 1918-ci ildə 8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək əvvəl Tiflisə, sonra isə Bakıya köçməli olur. Bakıya köçəndə Hüseyn artıq üçüncü sinifdə oxuyurdu...

***

Həyatda qarşılaşdığı ilk ən böyük faciəni də elə uşaqlıq illərində yaşayır. Kiçik yaşda atasını itirir. Atası Mirəli bəy Qarsda vəfat edir və elə orada da dəfn olunur. Atasının vəfatından sonra Hüseyni və ailəsini əmisi Mirqasım Seyidov saxlayır. O, qardaşının övladlarını özününkülərdən ayırmır. Onları öz doğma balaları kimi böyüdür.

***

Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına trikotaj fabrikində fəhlə işləyir. 1928-ci ildə Bakı İşçi teatrında kütləvi səhnələrdə çıxış edir və burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr onu Leninqrada təhsilini davam etdirməyə göndərir. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir.

Gallery

Ancaq kinoya olan həvəs, sevgi hələ uşaqlıqdan özünü göstərirdi. Bacısı Zəhra xanım xatirələrində danışardı ki, “Hüseyn tez-tez dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb, “Əlsizlər” filminə çəkdirmişdi”.

***

Hüseyn Seyidzadə 1 ilə yaxın Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvaya yola düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır. Kulişov və Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm”, “Mosfilm”, Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Lyudkeviçin rəhbərliyi altında çalışır. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar”, “Bir ailə” bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir.

Gallery

Onun müstəqil rejissor kimi kino həyatı “Ayna” filmi ilə başlayır. Amma elə ilk dəfədən də uğursuzluğa düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Bundan sonra yarımçıq qalan “Ayna”nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkirlər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə “Sovqat” adlandırılır. Baş rolu Leyla Bədirbəyli ifa edir.

***

1956-cı ildə, nəhayət, kino taleyi Hüseyn Seyidzadənin üzünə gülür. Azərbaycan kino tarixində ilk rəngli bədii film olan “O olmasın, bu olsun”a quruluş verir. Filmin ilk təqdimatından sonra film böyük tənqidlərə tuş gəlir. “Kommunist” qəzetində çıxan yazıda “...Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər... Eybəcər oyunbazlıqlar... Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir...” kimi fikirlər filmin şöhrətinə kölgə salır. Lakin bunların heç biri filmin ekran ömrünü qısalda, şöhrətini, tamaşaçı sevgisini azalda bilmir. Azərbaycanın ən böyük aktyorlarının “çələngi” sayılan bu film 60-dan artıq ölkədə nümayiş olunur.

Gallery

1960-cı illərdə baş vermiş bir hadisə isə Hüseyn Seyidzadəni xeyli sarsıdır. Belə ki, şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı “Var olun, qızlar” ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə “Azərbaycan” jurnalında dərc edilmiş “Bizim sahildə” adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunur. Ancaq filmi rejissor Eldar Quliyev çəkir.

***

Rejissorun 1969-cu ildə ekranlaşdırdığı “Dəli Kür” filminin taleyi də xeyli ağrılı olur. Moskvada Kino Komitəsinə təhvil verilərkən onu filmin finalını dəyişdirməyə məcbur edirlər. Əks halda film, ümumiyyətlə, ekranlara buraxılmayacaqdı. Nəticədə Hüseyn Seyidzadə məcbur olub filmin axırını dəyişir. Filmin sonluğu əslində belə çəkilmişdi - Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarır. Və “Ana Kür” mahnısı oxunur. Lakin rəhbərlik göstəriş verir: necə olursa olsun, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə də rejissor həmin səhnəni kəsərək dəyişir, sonda Allahyar Cahandarı öldürür. Film uzun zaman bu cür göstərildi. Lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.

Gallery

Bu, rejissorun təzadlı kino həyatında aldığı növbəti zərbələrdən biri olur. “Dəli Kür”dən düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmi “Qayınana”nı çəkir. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edir. Qarşısına çıxan, hətta çıxarılan maneələrə, haqsızlıqlara rəğmən.

***

Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də “Qatır Məmməd” filmi ilə bağlı yaranan problem ona mənən böyük zərbə vurur. İlkin variantda “Gəncəbasarlı qisasçı” adlanan bu film studiyanın 25 oktyabr 1970-ci il tarixli əmrilə Hüseyn Seyidzadəyə verilir. Ssenari isə moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunur. Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görür və iclasda öz fikirlərini açıqca söyləyir. Ssenari müəlliflərinə məsləhətlərini vermək məqsədilə 3 dəfə Moskvaya ezam olunur. Müəlliflər də əvvəlcə onunla razılaşırlar. Ancaq sonradan Hüseyn Seyidzadənin süjeti tamam dəyişdirməsinə qəti etiraz edirlər. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Yeni ssenari müəllifləri cəlb olunur. Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır.

Gallery

Lakin kimlərinsə gizli oyunu nəticəsində film 1974-cü ildə Hüseyn Seyidzadədən alınır. Səbəb kimi “ssenari üzərində öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi kimi lentə alıb, 1973-cü il dövlət planını pozub, filmi vaxtında təhvil verməyib və s. göstərilir”. Beləcə, 4 illik əziyyəti heç sayıb, filmi Rasim Ocaqova verirlər. Deyilənlərə görə, Rasim Ocaqovun qarşısına belə bir şərt də qoyurlar: əgər o, bu filmi çəkib başa çatdıra bilərsə, onda gələcəkdə rejissor kimi film çəkmək imkanı əldə edəcək. Nəhayət, bir neçə rejissorun imtina etdiyi “Qatır Məmməd” filminə Rasim Ocaqov kinoda rejissor kimi ilk işi olaraq quruluş verir. Hüseyn Seyidzadə Qatır Məmməd roluna Əlabbas Qədirovu çəkmişdi. Rasim Ocaqov isə məlum olduğu kimi, Şahmar Ələkbərovu.

Gallery

Kinotənqidçi Aygün Aslanlının Fuad Poladov haqda yazdığı “Skafandrlı adam” kitabında aktyorun bir fikri bu kontekstdə maraqlıdır:

“Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın, qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm", dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qaynana"da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər. Hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi. Dili də vardı, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaş üzə deyirdi. Nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına arxayın olduğu üçün belə xasiyyəti vardı”.

Gallery

Hüseyn Seyidzadənin kino taleyində aldığı növbəti zərbə “Dərviş Parisi partladır” filmi ilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi ağrı tapır. Elə bu dərd-qəmlə dolu ürək də onun həyatına son qoyur...

***

Seyidzadələr ailəsi nəsilli-nəcabətli ailə olub. 19-cu yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk xanım ortoped-travmatoloqdur. O biri bacısı Zəhra xanım mühəndis idi. Qardaşları Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, Bağır Seyidzadə görkəmli jurnalist, diplomat, nazir, İbrahim Seyidov təyyarə mühəndisi olub. Ümumiyyətlə, o nəslə “Qara seyidlər” deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır.

***

Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar, ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Üstəlik də ömrünün sonuna qədər tənha yaşadı.

Gallery

Hüseyn Seyidzadə ömrünün sonuna qədər ailə qurmayıb. Ancaq deyilənə görə onun münasibətdə olduğu, sevdiyi qadın və bir oğlu olub. Rejissor bu qadınla Moskvada oxuyub işlədiyi zaman tanış olub. Elə o xanımdan da bir oğlu dünyaya gəlir. O, oğluna atasının adını qoyur. Rejissorun öz ailəsi ilə hansı səbəblərdən bir yerdə yaşamaması məlum olmasa da, Bakıya qayıdandan sonra onlarla əlaqəsini kəsmir. Oğlu Əli tez-tez Bakıya gəlib-gedir. Amma sonralar hansısa səbəblərdən əlaqə itir. Hətta nə sevdiyi qadın, nə də oğlu onun ölümündən xəbər tutur, yasına, məzarı üstünə gəlmirlər. İndi də onların harada yaşadıqları, sağ olub-olmadıqları bilinmir.

***

Hüseyn Seyidzadənin vəfatından xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım olur. Ailə üzvləri oğlunun ölüm xəbərinə dözə bilməyəcəyindən qorxub qoca anadan oğlunun ölümünü gizlədirlər. Ancaq az müddətdən sonra rejissorun anası da oğlunun ölümündən xəbərsiz dünyasını dəyişir.

Gallery

Hüseyn Seyidzadə isə həyatla xəstəxanada vidalaşır... Onu haldan salan ürək ağrılarına baxmayaraq, yaşayıb-yaratmaq eşqi ilə hər gün kinostudiyaya gəlib gedir, işləməkdən yorulmur. Amma yenə də xoşagəlməz hadisələr, ünvanına deyilən haqsız iradlar, ədalətsizliklər hər addımda onu izləyir, işinə mane olurdu. Günlərin birində kinostudiyadakı iclasda yaranmış münaqişə vaxtı ona deyilən haqsız iradlara ürəyi dözmür və səhhəti pisləşir. Bir ay xəstəxanada müalicə olunur. Evə getməyinə bircə gün qalmış 1979-cu il iyunun 2-də ürəyi partlayır. Ölüm də onu haqsızlıqdan qurtara bilmir. Adi qəbiristanlıqların birində səssiz-səmirsiz, sakitcə dəfn olunur. 1988-ci ildə buraxılan “Azərbaycanın kinorejissorları” kitabına da adı salınmır.

# 718 dəfə oxunub

Oxşar xəbərlər

Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

14:35 27 noyabr 2024
"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

14:23 27 noyabr 2024
Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

Xərçəngdən əziyyət çəkən Vaynşteyn onları məhkəməyə verir

13:32 27 noyabr 2024
Avropa milli geyimləri nümayiş olunub

Avropa milli geyimləri nümayiş olunub

13:00 27 noyabr 2024
Amerikalı rejissor vəfat etdi

Amerikalı rejissor vəfat etdi

11:47 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

10:30 27 noyabr 2024
# # #