Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu - Dalida haqqında bilmədiklərimiz...

Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu - Dalida haqqında bilmədiklərimiz...
1 oktyabr 2022
# 12:00

Kulis.az fransız müğənni Dalida haqqında araşdırmanı təqdim edir.

Qaranlıq körpəlik illəri...

XX əsrin əvvəllərində İtaliyada baş qaldıran işsizlik bir çox italyan ailəsinin xarici ölkələrə axın etməsinə səbəb oldu. Cüzeppe Cilotti də öz ailəsi ilə birlikdə ucuzluq və bolluq baxımından Misirin Qahirə şəhərinə köçməli oldu. Onun oğlu Petro böyüdükdən sonra Qahirə şəhərinin operasında skripka ifaçısı kimi fəaliyyət göstərməyə başladı. Bir müddət sonra Petro Cüzeppino adlı bir qadınla ailə həyatı qurub qərblilər və ərəblərin mehriban şəraitdə yaşadıqları Şubra məhəlləsində yaşamağa başlayırlar. Bu nikahdan onların Orlando, Bruno adlı iki oğlu, İolanda adlı qızları olur.

Gələcəyin parlaq musiqi ulduzlarından birinə çevriləcək İolanda 1933-cü ilin 13 yanvarında dünyaya gəlir.

On aylıq körpə olan İolandanın gözünə mikrob düşür. Müalicə kursu keçdikdən sonra həkimlər qırx gün İolandanın gözlərinin bağlı qalmasını məsləhət görürlər. İolandanın anası qızının gözlərini sarğı ilə bağlamalı olur. Lakin daim qaranlıqda qalan qızcığaz dəfələrlə həmin sarğını gözlərindən qoparıb atır. Nəhayət valideynlər onun əllərini də bağlamaq məcburiyyətində qalırlar.

Qırx gündən sonra gözləri sarğıdan açılan İolanda daha pis durumla üz-üzə qalır. Onun gözləri kor olmaq dərəcəsinə çatır. Çirk və qaysaq bağlayır. Dörd yaşında iki dəfə göz əməliyyatı keçirən İolanda bir müddət sonra böyük şüşəli eynək taxmaq məcburiyyətində qalır. Məktəb illərində hamı onu dördgöz deyə çağırmağa başlayır.

Lakin buna baxmayaraq o, gələcəkdə aktrisa olacağı haqqında qərar qəbul edir. On iki yaşı olanda o, eynəyini gözündən çıxarıb pəncərədən bayıra atır, katolik məktəbdə təhsil alır. Həmin məktəbdə səhnələşdirilən tamaşalarda kiçik rollar oynamağa başlayır.

On üç yaşı olanda atası müharibə illərində əsir düşdüyü düşərgədə ölür. İolanda məktəbi bitirəndə 16 yaşı yenicə tamam olur. O, əczaçılıq kompaniyasına məxsus bir ofisdə katibə işləməyə başlayır.

1954-cü ildə İolanda ailəsindən gizlin iştirak etdiyi "Miss Misir" gözəllik yarışında qalib olur. Bundan sonra o, filmlərə çəkilmək üçün təkliflər almağa başlayır.

Parisə doğru uzanan yollar...

İlk dəfə "Siqaret və bardaq" filminə təklif alır. Bu filmdə geyindiyi kostyumlarla o, "Samson və Dalila" filmindəki Hedi Lamara bənzəmişdi. Bunun üçün də İolanda Dalila ləqəbi qazanır. Bir müddət sonra isə o, Fransada Dalida olacaqdı.

Daha sonra Dalida Misirdə "Tutankomun maskası" adlı film çəkən fransız rejissoru Mark de Kastinenin diqqətini cəlb edir. Kastine Dalidaya Fransaya gedib bəxtini orda sınamağı məsləhət görür.

1954-cü ilin soyuq yeni il gecəsi Dalida Fransanın paytaxtı Parisə üz tutur. Bir müddət böyük və soyuq şəhərdə kimsəsiz və pulsuz yaşayan Dalida qısa vaxtda kazino müğənnisi kimi fəaliyyətə başlayır.

Bruno Merrik adlı menecer "Olimpia" kinoteatrını yenicə satın alıb kazinoya çevirməyi planlaşdırırdı. Dalida bir müddət "Olimpia"da çıxışlar edir. Daha sonra "Sabahın bir nömrəsi" adlı radio proqramına dəvət alan Dalida "Cənnətdəki yad" mahnısını söyləyib iki əsas musiqi adamının diqqətini cəlb edir.

Bunlardan biri "Avropa 1" radiosunun redaktoru Lyusen Moriss, digəri isə "Barklay" disk şirkətinin rəhbəri Eddi Barklay idi. Dalidanın meneceri olan Barklay 1955-ci ildə Dalidanın ilk diski olan "Madonna"nı satışa çıxartdı.

Dalida adının şöhrətə çatmasını səbəb olacaq disk isə 1956-cı ildə "Bambino" adı ilə işıq üzü gördü.

Qısa zaman ərzində 300.000 məbləğində satış qazandıran bu disk 1957-ci ilin sentyabrında Dalidaya "Qızıl disk" mükafatını qazandırdı.

Uğursuz evlilik və məhəbbət...

8 aprel 1961-ci ildə Dalida Lyusen Morisslə ailə həyatı qursa da, bir ildən sonra bu evlilik pozulur. Hələ 1960-cı ilin ortalarında Dalida Monmartedə məşhur olan sarayvari evi satın aldı. 1964-cü ilin avqust ayında isə imicini radikal şəkildə dəyişərək "sarışın bomba" ləqəbini alır. Həmin ilin sonlarına doğru Dalida Fransa musiqi səhnələrinin ən məşhur qadın müğənnisi adını qazanmışdı.

Müğənninin səhnə karyerası yüksəldikcə, şəxsi həyatı da bir o qədər sönükləşməyə doğru istiqamət alırdı. Dalida hər gecə pəri saraylarını xatırladan evinə yalnız dönürdü.

1966-cı ildə italyan plak şirkəti RCA Dalidayı istedadlı gənc bəstəkar Luico Tenko ilə tanış edir. Bu ehtiraslı və ağıllı italyan gənc Dalidayı özünə məftun etmişdi. Bu iki nəfər baş-başa verib işləməyə başladılar. Qısa zaman ərzində isə bir-birilərinə aşiq oldular. "San Remo" qala festivalında "Çao amore" mahnısı ilə çıxış edəcəkdilər. Lakin taleyin başqa planları varı.

Dalida və Luico 1967-ci ildə San Remoda səhnəyə çıxdıqları zaman üzərlərində çox güclü diqqət var idi. Dalida İtaliyada onsuzda tanınırdı. Ancaq gənc bəstəkar və aranjımançının adı hələ yeni idi. Üstəlik onların tezliklə evlənəcəkləri xəbərləri onları daha da maraqlı cütlüyə çevirmişdi. Jurnalistlər onların hər dəqiqəsini izləyib maraqla təqib edirdilər.

Təəssüf ki, bu cütlük ailə qura bilmir. Çünki "San Remo" festivalında nə Dalida, nə də Luici müvəfəqiyyət qazana bilmədilər. Bu hal Luiciyi hövsələdən çıxartmışdı. Çoxlu miqdarda içki içərək Luici jüri üzvlərinə qarşı ağır təhqirlər edib onları hiyləgərlikdə və düzgün seçim etməməkdə günahlandırırdı. Bu qəzəbin ardından Luici otağına çəkilib intihar yolunu seçir.

Sevgilisinin ölümündən dəhşətli dərəcədə sarsılan Dalida bir neçə ay sonra özü də yüksək dozalı dərman həbləri qəbul edib intihara cəhd edir. Lakin ölümün pəncəsindən xilas olan müğənni özünü birtəhər ələ almağı bacarır. Ara-sıra konsertlər verməklə yanaşı fəlsəfə kitabları oxuyub həm yoqa, həm də meditasya ilə məşğul olur.

Uğurlu karyera və gələcək prezidentlə sıx münasibət...

70-ci illərdə Dalidanın musiqi karyerası zirvələrdə olur. Az qala hər gün televiziya şou proqramlarına çıxış edir.

Ərəb ölkələrində, xüsusilə də Misirdə, Qahirədə, Livanda onu çox sevirdilər. 70-ci ildə Misir və Livan şəhərindən qayıdanda ona ərəb dilində mahnlar oxumağı da məsləhət görürdülər. 1977-ci ildə o, Misir folklorundan qaynaqlanan "Salma ya salama" mahnısını ərəb dilində ifa etdi. Mahnı Fransa və yaxın şərqdə həddindən artıq çox sevilib, uğur qazandı. Mahnının uğuru Dalidanı həmin mahnını beş dildə oxuyub diskə köçürtməyə məcbur etdi.

Həmin illərdə disko çılğınlığı hər tərəfi bürüdüyündə Dalida da həmin şəraitə uyğunlaşmağa çalışır. Otuz illik karyerası boyunca öz musiqi stilini dövrün modasına uyğunlaşdırmağı hər zaman bacarmışdı.

Karyerasındakı yüksəliş onun şəxsi həyatına da təsir edirdi. Daha sonra o, pərəstişkarı Ricard Qrenfri ilə münasibət yaşamağa başlayır.

1973-cü ildə Alen Delon ilə oxuduğu yeddi dəqiqəlik duet ona nəinki Fransada, Avropa və Yaponiyada çox böyük uğur qazandırır.

Dalidanın Avropaya məlum olan məşhurluğu nəhayət ki, amerikalıların da diqqətini cəlb etdi. 29 noyabr 1978-ci ildə Nyu-Yorka dəvət alan müğənninin 1920-ci illərdə çox sevilən Lambet Valkın mahnısını Dalidanın ifasında eşidən minlərlə izləyici konsert salonun az qala dağıdacaqdılar.

Dalidanın 80-ci illərdəki karyerasında prezident seçilən Fransua Mitteraya olan dəstəyi öz damğasını vurmuşu. Belə ki, siyasi olmaqdan çox, şəxsi münasibətdən yaranan bu dəstək Dalidaya qarşı müxalifət dalğanın yüksəlməsinə səbəb olmuşdu. Dalida Mitterandın şəxsiyyətindən təsirləndiyini heç vaxt gizlətməyib demişdi:

"Mən onun şəxsiyyətinə səs verdim, partiyasına yox".

1981-ci ildə prezident seçilməsiylə birlikdə Mitterandın şəxsi həyatı da mətbuatın nəzərində idi. 1982-ci ildə Dalida və Mtterand münasibətləri ilə əlaqədar skandallar ortalığa çıxır. Vəziyyəti belə görən müğənni Fransadan bir müddət uzaqlaşmaq üçün bir illik dünya qastroluna çıxır.

İntihara ikinci cəhd və son

Fransaya geri dönəndən bir az sonra köhnə sevgilisi Riçardın intihar xəbəri onu təkrar sarsıtdı. Luico Tenconun 1967-ci ildəki intiharından başqa bir zamanlar Dalidanın əri olan Lusie Morissdə 1970-ci ildə intihar etmişdi.

1986-cı ildə Misirli rejissor Yusif Şahin "Altıncı gün" filmində Dalidaya baş rol təklif etdi. Dalidanın əvvəlki aktrisalıq kariyerası adi rollardan ibarət olduğundan, həm də müğənnilikdən yorulduğundan bu təklifi qəbul etməli oldu. Film uzun və sıxıcı olsa da, maraqlı tənqidlərə yol açdı.

Dalidanın şəxsi həyatına vəziyyət heç də ürəkaçan deyildi. Son olaraq bir həkimlə olan gizli münasibəti də ayrılıqla nəticələnmişdi. Dalida bu səfər düçar olduğu depressiyanın öhdəsindən gələ bilmir.

Bir zamanlar "mən səhnədə ölmək istəyirəm" deyən qadın təəssüf ki, 3 may 1987-ci ildə artıq miqdarda yuxu həbi içərək intihar edir. İntihardan əvvəl bir kağız parçasına "Məni bağışlayın, həyat mənim üçün dözülməz oldu" sözlərini yazır. O, Monmarte məzarlığında dəfn edilir.

Karyerası boyunca Dalida beş yüzə yaxın mahnı ifa etmişdi. Həmin mahnıların təxminən iki yüzü doğma italyan dilində ii. Qalan mahnılar isə fransız, alman, ərəb, ingilis, ispan, yapon və s. dillərdə oxumuşdur. 2008-ci ildə Fransada avtoritet nəşriyyatlardan biri olan Universal Ensklopediyanın keçirdiyi sorğuya əsasən Dalida siyahıda Şarl de Qollyudan sonra ikinci yerə layiq görülmüşdü.

# 3852 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #