Məşhur aktrisaya dəlicəsinə aşiq oldu, illərlə fəhlə işlədi, teatrda gecələdi – Əməkdar artistin ən böyük sirri nə idi?

Məşhur aktrisaya dəlicəsinə aşiq oldu, illərlə fəhlə işlədi, teatrda gecələdi – Əməkdar artistin ən böyük sirri nə idi?
16 noyabr 2022
# 12:00

Bu gün aktyor, Əməkdar artist Məcnun Hacıbəyovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında 10 maraqlı faktı təqdim edir.

Məcnun Salam oğlu Hacıbəyov 1935-ci il oktyabrın 5-də Quba rayonun II Nügədi kəndində 9 uşaqlı ailədə anadan olub. 10 illik orta məktəbi bu kənddə bitirən aktyor 1961-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə daxil olub.

***

Aktyor orta məktəbi bitirəndən sonra Sumqayıt şəhərindəki zavodların birində işə düzəlir. Günlərin birində işdən çıxıb şəhəri gəzərkən küçədə asılan afişaların birində Quba Dövlət Teatrının aktyorlarının tamaşa göstərəcəklərini görür. Tamaşa təqdim olunan günü bilet alıb, tamaşaya baxır. Tamaşaya baxan zaman oradakı aktyorlardan daha yaxşı obraz yaradacağına əmin olur. Sonra işdən icazə alıb Quba Dövlət Teatrının direktorunun qəbuluna gəlir. Direktorla görüş zamanı, 10-cu sinfi bitirdiyini, texniki məktəb oxuduğunu və zavodda işlədiyini bildirir. İsrarla aktyor olmaq istədiyini deyir. O isə cavabında aktyora səsinin olub-olmamasını soruşur. Ondan "Bayatı-Şiraz" oxumağını istəyir. Aktyor direktorun dediyini edir. Səs onun xoşuna gəlir və onu Quba Dövlət Teatrına aktyor kimi qəbul edir.

Məcnun Hacıbəyov aktyor kimi fəaliyyətə başlayır. Lakin o dövrlər aktyora qız verilmədiyindən o, evlənmək ərəfəsində işdən çıxır, sevdiyi qızla ailə qurandan sonra yenidən teatrdakı işinə qayıdır. Günlərin birində isə Milli Dram teatrının rejissoru Tofiq Kazımov Quba teatrında tamaşa qurur. Məcnun onunla bərabər gələn rəssamla dostluq edir. Sonra İzzətlə Tofiq Kazımovun yanına gedir. Tofiq Kazımovun məsləhəti ilə o, İncəsənət Universitetinə sənədlərini verir.

***

Sonradan Milli Dram Teatrına işə düzəlir. Lakin teatrda maaş az olduğundan o, 16 il zavodda gecə növbəsində fəhlə işləyir. Bunu isə aktyor böyük sirr kimi saxlayır, heç kimə heç nə demir. Aktyor müsahibələrinin birində həmin günləri belə xatırlayır:

“Onda filmlərə çəkilmək üçün kinostudiyaya getmək və hansısa rejissorun yanında gəzmək lazım idi ki, səni görsünlər, tanısınlar. Şahmar Ələkbərov məni çoxdan tanıyırdı və rejissoru olduğu "Qəzəlxan" filminə məni dəvət etdi. Filmin operatoru rus idi. Operator Şahmara sual verdi ki, bu aktyor indiyə kimi harada idi? Niyə bu aktyoru filmlərə çəkməyiblər? Şahmar dedi, bizdə yaramaz insanlar çoxdur, ona görə bu aktyor filmlərə çəkilmədi. Film çəkən rejissorların əksəriyyəti dostu, qohumu, tanışı olan, onlara yaltaqlanan, rüşvət verən aktyorlara üstünlük verirdilər. Bu səbəblərdən mən filmlərə demək olar ki, çəkilmədim. Rüşvət verib filmə çəkilirdilər. Rejissor aktyora çatacaq məbləğin yarısını və ya üçdə birini özünə götürürdü. Çünki bu, əvvəldən aktyorla razılaşdırılırdı”.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. O, yalnız "Solğun çiçəklər" tamaşında Əbdül rolunu oynamadığı üçün heyfsilənib.

1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Tamaşaçıların yaddaşında isə daha çox “Qatarda” televiziya tamaşasındakı Fatı və "Yarımştat" tamaşasındakı Murtuz kimi qalıb.

***

Məcnun Hacıbəyov vaxtilə Zərnigar Ağakişiyevanı dəlicəsinə sevib. Zərnigar xanımın ölüm xəbərini eşidəndə aktyor çox məyus olub. Sevdiyi qadının evdə tənha şəkildə ölməsi xəbərini alan aktyor göz yaşını saxlaya bilməyib:

“Can, can Zərnigar! Sənə qurban olum... Axı niyə belə etdin? Zərnigarla bir kənddənəm, onu məndən yaxşı kimsə tanıya bilməz. Yazığın heç kimi yoxdur. Tənha bir qadın... Anası da çoxdan rəhmətə gedib. Ailə qurmadı... Mənim onu sevməyim isə uzun söhbətdir. O, xəstəxanada olanda hər gün yanına gedib, baş çəkərdim. Saatlarla dərdləşərdik. Çox heyf, ayaqlarım işləmir, gəzə bilmirəm. Mənim dilimdən ona başsağlığı verin. Deyin ki, məni bağışla, Zərnigar, Məcnun sənin dəfninə gələ bilməyəcək”.

***

Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyyə adında 1 qızı, 7 nəvəsi və 3 nəticəsi var.

***

Aktyora Xalq artisti adı verilməyib. Bu barədə ona sual verəndə deyir:

“Deməli, mən buna layiqəm. Sadəcə olaraq vermirlər. Canları sağ olsun. Bir dəfə bir neçə deputat mənim barəmdə Mədəniyyət naziri Əbülfəs Qarayevə danışıblar. Əbülfəs Qarayev də məni tanımadığını deyib. Bəlkə də, Əbülfəs Qarayev həmin dövrdə teatrın nə olduğunu bilmirmiş. Mən isə həmin dövrdə qocaman aktyorlarla işləmişəm. O, 1970-1980-ci illərdə cavan oğlan olub, bəlkə də heç teatrla maraqlanmırmış. Yəqin buna görə də məni tanımır”.

Həyat yoldaşının vəfatından sonra o, evini satıb övladları üçün ev alır. Özü isə kəndə qayıtmaq istəyir. Həmin vaxt vəziyyəti Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabova izah edir. O, aktyora ev alacağına söz verib, teatrdan getməməsini xahiş edir. Bundan sonra Turabov teatrın binasında bir otağı boşaltdırıb, içərisini təmir etdirib Məcnun Hacıbəyova verir. Aktyorun həyat yoldaşı rəhmətə gedəndən sonra bir xanımla münasibəti varmış. Bir gün Turabov ona deyir ki, onsuz da hamımız bilirik, arada gəlsin yeməyinə, paltarının yuyulmasına köməklik etsin. Beləcə aktyor bir müddət teatrdakı işinə davam edir. Ancaq Turabov direktor vəzifəsindən azad olunandan sonra onun yerinə gələn Əlabbas Qədirov, elə ilk gündən ona teatrdakı otağı tərk etməyi tapşırır. Məcnun Hacıbəyov ərizə yazaraq teatrdan çıxır və kəndə köçür. Lakin bir müddət sonra Əliabbas Qədirov onu yenidən teatra çağırır. Dörd il təkrar orada yaşayan və işləyən aktyor təqaüdə çıxandan sonra ikinci və sonuncu dəfə doğma teatrından uzaqlaşır.

***

Məcnun Hacıbəyov 16 noyabr 2021-ci ildə 86 yaşında Covid-19 xəstəliyindən vəfat edir. Sənətkar doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində doğmalarının məzarı yanında torpağa tapşırılır.

# 13312 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #