Nəbi Xəzrinin oğlu: “Ağlaya-ağlaya ölüm tez gəlsəydi, deyirdi” - Müsahibə

Nəbi Xəzrinin oğlu: “Ağlaya-ağlaya ölüm tez gəlsəydi, deyirdi” - Müsahibə
15 yanvar 2019
# 20:33

Bu gün mərhum Xalq şairi Nəbi Xəzrinin doğum günüdür. Yaşasaydı 95 yaşını qeyd edəcəkdi. Kulis.az “Atamın xatirəsi” layihəsindən Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayevlə müsahibəni təqdim edir.

- Ənənəvi sualımızla başlayaq: layihəyə dəvət olunanda atanızla bağlı ilk yadınıza düşən nə oldu?

- Nəbi Xəzrini gözəl bir ata kimi xatırlayıram. O, öz şeirlərini mürəkkəbi qurmamış bizə oxuyardı. Ata kimi onun haqqında çox xatirə danışmaq olar. Onun gözəl tərbiyəsi, tərbiyəsindən tutmuş uşaqlarını necə istəməsinə kimi. İlk oxucuları biz ailəsi olmuşuq. Həmişə şeirləri bizə oxuyanda qeydlər tələb edərdi. Oxucu və dinləyici rəyi onun üçün vacib idi.

- Ailədə üç uşaq olmusunuz? Ən çox kimə vaxt ayırırdı?

- Bəli, ailədə üç uşaq olmuşuq. İki bacı, bir qardaş. Bölgüsü yox idi. Valideyn kimi üçümüzə də eyni qayğını və məhəbbəti göstərirdi.

- Evdən necə biri idi: Sərt idi, yoxsa mülayim? Qadağalar qoyurdu?

- Sözsüz. Azərbaycanlı, müsəlman kişisi kimi ailədə müəyyən riayət etdiyi dəyərlər vardı. Xasiyyəti bir balaca ağır olsa da, ailəsini sevirdi, uşaqlarına çox bağlı idi. Hətta, sizə onu deyim ki, atam torpağına da çox bağlıydl. Çünki demişdi ki, dünyanı gəzsəm belə mənim cənnətim Bakıdı, dənizdi, qumudu, Xırdalandı. İldə iki ayı bağda qalmalıyıq deyirdi. Abşeronun bağlarını behişt hesab edərdi.

- Ata-oğul münasibətini kənara qoysaq... Sizinlə dost olurdumu? Zarafat edirdimi?

- Dostluq da edirdi. Müəyyən məqamlar olurdu ki, bizlə dost olurdu. Bacılarımla fərdi söhbət aparırdı, həmçinin mənimlə də. Mən atama verdiyi tərbiyəyə görə çox minnətdaram. Gözəl tərbiyə verməklə bizi cəmiyyətə hazır, tam şəxsiyyət kimi formalaşdırdı.

- Bəs qızlarına qadağalar qoyurdumu?

- Sözsüz ki, qadağalar qoyurdu, amma müəyyən qədər. Bacılarım indi də deyirlər ki, atamızın ruhuna minnətdarıq. O dövrün qız uşaqlarını tərbiyəsinə yanaşma başqa cür idi, o vaxtı internet yox idi, sosial şəbəkələr yox idi, indi tamam başqa cürdür. O vaxtın qaydalarına görə atam sərt idi.

- Uşaqlarını döyürdümü? Evdə belə hadisələr olurdumu? Yaxud sizin ona qarşı çıxdığınız məqamlar olurdumu?

- Olub, məni bir-iki dəfə döyüb. Düşünürəm ki, əgər o məni döyübsə, nahaq yerə döyməzdi. Məktəbdə oxuyanda döyüb, çoxdan olub.

- İlk dəfə Nəbi Xəzrini şair kimi necə kəşf etdiniz?

- Oxumaq, yazmaq biləndə. Balaca vaxtlarımdan yadıma gəlir ki, yazdığı şeirləri evdəkilərə oxuyardı. Oxumağı öyrənəndən sonra özüm götürüb şeirlərini oxuyurdum.

- Hətta müsahiblərinizin birində demişdiniz ki, Nəbi Xəzri şeirini sizə oxuyanda, siz məsləhət görmüsünüz ki, filan misradakı sözü dəyişək. Necə olub bu hadisə?

- Qeyd etdiyim kimi o bizdən qeyd tələb edirdi. Anamdan da, bacılarımdan da. Bir dəfə utana-utana dedim ki, ata bu şeirində bu misradakı fikri dəyişək. O da gördü ki, dediyim uyğun gəlir. Nəbi Xəzri deyirdi ki, düzgün tənqidi qəbul edirəm. Düzgün tənqid köməkdi deyirdi yaradıcı insana.

- Yadınıza düşür hansı şeir idi?

- Xeyr, yadıma düşmür.

- Yaxın dostları kimlər idi?

- Cabir Novruz, Slavyan Universitetinin müəllimi şair Şükür Xanlarov. Şair Söhrab Tahir, şair Qabil. Bir də üç bacanağı var idi. Ümumiyyətlə özləri 4 bacanaq idilər: Nəbi Xəzri, şair Məstan Günər, yazıçı İsa Muğanna, ədəbiyyatşünas Calal Abdullayev. Bacanaqları ilə az-az görüşsə də bir-birinin evinə doğma adamlar kimi gəlib-gedirdilər. Rus şairlərdən də dostları vardı. Yevgeni Yevtuşenko, Robert Rojdestvenski, Rəsul Hamzatov, Anatoli Peredreyev, Sergey Vasilyev. Rusiyanın tanınmış ədəbiyyatşünası, publisisti Yurie İdaşkin. Rus ədəbi mühitində də Nəbi Xəzrinin böyük hörməti olub. Çünki Rusiyada onun on beş kitabı çap olunub. 70 kitabdan on beşi Rusiyada çap olunub.

- Kimlər tez-tez evinizə gələrdi? Tanınmışlardan...

- Gəlirdilər... Cabir Novruz, Şükür Xanlarov tez-tez gəlirdi bizə. Qabil hərdənbir gəlirdi.

- İsa Hüseynovla münasibəti necə idi?

- Çox yaxşı. Az-az görüşürdülər amma görüşəndə doğma tələbə yoldaşı kimi görüşürdülər. Sevinirdilər bir-birlərini görəndə.

- Qazağa gedirdimi bəs?

- 1976-cı ildə Səməd Vurğunun 70 illiyinə getmişdi. 86-da Səməd Vurğunun 80 illiyinə. Təzə evlənən vaxt deyəsən getmişdi. Cavanlıqda İsa Hüseynovla dost olan vaxtlarda da getmişdi. 67-ci ildə də getmişdi.

- Orada maraqlı əhvalat yaşayıb? Bilmirsiniz?

- Bəlkə də yaşayıb, amma bilmirəm.

- Səməd Vurğunla da münasibəti olub, atanızı Yazıçılar Birliyinə o üzv edib deyəsən...

- Səməd Vurğun onun şeirini oxuyandan sonra diqqətini cəlb edib və çağırıb yanına. Atamı təkidlə Yazıçılar Birliyinə üzv eləmişdi. Anam danışırdı ki, 56-cı ildə Səməd Vurğun rəhmətə gedəndə Nəbi dəhşətli dərəcədə hönkürdü. Onun qədər hönkürən görməmişdim. Sanki doğmasını itirmiş kimi çox sarsıldı. Bir onu deyirdi ki, yetim qaldıq. Mənəvi atamız kimi cavan şairlər yetim qaldı deyirdi. Çünki bütün cavan şairlərə qayğı göstərirdi, ürək dirək verib həvəsləndirirdi ki, bu sənətə gələnlərin sayı çox olsun. Poeziya inkişaf eləsin.

- Stolüstü kitabları nələr idi?

- Dünya klassiklərini demək olar ki, mütaliə eləmişdi. Folknerdən tutmuş, Drayzer, Cek London, Puşkin, Balzak və müasirlərin də hamısını oxumuşdu. Onun mütaliəsi çox zəngin idi. Kitabların hamısını oxuyub qurtarandan sonra keçirdi “Azərbaycan” jurnallarını oxumağa. Görürdüm ki, jurnallar əlindən düşmür. Deyirdi ki, bilmirəm daha hansı kitabı oxuyum. Atam deyirdi ki, bütün təfəkkür də, dünya görüşü də, dünyaya çıxmaq da mütaliədən gəlib keçir.

- Övlad itkilərini, ağrıları necə yaşamışdı?

- Biz beş uşaq olmalıydıq. Üçüncü bacım cəmisi iki il yaşayıb. Lalə idi adı. 60-cı ildə bir qardaşım dünyaya gəlib. O da cəmisi dörd il yaşadı. Nəbi Xəzrinin həyatında acılı anlar çox olub. Məndən iki yaş böyük qardaşım var idi, Ələkbər, 1960-cı ildə anadan olmuşdu, təəssüf ki, 1964-cü ildə - cəmi 4 yaşında dünyasını dəyişdi. Bu atama böyük zərbə oldu, ömrünün axırına qədər onun sarsıntısından xilas ola bilmədi. Atam 1960-cı ildə “QAZ-21” markalı maşın almışdı. Mən iki, qardaşım dörd yaşında olanda hər ikimizi qabaq oturacaqda əyləşdirər, ya kəndə, ya da bağa aparardı. Qardaşımdan sonra isə o maşına yaxınlaşa bilmədi. Bir neçə dəfə oturdu, sükan arxasına keçən kimi gözlərindən yaş gilələnərdi, deyərdi, “elə bil Ələkbər buradadır, gəlib orada oturub”. Sonda o maşını satdı, başqası ilə əvəzlədi.

Sonra mən dünyaya gəlmişəm. Ağır travmalar yaşayıb. Bununla bağlı iki şeir yazıb. Bacım Laləyə "İki yaşında" şeiri yazıb. Qardaşım Ələkbərə isə "Həzin misralar".

Övlad itkilərində elə bil bir balaca sakitləşmişdi. Çünki 89-cu ildə ən böyük sarsıntını həyat yoldaşını, anamı itirəndə yaşadı. İki övlad itkisi sanki yatmış və qaysaqlanmış yaranın üstünə bir yara gətirmişdi. Anamı itirəndə onun xasiyyətində bir dəyişiklik oldu. 89-dan 2007-ci ilə dünyasını dəyişən günə qədər anamın adını çəkib ağladı. Ona bir kitab həsr elədi. 9 yaşında atasını itirdi.

- Dəhşətdi...

- İkinci Dünya müharibəsində 1942-43-cü illərdə tikinti batalyonunda arxa cəbhədə xidmət edən Nəbi Xəzri xəstələndiyinə görə tərxis edilir. Yüksək hərarətlə və ağır vəziyyətdə evlərinə qayıdır. Kəndə daxil olanda böyük bacısı Xanımana xanımgilə gedir. Lakin doğma bacısı da onu tanıya bilmir.

“O dövrdə əsgərlərin vəziyyəti yaxşı deyildi. Tez-tez qapı döyüb, imkansız olduğunu deyirdilər. Atamı görən bibim onu tanımamış, kobud danışmışdı.

“Bayaq gəldim, yemək də verdim. Uşaqlarımın boğazından kəsməyəcəm ki...” - deyib. Görür ki, əsgər dayanıb getmir və gözündən yaş gəlir. Birdən-birə bacısı onun gözlərinə diqqətlə baxır və “atamın balası”-deyərək boynunu qucaqlayır.

- Qəribə taleymiş...

- Fürsətdən istifadə edib bir şeyi deyim ki, indiki cavanlar çox kitab oxumurlar, ancaq internetdədilər. Feysbuk sosial şəbəkəsində Nəbi Xəzrinin rəsmi səhifəsini açmışam. Admini mənəm. Hər gün onun ən azı iki-üç şeiri paylaşılır. Nəbi Xəzrinin yaradıcılığından kim yararlanmaq istəyirsə, səhifəyə baxa bilər, orada həm fotoşəkilləri, haqqında müəyyən məqamlar, xatirələr var.

- Həyat yoldaşı ilə tanışlıq tarixçəsi necə olub?

- Anam qazaxlıdı. İsa Muğanna anamın xalası oğludu. Həmçinin Firuzə xalamın həyat yoldaşıdır. Anam tələbə olanda böyük xalam İsa Muğannagildə qalırdı. Böyük bacısının yanında. Atam İsa Muğanna ilə tələbə yoldaşı olanda onlara gedib gəlirdi. Orada görüblər bir-birlərini.

- Heç bir problem, əngəl olmayıb?

- Yox, hətta atam Moskvaya oxumağa gedəndə nənəm deyib ki, gedib oradan rus qız gətirmə. Tək gedirsən, tək də gəlirsən. Gəlib qızı Azərbaycandan alırsan. Hansı qızı məsləhət bilsən özüm gedəcəm qapısına. Gəlib deyib ki, İsanın xalası qızına elçi get.

- Daha çox Bakını yoxsa Qazağı sevirdi?

- Bakıya bağlı idi. Bakı ilə nəfəs alırdı. Baxmayaraq ki, anam Qazaxlı idi. Hətta ona da sevdirmişdi Bakını. Hər bölgənin öz xasiyyəti olur axı. Anam demək olar ki, ləhcəsində qalmışdı, amma bütün ruhu ilə o da Bakıya bağlı idi. Deyirdi ki, elə bilirəm Bakıda doğulmuşam.

- Nəbi Xəzrinin son günlərini necə xatərlayırsınız?

- Əzab içində. Ölümündən bir neçə ay qabaq şeirlərini öz səsiylə kitabdan oxuyurdu. Sanki elə bil poeziyası ilə vidalaşırdı. Mənim yanımda tez-tez olurdu. Tək qalırdı və ona baxanlar vardı. Demişdik gələk sənlə qalaq istəməmişdi. Ağlayıb deyirdi ki, ölüm tez gəlsəydi gedib Gülarəyə qovuşardım.

- Sizə son sözü, vəsiyyəti nə oldu?

- Ölümündən haradasa 3-4 gün əvvəl insult keçirdi, bir tərəfi tutuldu və nitq qabiliyyətini itirdi. Elə ancaq “istəmirəm” deyirdi, iynədən, dərmandan, yeməkdən hər şeydən “istəmirəm” deyərək imtina edirdi. Dili başqa söz tutmurdu. Xəstəxanaya aparanda da “istəmirəm” deyib etiraz edirdi. Beləcə, 2007-ci il yanvarın 15-də səhər saat 10:45 radələrində atam, böyük şair Nəbi Xəzri dünyasını dəyişdi. Görünür, bircə anama “istəmirəm” sözünü deyə bilmədi... Vəsiyyət, son söz deyə bilmədi ki, dili tutuldu birdən-birə. Sağ əli tutuldu beynin sağ yarımkürəsi. Fəaliyyətdən qaldı və dili də tutuldu. 4 gün danışmadı. Sözlər bəlkə də gəldi qayıtdı.

# 17765 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #