Manaf Ağayev nə üçün sevilir? - Orxan Saffari yazır...

Manaf Ağayev nə üçün sevilir? - Orxan Saffari yazır...
8 oktyabr 2022
# 13:00

Kulis.az Orxan Saffarinin "İçimizdəki Manaf Ağayev" adlı yazısını təqdim edir.

İlk öncə sizə özümlə bağlı gizli qalan həqiqəti açıqlayım. Əgər mənim oxumaq istedadım, səsim olsaydı, qətiyyən yazı yazmazdım. Hələ ta uşaqlıqdan, həmyaşıdlarımdan seçildiyim vaxtlardan oxumaq həvəsim var idi. Bütün xalq mahnıları, muğam, bayatı, nə var idisə, hamısını əzbərləmişdim. Amma elə ki, evdə oxuyurdum, atam deyirdi, Füzulidə bir boz eşşəyimiz var idi, onu xatırladırsan, oğul. Düz də deyirdi. O eşşəyin səsini təxmin edəndən sonra bir də oxumadım. Amma hərdən atama kənddəki uşaqlığını, o boz eşşəyi xatırlatmaq üçün anqırırdım. Ona görə də səsi olan adamlara həmişə paxıllıq etmişəm. O cümlədən, dəyərli sənətkar, el ağsaqqalı, çox hörmətli Manaf müəllimə də.

Manaf müəllimin musiqi yaradıcılığına münasibət bir mənalı deyil. Məsələn, yazıçı dostumuz Kəramət Böyükçöl deyir ki, "Manaf Ağayev ana muğamı oxuyanda, anam gözümdən düşür". Olsun. Dərd deyil. Amma analar da, musiqi də müqəddəsdir.

Hərdən qarşıma çıxır, görürəm, feysbuk və digər sosial şəbəkələrdən ibarət xalqımız, üzr istəyirəm, kütləmiz dəyərli sənətkar, el ağsaqqalı Manaf Ağayev müəllimi tənqid və hətta təhqir edir. Görün, iş nə yerdədir ki, camaat işini-gücünü atıb, Manaf Ağayev müəllimi tənqid və təhqir edir.

Amma feysbuk və digər sosial şəbəkələri çıxsaq, bu xalq Manaf Ağayev və onun timsalında olan hamını sevir. Çünki bizimkilər məhz Manaf Ağayev kimi düşünür və yaşamaq istəyir. Hərənin içində bir Manaf Ağayev yatır.

Zarafatsız, elə bilirsiniz ki, sosial şəbəkələrdə Manaf Ağayevi söyürlər deyə, çöldə-bayırda da elədi? Sizin heç xəbəriniz var ki, Manaf müəllim bu xalqın sevimlisi, ağsaqqalı, sənətkarıdır? Ciddi deyirəm ha, birdən elə bilərsiniz ki, lağ-lağı zaddır, əsla.

Mən də əslən Füzuli rayonundanam, Manaf müəllim də. Dərinə gedəndə Manaf müəllimlə tanışıq da. Uşaq vaxtı buna görə fəxr də eləmişəm. Manaf müəllimin qardaşı, əmimlə əsgər yoldaşıdır, hələ bir dəfə küçədə ayaqüstü rastlaşıb, görüşmüşük də. Tam detallı danışmıram, amma bilin ki, tanışıq. Bu yazını da yerlim, dəyərli el sənətkarı, xalqın sevimlisi Manaf müəllimi çox istədiyimdən yazıram.

Manaf müəllim, həqiqətən də, müəllimdir. Hər yerdə ona müəllim deyirlər. Müəllimlərdən nəyi əskikdir? Musiqidən dərs deyər. Müəllimin buynuzu olmur ki. Riyaziyyatdan demir, musiqidən deyir. Manaf müəllim elə fikirlər səsləndirir ki, o, bizim, digər orta statistik hər bir azərbaycanlının iç səsi, genetik kodudur.

Məsələn, Manaf müəllim qəfil, yanpörtü bir giriş edib deyir ki, indiki qızları bilmək olmur, oğluma qız tapa bilmirəm, hansı qıza baxırsan internetdədir. Sizə deyim, bu düşüncə hələ təzə-təzə yığışmağa başlayır. Həqiqətən də belədir. Dayımız, əmimiz, atamız belə düşünür. İndi Manaf müəllim göz önündədir, tanınmış adamdır, bəzi qüvvələr də bundan istifadə edir. Lazım deyil. O boyda adamı belə xırda fikrə görə gözdən salmazlar. Atanız, əminiz, dayınız elə deyəndə söyürsünüz? Yox. Çünki sizi pis günə qoyarlar. Əslində, Manaf müəllim də qoyar. Bu yerdə onu da deyim ki, Manaf müəllim kriminal aləmdə də xeyli nüfuza malikdir. Bəlkə, ciddi qəbul etmirsiniz, amma mən bilirəm. El-oba adamıyam. Özüm Qərbənd kəndindənəm. Bizim kənddə də, ümumi Füzulidə və Qarabağın bütün bölgələrində Manaf müəllim sevilir. Çünki o bu xalqın sözünü deyir, içindən çıxıb. Onu bu yerə də xalq gətirib. Siz də elə bilirsiniz, Manaf müəllim elə-belə adamdır. Ay-hay.

Heç vaxt görməmişəm, görə də bilmərəm, eşitməmişəm, eşidə də bilmərəm ki, kimsə toyda-bayramda Manaf müəllimə yaxınlaşıb etiraz eləsin, desin ki, bunu düz demədiniz. Əksinə, münasibəti özünüz bilirsiniz. Manaf müəllimi toya çağırılanda verilən pulla şəxsən mən bir neçə il rahat yaşaya bilərəm. Siz də düşmüsünüz ortalığa ki, qoymayın, Manaf müəllim düşüncəsizdi. Düşüncəsiz adama bu boyda hörmət edərlər? Düşüncəsiz adam bu boyda pul qazana bilər? Necə olur ki, siz bu gözəl düşüncəsinizlə acından köpük qusursunuz, amma Manaf müəllim qaz vurub qazan doldurur? Deyirsiniz ki, indi Manaf müəllimi dəyərləndirənlər bilmir nə var nə yox?

Şəxsən ona görə də 200-300 nəfərin sosial şəbəkədə Manaf müəllimi söyməsinə aldanmıram. Qıraqda olan münasibəti görürəm, bilirəm ki, bu xalq öz sənətkarını sevir. Ümumiyyətlə, Manaf müəllim Azərbaycan xalqına hələ çoxdur.

Sonda isə bir daha Manaf müəllimə salamlarımı və sevgilərimi çatdırıram. İnşallah, toyda-bayramda görüşərik. Özü də, öz elimizdə, obamızda. Qədir bilməz adamlardan uzaq durmaq lazımdır. Yaşasın Manaf müəllim.

# 8009 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #