Rəvan Cavid: “Elxan Elatlını oxumaq günahdı” – Müsahibə

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

19 yanvar 2022
# 17:20

Bu gün gənc yazar Rəvan Cavidin doğum günüdür. Kulis.az bu münasibətlə onu təbrik edir və "Səni deyirlər" layihəsində ad günü söhbətini təqdim edir.

- Rəvan, əsgərlikdən qayıtdın. Xoş gəlmisən. Mənə çox maraqlıdır. Bir yazıçı kimi əsgərlik sənə nəsə qatdımı, yoxsa səndən nələrsə aldı?

- Əlbəttə, həm məndən aldığı şeylər var, həm də mənə qazandırdığı şeylər. O 548 günün həyatımda olduğuna sevinirəm.

- Nəyinə sevinirsən ki?

- Nə bilim, sevinirəm də. Üzülməklə guya o 548 gün geri qayıdacaq?

- Oxuya, ya yaza bilirdin orda?

- Yaza bilmədim, orda insan düşünə bilmir, ancaq darıxır. Oxuya bildim. Klassikləri təkrarladım. Bulqakovu, Dostoyevskini, Drayzeri, Yusif Səmədoğlunu oxudum. "Cinayət və cəza" romanını isə altı dəfə oxumaq istədim. Hər dəfə yarımçıq qaldı.

- Niyə?

- Roskolnikovun qarını öldürdüyü hissəyə çatanda hər dəfə nəsə olurdu. Mistik bir hadisəydi. Hiss elədim ki, Roskolnikov o qarını öldürsə, bizim posta minamyot düşəcək. Bağladım qoydum bir qırağa.

- Əsgərlikdə bizim vaxtda hamı Çingiz Abdullayevi oxuyurdu. Orda necə idi vəziyyət?

- Orda Çingiz Abdullayevin kitabı yox idi, Elxan Elatlı var idi. Onu da televizorun altına qoymuşduq ki, aşmasın.

- Elxan Elatlı o gün də deyirdi, kitablarım yaxşı satılmır. Bir qələm adamı niyə kitabı televizorun altına qoysun? Sən axı həm də kitab əhlisən.

- Kitablarının satılmamağı məndə ümid yaratdı, açığı. Elxan Elatlını oxumaq günahdı. Mən o günaha bir dəfə batmışam, bir də heç vaxt o günaha batmayacam (gülür).

- Ümumiyyətlə, sənin bu cür "qəddar" münasibətin tez-tez görünməkdə idi mətbuatda. Aqşinin, Cəlilin romanını sərt tənqid etdin. Niyə bu qədər qəddarsan?

- Qəddar deyiləm, səbirsizəm. Və tənqid yazılarımda da özümü haqlı sayıram. Yaza bilməyiblər, mən də tənqid etmişəm, burda nə var ki?

- Yaza bilməyiblər, çox ağır deyil?

- İkisi də ən sevdiyim şairdi, ikisini də çox istəyirəm, amma sırf o romanları alınmamışdı.

Rəvan Cavid, yazar

- Rəvan, sənin özün də camaatın romanlarını tənqid edə-edə dedin ki, ortaya bir roman qoyacam, aləmi dağıdacaq. O romanı yazmağa görə universiteti də atdın. Ara yerdə 1 il 6 ay əsgərliyə getdin. Ancaq o roman da alınmadı.

- Bir sən oxumusan da o romanı (gülür). Mənim mühitə və oxuculara təqdim edəcəyim roman elə dediyim kimi olacaq. Həm də bu nə qeyri-peşəkar sualdı, yazmamışam deyə tənqid edə bilmərəm?

- Yox e, Pamukdan təsirlənib universiteti atdın, dedin, roman yazacam. Ortaya bir şey çıxmadı. Ümumiyyətlə, universiteti atanda elə bilirdin yaxşı roman yazacaqsan?

- Elə bilmirdim, elədi. Səbrin olsun, çıxacaq.

- Hətta o romanın içinə linklər də qoyacağını söyləmişdin və bu da mühitdə gülüş doğurmuşdu. Nə məsələ idi o link qoymaq? Ümumiyyətlə, ədəbiyyatda bu cür hoqqabazlıqlara necə baxırsan?

- Bir gör hansı dünyada yaşayırsan?! Bir az modern ol da (gülür). Mən onu ciddi fikirləşmişdim, indi də fikirləşirəm. Hətta QR kod da qoymaq olar. Hoqqabazlığa gəlincə, ədəbiyyat özü hoqqabazlıqdır.

- Rəvan, dindarlar şeirinə görə səni yaş yuyub, qara sərdilər. Ümumiyyətlə, o şeirini nə qədər ciddi hesab edirsən? Səncə, o yaxşı şeir idi?

- Şeir idi də yazmışam. Amma görünür, uğurludur. O ki qaldı ciddilik məsələsinə, şeir özü ciddi hadisə deyil.

- Yazı da yazmışdın şeir haqda. Şeiri mənasız hesab edib özün niyə şeir yazırsan?

- Özüm də manasızam, ona görə.

- Sənin daha çox esselərinin tutduğunu, alındığını deyirlər. Deyirlər, nəsrlə şeir alınmır səndə. Buna nə deyirsən?

- Ortada bir nəsr nümunəsi yoxdu, şeir onsuz da alınsa da, alınmasa da bir dəyəri yoxdu, esseistikanın alındığını da özüm bilirəm.

- Özünü yuxarıdan aparırsan elə bil. Sanki Salman Rüşdisən. Seymur Baycan da səni tənqid eləmişdi. Yazmışdı ki, Rəvanın bədii zövqü aşağıdır.

- Seymurla söhbət etməyi çox istəyirəm. Seymur Azərbaycan üçün dəyərdir. Ancaq Borxesə yazıçı deməyən, Rüşdini zibil qutusuna atan nə zövqdən danışacaq? Seymur üçün ədəbiyyatın nə olduğunu hələ də anlaya bilmirəm. Öz yazdıqlarına ədəbiyyat deyirsə, onda o heç vaxt Rüşdini, Borxesi qəbul etməyəcək.

- Rəvan, gələn kimi yazı yazmışdın. Ümid verdiyin qadınlar vardı. Onların axırı nə oldu? Bu qəddarlığı niyə etdin?

- Hamısı evlənib (gülür). Yəqin mənim vəfasızlığımı hiss ediblər. Ya da deyiblər ki, onsuz da müharibədən qayıtmayacaq, oralarda ölüb eləyəcək.

- Gəldin, boz bir mühitə düşdün. Belə gözləyirdin? Səncə, necə olacaq ədəbi proseslər? Canlanma yaranacaqmı? Ya sən özün bu canlanmanı yaratmaq üçün nələrsə düşünürsənmi?

- Bəli, mühit bozdur, maraqsızdır. Ümid edirəm ki, canlanma olacaq. Mən isə təzə gəlmişəm. Tezliklə maraqlı yazılar olacaq.

- Rəvan, bu mənim fikrimdi, mənə elə gəlir ki, sən əsgərlikdən sonra dəyişmisən. Əvvəlki həvəs, əvvəlki potensial görünmür sanki səndə. Bu pessimistliyin, ümidsizliyin səbəbi nədir?

- Mənim əsgərliyim pis vaxta tuş gəldi. Karantin, müharibə, müharibədən sonrakı dövr. Bunların hamısını da dağlarda keçirdim. Və travmalar aldım. Üç həftə olar gəlmişəm, adaptasiyaya ehtiyacım var. Gələndə şəhəri də, adamları da ümidsiz gördüm. Hamı pessimistdi. Hamı narahatdı. Ancaq yaxşı şeylər olacaq, bir az səbr elə.

- Bu narahatlıq səndə yeni bir əsərin yazılmasına şərait yaradır? İçində yazmaq eşqinin hələ də sağ qaldığına inanırsan?

- İnanıram. Bir az pafoslu səslənəcək, amma yazmaq məni xilas edir. Yazmaq istədiyim çox şey var. Və özümə gəldikcə yazacağam. Əsgərlikdə olan hadisələr isə zamanla özləri masamın yanında növbə tutacaq.

- Rəvan, səninlə dostuq, xeyli söhbətlər eləmişik. Hesab edirəm ki, səni yaxşı tanıyıram. Hər şeyə ədəbiyyat gözü ilə baxa bilirsən. Nə düşünürsən? Dünyada ədəbiyyatın lazımsızlığı haqda söz-söhbətlər gedir. Ədəbiyyat indiki dövrdə lazımdımı?

- Əsgərliyə getməmişdən qabaq Devid Damroşun "Dünya ədəbiyyatı nədir?" kitabını oxudum. Xüsusən, roman yazmaq istəyənlər mütləq oxumalıdır o kitabı. Dünya Ədəbiyyatı anlayışı millətlər, dövlətlər, sənət var olduqca həmişə aktualdır. Son dövrlərdə bütün coğrafiyalarda elə hadisələr yaşanır ki, siyasi, ictimai-sosial proseslər o qədər qaynayır ki, bu tarix mütləq ədəbiyyat səhifələrinə yazılacaq. Koronavirus dövrü, iqtisadi tənəzzül dövrü, hər coğrafiyaya xas müharibələr dövrü rəflərdən kənar qalmayacaq. Ədəbiyyat məndə həmişə ümid doğurub. Sənət lazımdırmı sualını özümə verəndə həmişə Tarkovskinin sözləri yadıma düşür: "Dünya yaxşı yer olana qədər sənət var olacaq!" Dünyanın isə yaxşı yer olacağına heç vaxt inanmayacağam.

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #