Bu gün məşhur meyxanaçı Ağasəlim Çıldağın anım günüdür. Kulis.az bu münasibətlə meyxanaçı haqqında maraqlı faktları təqdim edir.
Səlimov Ağasəlim 1 fevral 1930-cu ildə Əliağa bəy və Fatimə xanımın ailəsində Bakının Maştağa kəndində anadan olub. Onun meyxanaya gəlişində görkəmli qəzəlxan Əli Ağa Vahid və söz ustadı Ağahüseyin Əfzunun böyük rolu olub.
***
Meyxanaçı Ağamirzə Ağasəlim Çıldağın bacısı olğludur. O, hər zaman Ağasəlimi özünün müəllimi hesab edib. Meyxana məclislərində açılışı hökmən Ağasəlim edəndən sonra digər meyxanaçılar meyxana deyirmişlər. Camaat da bütün məclislərdə ilk olaraq Ağasəlimin səsini eşitmək istəyərmiş. Ağamirzə müsahibələrinin birində deyir ki, sovet dövründə meyxana demək onlar üçün çox çətin olub. Dəfələrlə, hətta Ağasəlimin iştirakı ilə olan meyxana məclisləri polis tərəfindən dayandırılıb.
“Bizim Cəbiş müəllim” filmində “Çağırsa ellər, gedərəm davaya” meyxanasının sözləri Ağasəlim Çıldağa məxsusdur.
Əbdül Mahmudov həmin günləri belə xatırlayır: “Ağasəlim Çıldağı biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində bir uşaq da var idi. Ağasəlim Çıldağ onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı. Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver, uşaq bu kişiyə meyxana desin. Həsən Seyidbəyli də göz vurdu ki, desin. Ağasəlim Çıldağ bilirdi ki, bu uşaq nəsə “korlayacaq”. Arif müəllim də ağsaqqal adam idi. Amma özü “qaşınmışdı”.
Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən Seyidbəyli dedi: “Malçik, xvatit, bolşe ne nado”.
Ağasəlim Çıldaq rejissor Vaqif Mustafayevin 1995-ci ildə ekranlaşdırdığı “Fransız” filminə çəkilib. Meyxanaçı orda “Niyə müsəlman olmaq istəmirsən” qafiyəsi ilə meyxana səsləndirirb.
***
Ağasəlim Çıldağ özü nəql edir ki, sovet dövründə bir dəfə həbs olunub, iki il iş alıb. Bayıl türməsində kamerada hamı onu dərhal tanıyır və ondan meyxana deməsini istəyirlər. Ancaq dustaqlar arasında molla da olur. Ağasəlim deyir ki, molla icazə versə, deyərəm. Molla cavabında deyir ki, ah-zarımızdan desən, icazə verərəm, “ay can alan, candı bizim məhləmiz” qafiyəsi ilə desən, icazə vermərəm. Bundan sonra Ağasəlim “Necə gör, xar eləyibdi, belə qəmxanə bizi” qafiyəsi ilə mərsiyə üstündə meyxana deyib. Onun meyxanasından sonra kameradakı dustaqlar hamısı ağlamağa başlayır. Bundan sonra Ağasəlimi kameraya salmırlar, “səni qəfəsə salmaq düzgün deyil” deyib ona ayrıca otaq verib dustaqlara tərbiyəçi təyin edirlər.
1992-ci ildə Bakı sirkində Qorxmaz Əlili tərəfindən ilk dəfə meyxana müsabiqəsi təşkil olunur. 5 günlük konsert fevral ayında gerçəkləşir. Həmin çıxışda Qorxmaz Əlili bircə dəfə bədiə sözünü işlədir. Maştağada söyüşlü meyxanaya belə deyirlər. Buna görə isə Ağasəlim Çıldağ Qorxmaz Əliliyə irad tutur.
***
Deyilənlərə görə vaxtilə məşhur meyxanaçı Nizami Rəmzi ilə dosluq əlaqələri olsa da, Nizami Rəmzi Ağasəlim Çıldağ başda olmaqla köhnə elita ilə kəskin münaqişələrə girir, meyxanaya musiqi əlavə etməyə nail olur. Əvvəllər meyxana çırtma və nağara ilə müşayət olunduğundan Ağasəlim meyxananın musiqi ilə xüsusən də sintezatorla müşayət olunmasının əleyhinə olub. Elə bu səbəbdən də iki meyxanaçının münasibətləri pozulub.
Hər iki meyxanaçı arasında yaranan narazılıqlar sonralar saysız hesabsız söz-söhbətlərə səbəb oldu. Nizami Rəmzinin ölümündən sonra isə Nizaminin ölümündə Ağasəlimin əli var kimi dəhşətli şaiyələr ortaya atılıb.
***
Ağasəlim Çıldaq Nizaminin evinə gedib gələn adam olub. Hətta onun Nizaminin evində olarkən lentə yazılmış videosu da var. Amma Nizami dünyasını dəyişəndə Ağasəlim onun yasına gəlməyib, sonralar da heç vaxt onların qapısını açmayıb. Aradan zaman keçəndən sonra isə Ağasəlim Nizamini öz tələbəsi adlandırıb. Lakin Nizami Rəmzinin sonuncu həyat yoldaşı Sevda xanım müsahibələrində bildirir ki, Nizami Ağasəlimin tələbəsi olmayıb.
Bir çox insanların üz tutduğu Maştağadakı əsas çıldaq ocağı Ağasəlim Çıldağın ocağıdır. Bu ocaqda onun ulu nənəsi çıldaqçılıq edirmiş. Ağasəlim ocağı bir neçə çıldağa bölünüb. Qohumlar öz aralarında ayın günlərini bölüşüblər. Əsl ocağa isə ayda bir həftə vaxt ayrılır.
***
Ağasəlim Çıldağın bir qızı, bir oğlu olub. Deyilənlər görə nikahdan kənar doğulan Yusif İsveçrədə məşhur tatu ustası kimi Josef adı ilə fəaliyyət göstərir. Lakin, meyxanaçı Ağamirzənin qardaşı bu söhbətin həqiqəti əks etdirmədiyini deyib.
Ağasəlim Çıldaq şəkər xəstəliyindən əziyyət çəkib. O, ömrünün son vaxtlarında insult keçirib, ayaqları tutulub. Uzun sürən xəstəlikdən sonra Ağasəlim Çıldağ 8 aprel 2008-ci ildə 78 yaşında, səhər saatlarında dünyasını dəyişib. Qızı və kürəkəninin yanında keçinən meyxanaçının son sözləri - "Mən rahat gedirəm" olub.