Kəramət Böyükçöldən qalmaqallı açıqlamalar, Tolstoyu təhqir edən sevgililər, yallı gedən şair – Reportaj

Kəramət Böyükçöldən qalmaqallı açıqlamalar,  Tolstoyu təhqir edən sevgililər, yallı gedən şair – Reportaj
27 may 2022
# 09:00

Kulis.az Rəvan Cavidin I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından yazdığı reportajı təqdim edir.

I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalındayam. Bakı Dövlət Universitetinin həyətində ölkənin ən məşhur və ən məşum nəşriyyat evlərinin ümidli stendləri qurulub. Azərbaycanda kitab işi ilə məşğul olan hamı burdadır.

Festivalın rəsmi açılış mərasiminə hələ iki saat qalsa da, artıq oxucular stendlərdə kitab seçirlər. Birinci “Ali və Nino” kitab mağazasının stendində dayandım. Elə kitabları vərəqləyirdim ki, həm dostum, həm mağazanın əsas işçilərindən biri olan Könül məni çağırdı:

– Orda boş-boş dayanma! Gəl, kömək elə. Bu kitabları düz... Ora yox, türk dilində olanların yanına...

Kitabları düzə-düzə öz etirazımı bildirirdim:

– Mən reportaj yazmağa gəlmişəm e, kitab satmağa yox...

– Yazarsan sonra, bir az burda kömək elə.

Oxucular məndən kitablar haqqında soruşur, mən də dörd il əvvəlki həvəslə kitablar haqqında danışır, onları satmaq üçün can atırdım.

Bir az kitab satandan sonra festivalın ən böyük stendinə – “Qanun” nəşriyyatının stendinə yaxınlaşıram. Şahbaz Xuduoğlu, Şərif Ağayar və nəşriyyatın işçiləri həvəslə kitabları oxucular üçün göstərir, haqqında məlumat verirlər. Təzə-təzə adamların stendlərə yaxınlaşdığı vaxtda “Qanun” öz işinə artıq başlayıb. Şərif Ağayarla salamlaşıb festival haqqında danışırıq. Sonra mövzu üç-dörd gün qabaq Beyləqanda adını “Rəvan” qoyduqları quzunun aqibətinə çıxır. Orxanı da yada salıb gülürük.

Xoşbəxtlikdən may ayı da bu gün özünü əsl may ayı kimi aparır.

Səddam Laçın və dostu kitab axtarır. Səddamla bir az havadan, bir az sudan danışırıq. Birdən dostu qışqırır:

- Tapdım.

- Nə tapdın? - Səddam dostuna qədim filosoflar kimi göz süzdürür.

- Bu kitabın üz qabığı çox qəşəngdi. Bunu qıza almaq olar.

Səddamla bir-birimizə baxıb başımızı bulayırıq.

Yanımda iki sevgili var. Bir-birinin əlini, saçını sığallaya-sığallaya kitablara baxırlar. Qız sevgilisinə deyir ki, mənə kitab al. Oğlan yazığın da hiss olunur ki, pulu azdı. Nəysə. Qız hansı kitabı göstərdisə, oğlan əsl tənqidçi kimi kitabları tənqid etdi. Elə arqumentlər gətirirdi ki, mən də həmin kitablara şübhəli qalırdım. Adam Tolstoyu tənqid edəndə qız dedi ki, bəs bu şeyləri Elxan Elatlı haqqında da demisən axı. Oğlan da dedi ki, əzizim, ya Tolstoy, ya da Elxan, ikisi də eyni şeydi, gedək sənə dönər alım. Sonra bilmədim, onların aqibəti necə oldu. Amma mənim Tolstoya yazığım gəldi. Bu cür kitab bayramında Tolstoya belə bir təhqir olmamalıydı.

Festivalın təşkilatçısı, şair Xəyal Rzanı görürəm. Telefonla türk abilərə yolu başa salmaq istəyir, deyəsən. Festival haqqında məlumat almaq istəsəm də, başının qarışıq olduğunu görürəm və bir yadigar şəkil çəkdirib sağollaşıram. Ora-bura döyükə-döyükə o da qələbəliyin arasında itir.

Sırayla bir-bir nəşriyyatları “gəzirəm”. Hərdən təzə çap olunmuş kitabları vərəqləyirəm. Birdən qeybdən bir səs eşidirəm. “Tanrı Türkə yar olsun” mahnısına qarışan bu səs məşhur onlayn kitab mağazası “KitabAl”ın qurucusu, rəhbəri, PR meneceri, HR meneceri, satıcısı İlkin Abdullayevin səsidir.

– Niyə borcunu vermirsən?

– Mənim sənə borcum yoxdur axı...

– Orxan Həsəninin var.

– Ondan al da.

– Sən də kitab al!

İlkinin bütün məcbur kitab satmaq səylərinə baxmayaraq, oradan “ziyansız” uzaqlaşıram. Sırayla “Şərq-Qərb”, “Mücrü”, “Ovod”, “Bookzone” stendlərindən də vəziyyəti soruşuram. Hələ ki hamı hər şeydən razıdır.

“TEAS Press” nəşriyyat evinin stendinin də oxucuları boldur. Sərxan Rüstəmovla bir az söhbətləşib Xoreoqrafiya Universitetinin stendinə doğru gedirəm. Burda milli geyimdə rəqs məşqləri edən qızlar və oğlanlar var. Müəllimləri onların da çıxışının olması haqqında məlumat verir.

Stendlərdən arxada, skamyada AYB sədri Anar oturub. Sakit-sakit festivalı izləyir. Yaxınlaşıb görüşəndən sonra təəssüratlarını soruşuram.

– Festival hələ başlamayıb, ona görə, heç nə deyə bilmərəm. Bütün hallarda gözəl təşəbbüsdür.

Tədbirin açılış mərasimi başlayır. Səhnənin önündə toplaşan gənclər yallı gedirlər. Adamların arasından birdən şair Qismət Rüstəmov çıxır. Şair bizimlə görüşəndə zarafatyana yallını göstərib deyir:

– Gördüm keçmək olmayacaq, qoşuldum yallıya. Bir abarota çıxdım bu tərəfə.

Yanımızda dayanan bir xanım yazıçı Anarı görəndə sevinir. Qoluna girdiyi oğlana deyir:

– Anar... Ən sevdiyim yazıçıdı. Mənim şəklimi çək də.

Oğlan da gözlərini qıyıb səhnədə tədbir haqqında danışan yazıçıya baxır.

– Mən amma sevmirəm onu.

– Niyə e? Şəklimizi çəkərsən.

– Bu boyda adamın arasında necə çəkim?

– Çəkərsən də.

Vəziyyətin fövqəladə hal aldığını görüb uzaqlaşıram. Səttar Timuçin adımı qışqıra-qışqıra gəlir:

– Anardan açıqlama almısan?

– Hə.

– Mənə də deyərsən, dəyişdirib xəbər edəcəm. Mən yazığın nə mikrofonu var, nə də fotoqrafı. Bayaqdan gicəllənirəm buralarda.

Səttar kimi gicəllənən başqa bir dostumu da görürəm. Məclislərin vazkeçilməz siması, Nadir Rzalı Yalçın. Əli cibində Turan ordusunun komandanı kimi aparır özünü. Onu cırnatmaq həmişə xoşuma gəlib. Və yenə də ədalı görünüşünü pozmaq üçün həmlə edirəm:

– Nadir, səkkiz yüz manat maaş alırsan, niyə kitab almırsan bəs?

– Yalançını indi söyəcəm, əgər mən səkkiz yüz alıramsa...

– Yaxşı, kitab al də.

– Almıram, pulum yoxdur.

– Niyə almırsan?

– Rəvan, get başımdan. “Vopşe”, varımdı, almıram. Adam kitaba pul xərcləməz.

– Bunu başlıq edəcəm.

– Danışdırmaram səni...

Kəramət Böyükçöl də burdadır. Yenə də, hamıdan çox kitabı o satır. Yaxınlaşıb danışırıq. Sadəcə onun danışdıqlarını indi bura yaza bilmirəm.

Festival haqqında qonaqlar səhnədə çıxış edir. Açılış mərasimində havaya buraxılan 270 şar da səmada uçur. Həmin şarların içində türk dünyasının şairlərinin ən yaxşı misraları var. Özüm hazırlamışam. Kim o 270 şarın içində yoxdusa, deməli, mən onları şair hesab etmirəm. Zarafat edirəm, yadımdan çıxıb yəqin. Havada şarlar və qırıcılar uçur, yerdə də kitab bayramı. Adamın ürəyi açılır.

İlham Əzizovu görürəm.

– Neynirsən?

– Qızlara baxıram, sonra kitab da alacam.

– Qızlara bax, amma kitab alma.

Ayaqüstü hal-əhval tutub Elçin Hüseynbəylinin yanına gedirəm. Elçin Hüseynbəyli ilə salamlaşırıq. Səttarla məni danlamağa başlayır:

– Nə işiniz var burda? Gedin özünüzə iş tapın da. Yazıçılıq iş deyil.

Mən yarıciddi, yarızarafatla soruşuram:

– Bəs siz niyə yazıçı oldunuz?

– Bizi başa salan olmamışdı, ona görə.

– Elçin müəllim, türk dünyasından hansı məşhur yazarlar gəlib?

– Məndən məşhuru yoxdur.

Gülüşürük. Yanımızdakı “Bookbox” mağazasının stendinə yaxınlaşıb alış-verişlə maraqlanıram. Onlar da razıdır. Bizə xüsusi hədiyyə bağlamaları haqqında danışırlar.

Günortadan sonra oxucular çoxaldı. Artıq qələbəliyin arasında heç kimi tapmaq olmurdu. Adamların yarısı səhnənin önündə, yarısı da stendlərin qabağında festivalın həzzini yaşayırdılar. Son dəfə universitetin həyətinə göz gəzdirdim. Sevgilisinə kitab aldırmaq istəyən qız tək idi. Əlində də on-on beş kitab.

# 5521 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
# # #