Kulis.az Rəvan Cavidin "Kollapseologiya – yeni və unudulmuş elm" adlı yeni yazsını təqdim edir.
21-ci əsr qiyamətin başlanğıcı kimi
“...Növlərin aqibətinin çatdığını bir ehtimal kimi də olsa görməyə başladığımız vaxt yaranacaq təcili vəziyyət çoxdan vərdiş etdiyimiz asta və qarışıq qərarvermə instinktimizə uyğunlaşmayacaq. Qərb təəccüb və heyrət içində azadlıq, ədalət dəyərlərinin üstündən xətt çəkəcək... Birinci tapşırıq Yer kürəsini xilas etmək olacaq...”
Yeni dünyanın problemləri... və bu problemlərin bir neçə dəqiqə içində yerini başqa problemlərə verməsi. Sosial şəbəkədə hər saniyə nəsə “yeni” bir mövzu müzakirə olunur. Sosial media dayanmadan xəbər “istehsal” edir. Telefonun ekranını aşağı sürüşdürdükcə yeni məlumatlar, yeni xəbərlər, yeni şəkillər çıxır qabağımıza. Beynimiz durmadan bu “yeni” məlumatları emal etməklə məşğuldur. İnsanların, şəhərlərin, ölkələrin, regionların gündəmi sürətlə dəyişir. Biz bu dəyişikliklərin bəzilərinə böyük, bəzilərinə xırda, bəzilərinə vacib, bəzilərinə də lüzumsuz xəbər deyirik. Lakin ən vacibləri, ən böyükləri diqqətimizi heç vaxt çəkmir. Bu problemləri gizlətmirlər, ört-basdır etmirlər, sadəcə, biz çox da dəyərləndirmək istəmirik.
Hansı problemlərdi bunlar?
Hamısının ortaq adı Tənəzzüldür. Bu tənəzzül hər hansı bir millətə, ölkəyə, qitəyə, gücə aid deyil, bütün dünyaya, “evimizə”, yəni, Yerə aiddir. Kollapseologiya da bu tənəzzül haqqında elmdir. Adı təsadüfi deyil. Latın dilində “kollab” bir çox şeyin eyni anda düşməsi mənasını verir. Bizim söhbət açacağımız problemlər kimi. Çoxdular, fərqlidirlər, amma onlardan tək bir nəsnə kimi də bəhs edirik. Tənəzzülün qarşısında heç bir “barikada” qurmaq olmur. Onu bloklamaq da mümkünsüzdür. Paul Erlix yazırdı ki, Tənəzzülün qarşısını almaq ehtimalımız on faizdirsə, bunu on birə yüksəltmək üçün bütün ölkələr bütün sərmayələrini xərcləməlidirlər. Yox, bu liberalların yaratdığı süni qorxu və ya təhdid deyil, bu həqiqətdir. Dünya bu cür tənəzzülləri önəmli hesab etməyən yüzlərlə ölmüş mədəniyyətin qəbirstanlığıdır.
Tənəzzül nədir? Kollepsealogiyada nəyi təmsil edir? Demək olar ki, bütün məşhur kollepseoloji mətnlərdə tənəzzülün açılışı belədir: “təməl ehtiyacların qanunla tənzimlənən xidmətlərlə əhalinin böyük bir qisminə normal hesab olunan qiymətlərlə satıla bilməməsi...”
Təməl ehtiyaclar deyəndə suyu, elektriki, istiliyi, havanı, ən adi qidaları nəzərdə tuturlar. Yəni ən təməl məhvumlar. Maaş, maşın, ev, orta aylıq gəlir haqqı, faiz, ictimai nəqliyyat, təhlükəsizlik və bunlar kimi şeylərdən söhbət getmir. Çünki tənəzzülün başlandığını hiss edəcəyimiz vaxt bu saydıqlarım bir o qədər vacib olmayacaq. Bəli, konkretləşdirsək, dünyanın axırından danışırıq. Amma danışarkən mayalıların təqviminə, babil mifologiyasına, Vanqanın təxmin etdiyi kəhanətlərə söykənmirik. Elmi sübutlarla, kollepseoloji terminlərlə vəziyyətin nə qədər acınacaqlı olduğunu izah edirlər. “Dünya dağılır” ifadəsi o qədər adiləşib ki, kiməsə dünyanın dağılmasından danışanda səninlə zarafatlaşmağa başlayır.
Bəlkə də, buna görədir ki, yüz ildir aktual olan “Biq Bənq” teoreminə alternativ teorem fikirləşdilər. Bu alternativi düşünənlər deyir ki, qazlar genişlənib, sıxılıb, partlayıb və qalaktikalar yaranıb (bura qədər biqbənqçilərlə razıdırlar), amma artıq bu qazlar nə genişlənir, nə də sıxılır, hər saniyə də yeni qalaktika yaranmır, narahat olmayın. Əslində, bütün bu teoremlər tənəzzül termini qarşısında bir o qədər mahiyyət kəsb etmir. Çünki haradan və necə gəldiyimiz yox, hara və necə yuvarlanacağıq, o maraqlıdır kollepseoliklərə.
Kollapseologiya (artıq təkcə termin yox, həm də elm sahəsi kimi də qəbul olunur) 2020-ci ildə ortaya çıxdı. Lüğətlərə məhz bu tarixdən etibarən düşdü. 1970-ci illərdə ortaya çıxan “katastrafologiya” kimi birdən-birə özündə bir çox vacib mətləbləri cəm edən məhvuma çevrildi. Məsələn, 2010-cu ildə dünya əhalisi, ya da “ağ adamlar” bu şeylərlə maraqlanmırdılar. Neft sənayesinin inanılmaz yüksəlişi, Orta Şərqdə gedən proseslər həm onların, həm də bizim diqqətimizi dağıdırdı. Arabir bir neçə ekoaktivist çıxıb qlobal istiləşmədən, şirin su qaynaqlarının qurumasından danışırdı, biz isə qulaq asmırdıq. COVİD pandemiyası bir çox sahədə olduğu kimi burada da bəzi daşları yerinə oturtdu. Çoxdan məlum olan “su müharibəsini” yenidən yadımıza saldı. Dünya çox ciddi rəqəmlər qarşısında acizləşib bu mövzuda. Şirin su ehtiyatı hər il sürətli şəkildə azalır. İstiləşməyə səbəb olan texnologiyadan çox az uzaqlaşsaq da, hələ də bu bəs etmir. Və qarşıdan gələn fəlakət sunami, zəlzələ, volkan püskürməsinə bənzəmir. Bu tənəzzülün, bu çöküşün qarşısını almaq mümkün olmayacaq. Və çöküş bitəndə nə qalacaq, nə qalmayacaq, o da məchuldur.
2015-ci ildən sonra bu elm sahəsi haqqında bir çox kitab yazıldı. Elə yazılanların bir çoxu da bestseller oldu. Bu qədər ağır informasiya və pessimist təhkiyəyə rəğmən tənəzzül haqqındakı kitablar maraq oyandıra bilmişdi. Məsələn: Pablo Serviqn və Rafael Stevensin bir yerdə yazdığı “Hər şey necə çökə bilər?” (“How Everything Can Collapse: A Manual for Our Times”, 2015, 2021), Cared Daymondun “Çöküş” (“Collapse”, 2015), Cozef A. Tenterin “Mürəkkəb cəmiyyətin dağılması” (“The Collapse of Complex Societies”, 1988), Tobi Ordun “Uçurum: Ekzistensial risk və bəşəriyyətin gələcəyi” (“The Precipice: Existential Risk and the Future of Humanity”, 2020), Qay D. Midletonun “ Çöküşü anlamaq: qədim tarix və müasir miflər” (“Understanding Collapse: Ancient History and Modern Myths”, 2017) kitabları.
Toby Ordun yanaşması daha çox ekzistensial risklərə aiddir. O deyir: “Təkcə cəmiyyətlər deyil, bütün bəşəriyyət təhlükə altında ola bilər”. Qlobal epidemiyalar, süni intellektin nəzarətdən çıxması, iqlim böhranları... Bu kitab onların hamısını mümkün qədər real çərçivədə yerləşdirir ki, bizlər hər şeyi aydın görə bilək.
Midleton isə antik sivilizasiyaların dağılması hekayələrini detektiv kimi araşdırır. Hansı mif doğrudur, hansı şişirdilmişdir? Yeni miflər hansılardır və nə qədər gerçəkdir? Tənəzzül dağılan cəmiyyətlərdən və onların miflərindən nə aldı apardı?
Bu kitabların ən yaxşısı isə deyərdim ki, Pablo Serviqn və Rafael Stevensin bir yerdə araşdırdığı və fərqli tarixlərdə iki dəfə çap etdirdikləridir. Onlar pandemiyadan əvvəl və sonra bu mövzuya qayıdıblar. Həm də çöküş elminin papulyarlaşmasında böyük rol oynayırlar.
Cared Daymond isə tarixi və coğrafiyanı geniş sahə araşdırması ilə birləşdirərək, “coğrafiya taledir” məsələsinə yenidən qayıdır.
Tenter isə bu qədər həngamənin arasında tənəzzül dövründə hansı sinfin nümayəndələrinin daha faydalı olacağını araşdırıb. Mürəkkəblik, səmərəlilik, davamlılıq... bu üç nəsnə üzərində çox dayanır.
Tənəzzülün ən vacib səbəblərindən biri də əsrimizin filosoflarının haqqında tez-tez yazdığı, sosioloqların dayanmadan araşdırdığı sürətlənmə məsələsidir. Bütün müstəvilərdə sürətlənmə. Dünya əhalisinin sayında sürətli artış, texnologiya sahəsindəki sürətli dəyişikliklər, həyat ritminin sürətlənməsi. Bu üç sürətlənmə çöküşü də sürətləndirməyə başladı.
Dünya əhalisinin sayı on doqquzuncu əsrdən qabaq hər min ildən bir, sadəcə, iki dəfə artırdı. Bu statistika bəşəriyyət tarixinin səkkiz min ilini əhatə edir. Sonra nə oldu? 1830-1930-cu illər arasında əhali sayı iki dəfə artdı, yəni min illik artım yüz ildə baş verdi. Növbəti ikiqat artım isə yüz il belə gözləmədi. 1970-ci ildə, yəni qırx il sonra dünya əhalisinin sayı dörd milyard olmuşdu. Hazırda sayımız səkkiz milyarddan çoxdur. Yəni son əlli ildə iki dəfədən artıq. Qida çatışmazlığı, ərazi çatışmazlığı, su çatışmazlığı və digər çatışmazlıqlar da bu rəqəmlər kimi artdı.
Dünya əhalisinin sayı artdıqca bütün sahələrdə keyfiyyət yox, kəmiyyət nəzərə alınmağa başladı. İkinci Dünya müharibəsindən sonra aşağı sinfin nümayəndələrini də nəzərə alanda, kəmiyyət yüksək gəlirli əhaliyə hesablanmağa başladı və brendlərin yarışı başladı. Dünya sürətlə xüsusi isimlərin zibilliyinə çevirildi. Texnologiyanın inkişafı, sosial medianın populyarlaşması bu “rəqabəti” gücləndirdi.
Sosial şəbəkələrin sürətlə həyatımıza təsiri psixoloji travmaları da yaratdı. Şəxsiyyət eqosu üzə çıxdı. “Like”ların və “dislike”ların müəyyən etdiyi keyfiyyətlərə və xarakterə sahib olduq. Belə olan halda düşündüklərimizin də mahiyyəti dəyişdi. Və beləcə, dünyanın aqibətini düşünmək yadımızdan çıxdı.
***
Tükənməz dediyimiz qaynaqların sonu
“...Keçmişdə yox olmuş sivilizasiyaların iki ortaq xüsusiyyəti olduğu haqqında alimlər arasında fikir birliyi var: hamısı ölçüyəgəlməz kibirin və həddindən artıq özünə güvənmənin qurbanlarıydı. Qarşılarına hansı maneə çıxırsa çıxsın, öhdəsindən gələ biləcək gücə sahib olduqlarına inanırdılar və hər gün artan zəifliyi bədbinliyə düşməmək üçün gözardı edə biləcəklərini düşünürdülər...”
Kollapseologiya haqqında danışanda diqqət etdiyimiz vacib bir məqam var: hər şeyin həddindən artıq böyüməsi və ifrata varması. İqtisadiyyatın, brendləşmənin, siyasi rəqabətin, ideoloji çaxnaşmanın, dəyərləri görməzdən gəlmənin, üçüncü dünya ölkələrinə qloballaşmanı məcburi şəkildə qəbul etdirmənin və bu kimi praktikası vacib, amma vaxt tələb edən anlayışların böyüməsini nəzərdə tuturam. Zirvə yarışı bütün sahələrdə işıq sürəti ilə davam edir. Bəs zirvədə nə var? Divarlar, məhdudiyyətlər. Onların arxasında isə dərin uçurumlar. Bütün anlayışlar kulminasiya nöqtəsindən sonra aşağı doğru hətəkət edib dibə çırpılmaq məcburiyyətindədir. Bu insanların yox, təbiətin və riyaziyyatın qanunudur. Nələrisə kulminasiyada saxlamaq isə, həm də indiki zamanda, qeyri-mümkündür. Bu, təxminən, ideal cəmiyyətin və üstinsanın yaranması deməkdir. Siz inanırsınız buna? Mən yox!
Zirvədəki məhdudiyyətlər, hüdudlar hansılardır bəs? Məsələn, texnologiyadan istifadənin ifrata varması və plastik tullantıların nəzarətdən çıxması qlobal istiləşməyə zəmin yaratdı. Sürətlə inkişaf edən industriyanın qarşısını ala bilmədik. Böyüdükcə böyüyən zavodlar, fabriklər, şəbəkələri artan holdinqlər, sərmayəsi bol şirkətlər, neft və təbii qaz yataqları üçün mübarizə aparan siyasilər, platin və almaz axtarışları, kömür istehsalı və sair. İnsan və onun yaratdıqlarının fəaliyyətlərindən dolayı kirli qazların emissiyaları artıq normanın çox üstündədir. Bu da iqlimlərin süni şəkildə istiləşməsinə yol açır. Dünyada orta temperatur sənaye inqilabından sonra, yəni 1880-dən sonra 0,85 dərəcə Selsi artdı və növbəti altmış ildə sürətlənməyə başladı. İkinci Dünya müharibəsindən sonra təqdiqatçılar bu mövzuya daha həssas yanaşmağa başladılar, çünki rəqəmlər onlar üçün vahiməli görünürdü. Ekspertlər qlobal istiləşmənin 2050-ci ildə 2 dərəcə, 2100-cü ildə isə 4,8 dərəcə Selsi artacağını praqnozlaşdırırlar. Bəli, sürətlə inkişaf edən texnologiyanı görünməz bir əl dayandıracaq: iqlim!
Təbii fəlakətlər öz mesajını illərdir verir onsuz da. Bu mövzu nəinki gələcək nəsilləri, elə bizləri də maraqlandırır. Çünki hər beş ildən bir bunun ağır fəsadlarının şahidi oluruq. 2003-cü ildə istiləşmə ucbatından bütün Avropaya yayılan yanğınlar nəticəsində on beş min insan həyatını itirmişdi. Ümumiyyətlə, mövzudan kənar da olsa bir qeyd atım yazının bu hissəsinə, 2003-cü ildə baş verən İraq müharibəsi, Fələstin-İsrail müharibəsi, Balkanlardakı mafiya ayaqlanması, Avropa və Amerikadakı mitinqlər, Skandinav ölkələrindəki intihar səbəbi ilə yetmiş min insan öldü. 2024-dəki ölüm sayına qədər bu rəqəm çox ciddi bir staistikanın başlanğıcı sayılırdı. Qayıdaq istiləşməyə. 2003-cü ildə baş verən yanğınlardan sonra iqtisadiyyata on üç milyard yevro ziyan dəydi. 2010-cu ildə Rusiyada başlayan quraqlıq kənd təsərrüfatına iyirmi beş faiz ziyan vurmuşdu, bu isə on üç milyard dollar demək idi.
Amerika Silahlı Qüvvələrinin İqlim problemləri üzrə araşdırmalarına rəhbərlik etmiş, “İqlim müharibələri” kitabının müəllifi Civni Dier 2021-ci ildə yazırdı: “Qlobal istiləşmə beş dəfəyə qədər artanda və orta temperatur bütün iqlimlər üzrə doqquz dərəcəni keçəndə, bu gün xəyalını qurduğunuz hər şeyin üstündən xətt çəkmək məcburiyyətində qalacaqsınız...”
Dier daha dəhşətli bir praqnozun da müəllifidir. O iddia edir ki, 2036-cı ildə və ya o tarixə yaxın bir zamanda Hindistan və Pakistan arasında nüvə silahının da istifadə olunacağı müharibə baş verəcək. Bilmirəm, bu yəqinlər hansı məlumatların nəticəsidir, amma vəziyyət bu qədər pisdirsə, nikbin olmaq üçün heç bir böyük səbəb qalmır. Əgər bu gündən etibarən zavodların zəhərli tüstü buraxmağının önünü kəssək, istiləşmə və ozon qatındakı seyrəlmə hələ on il də davam edəcək.
Təbiət, sadəcə, istiləşmə ilə qisas almayacaq bizdən. Həm də suyun hökmranlığı başlayacaq. Bir tərəfdən şirin su hövzələri quruyub yoxa çıxdıqca, digər tərəfdən də buzlaqların əriməsi nəticəsində su səviyyəsi planetin bütün nöqtələrində artmağa başlayacaq. Suyun bizə qarşı başqa bir təhdidini də qeyd edim. Su səviyyəsinin dəyişməsi okean axınlarının sirkulyasiyasını sürətləndirəcək. Bu da okeanın dərinliklərində anoksi (oksigen çatışmazlığı) yaradacaq. Anoksi təbəqəsi artdıqca və okeanın səthinə doğru hərəkət etdikcə ozon qatını dəlməsi ilə məşhur olan hidrogen-sulfid yaradan bakteriyaların sayı sürətlə artacaq. Okeandakı və qurudakı canlıların bir çoxu məhv olmağa başlayacaq. Elmi-fantastik film ssenarisinə bənzəyir, hə? Bilirəm, amma buna bəşəriyyət tarixində misal çəkə biləcəyimiz və elmə “Kənfild Okeanları” adı ilə düşən hadisələr var. NASA növbəti belə okeanların 2100-dən qabaq yenidən ortaya çıxacağını iddia edir.
Bir məsələni də yazıb, kollapseologiyanın təməl səbəblərindən biri olan istiləşmə haqqında yazını yekunlaşdırım. Qlobal istiləşmə özü ilə yanğınlar gətirdi, oksigen çatışmazlığı gətirdi, ən əsası isə növlərin sonunu yaxınlaşdırdı. Nə vaxt ki, industriya termini insan həyatına daxil oldu, Adəmin övladları cənnətdən sonrakı sığınacaqlarına nankor oldular. Bir anda təbiətdən ayrı düşən insan milyon illər birgə yaşadığı təbiəti istismar etməyə başladı. On altıncı əsrdən bu yana üç yüz otuz iki növ canlı tamamilə məhv olub, kökü kəsilib. Yüzlərlə növün adı isə “Qırmızı kitab”dadır. Sənayeləşmənin gətirdiyi rahat həyat tərzi insanın eqosunu və küdurətini artırdı. Bir başqa misal, bütün dünyada neft industriyasının yarandığı gündən bu günə balıq biokütləsinin doxsan faizi məhv olub. Doxsan faiz! Necə dəhşətli rəqəmdir, hə? Və ya belə düşünək, hazırda bizi təəccübləndirən rəngarəng təbiət gör indi maşınların ixtirasından qabaq necə olub?!
Kollapselogiya haqqında oxuduğum beş kitabın hamısında qlobal istiləşmə ilə bağlı müxtəlif iddialar var. Lakin hər birinin ortaq məxrəcə gəldiyi bir nüans var: Tez, ən tez, nə qədər tez bacarırıqsa o qədər tez qlobal istiləşmənin qarşısını almaq üçün zavodlarımızın, maşın istehsal edən yerlərimizin bacalarına baxıb düşünməliyik. Bizə lazım olan nədir? Sürətli inkişaf, yoxsa dünyanın sonu?
***
İnsan tənəzzül üçün kimdir, nədir, haradır?
“…Bəşəriyyət qıtlığın səbəb ola biləcəyi bir tənəzzülün qarşısını ala bilərmi? Bəli, bunu bacara bilərik. Təəssüf ki, rəqəmlərə baxanda, sadəcə, on faiz şansımızın olduğunu görürük. Bu rəsm əsəri nə qədər tünd və qaranlıq olsa da, inanmalıyıq, çalışmalıyıq və bu şansı on bir faizə qaldırmaq üçün nəyimiz varsa, xərcləməliyik, döyüşməkdən qorxmamalıyıq…”
İnsan tənəzzül adlandırılan bu prosesin harasındadır? Bizə necə təsir edəcək bu qədər qarışıq bir sistem? Sayımız azalacaqmı, artacaqmı? Hansı vərdişlərimizi tərgidəcəyik? Hansı yeni vərdişləri qazanacağıq? Texnologiya bizi “evimizdən” tamamiləmi didərgin salacaq? Necə olacaq axırımız? Suallar çox, ömür yarı. Bildiyimiz və təkzib olunmayan tək həqiqət ondan ibarətdir ki, bunu necə başa düşürüksə düşək, sonuncu musiqinin notlarını eşitməyimizə lap az qalıb. Biz isə sonuncu rəqsə çoxdan qalxmışıq.
Bir neçə başlıq altında insanın kollapseologiyadakı yerini müəyyənləşdirək.
1) Tənəzzülün demoqrafiyası
İnsan sayı artır. Artıq bəzi ölkələr bunun qarşısını almaq üçün on illərdir tədbirlər görürlər. Sayımızın çoxluğu “qızıl orta” adlandırılan nəsilləri narahat etməyə başlayır. Ortaya belə bir sual çıxır ki, sayımızın çox olduğu bir dünya istəyirik, yoxsa daha varlı insanların yaşadığı dünya? Üç sosial sinfin üçü də buna fərqli cavab verər. Kasıb mütləqdir ki, şüuraltında öz gələcəyinə inanmasa da, yenə də sinifdaşlarını müdafiə edəcək. Orta standartlı sosial rifaha malik insanlar bu suala hər iki tərəfə hesablayaraq cavab verəcək. Varlılar isə nikbindir, onlar dünyanın daha yaxşı yer olması üçün gücü və pulu olanların yaşamasını arzu edəcəklər. Bir məsələ var ki, bu sifin nümayəndələri, sadəcə, arzu etmir, həm də arzularını reallaşdırmaq üçün çalışırlar.
Kollapseologiyada demoqrafik böhranı xarakterizə edən iki anlayış var: Kornukopiya (Cornucopia) və Maltus (Malthus) sistemi.
Kornukopiya nəzəriyyəsini dəstəkləyənlər iddia edir ki, insan irqi sonsuz inkişafa sahibdir. O dayanmadan böyüyəcək. Texnologiya onun qarşısındakı bütün sərhədləri yıxacaq.
Maltusçular isə daha bədbindir. Onlar hesab edir ki, bəşər tarixindən bu yana, əslində, bütün yeniliklər və inkişaf qrafiki özünü təkrarlayır. Və bizlər bu periodun sonuncu halqalarından birindəyik. Texnologiya insanı məlum bir zirvəyə çıxaracaq, sonra isə o zirvədən aşağı atacaq. Ola bilsin, bu intiharı yaşamamış bütün sistemin çöküşünə şahid olaq.
Hesablamadığımız, diqqət etmədiyimiz yüzlərlə nüans var ki, onlar “evimizi” çoxdan təhlükə altına salıb.
Əslində, bu iki nəzəriyyə bir-birindən çox da fərqlənmir. Çünki dövlətlərin iqtisadi-sosial vəziyyətinə görə periodlar bir yerdə hərəkət edə bilir. Demoqrafik artım vəziyyətində olan dövlətlər və millətlər kornukopiyaçıların dediyi nikbin proqnozlara inana bilərlər. Çünki onların hələ nələrisə dəyişməyə vaxtları var. Amma əgər artım və ya azalma böhrana çevriləcəksə, onda maltusçular kimi düşünməyin vaxtı gəlib çatıb.
2) Tənəzzülün sosiologiyası
2003-cü ildə baş verən və 21-ci əsrin ilk soyqırımı cəhdi kimi dəyərləndirilən “Darfur” müharibəsini yadımıza salaq. Sosiologiyada yeni əsrdə insanları və toplumları təhlil etmək üçün bu müharibədən daha yaxşı neqativ nümunə yoxdur. Sudanda başlayan və sərhədləri aşan irqlər və millətlər arası bir müharibə də deyə bilərik buna. Səbəb sürətlə artan əhali və xammal çatışmazlığı idi. “İqlim müharibələri”nə misallar çəkməli olsaq, bu soyqırımı ilk beş nümunədən biri olar. Tənəzzülün bir səbəbi də məhz belə sosioloji krizlərdir. “Gəzən ölülər” (The Walking Dead) serialındakı kimi bir-birimizi yeyəcək hala düşməsək, yaxşıdı. Çünki gələcək sosial müstəvidə heç də yaxşı şeylər vəd etmir.
Sosial-psixoloq Harald Veyzer iddia edir ki, bu cür sosial məzmunlu müharibələr böyüməyə və artmağa məcburdur. Çünki insanlar nə olursa-olsun, daim bir-birini öldürmək üçün səbəblər tapacaq. Xəstəliklər, ərazi davaları, qida çatışmazlığı, iqlim dəyişiklikləri, içməli su qaynaqları və sair. Təəssüf ki, çox vaxt bu müharibələrin əsl səbəblərini açıqlamaq yerinə, onlara din donu geyindirib fərqli hədəflər yaradırlar.
Tənəzzülün sosiologiyasından danışırıqsa, cəmiyyətlərin mədəni tərəflərini də araşdırmalıyıq. Film, ədəbiyyat, musiqi, rəsm industriyasındakı dəyişiklikləri sezməmək mümkün deyil. Mədəniyyətin müxtəlif sahələrində müxtəlif dəblər yaranmaqdadır. Sənətin əxlaq, milli dəyər, sosial fərqindəlik kontekslərini bir kənara qoyuram. Onlar onsuz da 60-cı illərdən etibarən əridilməyə başladı. Məsələ eybəcərlikdir. Baş verən sürətli dəyişikliklər fonunda estetik zövqlər eybəcərləşməyə, heç bir məna ifadə etməməyə başlayır. Belə olan halda çarəsiz bir insanın tapındığı sənət də artıq ona kömək olmayacaq. Çıxış yolu sənət üçün də mübarizə aparmaqdır. Amma kimlə, nə ilə? Tənəzzülün böyüməməyinə çalışmaq bundan başlayırsa, düşüncə mərkəzləri tez-bazar işə keçməlidir. Məşhur iqtisadçı Serge Latoş bu mövzuda narahatlığını belə ifadə edir: “Sənəti mədəni istismardan qorumalıyıq...” Tənəzzülə aparan yolun hər tərəfində müxtəlif sifətli müharibələr dayanıb. Onlardan, bəlkə də, ən dəhşətlisi məhz mədəni müharibələrdir.
3) Tənəzzülün psixologiyası
Əlbəttə, müharibələrin, qıtlığın, mədəni çürümənin içində olan bir insan sakit və aram həyata malik ola bilməz. O həm də öz psixologiyasını müxtəlif “üsullarla” aşındırır.
Hansılardır bu üsullar?
Korluq. İnformasiya tıxacında vacib olanları görməmək və duymamaq. Vacib olanların fərqinə varanda isə iş işdən keçmiş olur.
İnkar. Məğlubiyyəti, tənəzzülü qəbul etməmək. Bunun bir taftalogiya olduğuna inanmaq. Beynin komfort zonasını tərk etməmək. Və bir gün məlum olacaq ki, həddindən artıq nikbinliyin qurbanıyıq hamımız.
4) Tənəzzülün politologiyası
Tənəzzül təbii ki siyasətə təsir edir. İstər böyük, inkişaf etmiş, güclü, istər inkişaf etməkdə olan, istərsə də kiçik, gücsüz dövlətlərin müqəddəratına kifayət qədər toxunur. Reallıq budur ki, iqlim, qlobal istiləşmə, su qaynaqlarının tükənməyi haqqında rəsmi partiyalardan daha çox QHT-lər düşünür. Bu QHT-lərdən bəziləri dövlətlər tərəfindən dəstəklənsə də, hələki, heç bir ölkənin siyasətinin ana xəttinin bu problemlər olduğunu görmürük. Beynəlxalq iqlim konfransları, tədbirlər, iclaslar keçirilir. Bunlardan ən vacibinə ötən il elə Bakımız ev sahibliyi etdi. Sosioloqlar düşünür ki, bu tədbirlərin mahiyyəti və sayı hələ qaneedici səviyyədə deyil. Tükənən qaynaqlar üçün ölkələr daha çox qayğılıdır, nəinki tükənməz qaynaqlar və təbii sərvətlər üçün.
Tənəzzülün politologiyasından danışanda bir şeyə də diqqət edirik. Siyasi rejimlərin bu prosesdəki davamlılığına. Kollapseologiya haqqında kitablar yazan, araşdırmalar müəllifi bütün iqtisadçı və sosioloqlar iddia edir ki, tənəzzül prosesi birinci demokratiyanın divarlarını dağıdacaq. İkinci Dünya müharibəsindən sonra Avropada, xüsusi ilə, Britaniyanın simasında bütün böyük dövlətlərdə liberalizmi uğurlu siyasi və iqtisadi model kimi göstərən səbəbləri necə ki nikbin sosioloqlar ortaya atmışdı, indi də həmin zatlar demokratiyanın bu böyük çöküş qarşısında aciz qaldığını deyirlər. İqlim və su mövzusunda elə problemlər var ki, onlarla mübarizə birbaşa sərtlik və milliyətçilik tələb edəcək.
***
Kim necə və nə qədər bu dramatik sonluğa hazırdır, bilmirik. Tək bildiyimiz həqiqət təbiət və elmin min illərdir bizə sübut etdiyi gerçəklərdir. Güvəndiyimiz tək nöqtə də elm olmalıdır. Müharibələr haqqında araşdırma edərkən qəribə bir statistika oxudum. Sən demə, dünya tarixində, sadəcə, iki yüz il insanlar bir-biri ilə döyüşməyib, vəssalam. Sadəcə, iki yüz il. Bəlkə də, o iki yüz ilin fəlsəfəsi, məntiqi bizi mümkün olacaq bütün qiyamətlərdən qoruya bilərdi. Hələlik, ölməyən və zədə almayan tək hissimiz ümiddir. Ondan yapışmaq isə tək çarəmiz.