Səkkiz ildir evliyəm, amma...

Səkkiz ildir evliyəm, amma...
11 iyul 2024
# 13:23

Kulis.az Oğuz Ayvazın "Əslində, heç birimiz evli deyilik" adlı yeni yazısını təqdim edir.

8 ildi evliyəm, amma, əslində...

Həyat yoldaşımla sevgili olduğumuz vaxtlarda bir-birimizlə daha çox vaxt keçirir, istədiyimiz yerlərə gedir, əylənir, deyib-gülür – bir sözlə, zamanı unudurduq. Bizim üçün hər şey zamanın içindəki anlardan ibarət idi. Xoşbəxt olduğumuz anlar. Bəlkə, o anları saniyəölçənlə ölçsək, ömrümüz böyüklükdə olardı.

İnsan yaşa dolduqca həyatın faniliyini daha tez başa düşür. Başa düşürsən ki, bir azdan hər şey əlindən çıxacaq, saçların ağaracaq, bədənin əvvəlki, cavan vaxtdakı təravətini itirəcək. Artıq o coşğu, o həyəcan ilim-ilim itəcək. Yəni sevgililiyin də bir ömrü olur. Bilmirəm, bizdə o ömür çox çəkdi, ya az, amma bir ildən sonra sevgili dövrünü arxaya qoyub evliliyə addım atdıq.

Necə deyərlər, sevgimizi rəsmiləşdirdik. Nikah, toy, dambadurum, qohumlar, “xoşbəxt olun” sözləri və s. Sonrasını da bilirsiniz? Evliliyin əsas atributu: uşaq. Uşaq olanda da, vəssalam. Artıq evliliyin necə bir şey olduğunu o zaman anlayırsan. Uşaqdan əvvəl evlilik uzadılmış sevgili münasibətinə bənzəyir. Sanki sevgilisən, amma bu dəfə başqa formada. Qabıq dəyişən ilanlar kimi. Biz qabığımızı dəyişdik də, qabıqsız qaldıq da. İllər keçdi. Ömrümüzdən keçən illər bizi sistemin mərkəzinə yerləşdirdi. Artıq baş-başa görüşlərimiz, ayaqyalın qaçdığımız küçələr, yağışda islandığımız günlər yaddaş arxivimizdə tozlandı. Bu illər mən metro ilə, avtobusla, iş yerlərimlə evli oldum. Həyat yoldaşıma ayıracağım böyük zaman yollarda, iş yerlərində, maddi qazanc əldə etmək uğrunda getdi və getməkdə də davam edir. Evlilik imzasının cəfasını, sən demə, mən bunlar üçün çəkmişəm: banklara kredit borcu, gecə-gündüz avtobus və metrolarda, ofislərdə hədər olan illər. Geriyə baxanda vecsiz, xoşbəxt, sərbəst günlərimin barmaq sayı qədər az olduğunu görürəm. Evlilik həm də kommunal çeklərdən, market alış-verişindən, uşaq pampersindən, kirayə haqqından ibarətdir... Hər ay boynuna düşənləri verməsən, ödəməsən, qaranlıqda, susuzluqda qala, acından ölə bilərsən. Ya da ən pisi boşanarsan. Amma boşanmaq da asan deyil. Deyəsən, bu yaxınlarda aliment pulunu da artırıblar. Yox, elə bilməyin, boşanmaq fikrim var. Sözgəlişi dedim ki, bəlkə, dodağım qaçsın, indiki qiymət artımını yaddan çıxardaq.

Evlilik həmişə cəmiyyət üçün aktual, maraqlı mövzu olub. Qarşı pəncərədən zivələrə paltar asan qadın, yolda mübahisə edən ər-arvad, uşaqlı cütlük addımlarımızı bir az yavaşladıb. Evliliklə bağlı, demək olar, ən yaxşı ekran əsərini İsveç rejissoru İnqmar Berqman “Bir evlilikdən mənzərələr” filmi ilə bacarıb. Filmdə evlilik çıxmazında iki insan qarşımızda dayanır. Həyat eşqlərini cəmiyyət uğrunda fəda etmiş, mükəmməlik şarının içində oksingensiz qalmış iki nəfər… Fotoşəkilin içində "xoşbəxt” görünsələr də, əslində, hər şeyin yalan olduğunu anlamış bir cütlük. Özləri üçün yox, toplum üçün, valideyinləri üçün, dost-tanışları üçün yaşayan ər-arvad...

Bu gün Azərbaycanda gündə 50 cütlük boşanır. Səbəblərin ən əsası maddi problemlərdir. Hər şeyi maddiyyata yıxmaq istəmirəm. Cütlüklərin bir-birlərini qısa zamanda tanımağı və tezliklə evlilik maşınına oturmağı onların qəza törədəcəyinə zəmin yaradır. Evlilik maşını digər maşınlardan fərqlidir. Mühərriki, təkərləri, yağı ən azından yaxşının yaxşısı bilməlisən. Çünki bu maşının rolu sənin və hərdən də yoldaşının əlində olacaq.

İndiki zaman, dünyada yürüdülən siyasi sistem ailə modellərini dağıtmağa, insan iradəsini məhv etməyə, sevgi münasibətlərini bitirməyə söykənib. Missiya uğurla davam edir, evlilik maşınları hər gün qəzaya uğrayır, içindəkilər travmaya məruz qalır, sevgisiz uşaqlar böyüyür, qadına, kişiyə nifrət tendensiyası başlayır. Belə olan halda şəhvət hissləri önə çıxır, hisslər korşalmağa, duyğular doğranmağa doğru istiqamət götürür.

Evlilik sistemə kölə olmaq və alternativ həyatı tapa bilməməyə bənzəyir. Bu sistemdə cütlüklər aşağı-yuxarı bir-birlərinə bənzəyirlərr. Üstəlik, evlilik indiyə kimi sirri-xuda olaraq qalır. Bilmirsən, yaxşıdır, ya pis. Evlilik insandan ultra üstünlüklər tələb edir. Dözməlisən! Başqa variant yoxdur. Məsələ tək maddiyyatdan getmir. İllər sonra qarşı tərəfdən bezginlik yaranır. İnsanı heç vaxt tanıya bilmirsən. Bu qaydanı hər zaman qulağınızda sırğa edin. Əslində, biz ömrü boyu tanımadığımız tanışlarla yaşayırıq. Nə bacımızı, nə qardaşımızı, nə yoldaşımızı düz-əməlli tanımırıq. Tanımırıq deyəndə, ayrı yerə yozmayın – bilirsən ki, harada oxuyub, hansı rayondandır, atası, anası kimdir. Bu başqa məsələ. Söhbət onun dərinində ilişib qalan qatlardan gedir. Evlilik bu qatların bir-bir üzə çıxmasına şərait yaradır. Ona görə də evlilik üçün insan hazır olmalıdır. Onu “basməmmədi” evləndirmək gələcəkdə böyük faciələrə yol aça bilər. İllər əvvəl bir dostumuzun məsləhəti idi. İndi onun nə qədər haqlı olduğunu görürəm. Evlilik üçün müəyyən sınaqlardan, testlərdən keçilməlidir. Yalnız maddi vəziyyəti yaxşı olanlar yox, eyni zamanda psixoloji sağlamlığı yerində olanlar evlənməlidir. Müxtəlif mərhələlərdən keçdikdən sonra evlənmə icazəsi verilsə, daha yaxşıdır. Bu şəkildə həm də cəmiyyəti anormallıqdan xilas etmək olar. Nə qədər ki, fərdlər evliliyin mənasını yalnız dünyaya uşaq gətirmək kimi başa düşüb, o zaman seçilmiş xalq ola bilməyəcəyik. Heç kim başqasının həyatını məhv etmək üçün evlənməməlidir. Bu dünyada ən ağır iş evlənməkdirsə, ondan da betəri sənin həyatını məhv edənlə məcburən evli qalmaqdır. Ümid edirəm ki, vaxtınızı çox almadım. Sonda sizə maraqlı bir evlilik filmi deyim, baxın: 2019-cu ildə ekranlara çıxan “Marriage story”.

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Qar tanrısının qeydiyyatı haradır?

Qar tanrısının qeydiyyatı haradır?

16:25 15 iyul 2024
Fahişələrə haqq qazandıran filmimiz

Fahişələrə haqq qazandıran filmimiz

15:00 11 iyul 2024
Qız qaçırtdığına görə özünü yandıran qazi

Qız qaçırtdığına görə özünü yandıran qazi

13:25 10 iyul 2024
Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

Füzuli və Mikelancelonun bir-birinə ehtiramı

12:00 10 iyul 2024
İntellektual kartof püresi

İntellektual kartof püresi

14:07 9 iyul 2024
Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

Yataqda arvadının ssenarilərinə qulaq asan kişinin qırmızı maşını

21:00 8 iyul 2024
# # #