İmtahana cadu ilə gedən tələbədən nə gözləyək?

İmtahana cadu ilə gedən tələbədən nə gözləyək?
13 iyun 2023
# 15:46

Kulis.az İlkin Özün “Tələbə imtahanı partlatdı” adlı yeni yazısını təqdim edir.

Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü-axund, tələbə.
S.Ə.Şirvani

Dünən rastıma belə bir xəbər çıxdı. Magistratura imtahanı zamanı bir tələbənin üzərində cadu-piti tapıblar. Sən demə, yaxşı bal toplamaq üçün belə edibmiş.

Bu imtahanlar da tələbələri görün nə hallara salıb ki, bilmirlər hansı yolla vəziyyətdən çıxsınlar.

Düzü, bu günlərdə mənim də semestr imtahanlarım başlayıb deyə bir əlimdə dərs materialları, digər əlimdə isə telefonda rastlaşdığım bu xəbər mənim üzümdə kiçik təbəssüm oyatdı və eyni zamanda düşünməyə sövq etdi.

Görəsən, bu üsul mənim niyə heç vaxt ağlıma gəlməyib? Çox super metoddur, vallah. İmtahan gününə kimi boş-boş sosial şəbəkələrdə avaralan, yutubda “Kurtlar Vadisi”nin bölümlərini təkrar-təkrar izlə, daha sonra meyxanaya qulaq as, imtahandan bir gün əvvəl də get normal bir mollanın yanına, üçdən-beşdən hörmətini elə. O da babat bir dua yazsın, nəticədə imtahanda “partlayış” elə. Bu qədər sadə.

Düşünürəm, doğrudan, həm ağlamalı, həm də gülməli vəziyyətlə üz-üzəyik. Soruşan ola cadu ilə imtahana daxil olan dostumuzdan, bax tutalım, magistr təhsili almaq istəyirsən, düzdürmü? Lap əla! Gözəl niyyət, təqdirəlayiq arzudur. İndi, qardaş, zəhmət çək, get oxu, hazırlaş, qəbul ol da. Kimdir sənin qabağında duran? Ta mənasız yerə falçıya-baxıcıya niyə pul tökürsən axı?

Sözügedən hadisə mənə görkəmli ədəbi-ictimai-siyasi xadim Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi-nəbtat və dərviş Məstəli şah cadukünki-məşhur" əsərindəki bir epizodu xatırlatdı. İstəyirəm həmin hissəni oxucular üçün tirajlayam:

“Şərəfnisə, Şəhrəbanu və Xanpəri təlaşlı halda Məstəli şahı gözləyirlər. Gecədən iki saat keçib. Birdən Məstəli şah qaş-qabaqlı halda içəri girir. Olanlardan xəbərdar olduqdan sonra Şahbaz bəyin qarşısını almaq üçün üç yol təklif edir: Müsyö Jordanın boynunu vurdurmaq, Şahbaz bəyin bədəninə cin salmaq, Parisi partlatmaq. Müsyö Jordanın boynun vurulmasına Şərəfnisə razı olmur. Qadınlar Parisi partlatmaq fikrini seçirlər. Məstəli şah şagirdi Qulaməlini çağırır və işə başlayırlar... O, bir-iki kəlimə oxuyur və işin bitdiyini söyləyir”.

Nəzərə almaq lazımdır ki, adıçəkilən əsər on doqquzuncu əsrdə yazılıb. Hazırda isə iyirmi birinci əsrə gəlib-çatsaq da, təəssüf ki, Axundzadənin həmin dövrdə qaldırdığı problemin hələ də aktual olduğunu görə bilirik. Belə ki, qeyd etdiyimiz əsərdəki obrazlar Parisdə partlayış etmək naminə falçıya ağız açmışdılarsa, bizim müasir qəhrəmanımız isə imtahanda “partlayış” etmək uğrunda cadu elətdirmişdi.

Ümumiyyətlə, müasir dövrün insanları niyə əvvəlki dövrlərdə olduğu kimi falçılara, mollalara üz tuturlar? Bilmirlər ki, falçılar fırıldaqçı, saxtakar insanlardır? Bu sual indinin özündə də qaranlıq qalan məqamlardandır.

Hələ çox qədim zamanlarda mövcud olan bu sahənin əsasını şamanlar qoymuşdular. Tutalım, bir nəfər Şaman kimi ortalığa çıxır və qəbilənin avam, cahil üzvlərini aldadırdı ki, mən Tanrı tərəfindən göndərilmişəm, bu qəbilənin qorunması, yaşaması məndən aslıdır-filan. Odur ki, kimsə ova getməmişdən qabaq əvvəlcə Şamanın qəbuluna gedirdi, ondan “xeyir-dua” alırdı, o da nə bilim divara-qayaya cızma-qara edir, oxuyur, rəqs edirdi (müasir dillə desək, bir növ dua yazırdı) ki, ov “uğurlu” nəticə versin. İnsanlar da kor-koranə buna inanırdılar. Kişilər ova gedir, min bir əzab-əziyyətlə ov edirdilər, Şaman isə qəbilədə qalır, öz kefinə baxırdı.

Təbii haldır. Çünki söhbət İbtidai İcma dövründən gedir. Lap Orta əsrlərdə bu belə idi. Axı indi müasir dövrdür. Buna bənzər hadisələrin indi də baş verməsi, sizcə də, çox absurd deyilmi?
Sözün düzü, cadu ilə məşğul olub, hansısa boş vədlər verməklə insanların pulunu mənimsəyən falçılarda, mollarda bir qram da olsun günah görmək olmur. Bizim hələ “ali savadlı” insanlarımız ilin-günün bu vaxtında – texnologiya dövründə, informasiya əsrində bu cür cahillik, nadanlıq, avamlıq nümunəsi sərgiləyirsə, təhsilsiz adamların nələr edə biləcəklərini təsəvvür etmək heç çətin deyil.

Seymur Baycanın “Mənim Mübarizəm 5” kitabında bir epizod fikrimi daha da aydınlaşdırır:
“Bir nəfər məşhur falçılardan birinin sürücüsü işləmişdi. And içirdi ki, rəislər, direktorlar, müdirlər zəng edib bu arvadı idarəyə çağırırdılar. Ki idarəyə yoxlama gələcək, gəlsin bir dua yazsın. Bu arvad da gedib dua yazıb, yoxlamaya gələnlərin dil-ağzını bağlayırmış. İndi falçılıq qadağan edilsə, bu adamlar hara gedəcəklər?”

Nəsə, hər kəs mövcud vəziyyəti dərk edir. Camaat Marsda həyat axtarır, süni intellekt layihəsi üzərində işləyir. Sabirin təbirincə desək, “biz hələ avtomobil minməyiriz”.

Yekunda yenə eyni fikri səsləndirirəm:
Ey azərbaycanlılar! Qəflət yuxusundan ayılmaq, oxumaq, öyrənmək, maariflənmək lazımdır! Vallah, falçıların, cadugərlərin, Şamanların əlindən bir şey gəlsə idi, birinci özlərinə faydaları dəyərdi. Onların işi-gücü insanların başını aldatmaq və pullarını mənimsəməkdir. Daha bunu birdəfəlik başa düşün də, nolar. Xahiş edirik, mövhümata, xurafata inanmayın, falçılara xərclədiyiniz pula kitab alın, kitab almırsınızsa da, başqa nəyəsə xərcləyin. Amma 2023-cü ildə pulunuzu falçlara, cadu-pitiyə xərcləməyin.

# 2065 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #