Mənasız şeirlər, gözlənilməyən çıxış, atası üçün torpaq gətirən şair – Şuşadan reportaj

Mənasız şeirlər, gözlənilməyən çıxış, atası üçün torpaq gətirən şair – Şuşadan reportaj
20 iyul 2022
# 08:54

Kulis.az Ulucay Akifin Şuşada keçirilən Vaqif Poeziya Günlərindən hazırladığı reportajı təqdim edir.


– Kaş musiqiçilər olan avtobusda gedərdik e! Yəqin indi oxuya-oxuya gedirlər! – yanımda əyləşmiş Nadir məni dümsükləyib dedi.

İnsanoğlu belədir də... Ən böyük arzusu yerinə yetəndə də yenə narazı olmağa nəsə tapır.

Özümü elə apardım ki, guya dediyini eşitmədim. Heç o da sözünün havada asılı qalmasından narahat olmadı.

Bizi Şuşaya aparan avtobus əda ilə digər maşınların yanından keçirdi. İçimdə həyəcan var idi. Bu həyəcan sevincdən yox, daha çox qorxudan yaranan həyəcan idi. Qorxurdum ki...

– Ulucay, oxudun təzə hekayəmi? – Nadir yenə məni dümsüklədi.

– Hə, oxudum, oxudum.

– Necə idi?

– Müstəqillik dövründə yazılmış ən gözəl hekayəmizdi!

– Ə, get özünü dola! Mən də bunu adam sayıb söz soruşuram! – deyib yanımdan qalxdı.

Nadirin küsməyi nadir olmadığından heç tüküm də qımıldamadı.

Avtobusumuz Xəzər dənizinin sahiliylə yavaş-yavaş Bakıdan uzaqlaşırdı.

***

Şuşaya gedəcəyimi öyrənəndə, nənəmin yanında idim:

– Nənə, ayın 13-ü Şuşaya gedirəm!

Nənəm heç nə demədi, bir-iki saniyə üzümə baxdı, sonra astaca “atanın ruhu şad olsun” dedi. Həyatın hər üzünü görmüş gözləri doldu.

Hə, bizim ailəmizdə Şuşa adı hamımıza ilk Akif Səmədi xatırladıb. Duyğular genetik olaraq ötürülür, ya yox, bilmirəm, amma torpaq həsrətinin, ağrısının mənə elə atamdan keçdiyinə inanıram.

İndi fərqinə varıram ki, mənim Şuşaya getmək arzum da daha çox atamın həmin həsrətini sonlandırmaq imiş.

Əmindi, dayındı, bizik,
Qulaqları sağır, bala.
Hər səhər evdən çıxanda,
Şuşa deyib bağır, bala!

Ayın 13-ü səhər evdən çıxanda ürəyimdə atamın bu şeirini öz-özümə himn kimi zümzümə eləyirdim. Anam arxamca su atdı. Heç şübhə etmirəm ki, o da həmin an atamı düşünürdü, bəlkə də elə bu misralarını xatırlayırdı.

***

Avtobusumuz artıq Füzulidə idi. Yolun qırağında dağıdılmış evlər görünürdü. Dağıdılmış evlər, xaraba qalmış kəndlər, ot basmış cığırlar film kadrları kimi gözümüzün önündən sürətlə keçirdi. Anama görüntülü zəng elədim.

– Bax, Füzulidəyəm, sizin kəndlərdi...

– Ay Allaaaaah... – ilk dəfə bir cümlədə kədərin, yoxsa sevincin daha çox olduğunu sezə bilmədim.

Anam telefonun ekranından diqqətlə baxırdı. Uzandıqca uzanan yol boyu dağıdılmış evlərin ardı-arası kəsilmirdi. Bir vaxt bu evlər də xoşbəxt imiş. Bir vaxt burdakı ağaclar da xoşbəxt imiş. İndi isə ağaclar gözümə elə yorğun görünürdü. Elə bil astaca toxunsan, yıxılacaqlar.

– Yaxşı, Ulucay, sağ ol. Onsuz da elə dağıdılmış evlərdi, heç yeri tanıya bilmirəm. – anam bunu deyib söhbəti sonlandırır. Onun keçirdiyi hissləri anlamaq iqtidarında olmadığımı bilirəm. Sağollaşırıq.

Qarabağa giriş icazəmizi yoxlamaq üçün avtobusumuza polis nəfəri girir. Şəxsiyyət vəsiqələrimizi götürüb sistemdə yoxlayır. Mənim vəsiqəmi götürəndə soruşuram:

– Ordakı dağlar var e, lap uzaqlarda görünən, onlar kimdədir? – lap uzaqlardakı nəhəng, qara dağları göstərirəm.

– Hamısı bizimdir, bizdədir! – polis ürəyimə su səpən cavabı verir.

Əvvəl rayonlarımıza gedəndə, uzaqlarda görünən həmin o nəhəng, qara dağların ermənilərdə olduğunu deyirdilər, adam yana-yana qalırdı. Polisin bu cavabından sonra əhvalım düzəlir.

Avtobusdakı dostlar bir-biriləri ilə zarafatlarından qalmırlar. Fərid Hüseyn, Ramil Əhməd, Ruslan Dostəli, Səddam Laçın...

Bayaq məndən inciyib yanımdan qalxıb gedən Nadir yenə yanıma qayıdır.

– Evlərinin önü darçın, xoş gəlmisən, Nadir Yalçın! – deyirəm. Özünü saxlaya bilməyib gülür.

***

Avtobusumuz dolanbac yollarla Şuşaya doğru qalxdıqca günlərdi məni rahat buraxmayan içimdəki qorxu daha da artır. Qorxuram ki...

Hamı diqqətlə pəncərədən çölə baxır. Qala divarları görünür. Şuşa böyüdükcə, içimdəki qorxu da böyüyür.

Nəhayət, çatırıq. Avtobusdan düşürük. Ayağım Şuşa torpağına dəyir. Ətrafa boylanıram. Ağaclara, dağlara, yollara... Baxıram və qorxduğum başıma gəlir. Heç nə hiss etmirəm. Xüsusi heç nə hiss etmirəm.

Qürur hissi?

Bu hissi Bakıda qələbə xəbərini eşidəndə də yetərincə keçirmişdim.

Qovuşmağın xoşbəxtliyi?

Bunu da elə həmin xəbərlərdə, əsgərlərimizin, digər insanlarımızın bu torpaqlara ayağını basdığı kadrları, videoları, şəkilləri görəndə də yaşamışdım.

Şuşa torpağının müqəddəsliyi?

Məncə, Kürdəmirin torpağı da ən az Şuşanın torpağı qədər müqəddəsdir, digər şəhərlərimizin uğrunda da candan keçərik, eyni dərəcədə həsrətini çəkərik. Kürdəmiri bu isti havaları nəzərə alıb misal çəkirəm, qətiyyən səhv anlamayın.


Vaqif Poeziya Günlərində iştirak üçün gəldiyimiz Şuşa gözümə yorğun və bir o qədər də məğrur görünür. Şair dostların hərəsi bir tərəfdə oxuyacağı şeiri kiməsə deyir.

Festivalın ilk günü başlayır. İlk çıxış Xalq yazıçısı Anarın olur. Etiraf edirəm ki, elə ən gözəl çıxış da onun olur. Sonra digər yazıçılarımız, Çingiz Abdullayev, Rəşad Məcid, Vahid Əziz və başqaları da çıxış edib şeir oxuyurlar.

30 illik ayrılıqdan sonra Şuşada, Vaqifin məqbərəsi önündə azərbaycanlı şairlərin şeirlərini səsləndirməsini görmək məni sevindirir. Səsləndirilən mənasız, zəif şeirlər də qulağıma gözəl eşidilir, gözəl gəlir.

Onların ardınca Vətən savaşı qazisi olan şairlər, Emin Piri, Həsən Kür, Cavid Qurbanov, Səbuhi və adını unutduğum digər dostlar da şeirlərini səsləndirirlər. Nigar Həsənzadənin rəhbərlik etdiyi “İgidlərin sözü” layihəsindən sonra Cıdır Düzünə üz tuturuq.

Cıdır Düzündə baş tutan “Əsrlərin sədası” adlı möhtəşəm tamaşanı da eyni gözəl duyğularla seyr edirik. Cıdır Düzünə muncuq kimi səpələnmiş dostların hərəsi bir tərəfdə şəkil çəkdirir, sevinir. Məni də Şuşanı görməkdən daha çox bu mənzərə xoşbəxt edir.

Burda hamı əvvəlkindən daha çox özünə bənzəyir. Rəşad Məcid burada Rəşad Məcidə daha çox bənzəyir, Qəşəm Nəcəfzadə daha çox Qəşəm Nəcəfzadə kimi görünür, elə mən də özümə daha xoş gəlirəm.

Festivalın ikinci günündə digər gənc şairlər şeirlərini səsləndirirlər. Növbə mənə çatanda, çıxışıma Akif Səmədin məşhur şeiri ilə başlayıram:

Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm...

“Şuşaya gedə bilmirəm” deyən şairin oğlu Şuşada həmin şeiri səsləndirir. Şəhidlərimizin sayəsində, qazilərimizin hesabına atamın ruhu qarşısında olan borclarımdan ən vacibini həyata keçirirəm.

Xoş xatirələrlə dolu üç günlük Şuşa səfərimiz başa çatır. Avtobusumuza minəndə anamdan zəng gəlir:

– Ulucay, Şuşadan atanın qəbrinə tökməyə torpaq da gətir.

Qucağımdakı torpaq dolu paketə baxıram:

– Yaxşı, gətirəcəm, narahat olma...

# 3222 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #