Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.
Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Onun atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə güzəran qurub. İşgüzar fəaliyyəti ilə yanaşı həm də Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb.
1933-cü ildə sovet vətəndaşlığını qəbul etməyən ailə Bağırovun göstərişinə əsasən 24 saat ərzində ölkəni tərk etməli olurlar.
Üçüncü sinfə qədər rus dilində təhsil alan Lütfi Zadə Tehranda ingilis dilində yazıb oxumağa məcbur olur. Lakin rus klassiklərinin əsərlərinin hamısını orijinalda oxuyur. Sonralar Lütfi Zadənin Tehran dövrü barədə öz xatirələrini qələmə alan arvadı Fey yazır: “Ərimi ilk dəfə görəndə 12 yaşım vardı. Ruscası əlaydı. Kitabxanasında 2000-dək kitab vardı. Hamısı da rus dilində. Lütfi Zadə 1931-ci ildə ailə İrana sürgün edildiyi zaman öz kitablarını unutmur. İki min nüsxəlik bu nəhəng kitabxanasını Tehrana aparır”.
Lütfi Zadə Litvadan İrana qaçmış yəhudi qızı, gələcək həyat yoldaşı Fey ilə də Tehranda təhsil aldığı “Alborz” məktəbində tanış olur. Onlar ailə qururlar. Lütfi Zadə Feyi də götürüb Amerikaya köçür. Fey həmin günləri belə xatırlayır: “Bakıya təzim etmədən o, görünür, öz nəzəriyyəsini elan etmək istəmirdi. Amerikada əvvəlcə bir o qədər də ciddiyə almırdılar Lütfini. Bu ideyaya siftə yaponlar, bir də Sovet alimləri dəyər verdi. O, bu nəzəriyyəsini eyni vaxtda həm SSRİ elminə təqdim etdi, həm də Amerika alimlərinə. Moskvanın ”İnformasiya nəqli məsələləri" dərgisində çap olunan məqaləsini o özü ruscaya tərcümə etmişdi. Buradakı əsas elmi ifadələri məhz özü zərgər dəqiqliyi ilə ruscaya uyğunlaşdırmışdı. Əfsus, Lütfinin bu novatorluğu rusları deyil, yaponları qəflət yuxusundan oyatdı. O sübut etdi ki, rəqəmlər dəqiq, bəsit deyillər. O sübut etdi ki, dünya ağ və qara rənglərdən ibarət deyil. Ortada çox sayda naməlum ölçülər, rəqəmlər, hələ öz işarəsini, adını qazanmamış anlayışlar var”.
Alimin ixtirasını ilk dəfə 1973-cü ildə bir buxar makinasında professor İbrahim Madani sınaqdan uğurla çıxarıb. 1980-ci ildən sonra Lütfi Zadənin ulduzu elm sahələrində daha da parlayır. Yaponiyada “qeyri-səlis məntiq” əsasında yaranmış yeni texnologiyalar əsl möcüzəyə səbəb olur. İndi Yaponiyada mindən çox alim bu sahəni araşdırır. Çində isə indi 10 mindən çox “nisbi məntiq” mütəxəssisi mövcuddur. Müasir dövrün ən incə dəqiq hesablamaları, texnologiyaları indi “fuzzy loqic” nəzəriyyəsi olmadan mümkün deyil. Yeni robotlar nəslini istehsala buraxanlar indi öz bütün hesablamalarını məhz “qeyri-səlis məntiq” əsasında hazırlayırlar.
Lütfi Zadə Allaha inanan adam olub. Deyilənə görə o, hər bir addımında Allahın adını çəkir, “Allah mənə nə qədər ömür veribsə, o qədər yaşayacağam” deyirmiş. Tehranda tələbə olanda isə gündə beş dəfə namaz qılırmış. Ömrünün son illərində isə müsəlman qaydaları ilə dəfn olunmasını vəsiyyət edib.
Uzun illər Amerikada yaşasa da, Azərbaycan yeməklərini - səbzi-qovurmanı, badımcan dolmasını, borş və peraşkini çox sevib. Evdə daha çox Azərbaycan yeməklərinə üstünlük verib. Daha çox səbzi plov, badımcan, tikə, lülə kabab yeməklərini xoşlayıb. Evdə xanımı və yaxınları ilə danışan zaman Azərbaycan sözlərindən istifadə etsə də, daha çox rus dilində danışmağa üstünlük verib.
Lütfi Zadə tanınmış rejissor Cənnət Səlimovanın xalası oğludur. Onlar mehriban uşaqlıq illərini bir yerdə keçirsələr də, sonradan uzun müddət görüşməyiblər.
Akademikin yaxşı rəssamlıq qabiliyyəti olub. Ronald Reyqanın, Corc Buşun portretlərini çəkib. Bundan başqa o, həm də yaxşı rəqqas olub. Deyilənə görə, 95 yaşında Berkli universitetinin tədbirində o qədər gözəl rəqs edir ki, salondakı insanların hamısı heyran qalır.
O, illər öncə xanımı ilə birlikdə qərar verirlər ki, dünyalarını dəyişəndə kremasiya olunsunlar. Xanımı dünyasını dəyişəndə bunu edirlər. O, ölənə qədər xanımının külünü evində saxlayır. Lütfi Zadə isə sonradan qərarını dəyişir. Müsəlman qaydası ilə dəfn olunmasını vəsiyyət edir. Xanımından sonra isə cəmi bir il yaşayır. Vəsiyyətinə əsasən ölümündən sonra Bakıda Fəxri xiyabanda dəfn olunur.
Professor dəfn olunanda oğlu Norman Lütfizadə başqa şəhərdə olduğundan dəfn mərasiminə gələ bilmir.