Pandemik mələk - Orxan Fikrətoğlunun yeni hekayəsi

Pandemik mələk - Orxan Fikrətoğlunun yeni hekayəsi
9 avqust 2025
# 16:00

Kulis.az Orxan Fikrətoğlunun "Pandemik mələk" hekayəsini təqdim edir.

Kişi tək yaşayırdı; bir öz canıydı, bir də inəkləri. Hər səhər günəşlə birgə sığallı inəklərini qurban, sadağayla dağa qaldırardı.

Hər axşam da onlarla birgə südlü-südlü kəndə dönərdi. Qazpulu yığan Səlimdən savayı, onun hansı səslə, nə dildə danışdığını hələ heç kəs eşitməmişdi, lal-dinməzin biriydi. Kəlməsi kimi kənddən ayağını da kəsməmişdi. Hamıya dinməz olsa da, bacardığı yaxşılığı edərdi. Ev tikiləndə qaça-qaça gəlib bənnaya əl tutardı. Yasda ağlayardı, toyda oynayardı. Əsgər gedən oğlanların ciblərinə gözü yaşara-yaşara pul basardı. Evlərə süd paylayardı. Əvvəllər yay-qış soyunub gur axan dağ çayında çimməyi də vardı. Bədəni də su kimi bəmbəyaz idi, deyirdin, günəşdi.

Qadınlar ona baxanda yaşmaqlanardılar. Çin qripi düşəndən çimməyini tərgitdi. Daha çimmir. Bir-birinin ardınca qripin apardığı on yeddi kənd adamının şəkilli qəbirləri onun sökük daxmasının düz qənşərindədir. Kişi həmin şəkilləri əcəl zəngi kimi anlayır.

Bu şəkillər hər gün ona "Nəbadə xəstələnəsən, ha", - "deyirlər". Sənin bu Uxan oyunu ilə əlləşməyə nə sağlam canın var, nə də salamat baxıcın, xəstələndin, gedəcəksən fələyin badına, inəklərin də qalacaq yetim, qurda-quşa yem olacaqlar. Bunu istəyirsən?" Kişi belə tez ölməsini istəmirdi.

Qrip düşəndən ellik kənd adamları kişiyə oxşamağa başlamışdılar. Hamısı "kişiləşmişdi". Onlar da kişi kimi daha bir-biriylə danışmırdılar. Hərə öz hayında, işindəydi. Nə toy?! Nə yas?! Nə mərəkə?! Nə elçilik?! Kənddə nə qoca qalmışdı, nə də ağsaqqal sayan vardı. Kəndin bütün kişiləri vaksin şüşələri kimi bir-birinə bənzəməyə başlamışdılar. Elliyi soyuq və şüşəsifət olmuşdu. Hamı başını soxmuşdu paçasının arasında gizlətdiyi telefonuna, orda yaşayırdı.

Kənddə kimin öldüyü, kimin qaldığı da bəlli deyildi. Hərə öz qəbrində yaşayırdı. Təkcə Molla Vəli bildir, durnalar köç edən zaman bərkdən-bərkdən göyə qışqırmışdı ki: "- Ay camaat, Allahın bu qripdən xəbəri yoxdur. Olsa, mən bilərəm. Görəsən, bu naxoşluğu hansı oğraş fallamasından çıxarıb?"

Ona kənddən cavab verən olmamışdı. Onca gün sonra isə Molla Vəlini sualına cavab vermək üçün qrip özüylə "Uxana" aparmışdı. Odur-budur, kənddə qriplə bağlı daha heç kəs heç kəsdən heç nə soruşmurdu. Adam varsa, vardı, yoxdursa, daha yoxdur. Heç kəs dərinə getmirdi. Neynəyə bilərdi, ölüm hamı üçün gəlmişdi. Toruna ilişən quzu kimi başını aşağı salıb üzüsulu gedirdi. Daha kənddə ölüyə ağlayan da yox idi. Qripə nə deyib ağlayasan?! Qrip bayatıya gəlmir axı?!

Uxan naxoşluğu düşəndən kişi hər səhər inəklərinin ağzına özünün çətənədən toxuduğu maskalar taxardı ki, xəstələnməsinlər. Onlar da arif idilər. Daha inək içinə çıxmırdırlar.

Bir gün kişi axşam evə dönəndə Yallı dərənin dibində bir yaralı eşşək gördü. Eşşəyin rəngi də, dərəyə çöküşü də, adama tərs baxışı da elə bil başqa cür idi; əsgər kimi yaralanmağı da. Kişi yaxınlaşıb eşşəyin sərt daşlar əzmiş incə dırnaqlarını boynuna sarıdığı yun şalı ilə sarıdı. Ona su verib toxdadandan sonra, ayağa qaldırıb dərədə qurd-quşa yem olmasın deyə daxmasına gətirdi. Kişi çox kasıb idi: nə tövləsi vardı, nə inəklər üçün qazma daldanacağı. Eşşəyə də özü ilə birgə, hər gecə yatdığı inəklərinin yanında yer eləyib həmin gecə rahatca yuxuya getdi.

Səhər xorhaxorla yatmış yaralı eşşəyi yuxudan oyatmasın deyə, ayaqlarının ucunda yeriyə-yeriyə daxmadan çölə çıxıb bir xeyli çayda yuyundu. Qayıdıb, adəti üzrə şor-çörəyini yemək üçün döşəmədə bardaş qurdu. Və qəfil dünən dırnağını sarıdığı eşşəyi başının üstündə dayanmış gördü.

Qədim yunan heykəllərinə oxşayan eşşək insan kimi dil açıb ona xırıltılı səslə: "Sabahın xeyir!" - dedi.

Kişi, əvvəlcə, danışan eşşəkdən qorxdu. Kim olsa, qorxar da. İndi adamlar danışmır, o ki eşşək ola. Sonra özünü birtəhər ələ alıb səntirləyə-səntirləyə ayağa qalxdı. Titrəyən dodaqlarını güclə bir-birinə toxundurub:

- Sən də Uxandan gəlmisən? - soruşdu.

Eşşək: - Xeyr, mən mələyəm! - dedi və bir dəfə ucadan anqırdı.

Kişi az danışsa da, az yaşamamışdı. Mələk, İblis söhbətlərini də Molla Vəlidən çox eşitmişdi. Bilirdi ki, mələklər qanadlı və gözəl qadınlara oxşayan canlılar ola bilərlər. Saçları da qızılı və qıvırcıq. Ya da uzaqbaşı onlar çılpaq və əzələli kişilər kimi gözə görünə bilərlər. Eşşəyin adam kimi danışa bilməsi nə qədər möcüzəli iş olsa da, onun mələk olması heç ağlabatan iş deyildi. Bununla belə, kişi eşşəyin xətrinə dəymədi.

Ondan: - Onda sən, yəqin yük mələyisən? - dedi.

Eşşək nidalı gözlərini kişinin üzündə bir xeyli gəzdirdikdən sonra: - Mələk olsam da, sənə oğulluq edəcəm! - söylədi.

Kişi döşəməyə dağılmış çörək qırıntılarını bir-bir yığıb ağzına atdıqdan sonra: - Yoxa lənət! Səni verənə şükür. Gedək, birlikdə inəkləri otaraq! - dedi.

Eşşək sevindiyindən şahə qalxıb kişinin sinəsinə bir qoşa təpik vurdu. Zərbədən döşəməyə yıxılmış kişi eşşəyin gülüşündən anladı ki, qoşa təpik vurmaq mələklərin sevinməsidir.

Və onlar ata-bala kimi qucaqlaşıb birlikdə inəkləri otarmağa getdilər.

Kənd çiyin-çiyinə dayanmış üç hündür dağın ayağında salınmışdı. Hər üç dağın arxasında dibi görünməz uçurumlar vardı. Hər addımbaşı göz yaşı kimi duru bulaqlar axırdı. Kişi arxada mələk kimi oğul tapdığına sevinə-sevinə gəlirdi. Eşşək isə irəlidə inəkləri haylaya-haylaya dağ yuxarı qaldırırdı. Otlaq yeri birinci dağın arxasındaydı. Ora gedən yol dar döngədən keçirdi. Eşşək ağzı maskalı inəklərlə də tez dil tapa bilmişdi.

Onlar da dinməzcə eşşəyin qabağına düşüb oynaya-oynaya otlamağa gedirdilər. İnəklər arxası uçurum olan dar döngəyə çatanda elə bil eşşəyə qəfil biz batırdın. Döyüş atı kimi birdən-birə şahə qalxıb inəkləri hürkütdü. Qorxmuş inəklər çaşıb dağ tərəfə qaçmaqdansa, uçuruma səmt götürdülər. Və hər ikisi uçurumun sürüşkən sıldırımından aşağı yumalandılar.

Kişi illərlə qarnını doyurmuş inəklərini bircə anda öldürmüş eşşək görkəmli mələyə heç nə demədi, "Allahın mələyidir də", - düşündü. Səhvi özündə axtardı, özünü danladı. "Adam da varı-yoxu olan son iki inəyini tanımadığı, üstəlik, adam dilində danışan eşşəyə etibar eləyər ? Eşşəyin nə təqsiri var? O, nə bilir axı inəklər qəfil haydan qorxurlar?! Təqsir özündədir, öz işini özü görməliydi!"

İnəkləri ölmüş kişi eşşəyin noxtasından tutub kor-peşman daxmasına döndü.

Yolda bircə gün ona belə oğulluq etmiş eşşəyin verdiyi saysız suallara cavab vermədi. Daxmaya çatanda ağ neftin bitdiyini görən kişi oğulluğunu neft dalınca kəndə göndərməyə məcbur oldu.

Eşşək tez qayıtdı. İçəri keçib nefti bidondan quru otla döşənmiş çırpılı döşəmənin üstünə boşaltdı. Sonra da yandırdığı kibrit çöpünü islanmış quru otların üstünə atdı. Kişi eşşəyin nə etdiyini soruşmağa macal tapmamış daxma od tutub alışdı.

Yanğını köməyə gəlmiş kənd camaatı hec cürə söndürə bilmədi.

Evdən ancaq kişinin özü salamat çıxdı.

Kişi bu dəfə də eşşəyə bir söz demədi, yenə səbir elədi. Səhvi yenə özündə gördü və olanı yaxşılığa yozdu.

Ev yanan gecəsinin səhəri eşşək kişini belinə mindirib şəhərə getmək fikrində olduğunu söylədi.

Kişi: - Şəhərdə nə işimiz var? - soruşdu.

Eşşək: - Artıq sənin burda evin yoxdur! - dedi.

Eşşək kişini tez razı sala bildi.

Və onlar şər qarışan zaman birdəfəlik kənddən çıxdılar.

Yolda eşşək yorulanda kişi onu belinə mindirirdi, kişi yorulanda eşşəyi minirdi. Beləcə, eşşəklə kişi üç gün, üç gecə yol getdikdən sonra azdıqlarını anladılar. Bu həqiqət onlara qaranlıq gecədə, qalın ormanlıq içində birdən-birə aydın oldu. Kişinin gözü elə təzəcə meşənin zülmət qaranlığına öyrəşirdi ki, qarşısında iri çöl qabanı gördü. Qaban onunla eşşək kimi dil açıb danışmadı, dinməzcə üstünə cumub qarnına möhkəm bir kəllə vurdu. Zərbədən kişi yerə yıxıldı. Qabanın iri, kəsici dişləri qarnına soxulanda isə öləcəyini anladı. Və sonda onu bu sıx ormanlığa gətirib qabana yem etmiş eşşəyə üz tutub: - Bəs sən Mələk deyilsən?.. Kömək elə də mənə! - qışqırdı.

Eşşək kişinin sönən gözlərinə baxıb: - Mələk sənsən, mən deyiləm, görmürsən qanadların çıxıb?! - dedi.

Kişi həqiqətən də, elə indicə çiynindən çıxmış qanadlarına baxıb: - Bəs onda sən kimsən? - soruşdu.

Eşşək: - Mən eşşəyəm də, ancaq sən məni mələk kimi görürdün! - dedi və ormanın qaranlığında birdən-birə eşşək kimi qeyb oldu.

Eşşəklə birgə qaban da bircə anda yoxa çıxdı. Kişi əvvəlcə qabanın dişləm-dişləm etdiyi qanlı ayaqlarına baxdı. Sonra çiyinlərində əmələ gəlmiş bir cüt qanadın arasından harda olduğunu anlamaq üçün ətrafa boylandı. Tanımadığı gözəl bir yerdəydi. Ətrafında ağ donlu qadınlar, ağ köynəkli kişilər dolaşırdılar. Biri qanadlarına, o biri çiyninə buz qoyurdu. Bədənindən axan qırmızı qan get-gedə yaşıllaşırdı...

Kişi ayağa qalxdı. Uzaqda inəklərinin otladığı dağ döşü görünürdü. İkisi də sapsağlam idilər, arın-arxayın otlayırdılar. Kişi inəklərini tapdığına çox sevindi.

Və qanad çalıb inəklərinə doğru uçdu.

Və uça-uça son dəfə dünyaya baxdı. Öz-özünə fikirləşdi ki, "görəsən, yazıq eşşək onsuz o qripli dünyada, qaranlıqda necə yaşayacaq? Aciz olduğu üçün onu incitməyəcəklər ki?"

# 630 dəfə oxunub

Oxşar xəbərlər

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi

Olanların ən yaxşısı: İlham Əliyevin 5 şərti və tarixi qələbəsi

14:58 9 avqust 2025
Məşhur müğənni  konsertini ləğv etdi

Məşhur müğənni konsertini ləğv etdi

14:50 9 avqust 2025
Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

Tarixi Kordova Katedralında baş verən yanğının qarşısı alındı

14:20 9 avqust 2025
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı  mediaya müsahibəsi

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsi

14:00 9 avqust 2025
Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

Məşhur “Alisa möcüzələr ölkəsində" animasiyasının kinooperatoru vəfat etdi

14:00 9 avqust 2025
Sevilən aktrisa tanınmaz hala düşdü

Sevilən aktrisa tanınmaz hala düşdü

13:50 9 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər