Mədəniyyət nazirini ittiham etmək ədalətsizlikdir - Sevda Sultanova

Mədəniyyət nazirini ittiham etmək ədalətsizlikdir -  Sevda Sultanova
8 dekabr 2023
# 14:00

Kulis.az Sevda Sultanovanın "Bir görüşün əks-sədası" adlı yeni yazısını təqdim edir.

Əbülfəz Qarayevin nazir olduğu dövrdə, Milli Kino günü ilə bağlı keçirilən tədbirdə bir qrup kino adamına mükafat verilirdi. Heç yadımdan çıxmaz, mükafatçılar arasında ikinci rejissor Akif Rüstəmov yeganə adam idi ki, adı gələndə bütün zal coşdu, fasiləsiz bir neçə dəqiqə alqışlandı.

Milli kino tariximizdə bu sənətin incəliklərini mənimsəyən və məsuliyyətini dərk edən üç peşəkar ikinci rejissorun adı çəkilir: Məmməd Əlili, Akif Rüstəmov və Ramiz Əliyev. Təcrübəli rejissorlar çəkiliş meydanında adını ikinci rejissor qismində çəkdiyim bu adamlarla işləməyə can atırdılar.

İkinci rejissor nə deməkdir? O, rejissorun sağ əlidir; çəkiliş meydanında bütün texniki və yaradıcı proseslərə nəzarət eləyir, işi nizamlayır, qrafiki müəyyənləşdirir, maddi-texniki təminata cavabdehlik daşıyır, fors-major situasiyalarda çevik düşünür, çıxış yolu tapır, rejissor gələnədək çəkiliş meydanını tam hazır vəziyyətə gətirir, hazırlıq və postprodakşn mərhələsində rejissora yardım göstərir və s.

İstehsalat mədəniyyətini qoruyub saxlayan çox az şəxsdən biri olan Akif müəllim həm də ona görə sevilir ki, ikinci rejissorluğa sadəcə öhdəlik kimi yox, sevgiylə, bir SƏNƏT kimi yanaşır. O, fəaliyyəti dövründə döyüş, kütləvi səhnələri əla idarə edib, istehsalat prosesində çətin konfliktləri peşəkarlıqla aradan qaldırıb və ikinci rejissor sahəsində kadrlar yetişdirib.

Eldar Quliyevin "Burulğan” filmində Vidadi Həsənovun gürcü aktrisası Eqle Qabrenayte ilə intim məqamların yer aldığı bir epziod var. Müsahibəsində Vidadi Həsənov həmin epizoda hazırlıq zamanı Akif Rüstəmovun peşəkarlığını dəqiq ifadə edir: "Akif müəllim doğrudan da sonuncu mogikandır. Çəkiliş meydançasına çatanda mənimlə Eqleyə dedi ki, bura gəlin. O, başa düşürdü ki, mən gəncəm. Eqle isə təcrübəli idi. Bizi xəlvət yerə apardı, hərəmizə 100 qram verdi ki, cəsarətli olun. Amma arağı orda necə saxlamışdı, bilmirəm. Çünki orda (yəni adada-S.S.) içki aparsan da isti olduğuna görə saxlamaq çətin idi. Biz 8 gün idi ordaydıq, peşəkarlığa baxın, onu harada necə qoruyub saxlayıb bu epizod üçün. Səhv eləmirəmsə üç dubla çəkdik. Akif müəllimin yüz qramı olmasaydı bu epizod o qədər yaxşı alınmazdı”.

Təəssüf ki, Akif müəllim kimi sözün əsl mənasında fədakar şəxs uzun müddət diqqətdən kənarda qalmışdı. Bildiyim qədərilə, "Azərbaycan” kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmov onu bacardığı qədər diqqətdə saxlayır, qayğı göstərir.

Keçən həftə isə mədəniyyət naziri Adil Kərimli öz təşəbbüsü ilə Akif Rüstəmovun evinə getdi, həmsöhbət oldu və inanıram ki, ehtiyacı olduğu məsələlərdə ondan qayğısını əsirgəməyəcək. Görüşdən yayımlanan fotolardan Akif müəllimin, ona göstərilən diqqətdən duyğulandığı görünürdü. Nə gizlədim, yüksək post tutan bir şəxsin Akif müəllimi sevindirməsi məni də duyğulandırdı...

Görüşdən yayımlanan fotolarla bağlı sosial şəbəkələrdə Akif müəllimin sadə, təmirsiz evini görüb nazirliyi, naziri buna görə qınayanlar oldu. İnsanların qəzəbini anlayıram; ötən illərdə, sabiq rəhbərlərin dövründəki keyfiyyətsiz fəaliyyət, korrupsiya faktlarına görə həbslər vətəndaşların quruma inamsızlığında rol oynayıb...

Kinotənqidçi kimi kinoda baş verən proseslərə, həmçinin, neqativ məqamlara mümkün qədər obyektiv və operativ münasibət bildirməyə çalışıram. Amma tənqidçi olmağım heç bir halda nazirlikdə görülən yaxşı işləri görməzdən gəlmək anlamına gəlmir.

Mədəniyyət ilk baxışda rahat sahə kimi görünsə də, əslində mürəkkəb, spesifik, daim kommunikasiya tələb eləyən sistemdir. Mədəniyyət sahəsi öncəki rəhbərliklərin idarəçiliyi dövründə- xüsusən, kinonu nəzərdə tuturam, - elə dağınıq, xaotik vəziyətə salınıb ki, onu nizamlamaqdan, bərpa etməkdən ötrü zamana ehtiyac var. Və Akif Rüstəmova (burda Akif müəllimi kinomuzun ümumiləşmiş obrazı kimi vurğulayıram) qayğısızlıq yeni rəhbərliyin, Adil Kərimlinin məsuliyyəti deyil. Əksinə, Adil Kərimli dağılanların bərpasına, işlək sistemin qurulmasına çalışır.

İndiyədək mədəniyyət nazirləri, rəhbərlikdə təmsil olunan şəxslər haqda xüsusi müsbət nəsə yazmamışam. Amma Adil Kərimli haqda ona görə yazıram ki, bu ilin aprelində keçirilən teatr və kino forumlarında onun mədəniyyət sahəsini dirçəltməyə səmimi şəkildə istəkli, həvəsli, təşəbbüskar və tənqidlərə açıq olduğunu, ünsiyyətdə yüksək mədəniyyət göstərdiyini gördüm. Hətta kinoforumda ayrı-ayrı moderatorlar tənqid söyləyən kino admalarının sözünü kəsmək istəyəndə, nazir heç kəsin sözünün kəsilməməsinə, problemlərin səsləndirilməsinə imkan yaradılmasına göstəriş verdi.

Qısa müddətdə, dağılmış sistemin, zədələnmiş nüfuzun bərpasını tələb etmək, öncəki rəhbərliyin məsuliyyətsiz davranşlarına görə yeni naziri ittiham etmək ədalətsizlikdir. Axı, Adil Kərimli yunan tanrısı Zevs deyil ki, bir gözqırpımında sehrini işə salıb problemləri həll etsin.

Bütün hallarda bu faktdır ki, yeni nazirin təyinatından sonra, məsələn, illərlə qastrollara getməyən paytaxt teatrları bölgələrə gedirlər, bölgə teatrları paytaxta gəlir, yaradıcılıq mübadiləsi baş verir, festivallara gedişlər intensivləşib, dövlət sifarişi məsələsində ədalət prinsipi bərpa olunub.

Yaxud musiqidə illərlə yığılıb qalmış problemlər konseptual şəkildə forumda səsləndirildi, kino üçün nəzərdə tutulmuş vəsaitin, ilk dəfə böyük hissəsi film müsabiqəsinə ayrıldı, müntəzəm olaraq müxtəlif ölkələrin mədəniyyət günləri keçirilir, cürbəcür formatlarda mədəniyyətlərarası dialoq qurulur və s. İstənilən işdə hər hansı nöqsanın olması isə qaçılmazdı.

Adil Kərimli hüquqşünasdır, bunadək çoxsaylı mədəniyyət layihələrinə rəhbərlik edib. Mədəniyyət çoxprofillidir (kino, teatr, musiqi, təsviri sənət, muzeyşünaslıq və s.) və onun sadaladğım bütün sahələrin detallarınadək bilmək öhdəliyi yoxdur. Çünki nazirliyin produktiv fəaliyyəti eyni zamanda hər sahə üzrə təyin olunmuş orta və kiçik məmurların dürüst və peşəkar fəaliyyətindən asılıdır.

Kinotənqidçi olduğumdan, bu sahəni xüsusi vurğulayacam. Məlum film müsabiqəsində qüsurların mövcudluğu, narazılığın yaranması hər şeydən əvvəl kino sahəsində işləyən məmurların öz işini düzgün qura bilməməsi, kino cameəsini yetərincə tanımamasıdır.

Müşahidə etdiyim qədərilə, Adil Kərimli (həmçinin müavinləri, xüsusən, Səadət Yusifovanın sadəliyi, yüksək davranış, ünsiyyət mədəniyyəti) nə qədər tənqidə açıq və yenilikçidirsə, ünsiyyətdə sadədirsə, tabeçiliyindəki bəzi xırda məmurlar onun əksidir...

Yadımda ikən, bir örnək deyim. Azərbaycan kinosu (həmçinin teatr) parlaq dövrünü Adil İsgəndərovun vaxtında yaşayıb. 1966-1974 cü illərdə "Azərbaycanfilm”in kinostudiyasının rəhbəri işləmiş Adil İsgəndərov fenomenal şəxsiyyət idi; kinosisteminin demokratikləşməsində, milli kadrların yetişməsində, filmləri yerli və mərkəzi məmurların ideoloji senzurasından qorunmasında, kinoaktyorluq və ssenari sahəsinin inkişafında xeyli iş gördü.

Cəfər Cabbarlının "Hara gedir Azərbaycan kinosu” məqaləsində vurğuladığı problemərin çoxunu illər sonra Adil İsgəndərov idarəçiliyi dövründə həll elədi. O, iki mədəniyyət naziri Məmməd Qurbanov və Rauf Hacıyevin vaxtında işləyib. Rauf Hacıyev bəstəkar, mədəniyyətin içindən yetişmiş adam olsa da, Məmməd Qurbanov sənayeçi idi. Və Adil İsgəndərov özünün peşəkar, düzgün fəaliyyəti, qətiyyətli qərarları ilə mədəniyyət siyasətinin uğurlu qurulmasında yardımçı olurdu.

Yəni demək istədiyim odur ki, hər şeyi, bütün problemləri, üstəlik, sabiq məmurların fəaliyyətsizliyini hazırkı nazirə yükləmək yanlışdır.

Daha bir vacib məqamı deyim. Adil Kərmili bütün mədəniyyət adamları ilə şəxsən kommunikasiya qurmalı deyil.

İstənilən qurumun imicinin formalaşmasında mətbuat xidmətləri böyük rol oynayır. Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin fəaliyyəti daha çox quru, səthi informativ, reliz formatına əsaslanır.

Nazirliyin son bir ildə gördüyü yaxşı tədbirlərin cəlbedici, peşəkar təqdimatı təəssüf ki, yox səviyyəsindədir. Bu, bir tərəfə.

Kino müsabiqəsi elan edildiyi tarixdən proseslə bağlı intensiv operativ, əhəmiyyətli informasiyalar verilmədi, üstəlik, son bir həftədə mediaya film müsabiqəsinin nəticələri ilə bağlı anlaşılmaz məqamların əks olunduğu məlumatlar ötürüldü, jürinin bir neçə üzvünün iştirak elədiyi brifinqə çox az jurnalist dəvət olundu (hətta, bır sıra nüfuzlu saytlarda çalışan həmkarlarım dedi ki, bizə ümumiyyətlə, bu barədə məlumat verilməyib).

Qısası, jurnalistlərlə iş məhsuldar, effektli deyil, nazirliyin gördüyü işin piarı aşağı səviyyədə aparılır.

"Mədəniyyət dalğası” tipli ibtidai səviyyədə maarifçi, qeyri-peşəkar layihəni reallaşdırmaqdansa, mətbuat xidməti media ilə problemləri müzakirə etsin, bu və digər istiqamətlərdə mədəniyyət yazarları ilə funksional tədbirlər keçirsin, mədəniyyət sahəsinin dərin təhlilinə dayanan, nazirliyin işinə kömək edəcək araşdırmalar sifariş versin, bürokratik əngəllər yaratmaq əvəzinə ünsiyyətə açıq olmaqdan, onlarla doğmalaşmaqdan çəkinməsin.

Əksinə, bu yöndə fəaliyyət nazirliyin imicinə müsbət mənada təsir göstərəcək.

# 1929 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #