Əbədiyyətin yaşadığı ev - Məmməd İsmayıl haqqında

Əbədiyyətin yaşadığı ev - Məmməd İsmayıl haqqında
5 sentyabr 2025
# 14:00

Kulis.az şair, publisist Afaq Şıxlının "Əbədiyyətin yaşadığı ev" yazısını təqdim edir.

Ata itkisinə öyrəşmək mümkün deyil.

Ustadım əbədiyyətə köçəndən bütün dünyam dəyişib sanki. Yalnız tələbələri, şeir dünyası deyil, doğma yurdu – Əsrikdəki mavi evi də yetim qalıb.

Uzaqdan göyün bir parçasına bənzəyən o ev boşalıb, sahibinin səsini, sözünü itirib. İndi orada acı, amma nurla dolu bir sükut hökm sürür. Bu sükut böyük şairin nəfəsini daşıyır...

***

Bu möhtəşəm evi görmək, ustadımla sakitlikdə vidalaşmaq üçün Əsrikə gəldim. Qəlbim həyəcanla döyünürdü: bilirdim ki, bu, sadəcə keçmişlə deyil, həm də əbədiyyətlə görüşdür – Məmməd İsmayılla söz, xatirə və sükut görüşü...

Evin qarşısında dayandım. Sahibsiz qalmış ağaclar şairin misraları kimi göyə can atırdı. İndi bu ev də, bağ da yetim qalmışdılar. Amma mənə elə gəlirdi ki, evin yiyəsi hələ də buradadır. O, hər otun, hər yarpağın, hər daşın içində yaşamaqdadır.

Gözüm yan tərəfdəki dirəyə sataşdı. Dəlik-deşik olmuş gövdəsində bir ağacdələn oturmuşdu. Dimdiyinin səsi ürəyimdə əks-səda verdi. Necə ki, şair bir zamanlar o ritmi poeziyaya çevirmişdi, quş da sanki həmin misralarını təkrar edirdi:

"Mənim qapım – yer üzünün qapısı..."

Bağa girdim. Alma ağacları meyvələrin ağırlığından əyilmişdi. Beş alma dərdim – Məmməd İsmayılın xatirəsinə. Hər alma bir rəmz oldu: minnətdarlıq, hörmət, sevgi xatirə, əbədiyyət... Gələcək nəsillərin ruhuna qalacaq beş diri misra!..

Kövrəlmiş qəlbimlə yavaş-yavaş şairin məzarına sarı üz tutdum. Üstündəki yaşıl ipək örtük, yerlə göy arasındakı sərhəd kimi, onu bizdən ayırmışdı...

Ətrafda elə bir işıqlı və harmonik mənzərə açılırdı ki, mənim də ruhum göyə can atırdı.

Bu sirli-sehirli həyətdə dayanarkən anladım ki, mavi divarların sükutu heç də boşluq demək deyil. Çünki buralara şairin nəfəsi hopub.

Bu ev, bu bağ qəribsəsələr də, bu məzar ustadımın yoxluğunu xatırlatsa da, onun gözəl şeirləri dipdiri ayaqda qalacaqlar.

Onlar xoşbəxtdirlər, çünki hər zaman seviləcək, oxunacaq və məhəbbətlə səslənəcəklər.

Əsrik torpağı onun addımlarını, ağaclar baxışlarını, əllərinin istisini xatırlayacaq. Quşlar onun misralarının ritmiylə oxumaqda davam edəcəklər...

Məmməd İsmayıl getməyib. O sükuta, havaya, işığa qarışıb. Sözlərə çevrilib. Harada ölməz poeziyanın izləri varsa, o da orada olacaq. Çünki poeziya əbədiyyətin nəfəsidir. Və ona bir dəfə toxunan şəxs heç zaman ölmür.

05.09.2025
Qazax

# 747 dəfə oxunub

Oxşar xəbərlər

Yeni  3D animasiya serialı “Çeburaşka”  gəlir

Yeni 3D animasiya serialı “Çeburaşka” gəlir

14:20 8 sentyabr 2025
"Supertramp" rok qrupunun məşhur həmtəsisçisi vəfat etdi

"Supertramp" rok qrupunun məşhur həmtəsisçisi vəfat etdi

14:01 8 sentyabr 2025
Ukrayna London teatrını Anna Netrebkoya görə ittiham edir

Ukrayna London teatrını Anna Netrebkoya görə ittiham edir

14:00 8 sentyabr 2025
9500 illik tikili aşkar edildi

9500 illik tikili aşkar edildi

13:45 8 sentyabr 2025
Qadın arxetipinin transformasiyası - Hal anası niyə kişi xeylağından qorxur?

Qadın arxetipinin transformasiyası - Hal anası niyə kişi xeylağından qorxur?

13:35 8 sentyabr 2025
“SNL”, “The Daily Show” və “The Late Show” böyük uğur qazandı

“SNL”, “The Daily Show” və “The Late Show” böyük uğur qazandı

13:10 8 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər