Müəllimlərdən pul tələb edən məktəb direktorları – Sevda Sultanova yazır...

Sevda Sultanova

Sevda Sultanova

24 dekabr 2021
# 09:00

Bir neçə gün öncə İctimai televiziyada, İŞİD-ə Azərbaycandan qoşulan ailələrin uşaqları ilə bağlı reportaja baxdım. Ataları müharibədə həlak olan uşaqlar əsir düşərgələrində saxlanılaraq işgəncələrə məruz qalıblar. Azərbaycan hökuməti tərəfindən Suriya və İraqdan gətirilən uşaqların hazırda reablitasiyası həyata keçirilir. Qeyd edim ki, hökumətin mərhələli tədbirləri nəticəsində 280-dən çox azərbaycanlı uşaq ölkəyə gətirilib...

Reportajda diqqətimi ən çox çəkən müxtəlif yaşlı bu uşaqların yaşadıqları dəhşətlər, itkilər, ölümlər barədə soyuqqanlı danışmasıydı. Müharibədə uşaqlığıyla vidalaşıb yeniyetmələşən bir oğlan danışırdı ki, partlayış zamanı insanın iki parçaya bölünməsi bizdən ötrü adi bir şey idi. Onların eyni zamanda psixoloji gərginlikdən, sarsıntılardan keçərək qorxularını çətinliklə adlaması da duyulurdu. Çox ümid edirəm ki, reabilitasiya nəticəsində uşaqlar normal həyata qayıdacaq, pis xatirələri keçmişdə qalacaq...

Reportajı dinləyəndə sual doğuran məqamlardan biri bu idi ki, həmin uşaqlar necə ailələrdə böyüyüblər, onların valideynlərinin kimliklərinin təməlində hansı dəyərlər dayanıb, ata-ananın həyata baxışı, düşüncə tərzi nələrə söykənib? Və nə baş verir ki, xüsusən, atalar övladlarını asanlıqla, qətiyyətlə müharibənin ağuşuna atırlar? Çox yəqin ki, əlaqədar qurumlar sözügedən ailələrin sosial-psixoloji durumu, dini düşüncəsi və s. haqda lazımi araşdırmaları apararaq aydın təsəvvürə malikdirlər və ehtiyac duyulan hansısa tədbirlər həyata keçirilir.

Aydındır ki, dünyanın heç yerində ideal cəmiyyət qurmaq, ideal yaşayış tərzini təmin etmək mümkünsüzdür. Müəyyən problemlər müxtəlif dərəcələrdə həmişə mövcud olacaq. Bununla belə, cəmiyyət (bu sözün geniş mənasında) öhdəsinə düşən vəzifələri yerinə yetirməklə, xüsusən, ailəyə münasibətdə doqmatik düşüncə tərzini dəyişdirməklə çox problemin həllinə kömək göstərə bilər. Misalçün, boşanmaların (yeri gəlmişkən, bu ilin sentyabr ayı üçün Dövlət Statistika Komitəsinin açıqlamasına görə, əhalinin 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı 1,4 faizdən 1,7 faizə qədər artıb), hər gün xəbər lentlərində dolaşan ailə-məişət dramlarının, qətllərin azalması, valideyn övlad, ailə cəmiyyət münasibətlərində boşluqların aradan qaldırılması, fərdin mümkün qədər sosiallaşması kimi problemlərin...

Toplumun ailəyə yanaşmasında təməl prinsipləri dəyişməlidir. Misalçün, kimsə vaxtı gəldiyi ya keçdiyi üçün evlənməməlidir, məhz qohum olduğu üçün tərəflər arasında nikah bağlanmamalıdır, qadın “ər çörəyi yesin” deyə ərə getməməlidir, qayınana qayınata qabağına bir stəkan çay qoysun deyə evə gəlin gətirilməməlidir və s. Bu ənənəvi münasibətin dəyişilməsinin nəsə konkret, funksional bir mexanizmi tapılmasına ehtiyac var. Yaxud ailələrin dağılmasında rol oynayan motivləri araşdırıb, boşanmaların qarşısını alacaq kompleks layihələr həyata keçirilməlidir.

Ailələrin cəmiyyətlə sosial bağının qırılmamasında məktəbin xüsusi rolu danılmazdır. Məktəb demiş, srağagün saytlarda bir məktəb direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Direktor səs yazısında amiranə tərzdə tələb edirdi ki, müəllimlər siniflərdən Valideyn Müəllim Assosiasiyasının üzvlük haqlarını toplasın. Və toplaya bilmədikləri təqdirdə, sinif rəhbərlərinin cibindən pulu ödəməyini tələb edirdi.

Səhv etmirəmsə, Valideyn-Müəllim Assosiasiyası sabiq təhsil naziri Misir Mərdanovun vaxtında yaradılmışdı. Yaradılma məqsədi uşaqların təlim-tərbiyə prosesinə nəzarət, məktəb-valideyn əməkdaşlığının inkişafı, valideynlərlə işin düzgün qurulması, təhsilin keyfiyyətinin artırılması olan qurum, görünür, təyinatı üzrə fəaliyyət göstərməyib. Əvəzində Valideyn-Müəllim Assosiasiyası, səs yazısından da göründüyü kimi pul toplamaqla məşğul olub. Əgər təyinatı üzrə işləsəydi, ailə məktəb arasında özgələşmə yaşanmazdı, ən azı Elina Hacıyeva hadisəsi baş verməzdi.

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər