Latviyada Nizami Gəncəvi irsinə dair beynəlxalq simpozium təşkil olundu

Latviyada Nizami Gəncəvi irsinə dair beynəlxalq simpozium təşkil olundu
13 sentyabr 2022
# 17:40

Sentyabrın 12-də Riqada yerləşən Azərbaycanın bu ölkədəki səfirliyinin Latviya Milli Kitabxanası və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsi və onun ümumbəşəri dəyərlərin təşviq edilməsinə təsiri” mövzusunda Beynəxalq Simpozium keçirilib.

Kulis.az xəbər verir ki, Latviya Milli Kitabxanasında keçirilən tədbirdə bu ölkədəki diplomatik korpusun, elm, mədəniyyət, incəsənət və akademik dairələrin, dövlət qurumlarının nümayəndələri, həmçinin tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ölkəmizin Latviyadakı səfiri Elnur Sultanov iştirakçıları salamlayaraq simpoziumun önəmini qeyd edib. O, ölkəmiz tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsinə və təşviqinə verilən önəmdən, Nizaminin dünya ədəbiyyatında və fəlsəfi fikrində yerindən, onun ölməz əsərlərində ifadə olunan ümumbəşəri dəyərlərin günümüzdə də vacib əhəmiyyət daşımasından, həmçinin dahi şairin əsərləri əsasında dünyaya yayılan və UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən Azərbaycanın miniatür sənətindən danışıb. Latviya-Azərbaycan əlaqələrinin uğurlu inkişafından bəhs edən Elnur Sultanov bu il ərzində mədəniyyət və incəsənət sahəsində keçirilmiş tədbirlər, həmçinin planlaşdırılan layihələr haqqında məlumat verib.

Səfir, eyni zamanda, diqqətə çatdırıb ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin ölməz irsini dünyada təşviq edən mühüm beynəlxalq platformadır. O, Mərkəzin fəaliyyətində Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers və Raymonds Veyonisin fəal iştirak etdiklərini və dəyərli töhfələr verdiklərini vurğulayıb.

Sonra çıxış edən Latviya Milli Kitabxanasının icraçı direktoru Dzintra Mukane Kitabxanasının Azərbaycan, o cümlədən ölkəmizin səfirliyi ilə əməkdaşlığından danışıb. Ötən il səfirlik tərəfindən kitabxanaya hədiyyə edilən kitablara görə təşəkkürünü bildirib. D.Mukane Latviya Milli Kitabxanasının Nizami Gəncəvi irsinin Latviyada daha geniş təşviqinə marağını ifadə edib və onun əsərlərinin latış dilinə tərcümə olunmasını arzuladığını vurğulayıb.

Sonra Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Nizami Gəncəvi irsi dünya kitabxanalarında” mövzusunda təqdimatla çıxış edib. O, dahi şairin dünya kitabxanalarında saxlanılan əlyazmaları haqqında ətraflı məlumat verib, Milli Kitabxana tərəfindən Nizami Gəncəvi irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs edib, həmçinin böyük mütəfəkkirin əsərlərinin əlyazmalarından danışıb.

Daha sonra Latviya Universitetinin professoru Kaspars Klavinş dünyada elm və fəlsəfi fikrin inkişafında Nizami Gəncəvinin parlaq roluna toxunub. O, Nizamini ensiklopedik şəxsiyyət kimi dəyərləndirərək, onun vaqif olduğu elmlərdən söz açıb.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanova Nizami poemalarının filoloji tərcüməsinin incəliklərindən, Latviya Universitetinin tədqiqatçıları Mədinə Mustafayeva və İnese Davidson isə dahi şairin yaradıcılığından, onun Şərq intibahındakı rolundan danışıblar.

Latviya Universitetinin tələbəsi Daniyels Pavloviçs Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından bir parçanı səsləndirib.

Sonra Azərbaycanın dahi opera sənətkarı Bülbülün ifasında “Sevgili Canan” romansının videoyazısı nümayiş etdirilib.

Sonda Elnur Sultanov Latviya Universitetinin tələbələrinə Nizami Gəncəvi ilə bağlı kitablar hədiyyə edib.

Tədbir çərçivəsində, həmçinin Heydər Əliyev Fondu tərəfindən Nizami Gəncəvi mövzusunda nəşr olunan kitablar, eyni zamanda, böyük mütəfəkkirin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi də nümayiş etdirilib.

# 1697 dəfə oxunub

Oxşar xəbərlər

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

Holokost, köləlik travması, şəhvət... - Ədəbiyyat üzrə Nobel mükafatı alan qadın laureatlar kimlərdir?

15:00 11 yanvar 2026
“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər