Kulis.az Fulya Soybaşın “Labubu çılğınlığı... Dişli canavar necə fenomenə çevrildi?” yazısını təqdim edir.
Labubu yalnız bir oyuncaq deyil, həm də Çinin mədəni və ticarət baxımından qlobal bazarları necə ələ keçirdiyinin simvoludur.
Son 7-8 aydır əsl bir Labubu çılğınlığı yaşanır. Önüm, arxam, sağım, solum – hər yer bu iti qulaqlı, qəzəbli baxışlı, dişləri çölə çıxmış məxluqun orijinal və saxta fiqurları ilə doludur. Marağın böyüklüyü o qədərdir ki, bu “çirkin” oyuncaq, yaradıcısı Pop Mart şirkətini təxminən 50 milyard dollarlıq bir nəhəngə çevirib. Bu isə, “Barbie”nin (Mattel) və “Transformers”in (Hasbro) istehsalçılarının ümumi dəyərindən daha çoxdur.
Labubu çılğınlığı, əlbəttə, bizim sərhədlərimizə də gəlib çatıb. Bəs bu oyuncaq necə bu qədər məşhur oldu və niyə tənqid olunur?
Fiqurlar pop mədəniyyətin gücünü əks etdirir
“Nə yeməliyik”dən tutmuş, necə görünməli, necə davranmalı, necə danışmalı olduğumuza, nə dinləyəcəyimizə və nə izləyəcəyimizə qədər kimliyimizin formalaşmasının hər mərhələsində – xüsusən də sosial medianın, yazılı və vizual medianın təsiri danılmazdır. “Virtual” dünyanın son simvolu isə bu Labubu fiqurlarıdır.
Marks məzarında çevrildi...
Bir çox məşhur televiziya ulduzları və müğənnilər (Dua Lipa və Rihanna) Labubunun böyük pərəstişkarlarıdır. Uşaqların əlində, böyüklərin çantasında asılmış bu fiqurları küçələrdə, çimərliklərdə, dəfn mərasimlərində, moda, mədəniyyət və incəsənət daxil olmaqla hər yerdə görmək mümkündür.
2025-ci ilin may ayında yalnız TikTok platformasında Labubu növbələrini və qutu açılışlarını göstərən #labubu haştaqı ilə paylaşım sayı təxminən 2 milyon olub. Sosializmin banisi Karl Marksın məzarına ötən həftə Labubunun qoyulması bu çılğınlığın ölçüsünü göstərməyə kifayətdir.
Ərbildə satışı qadağan olunub
İngiltərə və Cənubi Koreyada mağazalarda izdiham yaşandığı üçün fiziki satışlar müvəqqəti dayandırılıb. Ərbildə isə “sürpriz” və ya “kor qutu” adı ilə satış metodu istehlakçını aldatdığı və fiqurların yerli mədəniyyətə uyğun olmadığı səbəbi ilə satışı rəsmi olaraq qadağan edilib.
Bu Labubu haradan çıxdı? Onun cəlbediciliyini izah etmək çətindir. Dediyim kimi – internetin təsadüfiliyi ilə yayılıb. Yaradıcı – Hollandiyada yaşayan, Honq-Konqda doğulan Kasinq Lunqdur. O, bu oyuncağın Skandinaviya mədəniyyətindən ilhamlanaraq yaradıldığını və gördüyü maraqdan razı qaldığını deyir.
Labubu ilk dəfə 2015-ci ildə “The Monsters” adlı komiks seriyasının bir parçası kimi yaranıb. 2019-cu ildə isə Pekin mərkəzli oyuncaq nəhəngi Pop Mart tərəfindən kəşf edilərək kommersiya məhsuluna çevrilib.
Pop Mart, “sürpriz” və ya “kor qutu” deyilən – alıcıların hansı fiquru aldıqlarını əvvəlcədən bilmədikləri, möhürlü qutu alaraq sonradan içindəkini öyrəndikləri bir sistemlə məşhurdur.
Labubunun populyarlaşmasının səbəbi də məhz budur. İnsanlar “məhdud sayda” istehsal edilən, içindən nə çıxacağı bəlli olmayan bu sürpriz fiqurları əldən qaçırmamaq və pop mədəniyyətin də təsiri ilə “özlərini göstərmək” üçün təkrar-təkrar alırlar.
Trend olmasının səbəbi kimlik axtarışımızdır
İstanbul Atlas Universitetinin mütəxəssisi, psixiatr Zuhal Doğan Bektaşa görə, “dəyişkən nisbətli mükafatlandırma” adlanan bu alıcı davranışı, yəni hər dəfə nə çıxacağını bilmədən alış-veriş etmək, bir müddət sonra asılılıq yarada bilər:
“Bu, qumar vərdişində də olduğu kimidir. Davranış psixologiyasına görə, dəyişkən nisbətli mükafatlandırma, asılılıq yaratmaq baxımından ən güclü öyrənmə formalarından biridir. Bəzən xüsusi bir fiqur çıxır, bəzən sıradan biri… Bu qeyri-müəyyənlik və “nadir olanı əldə etmə ehtimalı” dopamin ifrazını artıraraq alıcını yenidən alış-veriş etməyə təşviq edir. Bu isə alış-veriş asılılığına zəmin yarada bilər.”
Zuhal Doğan Bektaş
Uşaqlar diqqətli olmalıdır
Populyar mədəniyyət obyektləri, o cümlədən, Labubu kimi oyuncaqlar təkcə bir trend deyil, həm də fərdlərin daxili dünyasında daha dərin psixoloji proseslərin əksi ola bilər. Zuhal Doğan Bektaş xəbərdarlıq edir:
“Sosial mediada bu fiqurların geniş şəkildə ideallaşdırılması, xüsusilə uşaqlar və yeniyetmələrdə bu oyuncaqlara sahib olma təzyiqi yarada bilər və maddi dəyərlər üzərindən kimlik qurma riski doğura bilər.
Bu istəklərin arxasında daxili boşluq hissi, narahatlıq, doyurulmamış uşaqlıq ehtiyacları və ya tez-tez narsist şəxsiyyət strukturlarında rast gəlinən “öz dəyərini xarici obyektlərlə tənzimləmə” meyli dayana bilər. Çanta, geyim kimi bahalı, markalı məhsullarla birlikdə nümayiş etdirilən bu fiqurlar, şəxslərin sosial qəbul arzularını qidalandıran vasitələrə çevrilir.”
Yetərsizlik hissini artırır
“İnfluencerlərin "ideallaşdırılmış" həyatları bu gün bir çox insanda yetərsizlik hissini artırır. Bu hisslə baş etməyə çalışanlar isə onların sahib olduqlarına – məsələn, geyim, estetik görünüş və ya Labubu oyuncaqlarına sahib olaraq psixoloji olaraq özlərini “bərabər” hiss etmək istəyirlər. “Mən dəyərliyəm, çünki bu obyektə sahibəm” düşüncəsi, qəbul olunmaq, bəyənilmək və görünmək istəklərini təmin edir.”
Bu, hər zaman təhlükəli deyil. Lakin əgər bir fərd bu obyektlərə və ya axınlara davamlı şəkildə vaxt, psixoloji enerji və pul sərf edirsə, sosial münasibətləri və funksionallığı zədələnirsə – o zaman mütləq peşəkar dəstək almalıdır.