Kulis.az gənc şair Nizami Bayramlının şeirlərini təqdim edir.
“Monika, pələngin başını çevir”
Unutmaq fərziyədir, unudulmaq qorxudur,
Reallıq yaşamaqdır, istəməklə düzəlir.
Düşünmək ehtirası həqiqətdən yaranan
Ümid bataqlığıdır.
Dünya, günəşi söndür, yandır qaranlığını,
Görək kim tez unudur, görək kim kimi sevir,
Monika, pələngin başını çevir!
Gələn də bir daş atır, gedən də bir daş atır,
Otağın mənzərəsi səssizlikdən pozulur.
Yaşayanlar öldürür, öldürənlər yaşadır,
Kim yadına salar ki?
Ziyarətdən yetimdir, 100 ildir bir ölümdən
Tanrı da qoruyanmır xaraba qalmış evi
Monika, pələngin başını çevir!
Bizim həyatımızı iki yerə bölüblər,
Görünən tərəfində biri var biri yoxdur.
Ömür başlamamışdan almalar çürüyüblər,
Nuş olsun yeyənlərə!
Tök daşı ətəyindən, çıxma daha quyudan,
Get öldürmək istəsən, balaca şüşədədir.
Bəlkə milyon nağıldan xilas edəsən divi,
Monika, pələngin başını çevir!
“Rənglərin reinkarnasiyası”
Mən sarı sözünün qırmızı rəngdə yazılmasını
Küçəmizin başındakı "plakat"dan öyrənmişdim
Onda başa düşdüm ki,
Qanunları pozanda daha çox şey öyrənir adam.
Onda başa düşdüm ki, reinkarnasiya tək adamlar üçün deyil.
illərdir Svetoforlar doğru olduqlarını sübut eləmək üçün yalan danışırlar.
Bir dəfə piyada keçidində yaşıl işığın yanmasını gözləyərkən,
Yolun digər tərəfindəki taksi sürücüsünün baxışları
"Xarici ölkənin vətəndaşıyam" kimi səslənirdi.
Heyif!
O hələ də bilmirdi ki, yaşıl rəng-göylə sarının qarışığından yaranıb.
Mən əslində beynimi qarışdırırdım.
Amma anladım ki, qaydaların pozulmaması üçün diqqəti çəkir- fikirli gəzməyim
Qaydalardan danışmışkən,
əziz fizika müəllimləri, uşaqları aldatmayın!
Onlar "göy qurşağı"na Tanrının hədiyyəsi kimi baxırlar!
Elə təsəvvür edin ki, dərslikdə "təbiət hadisəsidir" yazılması cəfəngiyyatdır!
imtahandan kəsilməkdən daha böyük faciədir- ümidlərin kəsilməyi.
“Heç kimə demə”
Mən uşaq vaxtı alça ağacından yıxılanda anladım ki,
Heç nə havayı deyil.
Adam yıxıldığı qədər yeyir,
Qorxduğu qədər danışır,
Küsdüyü qədər barışır.
Necə ki
Mən uşaq vaxtı alça ağacından yıxılanda anladım ki,
Hündürlük yıxıldığın məsafə boydadır.
cəsarətlənib deyə biləcəyim şeylərin arxasında uşaqlığım durur.
Deyə bilməyəcəklərimin arxasından vurur yalanlarım.
Sən belə elə, hamıya deyə biləcəklərimi
Heç kimə demə.
İndi hər şey mənasızdır, eynən
10-12 yaşıma qədərki dövrümdə helikopterin göydəki uçuşuna baxdığım kimi
Bir də ki, sənə bir söz deyim,
Mən yalan danışmağı çox sevirəm.
Məsələn,
elə indi sənin eşitdiklərini uşaq vaxtı yox, böyüyəndən sonra anlamışdım.
Heç kimə inanmadan qulaq as,
Və daha yaxşı şeylərin olacağı üçün yox,
Onu həyata keçirmək üçün çalış.
Bir də, nə deyəcəkdim, hə,
Əgər yenidən uşaq olmaq istəyirsənsə,
Deyə bilməyəcəklərin üçün cəsarətlən
“Uşaqdır” deyib keçsinlər.
“Tut ağacı”
Yadımdadı uşaqlığım,
bir ağac vardı həyətimizdə
atamın nifrət etdiyi,
mənim kölgəsinə oynadığım,
anamın özünü asdığı
qardaşımın baxıb ağladığı.
Kiminin qəzəbi,
kiminin sevinci,
kiminin ölümü,
kiminin göz yaşı idi bu ağac.
Atam sevgisini
mən oyuncağımı,
anam həyatını,
qardaşım anasını itirmişdi...
Bir gün evimiz o qədər soyuq idi ki,
atam o ağacı kəsib odun elədi.
Mən onda anladım,
atamın anamı unutmadığını.
O gün atam anamı
biryolluq qaytardı evimizə,
silib həyətimizin xatirəsindən.
“Məhkəmə”
Mən də insanam, möhtərəm hakim,
mən də insanam,
sizin məni təsəvvür etdiyiniz qədər yaradılmışam,
bəlkə də elə qarşınızdakı, kağızda göstərilən cinayəti
etmək üçün doğulmuşam.
İndi sizə möhtərəm deyəcək qədər acizəm,
Acizliyimi sübut edəcək qədər çarəsiz...
bilmirəm ki, nədən başlayım...
atamın üç oğlu,
mənim isə cəmi üç günahım var.
Yəni mən atamın kiçik,
özümün böyük günahıyam,
oğurluğumu üzərimə götürüb,
doğruluğumu sübut edirəm deyə,
bu gün cəza kürsüsündəyəm.
Möhtərəm hakim,
dünya bir körpənin üzündəki təbəssüm boyda kədərdən ibarətdir,
kədər isə nələrdən ibarətdir onu nə qanun,
nə də siz bilirsiz.
Cəza kürsüsündə olanlar, tanrının belə sevindiklərinə kədərlənirlər!
Təəssüf hissi keçirmirəm, ona görə ki,
cinayətimin cəzasını özüm çəkirəm,
cəzam qədər cinayətim olmadığı üçün
təəssüf hissi keçirirəm, möhtərəm hakim!
Əgər sizin yerinizdə olsaydım,
susardım, hakim...
susardım...