Kulis.az müğənni Səidə Sultan haqqında maraqlı faktları təqdim edir.
Səidə Əli qızı Sultanova 1983-cü il mart ayının 9-da Bakı şəhərində anadan olub. 1989-cu ildə 272 saylı orta məktəbdə birinci sinfə başlayan Səidə 2000-ci ildə oranı bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Vokal fakültəsinə daxil olub və 2006-cı ildə bakalavr dərəcəsi ilə təhsili bitirib.
İlk dəfə 2000-ci ildə Pöhrə müsabiqəsində, 2001-ci ildə isə Bakı Payızı müsabiqəsində iştirak edib və hər iki müsabiqənin laureatıdır. İlk ifa etdiyi mahnısı popuri və bəstəsi Vasif Adıgözəlovun olan “Naz-Naz” ifası olub.
***
2001-ci ildə "İkisi bir boyda" xalq mahnısı, 2008-ci ildə "Sən idin", 2012-ci ildə "Hərdən arada", 2013-cü ildə "Gecələr" mahnılarını ifa edərək populyarlıq qazanır. 2008-ci ildə ilk "Bir inci" adlı solo albomunu buraxır. 2001-2003 illər solo karyerasına başlamış, 2002-ci ildən 2006-ci ilədək bəstəkar Vaqif Gərayzadənin yaratdığı və bədii rəhbərlik etdiyi “W-Trio” pop qrupunun vokal solisti olur. 2007-ci ildən hazırkı günədək solo fəaliyyət göstərməkdədir.
Səidə Sultan ailədə üç bacı olublar. Atası fərdi sahibkar, anası isə bağça müəlliməsi işləyib. Müğənninin bacılarından biri Pərvanə xanım aparıcı Nəsib Nurun həyat yoldaşıdır. Onların üç övladı var. Müğənninin atası Əli bəy 2008-ci ildə qaraciyər serozundan dünyasını dəyişib. Müğənninin sözlərinə görə xasiyyətcə atasına çox bənzəyir. O müsahibələrinin birində atasını belə xatırlayır:
“Bizim evdə üç qızıq, amma atam məni oğlan kimi böyütmüşdü. Gecələr toydan gələndə, qorxmayım deyə, o, mənə hətta balaca cib bıçağı da vermişdi ki, özümü hansısa təhlükə yaransa, qoruyum”.
“Böyük sevgi yaşamışam, amma özüm qırmışam, söz-söhbət məni bezdirib. İndiyə qədər də o insan məndən əl çəkmir, istəyir. Məni sevənlər çox olub, hətta qızlarının adını da Səidə qoyublar. Kişinin sözü bir olmalıdır, dedi, eləməlidir. Hərləndi-fırlandı mənlik deyil. Ailəli insanla heç vaxt artıq hərəkət eləmərəm. Ailəli insanın birinci növbədə xanımına hörmət edirəm. Mən də onun kimi bir xanımam, kim istəyər ki, ərinin başqa xanımı da olsun?! Həyatda düz olmaq çətindir, düz olursan düzdə qalırsan. Gəlinlik paltarı geyinməyə, toya doğru gedirdim, amma alınmadı. Onunla birlikdə olanda depressiyaya düşdüm, sənətdən ayrılmaq istədim. Hər dəfə onunla dalaşanda, bir klip çəkdirdim”.
İstedadı ilə yanaşı Səidə Sultan müxtəlif dövrlərdə ictimai yerlərə xas olmayan hərəkətləri ilə gündəmə gəlib. Bəzən efirdə paltarının yaxası açılan, bəzən sərxoş halda səhnəyə çıxan müğənni dəfələrlə mətbuatın gündəmini zəbt edib. 2021-ci ilin dekabr ayında isə o, sərxoş halda səhnəyə çıxan müvazinətini itirərək yıxılıb.
***
2021-ci ilin payızında müğənni “Dörd fəsil” adlı klipinin çəkilişləri zamanı təbiət qoynunda musiqi aləti arxasında çılpaq qadın obrazını yaradıb. İfaçının bu obrazı böyük səs-küyə səbəb olub.
Hazırda 39 yaşı olan müğənni heç bir zaman ailə qurmayıb. Bir zamanlar böyük məhəbbət yaşasa da, sonralar sevdiyi insanla ailə qurmayıb. Səidə Sultanın adı bir müddət əvvəl həmkarı Niyam Salami ilə də hallanıb. Belə ki, verilişlərin birində hətta Niyam Səidənin qarşısında diz də çökərək ifa etdiyi mahnıya görə onun əlindən öpüb. Niyam müsahibələrinin birində bu haqda deyir:
"Mən ona evlilik təklifi etmişdim. Ona da şərəf oldu. Lakin "sən mənim qaqaşımsan, sənə görə ölümə belə gedərəm" dedi. Gördüm rəng alıb rəng verdi. Ola bilər ki, indi ağlı başına gələr, 1-2 ildən sonra razılıq verər. Dostumdur, belə şeyə çox yaxşı baxıram. Zarafatla dedim ki, sonra sən peşman olsan, onda da mən razı olmayacam. Səidə mənim üçün özəl biridir. Mən Babək idim, məni bəyənmədi. Səidəyə Koroğlu lazımdır, onu bəyənir. Bilirəm ki, qəlbində başqası var. Allah xoşbəxt etsin".
Səidə Sultan uzun illər müğənni Röya ilə qalmaqalı ilə də diqqət mərkəzində olub. Hətta Röyanın Səidənin ailə üzvləri ilə yaxınlığı belə onların qalmaqallarına, bir-biri ilə söz davalarına təsir edə bilməyib. Müğənni bu barədə deyir:
“Röya müsahibəsində dedi ki, mən Səidəyə dəstək olmuşam. Vallah, dəstək olmayıb. Dəstək olubsa, üzümə lənət. O mənə heç bir şeydə dəstək olmayıb. Hər zaman ona hörmət saxlamışam. Bacımla rəfiqədir. Onların da öz cəbhəsi var. Mənsə heç zaman cəbhədə olan adam olmamışam. Hər zaman tək mübarizə aparmışam. Kimsə hansısa məclisdə özünü pik nöqtədə görürsə, digər insanları əzirsə, mən o məclisdə oturmaram. Ailəmdə heç kim mənim Röyayla qalmaqalıma müdaxilə etmədi. Çünki bilirlər ki, düz edirəm. Onunla pis münasibətimin kökündə nəsə var. Mən də dəli deyiləm ki, onunla səbəbsiz yerə pis münasibət yaradam. Ayıb olar. Qalmaqalın kökündə mənim potensialım durur. O bilir ki, qarşındakının potensialı ondan artıqdır. Mən heç bir zaman yeni çıxan gəncə paxıllıq etmirəm. Natavansa bu qalmaqalda mənə dəstək idi. Sonra zayı çıxdı. Dedi ki, sən belə, sən elə. O, mənə çox şeylər dedi, indi burada onu deyə bilmirəm. Ondan sonra münasibətlərə son qoydum. Röya əziyyət çəkib, nə qədər konsertlər verib. Artıq o, sözünü deyib, özünü təsdiqləyib. Amma şou-biznes Xalq artistləri Aygün Kazımova və Röya Ayxandan ibarət deyil”.