Oğlanın darıxmağı mənə də keçdi – Sevinc Elsevərdən yeni şeirlər

Sevinc Elsevər, şair

Sevinc Elsevər, şair

19 iyul 2022
# 11:20

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.


Görüş

Yaz gəldi
köhnə sevgililər
quşla budaq
çiçəklə arı
görüşdü bağda
ayrılığın hesabını sormadan bir-birinə...

Şəfəq və qürub

Günəş ya doğurdu,
ya batırdı dənizin üzərində
divardakı rəsmdə
nə vaxt ki, əhvalı şəndi
doğurdu günəş qıpqırmızı üfüqdə.
Qəmə batdısa
batırdı günəş
axşam düşürdü
evində.

***

Borclarımın siyahısını yazdığım dəftərin
səhifələrində
şeirlərimin qaralamaları...
Şeir yazmaq da borcumdur mənim.

***

"Allah xatirinə verirsən", - deyə
minnət qoyur
ovcuna pul basdığım dilənçi
qırılan qürurunu
xilas eləməyə çalışır beləcə...
Rüşvət vermiş,
nəyisə satın almış kimi hiss edirəm
sözlərinin qarşılığında
əl tuturmuş kimi yox...

***

Çobanaldadan yağış
qızı da aldatdı
qaçıb mindi avtobusa
bir az da tez ayrıldı sevgilisindən.

Dalınca baxdıq dayanacaqda
cavan oğlanla mən
qız getdi
darıxdırıcı oldu dayanacaq.
Oğlanın darıxmağı mənə də keçdi
indi
mən durduğum yerdən baxanda
gənclik nə gözəldi!

Kiçiklik

Nəhəng və qədim
çinar ağacıyla durmuşam yanaşı
çox balacayam, xırdayam yanında.
Onun əlçatmazlığı
mənim kiçikliyim incitmir əsla.
Əksinə, sevgi duyuram
sırmaşıram ağaca
necə ki, anasının ətəyinin dibində
arxayın dayanır bir uşaq.
Necə ki, anasının qıçlarına sarılır
boylanır altdan yuxarı sonsuz bir sevgiylə...

Azər Nəsiboğlu

Mart ayıdır,
soyuqdur
söykənmişəm heykəlinin daşına
İncəsənət Gimnaziyasının önündə
gözləyirəm.
Yorğun və səbirsizəm...
qorunuram həm soyuq,
həm şıltaq küləkdən
qəfil içimi isidir kövrək bir duyğu

canlı divar olmuşdun
milyonların qabağında illər öncə
beləcə,
Azər Nəsiboğlu!

O Gülbahar

Dəbdir
klassiklərin şəkillərini vururlar
dəftərlərin üzünə
ya diqqət çəkməyə,
ya ehtiram xətrinə.

Cavid Əfəndinin şəkli olan dəftəri
bilmir əlindən hara qoysun
gənc tələbə qız.
Ən pak yeri axtarır nəzərləriylə
Masasında.

Şəkli qorumaq üçün
şəffaf üz çəkir dəftərə.
Mürəkkəb ləkəli,
mürəkkəb qoxulu gül əlləriylə
sığal çəkir şəklin üzünə sonra
salavat çəkən kimi öz üzünə
təzə ayın qənşərində.

Ürəyində pıçıldayır tez-tez:
"Cavid Əfəndinin ruhu köməyim olsun!".
Sonra... sonra
hər dəfə daha ürəklə girişir
yazıb-oxumaq işlərinə
o Gülbahar.

"Ədəbiyyat" qəzeti

# 2124 dəfə oxunub

Oxşar xəbərlər

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

"44 günlük Vətən müharibəsi ədəbiyyatımızda" - Bədii-kulturolji layihə

14:03 18 yanvar 2025
Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

Film Fondunda “Bir ömürlük xatirə” kitabının təqdimatı olub

11:50 18 yanvar 2025
“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

“Evdə tək” filminin çəkildiyi malikanə satıldı

18:00 17 yanvar 2025
20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

20 Yanvar hadisələri ilə əlaqədar virtual kitab sərgisi

17:45 17 yanvar 2025
“44” filminin çəkilişləri davam edir

“44” filminin çəkilişləri davam edir

17:12 17 yanvar 2025
“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

17:00 17 yanvar 2025
# # #