Ömər Xəyyam və məşuqəsi, zəhərlənən müxbir, oğurlanan xalça – Reportaj

Ömər Xəyyam və məşuqəsi, zəhərlənən müxbir, oğurlanan xalça – Reportaj
13 aprel 2022
# 09:00

Kulis.az Mehdi Dostəlizadənin Azərbaycan Milli İncəsənət Muzeyindən yazdığı reportajı təqdim edir.

Azərbaycanın ən böyük incəsənət muzeyindən hər birinizi salamlayıram. Bura həm “De Burun sarayı”, həm “Bakı Qadın Gimnaziyası”, xülasə, Azərbaycan Milli İncəsənət Muzeyidir. Bu gün muzeyin Elmi-kütləvi işlər şöbəsinin Məktəb bölməsi müdiri Mənsurə Məmmədəliyeva ilə birlikdə tarixi-mədəni səyahətə çıxacağıq.

Mənsurə xanım deyir ki, muzeydə 18 mindən artıq sənət nümunəsi mühafizə olunur. XIX əsrin məşhur memarlıq abidələrindən hesab olunan muzeyin yaranmasının tarixi çox maraqlıdır. Muzey 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində İncəsənət şöbəsi kimi mövcud olub. 1936-cı ildə Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının qərarı ilə həmin şöbənin əsasında ayrıca bir muzeyin yaradılması qərara alınıb.

Milli İncəsənət Muzeyinin “Bədii lövhələr” layihəsi davam edir - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muzey vaxtikən Hacı Zeynəlabidin Tağıyevin malikanəsində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binasında yerləşib. 1951-ci ildə De Burun ikimərtəbəli malikanəsi, 1992-ci ildə isə muzey məkanının genişləndirilməsi üçün Mariniski Qadın Məktəbinin binası da muzeyin istifadəsinə verilib. Bu iki qədim tarixi binanı vahid kompleks şəklində birləşdirmək məqsədilə memar Abdulla Hüseynin layihəsi əsasında 2012-ci ildə tamamlanan keçid korpusu inşa edilib. Sanki müasir üslubda inşa edilən bu korpus milli və dünya xalqları mədəniyyəti arasında körpü rolunu oynayır. Bizim səyahətimizin birinci hissəsi körpünün o tayına, milli mədəniyyətimizə olacaq.

Özümü “Alisa möcüzələr diyarında” filmində hiss edirəm. Hansı zaldan hansı əjdaha çıxacaq, hansı eksponat canlanıb mənim əlimdən tutacaq, bəlli deyil. Sərkərdə maketlərinə geyindirilmiş zirehlər diqqətimi cəlb edir. Onlara baxdıqca XXI əsri tərk edir, çox-çox keçmişə qayıdıram. Elə bil orta əsrlərdə, döyüş meydanının ortasındayam; işıqlandırma, dizayn elə möhtəşəm qurulub ki, əlimdəki telefon olmasa, hansı dövrdə yaşadığımı unudaram.

İmperatriça Mariya Fyodorovnanın adını daşıyan Mariniski Qadın Məktəbinin binasında, milli mədəniyyətimizin “qızıl fondu”nu təşkil edən “qoca” sənət nümunələrinin arasında gəzirəm. Ekspozisiyanın “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisində antik və orta əsrlər dövrü Azərbaycan incəsənəti nümunələri yer almaqdadır. Arxeoloji qazıntılar zamanı əldə edilmiş unikal dulusçuluq sənət nümunələri, bədii metal və ağacdan hazırlanmış məişət əşyaları, Azərbaycan xalçalarının müxtəlif məktəblərinə aid olan nadir növləri, xalça məmulatları, zəngin ornamentli bədii tikmələr və nəfis milli geyimlər, zərgərlik əşyaları (qadın zinət əşyaları, eləcə də kişi və qadın kəmərləri) bu qəbildəndir. Eləcə də vernisajda XIX əsr təsviri sənətimizin ən parlaq simalarından olan Usta Qənbər Qarabağinin, Mir Möhsün Nəvvabın, Azərbaycan realist rəssamlığının əsasını qoyan Mirzə Qədim İrəvaninin, Abbas Hüseyninin əsərləri sərgilənir.

Şüşə arxasında nümayiş olunan bir dəbilqə diqqətimi çəkir. Sonradan məlum olur ki, diqqətimi çəkən şey dəbilqə deyilmiş, sərpuş imiş. Sərpuşlar keçmiş zamanda yeməyin isti qalması üçün qabların üstünə qoyulurmuş. Eynilə “Platform” filmindən xatırladığım səhnə kimi. Həmin səhnədə, deyəsən, “sərpuş” açılandan sonra yeməyin üstünə cumurdular. Bizim sərpuşumuzun da altında yemək olsaydı, çox yaxşı olardı, yaman acmışam. Sərpuşun və digər məişət əşyalarının üzərindəki naxışlar göz oxşayır. Onları hazırlayan ustaların çəkdiyi əziyyət də bu şüşənin arxasında yatır.

Biz insanlar çox qəribəyik, xatirələrimizi ölümsüzləşdirmək, əbədiləşdirmək istəyirik. Amma düşünmürəm ki, bu gün bizim istifadə etdiyimiz əşyalar nə vaxtsa hansısa muzeydə nümayiş olunacaq. Sanki tarix, üzərində zəhmət çəkilmiş və həqiqi istedad sərf olunmuş şeyləri əbədiləşdirir. İndi işlətdiyimiz robot əməyi əşyalar isə, yəqin ki, zibilliklərdən başqa heç yeri bəzəməyəcəklər. Həmin robotların özləri isə nümayiş olunacaq, çünki onların üzərində insan zəkası, zəhməti, əməyi var. Robot olmaq da iş deyil, ehh...

Burda yeni bir ifadə ilə tanış oluram – xov. Sən demə, xalçalar xovlu və xovsuz olaraq iki yerə ayrılırmış. Xovlu və xovsuz məsələsini loru dilində izah etsəm, belə alınar: “tüklü” və “tüksüz”. Əgər hamınızın bundan xəbəri varsa, deməli problem məndədir, cahilliyimə bağışlayın.

Qarşımızdakı xalçanın mərkəzində Ömər Xəyyam və məşuqəsini görürük.Dörd hissəyə bölünmüş möhtəşəm əsərdə ilin dörd fəsli təsvir olunub. Mənsurə xanım bu xalçanın məzmunu haqqında elə məlumatlar verir ki, mən informasiya bolluğundan zəhərlənməyə başlayıram. Deyəsən, muzeyi tərk edəndən sonra informasiyalarımı paylaşmaq üçün kiməsə ehtiyacım olacaq. Vay o adamın halına!

Mən uşaq olanda yuxuya getmədən əvvəl divardan asılan xalçamızın naxışlarına baxırdım. Bizim xalçamız çox maraqsız idi, onun əlindən hələ də yuxusuzluq problemindən əziyyət çəkirəm. İndi bu əsərlərlə baxanda dəli şeytan məni yoldan azdırırdı ki, tez elə, burdan da bir şey çırpışdır, yoxsa bu yuxu dərmanları məni axırda xəstə eləyəcək.

Budur, Əzim Əzimzadənin bir-birindən maraqlı əsərləri. Bu əsərlər mənə Molla Nəsrəddin dövrünü, Sabiri, Mirzə Cəlili xatırladır. Əzim Əzimzadə həmin dövrün tənqidçi şairlərinin, yazıçılarının rəssam halıdır. “Kasıb evində toy”, “Varlı evində toy”, “Kasıb evində Ramazan”, “Varlı evində Ramazan”, “Qurban bayramı” kimi əsərlərdə sosial-ictimai problemlər tənqid edilib. “Varlı evində Ramazan” əsərində ev sahibi şişman, evin xanımı bahalı zinət əşyaları ilə, süfrə də xeyli zəngin təsvir olunub. Diqqətimi çəkən əsas məqam isə o idi ki, evin pişiyi gonbul, tavanı da yüksək göstərilmişdi. “Kasıb evində Ramazan” əsərində isə, demək olar ki, süfrədə heç nə yoxdur, evin kişisi çox arıqdır, xanım isə cır-cındır içindədir. Bayaq diqqətimi çəkən əsas məqamın son nöqtəsini burda qoyuldu. Evin pişiyi acından üzülüb, tavan da çox alçaqdandır. Rəssam müxtəlif mövzuları iki tərəfdən – varlı və kasıb tərəflərindən göstərərək sosial bərabərsizliyi tənqid edib. Varlılar göstərilən əsərlərdə açıq rənglərdən, kasıblar göstərilən əsərlərdə isə solğun rənglərdən istifadə olunub. Bu incəlik, estetika rəssamlığa olan marağımı yenidən oyatdı. Uşaqlıqda evdəkiləri bezdirib məni rəssamlığa qoymaqları üçün yalvarıb sonradan bezmişdim.

XX əsr Azərbaycan incəsənəti zallarında korifey rəssamlarımızın əsərləri sərgilənir. Kolleksiyada Bəhruz Kəngərli, Nadir Əbdürrəhmanov, Baba Əliyev, Toğrul Nərimanbəyov, Xalidə Səfərova, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Mikayıl Abdullayev, Elmira Şahtaxtinskaya, Rasim Babayev, Elbəy Rzaquliyev, Maral Rəhmanzadə, Tağı Tağıyev, Vəcihə Səmədova, Ömər Eldarov, Toğrul Sadıqzadə və sair rəssamların bədii lövhələri var. Səttar Bəhlulzadə və Tahir Salahov yaradıcılığına xüsusi zallar ayrılıb.

Muzeyin iş vaxtı bitmək üzrə idi. Sonda qadın surətində təsvir edilmiş, amma fəsilləri göstərən heykəllərin yanından keçəndə, Mənsurə xanım dedi:

– Bir azdan siqnalizasiya qoşulacaq.

O bunu deyən kimi muzeyə gələnlərin yavaş-yavaş çıxış qapısına tərəf getdiyini görürəm. Başa düşürəm ki, özüm də burda artığam.

# 3346 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #