Qədir Rüstəmovun azadlığı - Əlisəfdər Hüseynov

Qədir Rüstəmovun azadlığı - Əlisəfdər Hüseynov
14 dekabr 2023
# 11:30

Bu gün tanınmış xanəndə Qədir Rüstəmovun anım günüdür.

Kulis.az Əlisəfdər Hüseynovun "Qədir Rüstəmovun azadlığı" yazısını təqdim edir.

Yaradıcılıq yalnız istedadın, zəhmətin, axtarışların bəhrəsi deyil, o, həm də nə isə yaratmağa iddia edən şəxsin daxili azadlığının ifadəsidir. Daxilən azad olmayan bir kəs hətta fitri istedad sahibi olsa belə, onu gec-tez hansısa bir təmənnanın, umacağın ayağına aparıb yerə vuracaq, sövdələşmə, alver predmetinə çevirib ilk fatihəsini də elə özü oxuyacaq.

Qədir Rüstəmov mənim nəzərimdə Azərbaycanın ruhən ən azad adamlarından biri idi və bu azadlığı öz yaradıcılığının təməlinə qoyub umacaqsız-filansız öz ürəyinin hökmü ilə istədiyini istədiyi kimi yaradırdı, azadlığını yaradıcılığında maksimum şəkildə reallaşdırmağı bacarırdı. Hərdən mənə elə gəlir ki, Qədirin azadlığı qədərini də aşıb keçmişdi və yalnız daxilindən gələn stixiyaya, enerjiyə yenilən, oxumaları istəklərinin, duyğularının qrimassız təcəssümünə dönən bu xanəndəni məişətdə, gündəlik yaşam tərzində, ən başlıcası isə sənətdə də bir növ idarəolunmaz, ərköyün, qeyri-adi şəxsə çevirmişdi.

Maraqlıdır, o da sənətə 60-ıncıların durğun sənət kəhkəşanında yaratdığı yeniləşmə havasında gəlmişdi və tezliklə nəinki xarakteri, davranışı, həm də sənəti ilə ipə-sapa yatmayan, ən standart situasiyalarda gözlənilməz, qəfil gedişlər edib hamını mat qoyan, o dövrün bəzi "aristokrat" məmurlarının təbirincə desək, "çudak" olmuşdu. Qədir ifaçı şəxsiyyəti, sənətin və sənətkarın missiyası haqqında ənənəvi təsəvvürləri dağıdıb sənət mühitində elə bir situasiya yaratmışdı ki, onun mahiyyətini elə indinin özündə də bir çoxları anlamağa qadir deyil.

Baxın, yalnız o - artıq məmə yeyəndən pəpə yeyənə qədər bütün azərbaycanlıların zümzümə etdiyi "Sona bülbüllər"in müəllifi (!) çayxanada bu ifanın lent yazısını səsləndirib müştəriləri feyziyab edən (və bu jestlə öz alverinin, necə deyərlər, dinamikasını yüksəldən) çayçıya deyə bilərdi ki, "Ayə, baş-qulağımız getdi ki... Tez elə, o maqnitofonu söndür".

Yalnız Qədir Rüstəmov bənzərsiz ifalarını lentə yazdırmaq üçün əyri yollardan yararlanmaq, tanış-bilişə ağız açmaq, kiminsə bığının altından keçmək, bağlı qapıları cibindən çıxardığı əli ilə döymək ənənələrini əyalət sakitliyinə çəkilib öz azadlığı ilə qurduğu ittifaqı daha da möhkəmləndirməklə boykot edə bilərdi.

Yalnız Qədir onun sənətinin möhtəşəmliyi, oxu tərzinin qeyri-adiliyi barədə verilən sualı belə cavablandıra bilərdi: "Nə möhtəşəm, nə oxumaq, ə? Mən elə-belə mızıldayıram da"...

Mən bu qeyri-adiliyin nədən qaynaqlanması barədə düşündüklərimi bir az sonra bildirəcəm. Amma indi bir məqama mütləq toxunmalıyam. Artıq ahıl vaxtlarında hardansa gəlib televiziya şoularının (!) birinə düşən - bəlkə də özünün bundan xəbəri yox idi - xanəndə nə qədər ört-basdır edilsə də, ironiyalı ahəngi hiss olunan "Qədir müəllim, yenə də əvvəlki kimi oxuya bilərsiniz" sualına belə cavab vermişdi: "Nolub, ə, maa?"

Məncə, bu Qədirsayağı cavab ümumxalq məhəbbəti qazanmış xoşbəxt sənətkarın uzun illər gizlində və aşkarda kölgəsini qılınclayanlara, onun sənət meydanının miqyasını altdan-altdan daraldıb özlərinə genişlik qazanmaq istəyənlərə, ümumiyyətlə, Qədirin yaradıcılığını gözdən salmaq üçün mümkün olan və olmayan bütün vasitələrdən istifadə edənlərə elə öz sadəliyinə uyğun verdiyi ən kəsə və tutarlı cavab idi. Çünki doğrudan da Qədirə heç nə olmamışdı: onun qeyri-adiliyi, təmənnasızlığı - sənətə vicdanla, namusla xidmət etməyinin təntənəsi, ilk növədə özünə qalib gəlməklə sənətkar məsuliyyətinin klassik bir örnəyini ortaya qoyub şöhrət düşkünlərinə keçdiyi dərs idi. Bu mənada Qədirdə bəzi bədxahlarının (unutmayaq ki, ümumxalq sevgisi qazananların da bədxahları olur!) - onun istedadını düşmən gözündə görənlərin, azadlığından dovşan kimi qorxanların düşündükləri kimi heç bir kompleks-filan yox idi. Əksinə, paxıllıq, qibtə kompleksindən əziyyət çəkənlər - hər vasitə ilə Qədiri gözdən, urvatdan salmağa çalışan həmin o kəslər idi... Və nə yaxşı ki, onun bu qeyri-adiliyinin qədrini bilən vicdanlı sənətkarlarımız, ziyalılarımız da az deyildi - Anar, Əhsən Dadaşov, Seyran Səxavət, Aqil Abbas, Toğrul Nərimanbəyov... kimi.

Qədirin səsini, ifalarını lentlərin yaddaşına köçürüb gələcək nəsillərə ərmağan etməyin vacibliyini anlamaq işin yarısı idi. Onun şıltaqlığını, gözlənilməz gedişlərini nəzərə alsaq, bunu reallaşdırmağın nə qədər çətin və mürəkkəb olması barədə aydın təsəvvür yaranar. Lakin Yaradan gözəl insan və sənətkar Əhsən Dadaşovu bu dünyaya yalnız tar çalmaq üçün yox, həm də Qədirin nazı ilə oynamaq missiyasını könüllü olaraq boynuna götürüb, onun himəyadarı olmaq üçün göndərmişdi. Səsyazma studiyalarının o vaxtkı ideologiyanın basqısı altında Qədirin üzünə bağlanmış qapılarının qıfıllarını məhz Əhsən müəllim sındırdı, Qədirin ifasında "Sona bülbüllər", "Olmaz-olmaz", "Laçın", "Apardı sellər Saranı", "Neyçün gəlməz", "Aman təklik əlindən" və s. xalq mahnılarını məhz o, rəhbərlik etdiyi ansamblın müşayiəti ilə lentə yazdırdı, sonralar "Çahargah"ın, "Mənsuriyyə"nin, "Qarabağ şikəstəsi"nin yazılmasına yollar açdı. Özü də beş-on günün içində yox, həftələrlə, aylarla davam edən zəhmət, min bir əziyyət bahasına. Əhsən müəllimin konsert-ifaçılıq sahəsində etdiklərini bədii-estetik düşüncə sferasında paralel olaraq Anar həyata keçirirdi. Onun baş redaktoru olduğu "Qobustan" jurnalında dərc olunan yazılarda Qədirin sənəti artıq çağdaş estetik düşüncəyə tərpəniş gətirən fakt kimi təqdim olunurdu (Sonralar Anar müəllim onu "Üzeyir ömrü" filmində Cabbar Qaryağdıoğlu rolunda da çəkəcəkdi). Yazıçı Seyran Səxavət Ağdama səfəri vaxtı Qədirlə etdiyi "atüstü söhbət"də müsahibinin ilk mükəmməl sənədli, gənc yazıçı Aqil Abbas "Evləti köndələn yar" povestində isə bədii portretini yaratdı...

Və nəhayət, axır ki, Qədir Rüstəmovu iş başında - muğam, xalq mahnısı oxuyan yerdə ekran təsvirini də gördük və həm onu bura gətirən yolun bu qədər uzun olmasının səbəbini anladıq, həm də sözün yaxşı mənasında sarsıldıq, şok effekti yaşadıq. Çünki bu, sadəcə oxumaq, ifa etmək deyildi - bağrın başından qopan hayqırtı və iniltilərin izharı idi və bu izhar illərdən bəri gözlərimizi döyənək eləmiş plastikanın- tanış jestlərin, mimikanın solğun dili ilə yox, bizim üçün gözlənilməz olan tamam yeni bir görkəmdə zühür edirdi, muğam, mahnı oxuyan Qədirin vizual görüntüsü timsalında tamaşaçı mahnıya təkcə qulaq asmırdı, həm də ona tamaşa edirdi. Sən demə, Qədir melodiyanı təkcə səsi ilə yox, həm də bütün vücudu ilə rəsm edirmiş. Əgər o vaxtadək xanəndələr muğamları, xalq mahnılarını el arasında deyildiyi kimi, ya ürəkdən, ya da beyindən gələn səslə oxuyurdularsa, Qədir bütün vücudu ilə bir yerdə, onun da iştirakı ilə oxuyurdu - onun səsi elə bil cisminin əsasını təşkil edən ən kiçik zərrəciklərdən qopub gəlirdi və Qədirin dırnaqdan təpəyədək bütün vücudu ruhun səsə çevrilməsini, səsin isə azadlığa çıxmasına, əks etdirən canlı bir tabloya çevrilirdi.

Buna necə təəccüblənməmək olardı axı?

Qədir Rüstəmov möhtəşəm muğamımızı bütün vücudunun iştirakı və enerjisi ilə oxuyan bəlkə də yeganə xanəndəmizdir.

Ruhun səsə bu cür - Qədirsayağı transformasiyası tezliklə təsviri sənət ustalarına, heykəltaraşlara da muğam mövzusunda maraqlı əsərlər yaratmağa, improvizasiyalar etməyə stimul verdi, "Sona bülbüllər"in, muğamın yeni rəsm və heykəltaraşlıq obrazları yarandı. Digər əsərlərin bədii-estetik dəyərini şübhə altına almadan demək istəyirəm ki, onların ən uğurlusu T.Nərimanbəyovun çəkdiyi "Muğam" kompozisiyasıdır. Bu əsərdə rəssam məhz haqqında danışdığım məqamı - muğamın plastikasını sazəndələrin və xanəndənin yay kimi gərilmiş bədənlərinin dili ilə əks etdirmişdi. Əlbəttə, zahiri oxşarlıq baxımından şəkildəki xanəndə Qədir Rüstəmovu təkrarlamır, amma onun plastikasının reallıqdakı analoqu barədə düşünəndə ilk yada düşən məhz Q.Rüstəmov olur.

Mən həmişə bu fikirdə olmuşam ki, ən sadə melodiyadan - lap zümzümədən tutmuş ən mürəkkəb, çoxmərtəbəli quruluşa malik çoxsəsli musiqi əsərlərinə qədər bütün səs kompozisiyaları səslərin düzümü, dili ilə qurulmuş tekstdir. Hər bir tekstin oxunması, qavranılması isə onun interpretasiyasından - mücərrəd səslərin konkretləşdirilməsindən, informasiya mənbəyinə çevrilməsindən başlayır. Başqa sənət sahələrindən fərqli olaraq musiqidə bu, bir qədər fərqli şəkildə, elə əsərin ifası prosesində baş verir, yəni ifaçının özü artıq əsərin ilk interpretatoru olur. Baletdə bədən plastikası, operada teatr sənətinin elementləri, simfonik musiqi konsertlərində dirijorun əlləri, barmaqları, üzünün cizgiləri, bədən tərpənişləri mücərrəd səslərdən qurulmuş musiqi tekstinin konkretləşməsinə xidmət edir və bu prosesi interpretasiyanın birinci fazası da adlandırmaq olar. Bu mənada ifa zamanı Qədir Rüstəmovun bir çoxlarının hələ də səhvən cızıqdan kənara çıxma kimi anladıqları plastikası - üzünün alışmadığımız mimikası, gözlərinin yumulması, bədəninin bir növ nəzarətdən çıxıb əsməsi əslində, səslə deyilənlərin şüuraltı şəkildə başqa dilə transformasiyasıdır. Lakin onun novatorluğunun limiti bununla bitmirdi - o, ifa zamanı yozumunu vermək istədiyi tekstin içində bütünlüklə əriyir, daha doğrusu, ona qarışıb təqdim etdiyi musiqinin yeni obrazına - vizual işarəsinə, görüntüsünə çevrilirdi...

İstedadlı qələm dostum, yazıçı Kənan Hacının bir yazısında maraqlı fikrə rast gədim. O yazır ki, "musiqi səslərin sözlərə çevrilməsinin tarixçəsidir. Səs dünyanın yaranış çağının məhsuludur... Körpə də doğulanda özünü qığıltılarla ifadə edir, ağlayır, gülür, əl-qol hərəkətləri edir, sonra səsləri, daha sonra sözləri öyrənir". Gözəl və dəqiq deyilib. Burada söylənən fikirlərin davamı kimi kiçik bir əlavə etmək istəyirəm: şüurlu varlığa çevriləndən sonra hər bir kəsi fərd edən də təkcə onun düşüncə tərzinin, temperamentinin, xarakterinin özünəməxsusluğu deyil, göz açdığı yeni dünyaya reaksiyasını bildirən həmin əl-qol hərəkətlərinin, çıxardığı səslərin öz yiyəsini sonadək müşayiət edən variasiyalarıdır. Və mənə elə gəlir ki, Qədir Rüstəmovu hamıdan biri qəlibindən çıxaran da onun bu dünyaya gəlişini müşayiət etmiş o qığıltıların, səslərin, əl-qol hərəkətlərinin onun özü kimi heç bir qəlibə salınmamış təbiiliyini və ilkinliyini bu dünya ilə vidalaşan ana qədər qoruyub saxlaması idi..

Qədirin oxumağında səsin körpə qığıltısından tutmuş dünyanın hər sifətini görən müdrik bir qocanın harayına qədər bütün boyartımları, çalarları vardı.

Qədir Rüstəmovun avazını yüz yox, lap min avazın içində də dərhal tanımaq olur. Özü də təkcə tembrinə, məlahətinə, B.Vahabzadənin təbirincə desək, ululuğuna görə yox, səsdən qurulmuş frazaların yeniliyinə, Qədirin tapdığı və reallaşdırdığı yeni quruluşuna görə. O, xalq mahnılarımızı, muğamlarımızı bir qədər fərqli - Qədirsayağı "sintaksisdə" təqdim edirdi, vokal partiyasını təşkil edən ibarələri başqa ahəngdə, avazda səsləndirirdi. Bu, bəzilərinin düşündüyü kimi, klassik ənənələrə sayğısızlıq, muğamın guya qəlibləşərək normaya çevrilmiş qaydalarını, nizamını pozmaq yox, əksinə, ona yeni nizam vermək, muğam ifaçılığında heç kimi təkrarlamayan, heç kimin oxu tərzinə bənzəməyən Qədir üslubunun təntənəsi idi. Qədir bu üslubda oxuya-oxuya yaradıcı- ifaçı kimi yenidən doğulur, muğamın sabit qəlibləri çərçivəsində də improvizasiya etməyin mümkünlüyünü reallaşdırırdı. Özü də hansısa nəzəri prinsiplər əsasında yox, bəsirət gözü ilə. Bəlkə elə buna görə necə böyük bir iş gördüyünün fərqinə varmır, söz düşəndə "Mən oxumuram ki, mən zümzümə edirəm, mızıldayıram" - deyib hamını heyrətdə qoyurdu... Amma fərqinə varmırdı ki, xüsusi şövqlə və yanğı ilə oxuduğu "Sarı gəlin" mahnısı unudulmayan yaddaşı, arxetipləşmiş obrazları Qədirin səsinin qanadlarında elə "Sona bülbüllər" səviyyəsində dünyaya yayan, bu mahnının ancaq Azərbaycan ruhundan doğa biləcəyini bir aksiomaya çevirən şedevrdir.

O, çox sadə adam idi, kiməsə xoş gəlmək, ağıl dağarcığı kimi görünmək üçün yox, düşündüyü kimi danışırdı. Buna görə də onunla həmsöhbət olmaq, nə barədəsə söhbət etmək o qədər də asan deyildi. Qədirlə səmimi söhbət etməyin bir yolu vardı - onun səviyyəsinə köklənib, onunla onun öz dilində danışmaq. Bunu etməyin vacibliyini isə çoxları bilmirdi, Qədirdən muğamın gözəlliyi barədə təmtaraqlı cümlələrlə, pafosla, akademik tərzdə danışan bir musiqiçi obrazı yaratmağa çalışır və həmişədə pərt vəziyyətdə qalırdılar.

Məni ən çox yandıran 7 əsas muğam dəstgahımızın hamısını Qədirin ifasında lentə alıb gələcək nəsillərə ərməğan etmək şansını boşa verməyimizdir. Amma bunsuz da onun adı muğam ifaçılığı tariximizə həkk olundu - özü də təzə səhifədən və böyük hərflərlə...

# 1097 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #