Muxtar Kazımoğlu: “Kamal Abdulla bu dastanın dünyada lazımi səviyyədə tanıdılmasına xüsusi fikir verir” – Müsahibə

Muxtar Kazımoğlu:  “Kamal Abdulla bu dastanın dünyada lazımi səviyyədə tanıdılmasına xüsusi fikir verir” – Müsahibə
21 oktyabr 2026
# 10:00

Oktyabr ayının 2-də Almaniyanın Drezden şəhərində "Kitabi- Dədə Qorqud"a həsr olunmuş beynəlxalq simpozium keçirilib.

Kulis.az Azərbaycan Dillər Universiteti Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar Kazımoğlu-İmanovla simpozium barədə müsahibəni təqdim edir.

- Muxtar müəllim, simpoziumda iştirak etmiş alimlərdən biri kimi Sizin o tədbirlə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Drezden Milli Kitabxanasında keçirilən simpoziumda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Türkiyə və İtaliyadan tanınmış tədqiqatçılar, o cümlədən dövlət adamları, diaspor nümayəndələri də iştirak edirdilər. Simpozium Azərbaycan Dillər Universitetinin, Azərbaycanın Almaniyadakı səfirliyinin, Drezden Milli Kitabxanasının birgə təşkilatçılığı, həmçinin səfirliyin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilirdi.

- Simpoziumun keçirilməsi hansı zərurətdən doğub?

- Bu suala cavab vermək üçün qeyd etməliyəm ki, simpoziumun təşəbbüskarı Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulladır. "Kitabi-Dədə Qorqud"la bağlı bir neçə qiymətli monoqrafiyanın, "Yarımçıq əlyazma" kimi fərqli romanın müəllifi olan Kamal Abdulla bu dastanın dünyada lazımi səviyyədə tanıdılmasına xüsusi fikir verir. "Kitabi-Dədə Qorqud"un dünya miqyasında tanıdılması istiqamətində Kamal Abdullanın gördüyü mühüm işlərdən biri bu dastanın alman eposu "Nibelunqlar nəğməsi" ilə müqayisəsi, bu müqayisəyə həsr edilmiş simpoziumların keçirilməsi olub. Həmin simpoziumlardan biri 2009-cu ildə-Kamal Abdulla Slavyan Universitetində rektor olarkən Bakıda keçirilib. Tədbir Bakı Slavyan Universiteti, Almaniyanın Maynts Universiteti və Osvald fon Volkenşteyn Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Simpoziumun mövzusu belə olub: ““Dədə Qorqud kitabı” və “Nibelunqlar nəğməsi”: eposların mədəniyyətlərarası kontekstdə müqayisəsi”. Həmin eposların müqayisəsinə həsr olunmuş ikinci simpozium 2011-ci ildə Almaniyanın Maynts Universitetində təşkil olunub. Azərbaycandan Kamal Abdulla, Tofiq Hacıyev, Rəhilə Qeybullayeva, Almaniyadan Ziqlinde Hartman, Hendrix Buşoten, Regina Törfer kimi tanınmış alimlərin qatıldığı simpoziumlardan birincisinin materialları 2011-ci ildə Azərbaycanda, ikincisinin materialları isə 2015-ci ildə Almaniyada çap olunub. Bu faktları xatırlatmaqda məqsədim bu il oktyabrın 2-də Drezden Milli Kitabxanasında keçirilən beynəlxalq simpoziumun yaranma tarixinə nəzər salmaq, bu tarixin hansı elmi-strateji xətdə xidmət etdiyini diqqətə çatdırmaqdır. Xatırladım ki, oktyabrın 2-də keçirilən “Dədə Qorqud” simpoziumu Kamal Abdullanın təşəbbüsü ilə Drezden Milli Kitabxanasında təşkil olunan simpoziumların üçüncüsüdür. Simpoziumlardan birincisi 1999-cu ildə dastanının 1300 illik yubileyi, ikincisi isə 2015-ci ildə dastanın ilk nəşrinin və elm aləminə məlum olmasının 200 illiyi münasibətilə məhz Drezden Milli Kitabxanasında keçirilmişdi.

Muxtar İmanov yeni vəzifə aldı | Axar.Az

- Üç beynəlxalq simpoziumun Drezden Milli Kitabxanasında keçirilməsi nə ilə bağlıdır?

- “Dədə Qorqud”a aid üç beynəlxalq simpoziumun Drezden Milli Kitabxanasında keçirilməsi, əlbəttə, təsadüfi deyil. Məsələ burasındadır ki, “Dədə Qorqud”un ən mükəmməl əlyazma nüsxəsi məhz bu kitabxanada saxlanılır. Əlyazmanın bura necə gəlib düşməsini aydınlaşdırmaq üçün Drezden şəhərinin və həmin şəhərdəki milli kitabxananın tarixinə ümumi nəzər salmaq lazım gəlir. Almaniyanın şərqində, Elba çayının sahilində yerləşən Drezden bir vaxtlar Saksoniya federal əyalətinin paytaxtı olub. XV-XVI əsrlərdə bu paytaxt şəhəri yalnız siyasi yox, həm də mədəni mərkəzə çevrilib. XVII-XVIII əsrlərdə Drezden nəinki Almaniyanın, eləcə də Avropanın əsas mədəni mərkəzlərindən biri kimi xüsusi şöhrət qazanıb. 1945-ci ildə - İkinci Dünya müharibəsinin sonlarında ağır bombardmana məruz qalan Drezdendə tarixi binaların bir çoxu dağıdılsa da, şəhər sonralar bərpa edilib. Bu gün Drezden öz muzeyləri, kitabxanaları, opera teatrı və bir çox memarlıq abidələri ilə tanınan şəhərlər sırasındadır. Drezden Milli Kitabxanası Drezden Kral Kitabxanasının əsasında yaradılıb. Vaxtilə bu kitabxananın əsas fondu Saksoniya hökmdarlarının kitab kolleksiyalarından ibarət olub. Kitabxananın əsası 1556-cı ildə qoyulub. XVIII əsrdə nadir əlyazmaların, xəritələrin, qədim çap kitablarının, eləcə də şəxsi kitabxanaların fonda daxil edilməsi hesabına kitabxana öz kolleksiyasını xeyli dərəcədə genişləndirib. 1788-ci ildə kitabxana ictimaiyyətin istifadəsinə verilib. XIX-XX əsrlərdə kitabxana elmi tədqiqatların və universitet təhsilinin mühüm mərkəzinə çevrilib. Kitabxanada Şərqə aid əlyazmalar Qərbə aid əlyazmalardan sayca daha çoxdur. Belə ki, kitabxanada Şərqə aid təxminən 1000, Qərbə aid isə 700-ə yaxın əlyazma var. Kitabxananın verdiyi rəsmi məlumatdan aydın olur ki, “Kitabi-Dədə Qorqud”un əlyazmasını kitabxanaya 1753-cü ildə Françesko Culiani adlı bir adam satıb. O adam əslən italyalı olub, onun tərcüməçi və diplomat kimi Osmanlı dövləti ilə əlaqələri olub. Onun satdığı “Dədə Qorqud” əlyazması kitabxanada 1754-cü ildə tərtib olunmuş əlyazmalar kataloqunda qeydə alınıb. Alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə “Kitabi-Dədə Qorqud”un bir boyunu- “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edib. Həmin tərcüməni və boy haqqında yazdığı qiymətli məqaləni çap etdirməklə Fridrix fon Dits “Kitabi-Dədə Qorqud”u elm aləminə tanıtdırmış olub. Haqqında danışdığımız “Dədə Qorqud” simpoziumlarının Drezden Milli Kitabxanasında keçirilməsi hər şeydən əvvəl, dastanın ən tam əlyazmasının həmin kitabxanada qorunub saxlanması ilə bağlıdır. 2 oktyabr simpoziumunun Drezden Milli Kitabxanasında keçirilməsinin həm də konkret bir səbəbi vardı. Konkret səbəb o idi ki, Kitabxana bu il dastanın faksimilesini yüksək keyfiyyətdə nəşr edib. Xatırladım ki, həmin nəşr örtülü şüşə altında simpozium iştirakçılarına nümayiş etdirilirdi.

- Simpoziumun əsas mövzusu nə idi və mövzu ətrafında hansı məruzələr dinlənildi?

- Məruzələr barədə danışmamışdan qabaq dövlət rəsmilərinin çıxışlarını xatırlatmağı vacib sayıram. Simpoziumun açılış toplantısında Drezden Milli Kitabxanasının baş direktoru Katrin Ştump, Saksoniya əyalətinin Elm, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Martin Şöne, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla çıxış etdilər. Mükəmməl əlyazması Drezden Milli Kitabxanasında qorunan “Kitabi-Dədə Qorqud” un dünya miqyaslı bir epos olması və bu eposun ölkələrarası əlaqələrin genişləndirilməsində mühüm rol oynaması açılış toplantısında çıxış edənlərin xüsusi vurğuladığı əsas məsələlərdən biri oldu.

O ki qaldı simpoziumda dinlənilən elmi məruzələrə, qeyd etməliyəm ki, məruzələrdə “Kitabi-Dədə Qorqud” həm türk, həm də dünya epik ənənələri çərçivəsində müzakirə edildi. Bu istiqamətlər simpoziumun adında da öz ifadəsini tapmışdı. Simpozium belə adlanırdı: ““Kitabi-Dədə Qorqud” türk xalqlarının mədəni irsi və dünya eposları kontekstində”. Məruzələr iki bölmə daxilində dinlənildi. ““Dədə Qorqud” eposu: əlyazma irsi, tarixi yaddaş və türk xalqları mədəniyyəti” adlanan birinci bölməyə Humbolt Universitetinin professoru Eva-Maria Aux sədrlik edirdi. 1980-ci illərdə Bakıda çalışan, burada ərəb və digər Şərq dillərini öyrənən bu xanım “Dədə Qorqud” eposunun ikitərəfli gediş-gəlişə zəmin yaradan mənəvi körpü rolu oynamasını vurğulayıb, ilk elmi məruzə üçün akademik Kamal Abdullaya söz verdi. Kamal müəllim “Dədə Qorqud” dastanının alt qatda gizlənmiş mifoloji sistemindən bəhs etdi və dastana elmi yanaşmada bu sistemi nəzərə almağın zəruriliyini diqqətə çatdırdı.

Akademik Nizami Cəfərov “Dədə Qorqud” eposundan “Koroğlu”ya keçidin poetik-etnoqrafik qanunauyğunluqlarını öz məruzəsinin ana xətti kimi təqdim etdi.

Türkiyənin Gümüşxanə Universitetinin professoru Cahangir Qızılözənin məruzəsi mətnşünaslıq məsələlərinə həsr olunmuşdu. O, “Dədə Qorqud”un Drezden, Vatikan və son vaxtlar tapılan Bursa nüsxələri əsasında dastan mətnindəki mübahisəli söz və ifadələrin yenidən oxunması problemini qaldırdı.

Simpoziumun ikinci bölməsinin sədri almaniyalı professor Mixael Hess idi. Bölmə belə adlanırdı: ““Dədə Qorqud” və dünyanın epik irsi: müqayisəli yanaşmalar və yeni tədqiqat perspektivləri”. “Dədə Qorqud” eposu ilə bağlı yeni tədqiqat perspektivlərindən birini Türkiyənin Dil və Sistem Fondunun sədri Burak Eke nişan verdi. Burak bəy süni intellekt və rəqəmsal texnologiya müstəvisində eposu araşdırmağın yeni imkanlarından söhbət açdı.

Almaniyanın Auqsburq Universitetinin professoru Klaus Volf eposa müqayisəli yanaşmanın yeni bir səhifəsini təqdim etdi. Söhbətimizin əvvəlində mən “Dədə Qorqud”un “Nibelunqlar nəğməsi” ilə müqayisəsindən və bu müqayisə çərçivəsində Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən layihədən bəhs etmişdim. Klaus Volfun araşdırmasında müqayisəli yanaşma baxımından yenilik ondan ibarət idi ki, o, “Dədə Qorqud”u almanların başqa bir eposu olan “Kudrun”la müqayisə edirdi və bu iki epos arasında oxşar motivlər üzə çıxarırdı.

Simpoziumun ikinci bölməsində dinlədiyimiz məruzələr içərisində Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cəlil Nağıyevin məruzəsi “Dədə Qorqud” eposunun poetik sistemində müəmma olaraq qalan və aydınlaşdırılmasına ehtiyac duyulan məsələlərə diqqət yönəltməsi ilə fərqlənirdi. Məruzədə bu eposun yazılı sənət prinsiplərinə nə dərəcədə bağlı olması həlli vacib olan məsələlərdən biri kimi qeyd edilirdi.

Məlum olduğu kimi, “Dədə Qorqud”un Drezden nüsxəsi ilə yanaşı, altı boyu əhatə edən Vatikan nüsxəsi də xüsusi əhəmiyyət daşıyır. İtaliyanın La Sapienza Universitetinin gənc professoru Mario Soldaininin həmin nüsxə ətrafında məruzə ilə çıxış etməsi və İtaliya türkoloji məktəbinin banisi Ettore Rossinin “Dədə Qorqud”la bağlı araşdırmalarından danışması da simpoziumda maraqla qarşılandı.

Akademik Muxtar İmanov - 70

- Muxtar müəllim, öz məruzəniz barədə bir söz demədiniz…

- Mən simpoziumun birinci bölməsində “Dədə Qorqud"dakı beynəlxalq motiv problemindən danışdım. Məruzəmin məğzi bu idi ki, beynəlxalq motivlər bir çox hallarda ortaq mifoloji modellər əsasında yaranır. Ortaq mifoloji modellərə əsaslanıb beynəlxalq motivlərin müxtəlif variantlarını müqayisə kontekstində bərpa etmək mümkün olur. Məsələn, demonik varlıqla mübarizə motivinin türk variantı imkan verir ki, həmin motivin yunan variantında təsvirdən kənarda qalan məqamları bərpa etmək mümkün olsun. Ortaq mifoloji modelə görə, demonik varlığın canı kənar bir predmetdədir, onu yalnız həmin predmet vasitəsilə öldürmək olar. “Dədə Qorqud” dastanında Təpəgözün canı sehrli qılıncda olduğuna görə onu Basat məhz həmin qılıncla öldürə bilir. Bu mifoloji modeldən çıxış edib söyləmək olar ki, “Odisseya”dakı yunan Təpəgözünün- dəniz allahı Poseydonun oğlu olan Polifemin də canı hansısa kənar bir predmetdədir. Əgər Odisseyin Polifemi öldürmək niyyəti olsaydı, yəqin ki, həmin sehrli predmetdən istifadə etməli olardı. Alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə çap etdirdiyi məqalədə türk Təpəgözünü yunan Polifemindən daha qədim, daha ilkin obraz sayarkən, görünür, Təpəgözün bu cür bərpaedici funksiyasını nəzərdə tutub.

Sözümün sonunda bildirmək istəyirəm ki, Drezdendə keçirilən “Dədə Qorqud” simpoziumu həmin abidə ilə bağlı bir çox düşündürücü məsələlərə meydan açdı. Həm “Dədə Qorqud”u yenidən öyrənmək, həm də mədəniyyətlərarası əlaqələrə geniş imkanlar açmaq baxımından simpoziumun mühüm əhəmiyyət daşıması şəksiz-şübhəsizdir.

# 157 dəfə oxunub

Oxşar xəbərlər

Ramiz Əzizbəylinin  kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

Ramiz Əzizbəylinin kürəkəni külli miqdarda dələduzluq ittihamı ilə həbs olundu

10:53 21 oktyabr 2026
Miray Kerinin  məhkəməsi bitdi

Miray Kerinin məhkəməsi bitdi

10:40 21 oktyabr 2026
“Bir Ömrün Konstitusiyası” sənədli filminin  təqdimat mərasimi keçirildi

“Bir Ömrün Konstitusiyası” sənədli filminin təqdimat mərasimi keçirildi

10:36 21 oktyabr 2026
Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı ucaldıldı

Xalq artisti Hacı Murad Yagizarovun məzar daşı ucaldıldı

10:30 21 oktyabr 2026
“Bayö qobeleni”  üstündə qalmaqal: yerli sakinlər biletsiz qaldı

“Bayö qobeleni” üstündə qalmaqal: yerli sakinlər biletsiz qaldı

10:15 21 oktyabr 2026
Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

19:00 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər