Müsəlmanlar niyə kitab-dəftərlərini yığışdırdılar?

Müsəlmanlar niyə kitab-dəftərlərini yığışdırdılar?
21 iyun 2023
# 18:00

Kulis.az Aqşin Yeniseyin "Səmanı səmazənlə fəth etmək israrının sonu" adlı yazısını təqdim edir.

Tez-tez belə bir sual verirlər ki, niyə islam dünyasında intibah IX-XI əsrlərdə parladı və söndü?

Bu suala cavab tapmaq üçün ilkin islamın fəth etdiyi, yayıldığı coğrafiyalara baxmaqda fayda var. Amma öncə unudulmuş daha bir səbəbi yada salmaq lazımdır – 751-ci ildə Talas döyüşündə əsir götürülmüş çinliləri. O çinliləri ki, müsəlmanlara kağız hazırlamağın üsulunu öyrətmişdilər. O kağız ki, bir müddətdən sonra özü də zindana salınacaqdı.

Kağızı tanımaq ilk müsəlmanların elm və fəlsəfə dünyasına yolunu açdı, marağını artırdı. Kağız idarəetməni dinamikləşdirdi, ticarətin isə sələmçilik əsasında böyüməsinə imkan verdi. Amerikalı mədəniyyətşünas Conatan Blum "Kağıza yazılan sivilizasiya” kitabında Orta əsrlərdə müsəlman tacirlər arasında sələmçiliyin geniş yayıldığını, ticarətin əsasən sələmçilik (kredit) üzərində inkişaf etdiyini yazır. Digər tərəfdən isə kağız tanımaqla müsəlmanlar əraziləri xəritələşdirməyi öyrəndilər ki, bu da çox vacib hərbi-strateji məsələ idi.

İkincisi, Əməvilər və ondan sonrakı Abbasilər dövründə İslam torpaqları böyüyərək Orta Asiyadan Afrikaya, oradan da İspaniyaya yayıldığı vaxtlarda xristian dünyası özünün "Qaranlıq çağı”na qədəm qoymuşdu. Elm və fəlsəfə kilsə tərəfindən lənətlənir və təqib olunurdu. İslam dünyası isə yeni yarandığı üçün onu gücləndirəcək bütün elmi, fəlsəfi, mədəni mirqasiyaya açıq və tolerant idi. Xüsusilə xilafətin Yerusəlimdən idarə olunduğu Əməvilər dövründə. Bu da öz növbəsində Qərbdə kilsənin despotizmindən qaçan elmi və mədəni insanların İslam dünyasına axınına səbəb oldu. Hətta bu dövrdə Qüdsdə oturan islam xəlifəsi frank kralına "astolyabiya” adlı səma cisimlərini müşahidə edən bir cihaz göndərmiş və xristianlar cihazı "şeytan aparatı" adlandırıb sındırmışdılar.

Alimlərə, filosoflara qucaq açmaq islamın özəlliyi deyildi. O dövrdə yeni qurulan bütün imperiyaların fatehləri fəth etdikləri ölkələrin, şəhərlərin elm, fəlsəfə, sənət adamlarını dəstələyib gəldikləri məmləkətlərə sürgün edirdilər. Müsəlmanların xristian alimlərinə göstərdikləri marağı, romalılar da yunan filosoflarına göstərmiş, onları romalı zadəganların uşaqlarına dərs keçmək üçün imperiyanın paytaxtına göndərmişdilər.

Elmə və fəlsəfəyə bu elitar münasibət nəticəsində müsəlmanlar IX, X, XI əsrlərdə özlərinin Əl Fərabi, İbn Sina, Əl Biruni və s. kimi "xoşbəxt” dühalarını yetişdirmişdilər. Ancaq elm özüylə yeni dinə qarşı xeyli təhlükələr də gətirmişdi və bu təhlükələri sezən müsəlmanların da sayı az deyildi. Yəni elmin Habili ilə yanaşı Qabili də doğulmuşdu və böyüyürdü.

Nəhayət, Qabil əlinə daş alacaq yaşa gəldi və bu dəfə adını dəyişib Qəzzali qoydu. Yazdığı "Təhafütü’l Fəlasifə” kitabında elm və fəlsəfə ilə məğul olanların əvvəlcə şəxsiyyətini aşağıladı: "Mən zəka və anlayış baxımından özlərinin digər insanlardan üstün olduğunu düşünən bir qrup şəxs gördüm ki, ibadətlərini tərgitmiş, namazlarını buraxmış, qadağaları məsxərəyə qoymuş və şəriətin qanunlarını pozmuşlar. Onların küfrlərinin yeganə mənbəyi Sokrat, Hippokrat, Platon və Aristoteldir. Onlar ağıllarının çoxluğu ilə məzhəbləri və şəriəti inkar edirlər. Dinin səbəblərinin uydurulmuş əfsanələr olduğuna inanırlar. Bu axmaqların üzərində axmaqlığın bu qədər dərin iz buraxdığını gördükdə qədim filosofları rədd etmək, ziddiyyətlərini ortaya çıxarmaq, yollarının pis, əyri olduğunu göstərmək üçün bu kitabı yazmağa başladım”.

"Dini elmlərin dirilməsi” kitabında isə elmin özünə hücum çəkdi. Ağıla əsaslanan təhsil və tərbiyənin dini hissləri öldürdüyünü, elmi düşüncənin hökmranlığını yox etmədikcə dini hisslərin dirilməyəcəyini iddia etdi. O, ilahi bilgiyə ağılla, elmi təfəkkürlə deyil, təsəvvüflərin səmazənliyi və zikr kimi irrasional üsulları ilə çatmağın mümkünlüyünü irəli sürdü.

Özünə həm yuxarılarda, həm aşağılarda xeyli tərəfdar toplayan Qəzzali "Filosofların uyğunsuzluğu” kitabında elmin yaxasını buraxıb, fəlsəfənin yaxasından yapışdı. Fəlsəfənin lazımsız, hətta zərərli olduğunu iddia etdi: "Ağıl və imanı uzlaşdırmağa çalışmaq əbəsdir. Ağıl və inancın ziddiyyətini qəbul etməyən mütəfəkkirlər istər-istəməz həqiqətdən uzaqlaşarlar. Allahı ağılla izah etməyə çalışmaq Allahı inkar etməkdir. Səbəb və nəticəni araşdırmaq Allahın iradəsini inkar etməklə nəticələnə bilər. Ağıl və fəlsəfə ilə suallara cavab axtararkən ziddiyyətlər yarandığından həqiqətə çatmaq mümkün deyildir”.

Səbəb və nəticə arasındakı əlaqəni araşdırmaqla onlara Hindistandan Atlanik okeanına qədər böyük bir imperiya bəxş etmiş allahın iradəsinə qarşı çıxdıqlarını eşidincə müsəlmanlar bütün kitab-dəftərlərini yığışdırdılar.

Sirlərini kağıza açan bir dövlət kağıza, öz sirdaşına dönük çıxdı.

Beləliklə, IX-XI əsrlər arasındakı islamın "Qızıl dövrü” yerini sonu görünməyən indiki "Qaranlıq çağa” verdi.

qaynarinfo

# 5889 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #