Rəşad Əhmədzadə: "Bunu adıma və soyadıma təhqir hesab edirəm"

Rəşad Əhmədzadə:  "Bunu adıma və soyadıma təhqir hesab edirəm"
9 dekabr 2022
# 16:18

Kulis.az Samirə Əşrəfin Kukla Teatrında keçirilən mətbuat konfransı ilə bağlı hazırladığı materialı təqdim edir.

Ötən gün Azərbaycan Dövlət Kukla Teatrında teatrın direktoru Rəşad Əhmədzadə tərəfindən mətbuat konfransı keçirildi. Mətbuat konfransında müxtəlif media qurumlarının nümayəndələri iştirak edirdi. Konfransı giriş sözü ilə teatrın direktoru Rəşad Əhmədzadə açdı:

“Mən media nümayəndələrinə təşəkkür edirəm ki, yoxlama başlanan ilk gündən bizim teatrın yanındasınız. Yoxlamanın əsas səbəblərindən birini qeyd etmək istəyirəm. Bilirsiniz ki, ötən ilin dekabr ayında teatrımızın 90 illik yubileyi oldu. Bütün söz-söhbətlər də 90 illik tədbir zamanı və sonrakı dövrlərdə davam etdi. Yubiley günündə Mədəniyyət Nazirinin keçmiş birinci müavini Elnur Əliyev kollektivlər görüşdü. Görüş zamanı Elnur Əliyevlə aramızda olan söhbətdən sonra birdən-birə Azərbaycanda fəaliyyət göstərən bütün teatrların dövlət planı aşağı salındı, bizim dövlət planımız isə əlli faiz artdı. Yəni illik proqnoz planımız 65 min idi, 91 minə qalxdı. Biz neçə dəfə bu barədə nazirliyə müraciət etdim. Hörmət elədilər, sağ olsunlar, 8 min aşağı saldılar. Oldu 83 min. Nəhayət, bu ilin səhv etmirəmsə, iyul ayında mən müsahibə verdim. Müsahibədə bu kimi məsələlərlə razılaşmadığımı bildirdim. Onu da qeyd etdim ki, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunur, təqdimatlar olur, insanlar mükafatlandırılır. Ancaq Kukla teatrı bu məsələlərdən kənarda qalır. Nəhayət, bu il noyabrın 14-də teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva müsahibə verdi, noyabrın 18-də teatra yoxlama göndərildi”.

Rəşad Əhmədzadə yoxlamanın ilk günlərindən yoxlama əmri ilə və digər məsələlərlə bağlı narazılıqlarının olduğunu da vurğuladı:


“Ümumiyyətlə, yoxlama ilə bağlı ilk gündən narazılıqlarım olub. Birinci məsələ ondan ibarətdir ki, əmr bizə gəlib çatmamış, artıq mətbuatda Kukla Teatrında yoxlamaların getməsi ilə bağlı xəbərlər yayıldı. Bu cür məsələlərin ictimailəşməsinin ən pis tərəfi teatrın iş fəaliyyətinə təsiridir.

Komissiya üzvləri teatrımıza gəlsələr də, əllərində heç bir qanuni əmr yox idi. Mən komissiya üzvlərinə də, qanuni əmr olmadan yoxlamaya başlanmasının qanunsuz olduğunu bildirdim. Yoxlama öz işinə başladı. Ancaq mən qanuni əmri gətirmələrini istədim. Qanuni əmri gətirdilər. Gördüm ki, bu qanuni əmr deyil. Ondan əvvəl də nazirliyin dəftərxanasına müraciət etdim. Mənə dedilər ki, bizdə belə bir əmr yoxdur. Bundan sonra komissiyanın sədri saat on iki radələrində dəftərxanaya getdi, axşam 18:00-da əmr gətirdi. Birinci əmrdə imza yerindəki imza həqiqi deyildi, nüsxələnmişdi və möhür yox idi.

Növbəti dəfə ikinci əmr göndərildi. Bu əmr təsdiq olunmuşdu. Ancaq mən yenə də qeyd etdim ki, bu əmr düzgün deyil. Çünki əmrdən belə məlum olurdu ki, nə nazir, nə də nazirliyin yüzdən artıq əməkdaşı bizim teatrının rəsmi adını bilir.

Yəni Nazirlər kabinetinin əmri və sərəncamı ilə bizim teatrın rəsmi adı Azərbaycan Dövlət Kukla Teatrı kimi gedir. Amma əmrdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yazılmışdı. Bir neçə gün sonra nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova mənimlə görüşmək istədiyini bildirdi. Onunla söhbət zamanı dedim ki, sizin soyadınıza hörmətim var, ancaq öz soyadım da mənim üçün qiymətlidir.

Özümə söz vermişəm ki, cənab nazirlə görüşməmiş heç kimlə görüşməyəcəm. Fərəh xanım mənə dedi ki, siz mətbuatı sakitləşdirin, cənab nazir gəlsin, mən sizi onunla görüşdürüm. Mən bildirdim ki, mətbuata yoxlama barədə heç bir siqnal, məlumat yollamamışam. Mətbuata da çox böyük hörmətim var. Özüm də jurnalist çörəyi ilə böyümüşəm. Mətbuatın da həmişə mənə hörməti olub. Bacardığım qədər çalışaram bu məsələ sakitləşsin. Çox sağ olsunlar ki, mətbuat işçiləri də mənim səsimə səs verib sakitləşdi”.

Daha sonra teatrın direktoru bildirdi ki, nazirlə arzulanan görüş baş tutsa da, bu görüşdən sonra yoxlama ilə bağlı məsələlər daha da sərtləşdirilir:


“Bir neçə gündən sonra cənab nazirlə görüşüm oldu. O çox mehriban insandır. Görüş zamanı cənab nazirə bildirdim ki, bizim teatrın kollektivi də naziri teatrımızda görmək istəyir. O bildirdi ki, görüş olar. Düşündüm ki, cənab nazirlə görüşdən sonra yoxlama məsələləri yekunlaşar. Ancaq tam əksinə oldu. Yoxlama daha da sərtləşdi. İnsanlara qarşı təzyiqlər başlandı.

Teatrın rəssamına sual verirlər ki, Kukla teatrının divarındakı rəsmləri siz çəkmisiniz? Onlar bilmirlər ki, rəsm əsərləri Xalq rəssamı Toğrul Nərimanbəyovundur.

Və yaxud da texniki işçilərə deyirlər ki, teatrın zalını bir az genişləndirmək olmaz?

Kukla teatrı arxitektur binadır, həm də qeyri-maddi-mədəni irs kimi YUNESKO-nun siyahısındadır. Bu kimi məsələlərlə bağlı bizim işçiləri komissiyadan şikayət ərizələri burdadır. Yoxlama gedən günləri mən təmkinli və sakit davranmağa davam etdim. Ancaq bir müddət sonra gördüm ki, bizim işçilərimiz təhqir olunurlar.

Mətbuata teatrda yoxlamaların gedişi ilə bağlı məlumatlar nazirlik işçiləri tərəfindən sızdırılmışdı. Bu gün isə görürəm ki, teatrla əlaqədə olan sponsorlar və ictimai birliklərə təzyiq olunur ki, teatrda korrupsiya faktı var. İctimaiyyətdə belə fikir yaradılır ki, sanki burda Mədəniyyət nazirliyinin yox, hansısa daha böyük qurumun yoxlaması aparılır. Həmin xidməti qurumun adını burda çəkmək istəmirəm.

Mənim yaxınlarım, doğmalarım, dostlarım, hətta düşmənlərim də, bilir ki, mənim adım korrupsiyada hallana bilməz. Heç kim mənim adımı nə kollektivim, nə də ictimaiyyət qarşısında korrupsiya ilə bağlaya bilməz. Bunu mən öz adıma və soyadıma təhqir hesab edirəm. Mən heç vaxt nə dövlətimə, nə mənə etimad göstərən insanlara, nə burda əyləşən kollektivimə, nə də öz soyadıma xəyanət eləmərəm. Və bu saydıqlarımın hamısı mənim üçün istənilən vəzifədən yuxarıdır.

Bu məsələnin sifarişli olması hiss olunur. Burada artıq kimlərin direktor, kimlərin direktor müavini olması məsələləri həll olunur. Yəqin, siyahı artıq mənə çatıb. Yoxlamanın birinci günündən demişəm, indi də deyirəm. Bu əzmkar kollektivlə teatrımıza istənilən qurumdan yoxlama gələ bilər. İstənilən fakt aşkarlanarsa, bu hansısa nöqsan da ola bilər. Bütün hallarda biz hüquqi dövlətdə yaşayırıq. Mən heç bir vəzifəyə kimdənsə xahiş edib gəlməmişəm.

Kukla teatrında heç bir korrupsiyadan söz gedə bilməz. Mənim adım korrupsiya faktında hallana bilməz. Mən bilirəm bu sifarişlər kimlər tərəfindən olunur. Sifarişi verən Mədəniyyət nazirliyində sektor müdiri vəzifəsində işləyən Könül Cəfərovadır.

Mən bildiyiniz kimi Yuğ teatrında bir müddət direktor vəzifəsini də icra etmişəm. Könül Cəfərovanın adı həmin teatrda 44 nəfər ölü canlar kimi gedən siyahının içərisində idi. O bir müddət dram artisti, bir müddət rejissor köməkçisi kimi maaş alıb. İndi də dövlət qulluqçusu olub, maaş alır. Dram artistləri hansısa tamaşada onun adını çəkə bilərlərmi?

Bir məsələni də vurğulayım ki, cənab nazirlə görüşən zaman o, bildirdi ki, mənim son iki ildə nazirə yolladığım məktublar ona çatmayıb. İndi mənim özümə də maraqlıdır ki, bu iki ildə mənə nazirin adından gələn məktubları kim imzalayıb?

Bizim teatrın festivallara getməsi üçün pul tapılmır, bir neçə gündən sonra başqa teatr daha böyük heyətlə festivala yola salınır. Teatrda işləməyən kondisionerin təmirinə nazirlik yeddi min pul ayırmır. Ancaq digər teatrlara 45, 80, 100, 380 min tamaşaların hazırlanması üçün pul ayırır.


Biz istəsək də, istəməsək də, Azərbaycanda iki teatr yüksəlir. Bir Pantomim teatrı, bir də Kukla teatrı. Bu illər ərzində bizim teatrda dövlət sifarişi ilə hazırlanan tamaşalar bir qəpik də pul ödənilməyib. Məni də əsəbiləşdirən odur ki, digər teatrlarında dövlət sifarişi ilə hazırlanan tamaşalara məbləğlər ayrılır, amma yoxlama kukla teatrından başlanır. Bizim teatrın yaradıcı heyəti, aktyorları heç bir fəxri adlarla təltif olunmadılar. Əlbəttə ki, mənim tərəfimdən təqdim olunan, on nəfərin hamısına fəxri adlar verilməsini gözləmirik. Amma fəxri adlara layiq olan işçilərimiz var. Bu adamlar ömürlərini yerdə sürünərək, kukla arxasında keçiriblər.

İnsanı işə təyin də edərlər, insanı işdən azad da edərlər. Bunlar hamısı qanun çərçivəsində olmalıdır. Biz bayaq dediyim kimi hüquqi dövlətdə yaşayırıq. Amma kiminsə sifarişi ilə mənim əleyhimə işlər olmamalıdır. Təxmin edirəm bu adam kimdir. Yəqin ki, yoxlamanın sonunda o adamın da adını çəkərəm. Əgər mənim işimdə hansısa nöqsan və ya hansısa faktlar varsa, mən teatrdan getməyə hazıram. Amma sifarişli olmasın. Əgər mediaya qanunsuz söz-söhbətlər ötürülürsə, deməli, burada ayrı plan var. Yoxlama bitəndən sonra bu planı da açıqlayaram”.

Rəşad Əhmədzadədən sonra teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bəzi məsələlər aydınlıq gətirdi:

“Bildiyiniz kimi bu il noyabr ayının 18-də Mədəniyyət Naziri Anar Kərimovun imzası ilə nazriliyin daxili nəzarət şöbəsi teatrda yoxlama əmri verilib. Əslində, bu nazirlik tərəfindən həyata keçirilən qanuni yoxlamadır. Sadəcə olaraq yoxlamanın bu qədər ictimailəşməsi, media və digər teatrların kulislərinə ötürülməsi çaşqınlıq yaradır. Bu kimi məsələlərə istər teatrın, istərsə də, əlaqədar qurumların imicinə zərər vurur. Mən yenə qeyd edirəm məsələ bizim teatrımızda yoxlamanın aparılması yox, bunun cəmiyyətə bu qədər səs-küyə səbəb olmasıdır.

Mədəniyyət naziri Anar Kərimovun teatrımıza qarşı heç bir aqressiyası yoxdur. O, Rəşad müəllimlə görüşündə də bunu qeyd edib. Sadəcə olaraq nazirlikdə aşağı strukturlarda olan insanların bu məsələ şəxsi prinsipləridir.

Teatr yaradıcı təşkilatdır. Bütün hallarda teatr xalqa xidmət edir. Bizim teatrda fədakar heyət var. Və bu fədakar heyətin başında da Rəşad müəllim durur. Yoxlama gedə-gedə biz Qazaxıstanda keçirilən teatr festivalında iştirak etdik və orda yer tutduq. Bundan başqa hazırda teatrda üç tamaşanın məşqləri gedir.

Bildiyiniz kimi Yeni il bayramı öncəsidir. İşlər çoxdur. Amma biz iş prosesinə davam edirik. Bilirsiniz ki, dövlət tərəfindən mədəniyyət sahəsində çalışan insanlara həmişə diqqət və qayğı olub. Bunun əyani sübutu olaraq ölkə teatrlarının əsaslı təmiri ilə bağlı sərəncamda Kukla teatrının da adı gedib. Teatrımız əsaslı təmir olunaraq kuklasevərlərin ixtiyarına verildi. Möhtərəm prezident də açılış da iştirak etdi.

Biz hamımız inanırıq ki, dövlətin mədəniyyət siyasətini icra edən, ölkə prezidenti tərəfindən təyin edilən Mədəniyyət naziri teatrımızla bağlı ədalətli qərar çıxaracaq və bütün bir kollektivin əməyini hansısa fərdlərin ambisiyasına qurban verməyəcək. Təşəkkür edirəm”.

Konfransın sonların doğru teatrın baş rəssamı, fəxri mədəniyyət işçisi, prezident təqaüdçüsü İqbal Əliyev danışıb. O, bildirdi ki, on doqquz ildir Kukla teatrında fəaliyyət göstərir. Prezident mükafatçısı olduğunu bildirən İqbal Əliyev artıq altı ildir ki, teatrın baş rəssamı kimi fəaliyyət göstərdiyini qeyd edərək son günlər baş verənlərin onun da yaradıcılığına mənfi təsir göstərdiyini bildirib:

“Nəzərinizə çatdırım ki, artıq ayın iyirimi birindən teatrımızda aparılan yoxlama məsələləri bizim iş prosesimizə mane olur. Qarşıdan yeni il gəlir, yeni tamaşaların məşqləri gedir. Hər gün bizim sexdən bir neçə nəfər çağırılır iki, hətta üç saat onlar dindirilir. Biz yaradıcı adamlarıq bütün bu baş verənlər bizim işimizə mənfi təsir göstərir. Nazirlikdən xahiş edirəm ki, teatra daha savadlı, peşəkar adamlar göndərilsin. Komissiya üzvləri bizim rəssamımızdan soruşur ki, divardakı rəsmləri siz çəkmisiniz? Və yaxud da dərzimizdən soruşurlar ki, siz tikiş zamanı sapdan istifadə edirsiniz? Və yaxud da dərziyə necə sual vermək olar ki, pəncərədən asılan jalüzü siz tikirsiniz?”


Burada Rəşad müəllim, söhbətə yenidən qoşulur o, əlavə edir ki, son günlər yaşadıqlarını heç bir zaman yaşamayıb:


“Mən ötən gün burda elə bir tamaşa gördüm ki, teatrda işlədiyim 43 il müddətində elə tamaşa görməmişəm. Komissiya üzvləri cırtdan kuklasının çarığını, kuklaların saqqalını metrlə ölçürdülər.

Mən illərdir bu teatrda işləyirəm, belə şey görməmişəm. On səkkiz gündür ki, mən ancaq öz teatrımın əməkdaşlarını sakitləşdirirəm ki, fikir verməyin. Bilmirəm bu ağlamalıdır, ya gülməlidir. Amma cənab nazirdən də, onun yolladığı əməkdaşlardan da xahiş edirəm ki, hər adama yapışılası məsələni yapışdırın. Bizim illik planımız 65 mindir. Və bu 65 minin içərisində həm dörd tamaşanın təhvil verilməsi, həm iki, üç tamaşanın plandan kənar təhvil verilməsi, bir neçə tamaşanın bərpa olunması, kondisionerin təmiri, binanın müəyyən hissələrinin təmir olunması, divardakı rəsm əsərlərinin bərpa olunması və bütün bunlardan sonra isə korrupsiya olunması gülməlidir”.

Bundan sonra İqbal bəy bildirdi ki, komissiya üzvləri həftədə bir dəfə teatrda iclasa gələn Rəvanə xanımla söhbətlər aparmağa başlayıblar:

“Onlar mənə dedilər ki, biz söhbətlərimizi Rəvanə xanımla aparacağıq. Çünki biz onu mütəxəssis hesab edirik. Bu mənim on doqquz illik iş fəaliyyətimə salınan kölgədir. Mən digər tamaşalarda Rəvanə xanımla aparılan söhbətləri anlayışla qarşılamağa çalışıram. Ancaq mənim özümün quruluş verdiyim tamaşaların müzakirəsi niyə Rəvanə xanımla aparılmalıdır?”

İqbal bəyin çıxışından sonra teatrın aktyoru, Əməkdar artist Rəhman Rəhmanov danışmaq istədiyini bildirərək media nümayəndələrini salamladı. O bildirdi ki, ömrünün əlli ilini Kukla teatrına həsr edib.

“Mən Rəhmanov Rəhman əlli ildir ki, bu teatrda işləyirəm. On yeddi yaşımdan bu günə qədər. Və bu illər boyu beş direktorla işləmişəm. Sözsüz ki, hər bir teatrda, təşkilatda yoxlama olmalıdır.

Bizim cənab nazirimizə hörmətimiz var. Həmçinin nazirliyin işçilərinə, burada olan komissiya üzvlərinə də. Mən bu günə qədər bu teatrda Rəşad müəllim kimi direktor görməmişəm. O, peşəkar şəkildə teatrdakı fəhlənin də, rejissorun da, aktyorun da işini çox gözəl bilir. Aktyorların ifasını Rəşad müəllim aktyorlardan da yaxşı bilir.

Yəni arzuolunan direktordur. Biz sənət adamlarına da nə lazımdır? Bizə lazımdır ki, rəhbərlik edən direktor yaxşı olsun, yerində olsun. O da ki, şükür allaha var. Bir neçə il bundan əvvəl teatrda nə isə çatışmırdı. Rəşad müəllim nazirliyə müraciət etsə də, ordan lazımi cavab gəlmədi. Öz şəxsi maşınını satıb bu işin həll olunması üçün sərf etdi. Çox söz deyə bilərəm, ancaq, məncə, bu son fikirlərim Rəşad Əhmədzadənin necə bir direktor olmasını sübut edir. Çox sağ olun”.

Mətbuat konfransının sonunda teatrın direktoru Rəşad Əhmədzadə media nümayəndələrinə təşəkkür edərək bildirdi ki, hər şey yoxlamanın nəticələrindən sonra aydınlaşacaq.

Foto: Orxan Kərimov

# 4824 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #