Kafkanı oxuyan zibil yığan – İNSAN MƏNZƏRƏSİ

Kafkanı oxuyan zibil yığan – <span style="color:red;">İNSAN MƏNZƏRƏSİ
5 oktyabr 2016
# 11:57

Kulis.Az bundlehaber.com saytındakı “İbonu bilməsinə deyil, Kafkanı bilməsinə təəccübləndiyimiz Məhəmmədin həyata baxışınızı dəyişdirəcək hekayəsi” yazısını təqdim edir.

Adım Məhəmməddir. On doqquz yaşındayam. Atılmış kağızlar toplayıram. Qızılaydan Ulusa qədər gündə üç dəfə pay-piyada gəlib gedirəm. Beş dostumla qalıram, iki otaqlı evdə. Onlar artıq kağız toplamır. Mövlud inşaatda işləyir, Hüseyn hələ də hamballıq eləyir, Sidar və Yunus da ayaqqabı boyayır. Aramıza bir dost da qatılıb indi. Adı Abbasdır. Çalışmır o, dializ xəstəsidir. Abbasa biz baxacağıq.

On üç yaşımdan bəri kağız yığıram Ankarada. Niğdədənəm. Orta məktəbə başladığım il gəldik Ankaraya. Bircə orta məktəbi bitirə bildim. “Beş”lə qurtardım özü də. Ali məktəbə buraxmadı atam, çalışıb-çapalayıb işə yaramağım üçün küçələrə saldı məni. Elə o gündən küçələrdəyəm. Xətli-xətsiz, kvadrat, ağ və rəngarəng kağızlar, kartonlar yığıram.

İşləməyə başladığım il atam bizi tərk etdi. Qumar borcu vardı. Çıxıb getdi bir sabah. Evi mən dolandırdım. Anam sevərdi məni, “aslan oğlum” deyərdi. Yanaqlarımı sığallayardı hərdən. Atamın getməyindən dörd ay keçmişdi. Qonşular bir adam tapmışdılar anama. Qumar oynamırmış, namazında niyazında bir kişiymiş. Arvadı ölübmüş, iki qızı varmış adamın. Anama deyib ki, sən qəbulumsan, uşaqların da qəbulumdur, amma Məhəmməd yox. Şaşırıb anam, “Niyə olmaz, Məhəmməd mənim oğlumdur” deyib. “Məhəmmədlə qızlarımın bir evin içində olmağı caiz deyil” – deyib kişi. Üç bacım vardı və bir-birimizə çox bağlıydıq. Anam üçün asan olmadı qərar vermək. Bir gecə məni yanında oturtdu. “Bax, Məhəmməd – dedi, - səni heç vaxt atmayacam, amma bir müddətlik dayıngildə qal, oğlum”. Qucaqladı məni, o ağladı, mən ağladım.

Kəbin kəsildi mən dayımgilə köçdüyümün ertəsi gün. Bir həftə keçməmiş anamı və bacılarımı öz doğma yurduna, Kastamonuya aparmışdı. Dayım dedi, sən mənə ananın əmanətisən, bura sənin də evindi, arada bir gəlib qala bilərsən.

On üç yaşında idim, dayım mənə qalacaq yer də hazırlamamışdı. Qonşulardan, qohumlardan heç kim kömək əli uzatmadı mənə. On üç yaşındaydım, Ankarada idim, özü də tək başına...

Altı il anamı və bacılarımı görə bilmədim. Bir neçə dəfə Kastamonuya getmək istədim. Öz-özümə dedim, qovar məni o adam, göstərməz mənə onları. Anamdan küsmüşəm, istəsə tapardı məni. Çox həsrət çəkirəm bacılarım üçün. Hülya, Həvva və Hənifə üçün... Domino oynayardıq dördümüz. Mən bir dəfə belə qalib gəlmədim, “Onlar uşaqdır, qoy sevinsinlər” dedim. Mən də uşaqdım halbuki.

Gəzəndə, kağız yığanda, səhərdən axşama - yorğun düşənə qədər çalışanda da həmişə insanların üzünə tamaşa edirəm. Məsələn, sevgililər keçir yanımdan və kişilər məni görəndə qadınları uzaqlaşdırırlar. Kişilər, qadınlar, mühafizəkarlar, inqilabçılar, hippilər, İbo, Metallica dinləyənlər, Kafka, dua kitabları oxuyanlar, hicablılar, yubkalılar – hamı elə sevgisiz baxır ki mənə... Elə incidən, elə kobud olur ki hamı...

İboyu tanımağıma təəccüblənmədiniz, amma Kafkanı, Metallicanı tanımağım bəlkə də sizə qəribə gəldi. Səyyar kitabçılardan kitablar alıram. Kafkanın “Milenaya məktublar”ını oxudum, o biri kitablarını da oxuyacam. Çox kitab oxuyacam mən. Nitşenin “Zərdüşt belə deyirdi” kitabı marağıma səbəb olub, məsələn. Bir də Oruç Aruobanın şeirləri... Kəşf edəcək, oxuyacaq, araşdıracaq o qədər çox yazıçı, hekayə, roman, şeir var ki...

Kitab satanlar belə mənə ikinci dərəcəli baxır. Əməyi, vicdanı, sülhü müdafiə edənlər də məni gördüklərində incidici sözlər deyirlər və əminəm, buna səbəb onlara qorxulu gəlməyimdir.

İkinci əl kasetlərim var: Metallica, Fikret Kızılok. Dayımgilə gedəndə maqnitofon vermişdi mənə anam. “Darıxanda mahnıya qulaq, amma azalt səsini” – dedi. İndi maqintofonda Metallicanı dinləyərkən səsi axıra kimi açıram.

Adım Məhəmməddir. On doqquz yaşındayam. Mənim gözlərimdə nifrət görə bilməzsiniz. Kobudluğuma, kiminsə haqqını tapdadığıma rast gəlinməz. Bir səyim var: özümü, anamı və sizi anlayım. Öyrənmək istəyirəm: dünyanı, təbiəti və kainatı. Yazmağa da başlayacam. Sevgisizliyi yazacam... Əvvəlcə zibil qutularından topladığım kağızlara yazacam. Sevgisizlikdən yazdığım kağızlar sevgi olaraq qayıdacaq aramıza. Gözəl dostlarım olacaq kağızlarda dirilən, sevgiylə var olan insanlar, qardaşlar, xalqlar olacaq...

Özümlə bağlı bir çox proyektlərim var. Məhkəməyə gedib adımı dəyişdirəcəm. Əli Heydər kimi düşünürdüm adımı, fikrimdən daşındım. Adım Özgür olacaq mənim.

Özümə aid bir kitabxanam olacaq sonra. Atılmış kağızları yığan biri ola bilərəm, işimə görə bədənimdən gələn qoxu sizə pis gələ bilər, amma ən sevdiyim qoxu kitab qoxusudur.

Təbiətdə tək başıma yaşamaq fikrim də var. Yoruldum incidilməkdən, yadlaşmaqdan, lənətlənməkdən. Təbiət Anaya sığınmaq istəyirəm və bunun üçün otlarla bağlı kitablar alıram. Otlarla bəslənmək, sağalmaq, otlarla rahatlıq tapmaq istəyirəm. təbiətdə tək başına yaşayacağamsa otların bütün kəramətini bilməliyəm.

Böyrək çatışmazlığı var Abbasın. Bacılarımın yoxluğunda qardaşım oldu Abbas. Ona biz baxırıq və Abbas sağalmadan Təbiət Ananın yanına getməyəcəm.

Kafka 41 yaşında ölüb. Onun qədər yaşasam bəsdi. Kitab qoxusu kimidir azadlıq, otlardan sevgi yaratmaqdır. Bir gün torpağa qarışanda Təbiət Ananın məni şəfqətlə anmasıdır azadlıq.

Belə buyurdu Məhəmməd!

Azərbaycan dilinə uyğunlaşdırdı: Ayxan Ayvaz

# 3819 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #