Kulis.az Salam Sarvanın yeni esselərini təqdim edir.
Sən canın, camaatın dərdinə bax: niyə Azərbaycanın futbolu yoxdu, niyə ədəbiyyatı yoxdu, niyə elmi yoxdu?
Sənə ədəbiyyat lazımdırsa, gərək elə Azərbaycanda olsun? Məsələn, götür alman yazıçılarını oxu. Sənə futbol lazımdırsa, məsələn, İtaliya komandalarının oyunlarına bax.
Milli eqoizmə bir çox hallarda gərək yoxdu. Nədən bu iddiadasan ki, bu balaca ölkəndə hər şey olmalıdı – böyük ədəbiyyat da, xarüqəladə elm də... Axı sən niyə istəyirsən ki, Arximed hansısa qanunu kəşf edərkən “evrika” sözünü məhz bizim Bayıl hamamındakı teştdə çiməndə qışqırmalıydı və adı da Axmed olmalıydı? Nə fərqi?
Neyləməli, bəzi coğrafiyalarda “torpaq yetişdirmir” və bu da normaldı. Ümumən, torpağın yetişdirdiyinin təyinatı da fərqli ola bilər: məsələn, alma Azərbaycanda yığılıb satılmaq üçündü, İngiltərədə Nyutonun başına düşməkçün.
* * *
Bəzən bəzi anaların kamera qarşısında coşmasını da görürük: “üç balamın üçünü də bu vətənə qurban demişəm”. Adamdan soruşarlar ki, kimsən axı sən?! Niyə sənə elə gəlir ki, uşağı doğmaq onu nələrəsə özbaşına qurban vermək haqqı da verir?
Azərbaycanda valideyn eqoizmi çox cavanları bədbəxt eləyib. Çox vaxt uşaqları ona görə basıb evləndirirlər ki, ananın pərəstiş elədiyi “ulduzu” toyda oxutmaq arzusu, atanın nəvə oynatmaq tələskənliyi var. Bu nə azardı bilmirəm: bizim tərəflərdə hamı özünü kiminsə sahibi, rəhbərı, ağsaqqalı kimi hiss eləmək və göstərmək istəyir.
* * *
Xeyli ölkələrdə “işverənlik” cinayətkarlıqla mübarizədə əsas alətlərdən biridi. Həmin “işverənlik” bizim tərəflərdə kişiyə yaraşmayan hərəkət hesab olunur. Həə, məsələn, yaxşı tanıdığım Təvəkkül konkret faktlara görə heç kəsi satmaz – hətta yanında baş kəssələr də. Bu kişi başqalarını törətmədikləri hadisələrlə ilişdirər – böhtanla, şərlə, şantajla…
* * *
Ölümündən sonra bəraət almış repressiya qurbanları və ölümündən sonra repressiyaya uğramış Stalin… Belədi də, sağlığında cəzalandırılması mümkün olmayan cəlladlar üçün tarixi həbsxanaya döndərirlər.
Artıq insanların heç olmasa tarixə düşmək naminə yaxşı əməllər törədəcəyinə də ümidlər puç olmaqda. İndi Ginnesin Rekordlar Kitabı daha cəlbedicidi, nəinki tarix. Yarışlar xırda müstəvilərə keçmiş. Tarixə deyil, “milyonçu siyahılarına”, “fəxri ad siyahılarına” düşmək uğrunda rəqabət getdiyi yerdə böyük əməllər törənə bilməz daha.
* * *
Şekspir deyirdi ki, həyat bir səhnədi, insanlarsa aktyor.
Utanıram deməyə, indi mən bu dahinin həmin fikrinə bir ələvə eləmək istərdim: amma heyif ki, insanlar yaxşı aktyor deyillər, öz rollarının öhdəsindən məharətlə gələ bilmirlər. Adamlar, məsələn, “yalançı” roluna, “namərd” roluna düz-əməlli girə bilmirlər.
Məhz öz rollarımızın ifasında buraxdığımız quşlara görə bir-birimizin səhnədə deyil, həyatda olduğunu asanlıqla tuta bilirik.
Utanıram deməyə, amma bütün sarsıntılarımızın səbəbi məhz bundadı.
Ax, nə gözəl olardı həyatı bir səhnə kimi yaşamaq, ətrafdakıları bir tamaşa kimi izləmək. Məsələn, sifətdən-sifətə düşə bilməyənlərə roldan-rola girə bilməyənlər kimi qınaqla baxmaq. Məsələn, sənə edilmiş pisliklərin səhnədə məharətlə oynanılmış bir süjet xətti olduğunu bildiyinə görə bundan olmazın həzz almaq.
Utanıram deməyə, amma alınmır. Adamlar öz rollarını talantla oynaya bilmədiklərindən hər şey qarşımıza gerçək həyat hadisəsi kimi çıxmaqda.
* * *
İndi “Nəsimi” filminin o yerindəyəm ki, Fəzlullah Nəiminin qızı Nəsimini qabağına qoyub uşaq kimi danlayır: “Hamı atamın xilası haqqında düşünür, təkcə səndən başqa...” Gənc şair Nəsimi isə əqidədaşlarının da, sevdiyi qızın da nifrətinə səbəb olacaq bir cavab verir: FƏZLİN XİLASI MÜMKÜN DEYİL.
Niyə? Bu suala isə bir müddət sonra Nəimini xilas etməyə gedən Dövlət bəy cavab verir: KƏCAVƏ BOŞDU...
İç boşdu, baş boşdu, əl boşdu...
Yüz ilə yaxındı ki, Yeni Qvineya papuasları arasında dolaşan bir inancın daşıyıcıları belə hesab eləyirlər ki, ağdərililər İncilin birinci səhifəsini qəsdən cırıb atmışlar. Guya o səhifədə İsa peyğəmbərin papuas olduğu yazılıbmış. Və yüz ilə yaxındır bu inanca tapınanlar oturub gözləyirlər ki, İsa peyğəmbər bugün-sabah qayıdacaq, papuasları ağaya, ağdərilələri isə onların quluna döndərəcək.
İkinci Dünya müharibəsində Okeaniya adalarının camaatı üçün ərzaq yardımı gətirən ABŞ təyyarəsi… O gündən bəri həmin camaat konservlənmiş ət bankasına sitayiş eləyir və hələ də gözləyir ki, bugün-sabah ərzaqla dolu o təyyarə yenə də göydən düşəcək.
Xoşdu. Amma iç boşdu, baş boşdu, əl boşdu. Okeaniya insanın sitayiş elədiyi o banka boşdu. Yeni Qvineya papuasları isə Saramoqonu oxusaydılar bilərdilər ki, İncilin birinci səhifəsi də boş olub – sadəcə ağ vərəq.
Xilas mümkün deyil. Xilas sadəcə daimi ehtiyacdır: xilas oldunsa, yenə də, yenə də, yenə də xilas olmaq istəyəcəksən.
* * *
Çox istidir. “Ürəyimin qanıyla yazıram” deyən şairlərimiz keçsin günahımdan, mən bu saat bu yazını kürəyimin təriylə yazıram. Tərslikdən biz tərəfdə suyun gəlməməyi (saatladı) və suyun getməməyi (zirzəmilərdə boğazcandı) eyni problem.
Bəxtimiz su sarıdan heç gətirməyib. Tanrı bu odlar yurdunun üstünə tökməyə su yox, neft göndərmiş.
Göndərdiyi su da nədi?! Seldi ki, Saranı apardı. Kürdü ki, dəlinin biri. Xəzərdi ki, statusu sual altında. Arazdı ki, xalqımızı iki yerə nətəhər bölübsə sinədəftər və sinəmedal şairlərimiz də quruda bilmədilər. Yeri gəlmişkən, Şərq poeziyasında göz yaşlarının bol olması da məişətdəki adi su probleminin ədəbiyyata sıçramasına görədi.
Nədənsə, neftin fontan vurduğu ölkələrdə su ən ciddi problemlərdən biri. Yerlərdə su çəkdirmək belə ölkələrdə deputatlığa namizədlərin ən dəbdə olan vədi. Hələbin hava limanında su kranının qıfılla bağlandığını şəxsən görmüşəm: orda bizə bir stəkan adi suyu beş dollara satdılar.
Neftin fontan vurduğu ölkələrin özünəməxsus maye fəlsəfəsi var: belə yerlərin adamları çayxor, sulu qəlyana meyilli, özgəsinə quyuqazan olurlar.
Ancaq Türkiyədə neft yox. Yəqin ondandır ki, Sibel Can mərhum atasının xatirəsinə iki məktəb açaraq orada oxuyan uşaqların xərclərini şəxsən ödəyirdi. Bizimkilərsə ölənlərinin xatirəsinə uzaqbaşı bulaq açar, bir kran bağlayıb yanından löhvə asarlar və bir qayda olaraq o kranlardan su gəlməz.
* * *
Ümumən, təqvimimizdə qırmızı günlərin sayı çox, amma əksərində hiss yoxdu. Yəni, cansızdı bu bayramlar, onlarda nəfəs yoxdu.
Ta camaatda əlamətdar günlərə həvəs yoxdu: məsələn, bizim adamlar təkcə aprelin birində bir-birini aldatmırlar.
Məsələn, rəsmi bayramların heç birini insanlarımız daxilən yaşamır: elə Novruzun özü də rəsmi status almazdan qabaq daha maraqlı qeyd olunarmış. Məsələn, gömrükçülərin bayramı sahibkarlarda, həkimlərin bayramı xəstələrdə yalnız qıcıq yaratmaqda. Başqa məna, başımı kəs, yoxdu.
Sən bəzi bayramlarda camaatın can-başla iştirak eləməsinə baxma. Biz ritm görməmişiyik, bizi hər yerə nağarayla aldadıb aparırlar – hətta deputatlığa namizədlərin seçicilərlə görüşlərinə də. Manıs oxuyur, namizəd danışır və axırda məlum olur ki, heç birində səs yoxdu.
Başqa çıxış yolu məhz yoxdu. Görünür, adamların öz varlığında şəxsən hiss eləyəcəyi xırda çaplı bayramlara ehtiyac var. Dünyada loru statusda qeyd olunan “Bəxt günü”, “Tənhalıqla mübarizə günü”, “10 sentyabr söhbət günü”, “Xeyirxah münasibətlər günü”, “Salamlaşma günü” kimi.
* * *
Bizim tərəflərdə fəsillərə münasibət çoxdan dəyişib. Adamlar martdakı bayramların xərclərinə görə baharın təravətini, sentyabrın məktəb xərclərinə görə payızın romantikasını, dekabrın kommunal xərclərinə görə qışın qar aydınlığını qarşılamaq istəmir.
Əksəriyyətin Məhərrəmlik ayını sevinclə gözləməsi də onun mənəvi-ruhani cazibəsinə görə deyil, toy xərclərindən xilas edəcək deyə statistik yanaşmadı.
Ax, bu xərclərin ifadə olunduğu rəqəmlər... Ax, insanların beynini daim məşğul eləyən bu rəqəmlərin yaratdığı auranın maraqsızlığı, cansızlığı.
Elə rəsmi qurumlar da insanların həyatına fəsillərin canlı təbiətindən yox, rüblərin quru statistikasından baxmaqda: qış yoxdu, birinci kvartal var... yaz yoxdu, ikinci kvartal var...
* * *
Azərbaycandan xaricə yaşamağa gedənlər həmin ölkələrdə yerli adamların soyuqluğuna öyrəşə bilmirlər. Qohumcanlığımız, qonşucanlığımız var axı. Şərqin kollektivçilik üzərində qurulmuş həyat tərzindən çıxanlar üçün Qərbin fərdiyyətçilik üzərində qurulmuş həyat tərzinə uyğunlaşmaq müşkül məsələdi.
Biz uşaqlıqdan başlayaraq sadəcə böyümürük, həm də çoxalırıq. Getdikcə ətrafımızdakı “yaxın adamların” dairəsi genişlənir. Bağçadan, məktəbdən, institutdan, iş yerindən, ailə qurmaqdan keçən həyat qatarımıza hər dayanacaqda yeni-yeni adamlar minməkdə.
Və bir də görürsən ki, ömrün qohum-əqrəbadan ibarət bu böyük dairənin xeyir-şərinə get-gəllərdə keçib-getdi.
Uşaq doğulanda gözaydınlığı məclisindəsən, sünnət olanda gözmuncuğu məclisindəsən... Əsgərliyə gedəndə xoşgetdi məclisindəsən, əsgərlikdən gələndə sağgəldi məclisindəsən... İnstituta girəndə uğurolsun məclisindəsən, institutdan qovulanda keçmişolsun məclisindəsən. Evlənəndə nişanında, xınayaxdısında, kəsmətkəsdisində, ciyəraxşamında, toyunda, toydan sonra ayaqaçdısında olmalısan. Rəhmətə gedən var – birində, üçündə, yeddisində, qırxında, ilində yarımca saat gözə görünməkçün neçə kilometr yol ölçməlisən. Həccə gedən var – gedib görməlisən, Həccdən gələn var – gedib görməlisən. Xəstələnən var – baş çəkməlisən, sağalan var – baş çəkməlisən.
Allah evinizi tiksin, ürəyim sıxıldı.
Sonra da gileylənirik ki, Azərbaycanda niyə sənət yoxdu, elm yoxdu, idman yoxdu. Bə nə bilmişdin?! Qohum-əqrabanın xeyir-şərindən yazıçının roman yazmağa, alimin kəşf eləməyə, idmançının məşq eləməyə vaxtı varmı?
* * *
Bir zamanlar münaqişələr şahlar, imperatorlar arasında gedirdi ki, yeni ərazilər zəbt eləsinlər, iqtisadi qüdrətlərini artırsınlar.
Böyük Fransa inqilabından sonra şahlararası konfliktlər millətlərarası konfliktlərlə əvəzləndi.
Birinci Dünya müharibəsindən sonra millətllərarası münaqişələr öz yerini ideologiyalararası münaqişələrə verdi – bir tərəfdə kommunizm, o biri tərəfdə liberal-demokratiya.
Soyuq müharibənin başa çatmasından sonra idealogiyalar arasındakı qarşıdurmadan mədəniyyətlər arasındakı qarşıdurmaya keçildi – bir tərəfdə Qərb sivilizasiyası, digər tərəfdə isə…
Tarixin dizaynı bu qədər sadəymiş – dördcə cümlə.
* * *
Ağlım kəsəndən ZİYALI anlayışının İŞIQLI mənasının AYDIN çalarlarında azıb qalmışam. Bütün günahlar isə toyuqdadı: onun yumurtası tərs gələn kimi camaat deyinməyə başlayır ki, bəs bu xalqın ziyalıları hara baxır?
Xalqın hökmü qətidi: alimsənsə, yazıçısansa, deməli, ziyalısan.
Adicə bir rəssam olan yazıq Təvəkkül and-aman eləyir, əlini Qurana basır, yaxasını cırır ki, ay camaat, əl çəkin məndən, mən ziyalı-zad deyiləm. Bizimkilər salırlar onu qapazın altına ki, nə danışırsan, sən axı şəkil çəkirsən. Şəkil çəkirsənsə, deməli, ziyalısan. Ziyalısansa, cəmiyyətin vicdanısan. Cəmiyyətin vicdanısansa, toyuğun yumurtasının tərs gəlməsinə cavabdeh sənsən.
Kinodu, kino… Hələ o şəkilçəkən Təvəkkülü qapazın altından çıxarıb qoyurlar qapanın üstünə və çəkirlər də: buyur, bu da sənin cəmiyyətdəki ziyalı çəkin. Sonra da başlayırlar ondan mələk əlamətləri tələb eləməyə.
Bizimkilər alimdən elmi kəşflər, yazıçıdan estetik uğurlar deyil, minimum istehlak zənbilinə, xalqın xilas və gilas səbətinə, milli dəyərlər xurcununa, ədəb-ərkan torbasına töhfələr umurlar. Ona görə də buralarda qumarbaz Dostoyevskinin, ayıbçı Freydin yetişməsi mümkün deyil: çünki onlar öz “pozğun”, “əxlaqsız” əməlləriylə bizimkilərin “ziyalı” ölçülərinə uyğun gəlmir.
Çünki bizimkilərin “yazıçısansa, deməli, ziyalısan” düşüncəsinin dəhşətli bir astarı da var: ziyalı deyilsənsə, deməli yazıçı deyilsən.
Əslində isə aydınlaşmış adam – varlığın bütün çərçivələrindən – siyasi, milli, dini təəssübkeşlikdən, ictimai əxlaqdan, mental buxovlardan kənarda olan adamdı. Aydınlaşmaq – intellektual tənhalıq deməkdi. Belə adamlar bizə sərf eləməz axı, nəyimizə lazımdı?!
(ardı var)