Məşhur bakılı Tokio həbsxanasında - Mirzə Alik

Məşhur bakılı Tokio həbsxanasında - Mirzə Alik
13 mart 2025
# 14:30

Kulis.az Mirzə Alikin "Zorge səni izləyir!" yazısını təqdim edir.

Martın sonları idi. Günlərin yavaş-yavaş uzanması ilə Bakı küçələri də canlanmışdı. İnsanlara yenidən enerji gəlmişdi. Günəşin yüngül istisi parkın sükutunu pozmadan ağacların budaqlarına yayılırdı. Qoca çinarların kölgəsi yerə qırıq-qırıq düşmüşdü, sanki zamana ilişib qalmış daş yonmalar idi. Skamyaların çoxu hələ boş idi — səhərin alatoranında yalnız bir neçə qoca kişi oturub qəzet oxuyur, yoldan ötənlərin pıçıltıları havada dağılıb itirdi.

Baharın qoxusu da vardı bu yerdə. Nəm torpaq, təzə tumurcuqlayan yarpaqlar və bir az da uzaqdakı qəhvəxanadan yayılan tünd arabika ətri. Həmin qəhvədən birini də mən almışdım, isti idi, bardağın kənarında yığılmış buxar soyuq havayla qarışırdı.

Parkın lap ortasında — sükutun, quş səslərinin, xəyal kimi görünən adamların arasındakı o qara daş abidə yenə də yerində idi. Onun gözlərindən bir az aralı durmağa çalışırdım, amma hardan baxsan, sanki səni süzürdü, sanki birazdan sərt şəkildə səni tənbeh etməyə başlayacaq bir baxış idi o baxışlar. Həm xəbərdar idi, həm də soyuq. Ətrafdan keçənlərin bir çoxu ona fikir vermirdi, bəziləri isə addımlarını azca yavaşladıb, gözucu baxış salır, sonra tez yoluna davam edirdi.

Zorge...

Bu ad Bakıda doğulan hər kəsə tanışdır, amma əslində, çox az adam onun kim olduğunu bilir. Alman əsilli sovet kəşfiyyatçısı. Casus. Yaponiyadakı sovet agentura şəbəkəsinin rəhbəri. İkinci Dünya Müharibəsi zamanı Tokioda yerləşən sovet casus qrupunun ən önəmli fiqurlarından biri. O, Berlin, Şanxay və Tokionun qaranlıq küçələrində izsiz hərəkət edən bir kölgə idi. Öz adı ilə deyil, başqa adlarla tanınırdı—"Ramsay" deyirdilər ona.

Lakin Zorge təkcə bir casus deyildi. O, içində sərxoşluq və poeziya gəzdirən, əslində, öz xarakteri ilə yaşadığı dövrə uyğun gəlməyən bir adam idi. İçməyi sevirdi, qadınlara düşkün idi, eyni zamanda kəskin analitik zəkaya sahib idi. Onun verdiyi məlumatlar Stalini müharibənin gedişatını dəyişməyə vadar etmişdi. Amma nə qədər böyük xidmətləri olsa da, öz ölkəsi onu qorumağı bacarmadı. Yaponlar onu 1941-ci ildə həbs etdilər. 1944-cü ildə isə Tokio həbsxanasında edam etdilər. Bir bakılının bu qədər tarixi bir yol keçməsi haqqında çox düşünmüşəm.

Özünü tək hiss edirdi, yoxsa yox — bunu bilmək çətindir. Ən əsası isə artıq əməlləri ortaya çıxıb həbs ediləndən sonra Zorge Bakı haqqında düşünübmü ? Amma indi, illər sonra, onun heykəli bu şəhərdə, Bakı parklarından birində bir yazıçını izləyir. Zorge artıq yaponları yox, parkda tik-tok çəkən gəncləri, yaşlıları, yeniyetmələri, mübahisə edən cütlükləri, parkda övladlarını işətdirən anaları, Quli-Rövşən davası edən yeniyetmələri, siqareti çəkəndən sonra yerə atıb-atmamaqla bağlı özünü istintaqa cəlb etmiş məni müşahidə edirdi. Sanki bu məlumatları Rəsmi Moskvaya verəcək.

Siqaretdən bir qüllab alıb dumanı havaya buraxdım. Düşündüm ki, Zorge indi bu şəhəri tanıya bilərdimi? Küçələr dəyişib, binalar yenilənib, üzlər fərqlənib... Bəlkə də, tanımırdı. Amma yəqin ki, hələ də bir şey dəyişməmişdi — bu şəhərin içində həmişə bir sirr var idi. Hər küçəsində, hər köhnə binasında, hər dalanda hər unudulmuş hekayəsində bir sükut gizlənirdi. Bakı səni çaşdıran bir yerdir. Onu sevə bilərsən, ondan bezə bilərsən, ona nifrət edə bilərsən, amma heç vaxt tam anlaya bilməzsən.

Abidəyə yaxınlaşdım. Axşamüstü idi, hava bir az da soyumuşdu, şəhərin işıqları yavaş-yavaş yanırdı. Zorgenin gözləri indi başqa cür görünürdü. Qaranlıqda bir az daha dərin, daha sirli, daha kəskin. Bir anlıq elə bildim ki, daşın içində nəsə tərpəndi. Sanki gözlər indi mənə başqa cür baxırdı — çoxdan unudulmuş bir hekayəni pıçıldamaq istəyən kimi. Zorgenin gözləri qaranlıqda yanıb-sönən sirli bir işıq kimidir: içində həm bir xəbərdarlıq, həm də dərin bir soyuqluq var. Günün işığında, sadəcə, daş yonması kimi görünə bilər, amma axşam düşəndə bu gözlər sanki canlanır, səni izləyir, susaraq nəsə demək istəyir. Onun baxışlarında bir casusun hiyləsi, bir şairin melanxoliyası və bir məhbusun sakit tənhalığı var. Həm bilən, həm də bilindiyini bilən gözlərdir.

Siqaretin kötüyünü ayaqqabımın dabanıyla əzişdirdim. Zorge bundan sonra daha sərt baxmaga başladı. Gecə düşürdü. Parkdakı adamlar seyrəlirdi. Amma mən hələ də orada dayanmışdım — Bakıdan, keçmişdən, bu parkın içində həmişə var olan kölgədən bcavab gözləyirmişəm kimi.

# 2664 dəfə oxunub

Oxşar xəbərlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

17:22 15 dekabr 2025
"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

16:47 15 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

15:07 15 dekabr 2025
"46 yaşım var, amma..." -  3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

"46 yaşım var, amma..." - 3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

15:00 15 dekabr 2025
Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər