Məşhur Norveç yazıçısı Kulisə danışdı: “Bizim ölkə xoşbəxtlər ölkəsi deyil”

Arne Svingen, Norveç yazıçısı

Arne Svingen, Norveç yazıçısı

15 aprel 2022
# 09:00

Kulis.az norveçli yazıçı Arne Svingenlə müsahibəni təqdim edir.

– İlk dəfədir gəlirsiniz Bakıya... Bakı haqqında təəssüratlarınız necədir?

– Şəhərinizlə tanış oldum, gözəl şəhərdir, çox xoşuma gəldi. Xoş təəssüratlarla ayrılacağam. Həmçinin də, fikirləşirəm ki, belə bir kitab dükanının (Elmlər Akademiyasındakı “Libraff” kitab mağazası nəzərdə tutulur - red) olması xoşa gələn haldır. Çox gözəl kitab dükanıdır. Bu şəhərdə həm Qərbin, həm də Şərqin təsirini hiss edə bilirəm. Mədəniyyət və qida baxımından Qərbi də, Şərqi də xatırladırsınız.

– Milli mətbəximizdən hansı yeməyi bəyənmisiniz?

– Hamısını dadmağa imkanım olmayıb. Amma quzu ətini səbətdə sevdim. Biz norveçlilər də quzu ətindən çox istifadə etdiyimiz üçün yaxşı dəyərləndirə bilirəm.

– Norveç və Azərbaycan arasında hansı oxşar və fərqli cəhətləri gördünüz?

– Əgər ədəbiyyatı nəzərdə tutursunuzsa, deyə bilərəm ki, sizlər daha çox nəzmi sevirsiniz, biz isə nəsri. Poeziyaya daha çox fikir verirsiniz. Biz isə romanlara üstünlük veririk. Bilirəm ki, sizlər də roman oxumağı sevirsiniz. Sizin də ədəbiyyatda romanın xüsusi çəkisi var.

Eyni zamanda da hər iki ölkənin də çox gözəl dağları var. Bizim kimi sizlər də dağlara getməyi, dağlarda səyahət etməyi sevirsiniz. Bu, diqqətimi çəkdi. Məsələn, norveçlilər şəhərdən kənarda – təbiətdə istirahət etməyi sevirlər. Hiss eləmişəm ki, azərbaycanlılar da bu cür istirahətin tərəfdarlarıdır.

– Azərbaycanda poeziyanın, Qərbdə isə nəsrin daha aktual olmasını nə ilə əlaqələndirirsiniz?

– Azərbaycanda ən məşhur ədəbiyyatçılarının şair olması diqqətimi çəkdi. Norveçdə isə əksinə olaraq yazıçılar və dramaturqlar daha məşhurdur. Buradan belə qənaətə gəlirəm ki, sizlər nəzmə üstünlük verirsiniz.

– Həm uşaqlar üçün, həm də böyüklər üçün kitablar yazırsınız. Hansı daha çətindir?

– Uşaqlar üçün yaxşı kitablar yazmaq çətindir, nəinki böyüklər üçün. Çünki uşaqlar üçün yazanda onların yaşını hiss edib o dövrə qayıtmalısan. Məsələn, mən yazarkən özümü bəzən səkkiz, on, on iki yaşlı uşaq kimi hiss etməliyəm. Uşaqlar üçün yazanda hiss edirəm ki, hər bir cümlənin üzərində daha çox işləyirəm, daha çox diqqət edirəm. Həm də böyüklər üçün yazanda əlavə cümlələrdən, təsvirlərdən istifadə etmək olur. Uşaqlar üçün yazanda isə yox.

– Uşaq kitabları yazanda mövzuları necə seçirsiniz?

– Mən müxtəlif mövzulardan istifadə edirəm. Elə mövzular var ki, onlar xüsusi əhəmiyyət kəsb edir. Məsələn, ətraf mühitin qorunması, dostluq, irqçilik, tənhalıq.

– Tərcümə olunan kitabınızda ("Sınmış burunun nəğməsi") uşaqlara qarşı bullinqdən, istismardan, qorxudan yazmısınız. Bunlar Norveç cəmiyyəti üçün xarakterikdir?

– Əsas məsələ ondan ibarətdir ki, uşaqlar üçün yaxşı mühit yaratmaq lazımdır. Ona görə ki, onlar o mühitin bir parçası olmağa çalışsınlar, özlərini kənarda hiss etməsinlər. Mən öz işimlə əlaqədar məktəblərə tez-tez gedirəm. Müxtəlif uşaqlarla danışıram. Onların hərəsinin öz hekayəsi var və bunların hamısı mənə təsir edir.

– Kitabda belə bir sitat var: “Anası Barta deyir ki, zərbə endirməyi bacarmalısan. Bart isə cavab verir ki, mən yaxşı müdafiə oluna bilirəm”. Zərbə endirənlərlə müdafiə olunanlar. Uşaqlar üçün hansı xarakterik olmalıdır?

– Mən insanların həyatda mübarizə aparmağı öyrənmələrini sevirəm. Həyat elədir ki, həmişə mübarizəyə hazır olmalısan. Daha aşağılarda olanların mübarizə aparmaqla yüksəlməyini, inkişaf etməyini görmək istəmişəm. Necə ki, gül pöhrələnir, adamlar da mübarizə apardıqca inkişaf edirlər. Bütün kitablarım, demək olar ki, mübarizə aparan obrazlara həsr olunub. Başlanğıcdakı çətinliklərlə qarşılaşanlar onların öhdəsindən gəlmək üçün mübarizə aparmalıdır.

– Avropada trend mövzular var: feminizm, ekologiya, homoseksuallıq, pasifizm, rasizm. Hansı ki o mövzular ciddi şəkildə ədəbi mükafatların verilməsinə təsir edir. Ona görə də həmin mövzulara tələbat da artır. Məhz trend mövzuların bu qədər aktuallaşdırılmasında məqsəd nədir?

– Daha çox o mövzuların mükafatlarda qalib olmasını nəzərdə tutursunuz?

– Bəli...

– Ədəbi mükafatlar mövzusu elə mövzudur ki, onlar haqqında saatlarla danışmaq olar. İş orasındadır ki, indi mükafatları əsərin bədii həllinə, quruluşuna, üslubuna, necə yazılmasına yox, mövzularına verirlər. Biz də bir yazıçı olaraq bunun narahatlığını keçiririk. Mən düşünürəm ki, çox gözəl əsərlər mükafatların siyahısından kənarda qalırlar. Çox qəribədir. Müşahidə etmişəm ki, məsələn, dörd kitab var, üçü çox yaxşı yazılmış kitablardır, dördüncü isə sadəcə aktual mövzulardan birindən bəhs edir. Həmin o dördüncü kitab mükafat alır, üçü isə yox. Mən həmişə çalışıram ki, mənim yazdığım kitablarla daha çox oğlanları mütaliəyə cəlb edim. Buna görə də, yazdıqlarım çox vaxt mükafat almır.

– Niyə xüsusilə oğlanları?

– Bunun müxtəlif səbəbləri var. Məsələn, baş qəhrəman “cool” bir qızdırsa, o sanki qeyri-adi bir obraz kimi diqqət çəkir. Lakin əgər oğlan “cool”dursa, o qeyri-adi bir obraz kimi oxucuları bir o qədər də maraqlandırmır. Bart (Müəllifin Azərbaycan dilinə tərcümə olunmuş “Sınmış burunun nəğməsi” romanının baş qəhrəmanı) “cool” obraz sayılmır. Norveçdə oğlanların oxuma səviyyəsi azalır hər il. Ona görə də, çalışıram oğlanlar üçün də əsərlər yazım ki, onların da oxumağa marağı artsın.

– Əgər trend mövzuların mükafatlarda fərqləndiyini bilirsinizsə, nəyə görə o mövzulara müraciət etmirsiniz?

Mən də vaxtı ilə bu cür mövzulara müraciət etmişəm. Məsələn, ətraf mühitin mühafizəsindən bəhs edən uşaq üçün əsərim var. Onda mən də mükafat aldım (gülür).

– Norveç ədəbiyyatının 1965-80-ci illər dövrü var ki, o dövrlərdə bütün skandinav ədəbiyyatı kitab industriyasını qurmuşdu. Ədəbiyyat inkişaf etməyə başlamışdı. Bizdə bu proses bir qədər ləngiyir. Sizə görə, bu proses haradan, hansı instansiyadan başlamalıdır?

– Bunun üçün müxtəlif təbəqələrdən olan yazıçıların bu prosesə marağını artırmaq lazımdır. Çağdaş, gənc yazarların prosesdə iştirakı vacibdir. Onların səsi eşidilməlidir. Onlar yenilik gətirirlər. Fərqli düşünən yazarları cəlb eləmək çox vacibdir. Mən yazarlığa başlayanda bir qəlib var idi və tələb edirdilər ki, bu qəlibdə yazmalısan. Amma bütün yazarlar o qəlibdə yaza bilməz axı. Norveçdə bir yazıçı var, o, romanlarının fəsillərini İnstaqramda paylaşır. Bu mənim düşüncə tərzimə uyğun deyil. Ancaq dəstəkləyirəm. Çünki yenilikdir.

– Bu, populyarlaşmaq üçündür?

– Yox, sadəcə ədəbiyyatda müxtəlif imkanların təcrübədən keçirilməsi üçündür. Özü də bu fəsillər üzərindən filmlər – qısa filmlər çəkir. Fərqli tərzdə oxuyan oxucuları da ədəbiyyata cəlb edir. Həm ənənəvi üslubda kitablarını çap etdirir, həm də sosial şəbəkələrdən oxucular qazanır.

– Ənənəvi bir sual verəcəm: Sənət sənət üçündür, yoxsa kütlə, xalq üçün?

– Yazıçı yazarkən o əsərin kim tərəfindən oxunacağını düşünmür. Ona görə də, sənət ön plana keçir. Yazarkən düşünürsən ki, daha yaxşı incəsənət nümunəsi yaradasan. Çoxlu oxucunun olması, əlbəttə ki, yaxşı şeydir, lakin olmasa belə buna görə pis olmuram. Əsas olan odur ki, mən öz əsərimdən razı qalım.

– Norveç rejissorlarının məşhur deyimi var: “Birinci filmi çəkmək üçün cəsarət, ikincini çəkmək üçün möcüzə lazımdır”. Norveç kinematoqrafiyasında, ədəbiyyatında, incəsənətində bu sitat necə başa düşülür?

– Yazıçıların dünyaya çatdırmaq istədikləri hekayələri olur. Bir kitabla yazıçı olmaq mümkün deyil. Gərək daha çox yazasan. Norveçdə, demək olar ki, yazıçıların əlli faizinin ikinci kitabı yoxdur. Bunun səbəbi odur ki, yazıçı bir mövzu haqqında iyirmi il düşünüb yazır. Bütün yaşadıqlarını bir kitabda əks etdirir və mövzuları bitir. Yazıçı gərək ikinci, üçüncü kitab üçün də nəsə düşünə, yaşaya. Bir yazıçının çoxlu hekayələri olmalıdır.

– Skandinav filmləri çox məşhurdur. Son illərdə prestijli mükafatların çoxunu skandinaviyalı rejissorlar alır. Sizin sevdiyiniz skandinav rejissoru kimdir?

– Berqmanı, Trieri sevirəm. Bizim çox yaxşı rejissorlarımız var, amma pis rejissorlarımız da var. Siz yəqin yaxşıları görmüsünüz (gülür). Norveç isə böyük film ölkəsi deyil.

– Norveçli Anje Breyen bəs?

– O, 70-80-ci illərdə yaxşı filmlər çəkdi. Sonra pul tapmadığı üçün filmdən uzaqlaşdı. İndi onun taleyindən xəbərsizəm. Uşaqlıqda onun filmlərinə daha çox baxırdım. O vaxtlar məşhur idi.

– Skandinav filmləri kimi, romanları da ağır tonlarda olur. Monoton, rutin, sakit, duru. Bunun səbəbi sizlərin xarakterinizdir?

– Hamı şən, gözəl yaza bilməz. Bir az kədərli də yazmaq lazımdır. Və ağır, kədərli romanlar xaricdə daha tez populyarlaşır. Hətta elə kitablar var ki, onlar xaricdə daha məşhurdur, nəinki Skandinaviyada. Tərk edilmiş, qəmgin əsərlər daha tez məşhurlaşır.

– Bu roman da o üslubdadır...

– Mən yumordan istifadə etməyə çalışmışam ki, oxucular hərdən nəfəs ala bilsin, üzləri gülsün

– Yu Nesbö və Karl Ove Knausqor (müasir Norveç yazıçıları - red). İki fərqli üslubun yazıçısı. Müasir tendensiyalara görə hansı sənət üçün daha vacibdir?

– Tamamilə fərqli yazıçılardı. Oxucuları belə fərqlidir. Yu Nesbö klassik bir detektivdi və onun əsərlərindəki hadisələr daha çox Osloda cərəyan edir. Buna görə də onun romanları oxucularda Oslo haqqında təəssürat yaradır. Knausqor isə daxili monoloqların ustasıdır. Məncə, ikisi də vacibdir. Onlar ədəbiyyata fərqli oxucular gətirirlər. Norveç ədəbiyyatını dünyada tanıdırlar. Ancaq söhbət sənətdən gedirsə, təbii ki, Knausqor daha yaxşı yazıçıdır.

– Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?

– Sizin ədəbiyyatla burda tanış oldum. Bundan sonra oxuya bildiyim dildə tapsam, məmnuniyyətlə oxuyacağam.

(Müsahibədən sonra Arne Svingenlə söhbətimizdə Norveç ədəbiyyatı üçün bunları da deyir: “Norveç heç də hamının düşündüyü “xoşbəxtlər ölkəsi” deyil. Problemlər orada da var. Norveç yazıçılarının cəmi on-on beş faizi yalnız yazıçılıqla dolana bilir. Digərləri başqa işlər də görür, maddi vəziyyəti təmin etmək üçün müxtəlif işlərdə çalışırlar).

Tərcüməçi: Vüsalə Əfəndiyeva

# 3965 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #