Sabir Məmmədov: "Mən onların yerində olsaydım, aktyorluğa gəlməzdim" – Müsahibə

Sabir Məmmədov:  "Mən onların yerində olsaydım, aktyorluğa gəlməzdim" – Müsahibə
20 noyabr 2023
# 09:00

Kulis.az Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Sabir Məmmədovla müsahibəni təqdim edir.

- Sabir müəllim, pedaqoji fəaliyyətiniz olub?

- Yox. Mən müəllim işləməmişəm. Dövlət İmtahan Komissiyasının üzvüyəm. Üç ildir orada işləyirəm. Bakalavr və magistrləri seçirik. Gedib tamaşalara baxırıq, qəbul edirik.

- Sizi bir-iki il əvvəl elə İncəsənət Universitetində görmüşdüm, o vaxtdan sizinlə görüşmək istəyirdim.

- Mən də sizi tanıyıram. Yazılarınızı oxuyuram. Ancaq əsərlərinizi oxumamışam. Bilirəm, yazıçısınız və jurnalistsiniz. Yazılarınızı oxumuşam. Amma niyəsə kitablarınızla heç rastlaşmamışam. Oxumaq istərdim. Mən maraqlanıram öz ədəbiyyatımızla, hətta Mehriban (Mehriban Ələkbərzadə - red) xanıma da yüngülvarı təklif etdim. Məsələn, müasir, çağdaş yazıçılarımızın bir neçəsinə Azərbaycan, zəfərimiz haqqında əsər yazmasını sifariş vermək olar. Əsər, pyes seçmək olar arasından.

- Mirmehdi Ağaoğlunun “Dantenin yubileyi” və “Leyli və Məcnun” musiqili komediyası haqqında bir yazısını oxudum. Sonda belə bir sual qoymuşdu: “Dantenin yubleyi” indi nə qədər aktualdı? Müasir əsər yoxdurmu? Mənim də jurnalist fəaliyyətim olub, indi də var, amma teatrın içinə girəndə görürsən ki, məsələlər bambaşqadı.

- Siz də teatrda işləyirsiniz, vəziyyəti görürsünüz. Qanunlardan gedir söhbət. Yaxşı dramaturq olmaq asan deyil. Çoxlu əsərlər, pyeslər oxumuşam. Yaxşı yazıçı olmaq çox çətindir. Teatrşünaslar əslində, praqmatik olurlar. Siz “Dantenin yubileyi” haqqında yazınızda məsələyə yazıçı kimi baxmısınız, əslində, ürəyiniz də ağrıya bilər. Düşünərsiniz ki, nəyə görə bu aktyora bu rol verilib? Ona görə də sizin yazılar daha emosianal, daha fərqlidir. Sevgi var yazıda. Xəbər, informativ yazı fərqli olur. Bəzən “Dantenin yubleyi”nin bütün süjetini köçürürlər ora. Siz əsəri fərqli görürsünüz, Ərşad Ələkbərov tamam fərqli. Yazılan şeyi olduğu kimi oynamaq olmur axı. Məsələn, mən Qarabağdan ilk dəfə gələndə dumanlı, çiskinli bir gün idi. Bunu necə oynayasan? Hər bir əsərin öz səhnə həlli olmalıdır. Onu səhnə dilinə çevirmək lazımdı.

- Sabir müəllim, bu yaşda, bu statusda Kəbirlinski obrazı necə oldu sizin üçün?

- Çox yaxşı. Bilirsiniz, nəyə görə? Kəbirlinski də mən yaşdadır. 60 yaşı var. Simvolik olaraq. Bu əsər əslində, pyes deyil. Aktyorun oynaması, özünü ifadə etməsi üçün yetərli material var. Çox şey var əsərdə - janr fərqliliyi, aktyorun özünü fərqli təqdim edəcəyi çox yaxşı imkanlar. Həm mətn, dialoq, həm də ifaçılıq baxımdan qəm, kədər, qüssə, yumor, tragikomik situasiyalar var. Bunlar hamısı aktyorun özünü ifadə etməsi üçün böyük şansdır. Ona görə də mən düşünürəm ki, bu, çox yaxşı oldu.


- Ərşad bəylə işləmisiniz əvvəldən?

- Hə, “Quran çiçəyi”ndə.

- Necə rejissordu? Deyirlər, onunla işləmək çətindir.

- Yox. Elə deyil. Hər şeyi kastinqlə müəyyən edir. “Quran çiçəyi”ndə uşağın atasını oynayırdım. Şəkillərlə aktyorları seçirdi. Mənə belə rejissor lazımdır. Əvvəlki tamaşada da seçimini elə etmişdi. Məni də heç kim təklif etməmişdi, özü görüb seçmişdi. O, Sankt-Peterburq teatrında işləyib. Orada görüb-götürüb. Sankt-Peterburq da teatrın mərkəzidir. Stanislavski, Çexov… Ona görə də işinə qarşı çox diqqətlidir.

- “Dantenin yubileyi” tamaşası haqqın yazımda da yazmışdım. Tamaşa zamanı zalda aktyorların böyük əksəriyyəti müəyyən məqamlarda, monoloqlarda fikrə gedir, ah çəkirdilər. Aktyorlar Kəbirlinski olmaqdan sığortalanmayıblar. Olmamaq üçün neyləməlidilər?

- Olmamaq mümkün deyil. Demək çətindi. İndi siz məndən xeyli gəncsiniz. Mən sizin yaşınızda olsaydım, aktyorluğa gəlməzdim.


- Amma səhnətə xeyli gənc aktyor vardı.

- Yox-yox. Mən öz payıma deyirəm. Amma onlara baxanda, ürəyimdə deyirəm ki, mən də sizin kimi sevinə-sevinə gəlmişdim. Bu sənəti seçəndə bilmirsən ki, səni Kəbirlinskinin taleyi gözləyir, yoxsa Ələsgər Ələkbərovun. Başlanğıcda bunları bilmək olmur. Bu yerə də gəlib çatmaq çox çətindi axı. Gərək rol oynayasan.

- Belə deyək, teatra düşmək çıxmaqdan daha asandır.

- Düşdün, çıxa bilmirsən. Mənim dostlarım var, deyirlər, çıx teatrdan, gəl bizim yanımıza. Deyirəm, bu yaşdan sonra hara gəlim? Ömrümün qırx ilini teatrda işləmişəm. 40 ildən sonra hara gedim?

- Əslən Qazaxdansınız. Görünür bu faktorun da aktyor olmağınızda təsiri olub...

- O da var. Ağstafada böyümüşəm. Məktəbdə dram dərnəyi var idi. Hazırlaşırdım. Şəhərə gələndə artıq aktyor olmağa qərar vermişdim. Əziyyətlər, yataqxanalar…


- Amma birinci il girmədiniz.

- Hə... Nə bilim. Birinci il olmadı. Həyəcandan özümü itirdim. Suyu üstümə tökdüm. Dedilər, çıx get. Sonra Həsən (Həsən Turabov - red) müəllim məni bu teatra gətirdi.

- “Dantenin yubileyi” tamaşasındakı gənclərin ifasında yeni, izaholunmaz bir nəfəs hiss elədim.

- Hamısı rejissordan irəli gəlir. Tamaşa belə qurulub. Hamı bir nəfər idi, bir nəfər də hamı. Buradakı o müsbət enerji də tamaşaçıya ötürülür. Bu da rejissorun bacarığıdır. O, bir obraz, bir stukturdur. Hamımız tamaşaçı üçün oynayırıq.

- Rol üzərində müşahidələriniz oldu, yoxsa tanıdığınız obraz idi?

- Kəbirlinski hamımıza yaxın obrazdır. Prototiplər doludur ətrafımızda.


- Onda belə çıxır ki, hər bir aktyor ömrünün müəyyən bir hissəsində Kəbirlinski olur?

- Yüzdə-yüz. Aktyor qəlbən, ruhən saf, sadəlövh olmasa, o hissi tamaşaçıya ötürə bilməz. Buna mehr, mehribanlıq deyirlər. Məsələn, Həsənağa Turabovun baxışları necə mehriban idi. Elə bir əzəmətli boy-buxunu yox idi. Fəxrəddin Manafovun, Şahmar Ələkbərovun, Rasim Balayevin nə qədər gözəl enerjiləri var idi.

- Yusif Vəliyev də elə hündürboy olmayıb.

- Hə, elədir, ancaq nə qədər gözəl səsi var idi. Bax, əsas budur aktyorda. Elə Hollivuddada min nəfərdən birini seçirlər. Ulduz olmağa hamı yaramır ki...

- Elə mən də onu soruşacaqdım, Kəbirlinski, Rasim Balayev, Al Paçino olmaq tale məsələsidir, yoxsa onun özünün də zəhmətidir.

- Əlbəttə. Bunların hamısı taledir. İstedad, mehr Allah vergisidir. Bu olmasa insanda, qalanı boşdur. Adam var ki, çox savadlıdır, intelektualdır, amma maraqsızdır, çünki mehri yoxdur. Adam var ki, danışır, söhbət edir, darıxırsan onunla. Adam var, danışmır, bir kəlmə söz deyir, amma ona dərd danışmaq, hər şeyi paylaşmaq olar. Əsas aktyorda budur. Qalanlar bundan sonra gəlir. Bu olmasa, demək heç nə yoxdur aktyorda.


- Deməli aktyor özü-özünü yaradır?

- Həm özü-özünü yaradır, həm də ruhsallıq Allah vergisidir. Bunu özün necə yarada bilərsən? Bayaq dedim, yazıçılar hər şeyə ruhu ilə baxır, sən özün bunu necə yarada bilərsən? Qələmi götürmək artıq texnika məsələsidir. Hər kəs hər şeyi eyni görmür axı.

- Müsahibələrinizdə oxumuşdum, Azdramanı o qədər sevirsiniz ki, əsgərlikdə belə dostlarınızdan xahiş edirmişsiniz ki, teatrın şəklini çəkib sizə göndərsinlər...

- Hə, peşəmi çox sevirəm. Sevməsəydim, çoxdan getmişdim...

- Heç peşman olmusunuz?

- Yox.

- Hansı hissdir sizi sənətdə saxlayan? Mən bəzi aktyorlara da bu sualı verirəm. Bu necə sevgidi ki, sizi bu sənətdə 40 il saxlayıb? Təqaüdə də çıxırsınız, teatrdan ayrıla bilmirsiniz...

- Onu deyim sizə. Yazıçılıq nədir? Sənət, peşə. Aktyorluq da peşədir, amma yaradıcı peşədir. Adamı ruhlandıran nədir? Yaradıcı olması. Daxilindəki ruh, yaradıcı ab-hava səni getməyə qoymur. Məsələn, praqmatik insan olsaydım, “maaş azdır” - deyib gedərdim. Gedib başqa yerdə işləyərdim.


- Olubmu elə hallar?

- Əlbəttə, olub. Amma mən Hamleti oynamalıyam axı.

- Amma Hamleti oynamadınız axı. Horatsionu canlandırdınız. Sizin baş rollarınız az olub...

- Yox-yox yetərincə olub. Məsələn, “Ölülər”də Kefli İskəndəri oynamışam. Elçinin “Qatil”ində baş rolu paylaşmışam. Şükufə (Şükufə Yusupova-red) xanımla bütün dünyanı gəzmişik. Artur Millerin “Körpüdən mənzərə” əsəri gözəl əsər idi. Mərahim müəllim səhnəyə qoymuşdu. Yadıma düşdükcə deyərəm.

- Amma film az olub?

- Hə, film az oldu. Tələbə vaxtı “Babamın babasının babası”nda oynamışam.

- Elə bil teatr aktyorları özləri də filmlərə çəkilməyə maraqlı olmurlar. Söhbət oturuşmuş, klassik teatr aktyorlarından gedir. Onlar üçün teatr, səhnə kino ilə tanınmaqdan daha vacibdir.

- Sözsüz, o da var, amma bizdə film bolluğu yoxdur axı. Son 30 ildə neçə film çəkilib?

- İndi xeyli filmlər çəkilir.

- Mən də son dövrlərdə kommersiya və sənət filmlərinə çox çəkilirəm. İldə neçəsinə baxırsınız?


- İlqar Nəcəfin “Suğra və ogulları” filminə, “Məryəm”ə baxdım.

- “Məryəm” üç il bundan qabaq çəkilib. Mən də “Nabat”da çəkilmişəm. Yeddi il bundan qabaq çəkilib. Az çəkirlər. 10 il aralığında olub bunlar. 10 ildə o qədər də çox film çəkilməyib. Gör nə qədər aktyor var. Mənim də payıma 1-2 epizod düşər. Halbuki bu müddətə 100 film çəkilməli idi. Onda hamıya da pay düşərdi.

- Teatrlarda çoxlu intriqalar, söz-söhbətlər olur, adətən. Mən sizi intriqalardan uzaq gördüm həmişə.

- Yox. Mənim elə işlərə vaxtım olmayıb. Məsələn, deyirlər, Azdramada mənim qabağımı kəsdilər, qoymadılar bu obrazı yaratmağa. Mən belə halla qarşılaşmadım. Bu demaqogiya, boş söz-söhbətdir. Mənim qarşımı heç vaxt heç kim kəsməyib. Ərşad gəlib özü seçdi məni. Mən özümə qarşı görməmişəm, başqasına qarşı da etməmişəm. Olur da teatrlarda boş-boş, qeybət xarakterli söhbətlər.

- Mehriban xanım teatrınıza bədii rəhbər təyin olundu. Ümidiniz, gözləntiləriniz nələrdi? Artıq yeni rolunuz da var.

- Mehriban xanımın üstünlüyü yeni rejissorları teatra dəvət etməsi oldu. Ərşadı neçə illərdi gözləyirdik ki, gəlib yeni tamaşa qoysun, dəvət olundu, gəldi. Teatrşünaslar, jurnalistlər maraqlanır, yazır. İlham Rəhimli, siz Sevda (Sevda Sultanova-red) xanım. Elə ciddi bir tənqid görmədim. Biz tamaşaçıları məcbur etmirdik ki, əl çalsınlar. Biz oynayırdıq, onlarsa gözləmədiyimiz yerdə belə alqışlayırdılar.

- Sabir müəllim, tamaşa zamanı qəhərləndiyiniz oldumu? Bir aktyor taleyidi də...

- Kəbirlinskinin monoloqunda deyir ki, 60 il ömür sürmüşəm, it dəftərində adım yoxdur. Bundan böyük qəhər var? Əslində, hamımız az da olsa, Kəbirlinskiyik. Amma bütün hallarda bu obrazdı, mən rolumu ifa edirəm. Mən Azərbaycanda aktyor necə olmalıdırsa, onlardan biriyəm. Bununla razılaşmalıyam. Mən Amerikada, Türkiyədə, Rusiyada yaşamıram ki... Bizdə bu qədərdir.


- Düşünmürsünüz ki, daha artıq olmalıdır?

- Əlbəttə. Min dəfə artıq olmalıdır. Bizim bacarığımızla, istedadımızla, biliyimizlə daha artıq olmalıdır.

-Tez-tez deyirlər ki, Yaşar Nuri yoxdur. Yəqin bir 20-30 il sonra da deyəcəklər ki, Sabir müəllim də yoxdur. Sizcə, daha istedadlar yetişmir?

-Yox, niyə yetişmir ki? Əlbəttə, olacaq. Bizdən asılıdır. Yaşar da olacaq, Səyavuş da, Sabir də. Teatr canlı orqanizmdir, ölmür, inkişafdadır. 1873-cü ildə rəhmətliklər necə başlayıblarsa, 150 ildir proses davam edir. Bundan sonra da davam edəcək. Dünyanın hər yerində belədir. Biz tarixik. Bu rolu oynadın, artıq tarixsən.

- Tərəf müqabilinizlə, Sənubər xanımla iş prosesi necə oldu?

- Çox yaxşı. Sənubərlə bir-birimizi çox yaxşı anlayırdıq.


- Necə oldu? Uzun illər bir yerdə işlədiyinizə görəmi?

- Onun da rolu var. Sənubər yeniliyə çox açıqdır, sərbəstdir. Bu da yardımçı olurdu. Səhnədə canlı, səmimi olmaq lazımdır. Onda tamaşaçıya hisslərini daha yaxşı ötürürsən. Aktyorlar danışmadan bir-birini anlamalıdılar. Onda hər şey gözəl alınır. Sənubərlə biz ikimiz elə idik. Sözsüz ki, bunun texnikası, ifadə vasitələri də var. Elə ifadə vasitələrindən istifadə edirik ki, hər şey təbii görünsün. Bütün rejissorların da aktyordan istədiyi budur. İmkan düşmüşkən, yeni tamaşamızdakı aktyorlarımızın hamısını təbrik edirəm. Bu tamaşa zamanı hər kəs bir-biri ilə mehriban, anlayışla davrandı, yaxşı münasibət quruldu. Buna görə aktyor dostlarıma təşəkkür edirəm. Teatrda birlik olmasa, səhnədəki tam enerjini tamaşaçıya ötürmək alınmaz.

- Bir tamaşanın iş prosesində yaranan doğmalıq, kollektivlik sonralar davam edir?

- O bir az çətindir. Misalçün bizim tamaşadakı o cavanlar nə bilirlər ki, sonra kimlərlə işləyəcəklər, tərəf müqabili olacaqlar. Allah onlara kömək olsun. Amma bir tamaşanın kollektivliyi, birgə işləməsi, nostalgiya kimi, xatirə kimi qalacaq. Hər şey bir tamaşa və ya filmlə bitir. Orda, keçmiş zamanda qalır.

Foto: İlkin Nəbiyev

​​​​​

# 4973 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #