Rauf Şeyxzamanlı: "Stalin Nizamini oxuyandan sonra..." - Müsahibə

Rauf Şeyxzamanlı:  "Stalin Nizamini oxuyandan sonra..." - Müsahibə
4 iyun 2024
# 10:34

Kulis.az Aytac Sahədin Nizami Gəncəvi nəslinin davamçısı Rauf Şeyxzamanlı ilə müsahibəsini təqdim edir.

Müsahibimiz AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlıdır.

"O, Nizami Gəncəvinin nəslindəndir". İlk dəfə eşidəndə xeyli təəccüblənmişdim. Nəzərə alsaq ki, söhbət az qala min il öncə yaşamış şairdən gedir, məncə, tərəddüdümə haqq vermək olar. İstənilən halda suallarıma cavab tapmaq üçün onunla görüşməli idim. İki illik isrardan sonra nəhayət, müsahibəmiz alındı. İlk sualım da Nizami Gəncəvi ilə qohumluğuna dair oldu. Ancaq Rauf bəy əvvəlcə araşdırmaları haqqında danışmağı münasib bildi.

- Mən heç vaxt bununla öyünməmişəm, hardasa deməmişəm ki, Nizami Gəncəvinin nəslindənəm. Gərək adam öz əməlləri ilə hörmət qazansın, kiminsə adı ilə yox.

- Sizin həm də Nizami ilə bağlı kitablarınız, araşdırmalarınız var. Yaxşı olar ki, söhbətimizə elə burdan başlayaq.

- Hazırda üzərində işlədiyim mövzu Nizamiyə aid edilən bir beytlə bağlıdır. "Mən mirvari kimi Gəncə dənizində qərq olsam da, özüm Qum şəhərinin dağlıq yerindənəm". Çox vaxt məhz bu beytə istinad edib deyirlər ki, Nizaminin nəsli Gəncədən yox, Qumdan olub. Bu söhbət ilk dəfə on yeddinci əsrdə açılıb. Həmin dövrdə yaşayan Əmin Əhməd Razinin "Həft iqlim" təzkirəsində bu barədə deyilir. Bu fikir sonralar da bəzi təzkirələrdə qeyd olunur. Ən məşhuru isə Lütfəli bəy Azər Bəydilinin "Atəşkədə" təzkirəsidir. Orda yazılır ki, Nizaminin ata-babası Təfrişdən Gəncəyə köçüblər. Təfriş Qumda yerləşir. Sovet dövründə bu iddia dəfələrlə təkzib olunub. Hətta İranın Səid Nəfisi, Bərat Zəncani kimi alimləri də yazırlar ki, sözügedən beyti katiblər sonradan əlavə ediblər. Ancaq heç kim konkret sübut göstərmir. Üstəlik, bu beytin hansı nüsxədə qeyd olunduğu deyilmir. Siz bilirsiniz ki, Nizaminin dünyada 3500-ə qədər əlyazması var. Qısası, 3500 nüsxənin içərisində bu beyt olmalıdır. Bizdə Nizamiyə aid olan 37 əlyazma var. Bundan savayı, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında 207 nüsxənin pdf variantı saxlanılır. Ümumilikdə, 250-dən çox əlyazma nüsxəsinə baxmışam. Onların heç birində həmin beyti tapa bilmədim. Hələ tədqiqatı davam etdirirəm.

- Sovet dövründəki təkzibləri qeyd etdiniz. Söhbət açılmışkən, biz bilirik ki, sovet dövründə Nizamiyə münasibət digər şairlərdən fərqli olub, az qala onu bolşevik çıxarsınlar. Sizcə, niyə məhz Nizami?

- Otuzuncu illərdə belə bir qərar alındı ki, hər millətin ədəbiyyatda böyük bir nümunəsi olmalıdır. Azərbaycan üçün də Nizamini seçib, bütün diqqəti ona yönəltdilər. Deyilənə görə, Stalin özü də Nizamini oxuyub və sözügedən qərarda da bu amilin rolu olub. Beləcə Nizamidən yazdılar, film çəkdilər, heykəlini qoydular... Fikir verin, o biri şairlərə qarşı eyni münasibət göstərməyiblər. Məsələn, Əfzələddin Xaqaniyə bu diqqəti görə bilməzsiniz. Halbuki Xaqanini farsdilli ədəbiyyatda ən yaxşı qəsidə yazan sayırlar. Təəssüf ki, Xaqani lazımi şəkildə tədqiq olunmayıb.

- Xalq Cümhuriyyəti dövründən danışarkən Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlının adı xüsusi qeyd olunur. Sovet dövründə Şeyxzamanlıların təqib olunması, incidilməsi də məlum faktdır. Təkcə böyük aktyorumuz Məmmədrza Şeyxzamanovun həyatına baxanda bu nəslin başına gətirilənlərin miqyasını aydın görə bilirik. Təbii ki, təqiblər yalnız nəslin üzdə olan nümayəndələrini əhatə etmirdi. Qohumlarınız bu haqda nə deyirdilər?

- O dövrdə yaşayan qohumlarım bu barədə danışmaq istəmirdilər. Ancaq mən hələ erkən yaşlarımdan bir çox şeyi dərk edirdim. Anlayırdım ki, babam iyirminci ildə cavan oğlan idisə, yəqin ki, Gəncədə ruslara qarşı üsyanda iştirak eləyib. Amma heç vaxt bunun adını da çəkmirdi. Bunu mənim yanımda desə, gedib məktəbdə danışa bilərdim. Məndən soruşsaydılar ki, hardan bilirsən, deyəcəkdim babam deyib. Bundan da o nəticə çıxacaqdı ki, baba uşağa belə şeylər öyrədir.

Bu əhvalatı isə mənə babamın qardaşı Rza bəy danışıb. Deməli, Nağı bəy Şeyxzamanlı ruslar bura gələndə əvvəlcə Tiflisə, ordan da Türkiyəyə köçür, ancaq ailəsini özü ilə apara bilmir. Yeni hakimiyyət görəndə ki, Nağı bəyi tuta bilmir, heyfini ailəsindən çıxırlar. Həmin dövrdə hələ İranın konsulluğu burda idi. Babam da həmin konsulla əvvəlcədən tanış olduğu üçün bu məsələ ilə bağlı ona müraciət eləyir. Belə qərara gəlirlər ki, konsulluğun əməkdaşlarından biri formal olaraq Nağı bəyin yoldaşı ilə kəbin kəsdirsin. Burdan gedəndə də həm xanımı, həm də Nağı bəyin uşaqlarını özü ilə İrana aparsın. Belə də eləyirlər. Nağı bəyin ailəsini əvvəlcə İrana, sonra da Türkiyəyə göndərirlər.

- Qanlı-qadalı illərdə Şeyxzamanlı soyadı ilə yaşamaq yəqin ki, asan olmayıb.

- Şeyxzamanlılar müxtəlif üsullarla təqiblərdən qorunmağa çalışırdılar. Bəziləri hətta soyadlarını dəyişdirmişdilər. Bir dəfə təsadüfən qohumlarımızın basdırıldığı qəbiristanlıqda tanımadığım üç-dörd nəfərlə qarşılaşdım. Məlum oldu ki, onlar da Şeyxzamanlılardandır. Biri mənə danışdı ki, sovet hökuməti qurulandan sonra babasına yaxşı bir yerdən iş təklif ediblər. Ancaq şərt qoyublar ki, gərək bu soyadı dəyişəsən ki, vəzifəyə keçə biləsən. Çünki Şeyxzamanlıların adı pisə çıxıb, onlar Şura hökumətinə qarşı olublar. Həmin adam da çox düşünüb, qohum-əqraba ilə məsləhətləşib. Nəhayət, qərara gəlib ki, Nizaminin nəslindən olduğu üçün soyadını Şeyx Nizamiyə dəyişsin. Sabahı gün qərarını həmin adamlara bildirəndə ona cavab veriblər ki, "a kişi, problem elə "şeyx" sözündədir, əsas onu çıxarmaq lazımdır, "Zaman"la kimin nə işi var?"

Əksəriyyəti Müsavat tərəfdarı olduğu üçün sovet dövründə Şeyxzamanlılar çox təqib ediliblər. Ona görə də soyadını dəyişdirənlər az olmayıb. Çoxu da Şıxzamanov edib. Bəziləri sonradan əvvəlki soyadını bərpa etdi, bəzilərində isə hələ də Şıxzamanov qalıb.

- Şeyxzamanlıların Nizami ilə qohumluğunu təsdiq edən hər hansı bir sənəd varmı?

- Xeyr, belə bir sənəd yoxdur. Tarixən, şəcərə kağızı əsasən seyidlərdə olub. Çünki xüms, zəkatın yarısı seyidlərin arasında bölünürdü. Həmin payı almaq üçün kağız lazım olduğuna görə, bu sənəd nəsildən-nəslə ötürülürdü. Nizami ilə qohumluq maddi cəhətdən kiməsə nəsə vermədiyi üçün belə bir kağızı saxlamağa ehtiyac duymayıblar. Mən hələ eşitməmişəm, kimsə gəlib bizə desin ki, siz yalan danışırsınız. Gəncənin tarixindən məlumatlı olan kimdən soruşsanız, Şeyxzamanlıların Nizami ilə bağlılığını təsdiqləyəcək.

Bilirsiniz ki, Gəncədə böyük və qədim nəsillər çoxdur: Rəfibəylilər, Xasməmmədlilər, Ziyadoğlular, Topçubaşılar və başqaları. Ancaq bu nəsillərin heç biri Nizami ilə qohumluğunu iddia etmirlər. Əksinə, etiraf edirlər ki, Nizami Gəncəvi Şeyxzamanlılardandır. Hələ o vaxt I Şah Təhmasib dövründə İmamzadə qəbiristanlığının ərazisi bizim nəslə vəqf olunmuşdu. On doqquzuncu əsrdə ruslar gələndə bütün müsəlman vəqflərini ləğv elədilər, o cümlədən də, İmamzadəni bizim əlimizdən aldılar. Ancaq ona kimi bu ərazilər Şeyxzamanlılara aid olub. Məlum məsələdir ki, Nizaminin nəslindən olduğumuza görə, oranı bizə vermişdilər. Əslində, Şeyxzamanlılar o qədər də dövlətli nəsil olmayıb. Eşitməmişəm ki, bizim mülklərimiz haqqında danışsınlar. Ancaq savada həmişə böyük əhəmiyyət veriblər. Bu gün də tanıdığım qohumlarımızın əksəriyyəti öz sahəsində tanınmış adamlardır.

- Bəs sizi Gəncədən Bakıya gətirən səbəb nə olub?

- Mənim babam vaxtilə Bakıya ali təhsil almaq üçün gəlib. Sonra da birdəfəlik bura köçüblər. Mən Bakıda doğulub-böyümüşəm.

- Nizamidən bəhs edən iki kitabınız var. Bu kitablar qohum təəssübkeşliyi ilə yazılıb, yoxsa həqiqətən də Nizami yaradıcılığını sevirsiniz?

- Bəli, Nizami yaradıcılığı mənim üçün çox maraqlıdır. Şeirlərini də sevirəm. Nizaminin əsərlərindən elmin müxtəlif sahələri, dövrün ictimai münasibətləri haqqında geniş və dəqiq məlumat almaq olar. Şair nədən yazırdısa, dəqiq yazırdı.

Nizamidən bəhs edən iki kitabım var. Bu kitabların ikisi də 2021-ci ildə, yəni Nizamı ilində işıq üzü görmüşdü. Kitablardan biri əslində kataloqdur. Adı "Nizami əlyazmalarının Bakı nüsxələri"dir. Mən onu institutun təcrübəli əməkdaşı Mustafa Əliyevlə hazırlamışdım. Kataloqda Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan 37 Nizami nüsxəsi barəsində müfəssəl məlumat verilib. Digər kitabın yazılmasında mənim həmmüəllifim Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Alla xanım Bayramova oldu. Bu əsəri yazmağı mənə AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev təklif etmişdi. Demişdi ki, Nizami ilində onun nəslinin nümayəndəsi də öz töhfəsini verməlidir. Mən də Alla xanımın mənə dəfələrlə Nizaminin yaradıcılığı ilə əlaqədar məsləhət üçün müraciət etdiyini yada salıb ona yeni kitab yazmağı təklif etdim. "Musiqi Nizami "Xəmsə"sinin səhifələrində".

- Deyirlər, Nizami də ucaboylu olub, elə sizin kimi.

- Əlbəttə, Nizamini görmədiyimiz üçün dəqiq şəkildə nəsə demək mümkün deyil. Ancaq qalan sümüklərə əsasən boyunun 192 sm olduğu qeyd olunur. Mənim babam da, babamın qardaşı da ucaboylu olublar.

Görkəmli nizamişünas alim Xəlil Yusifli həmişə deyirdi ki, məni görəndə sanki Nizamini görür...

"525-ci qəzet"

# 2895 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #