İki böyrəkli alçaqlar - Əli Ucalın hekayəsi

İki böyrəkli alçaqlar - Əli Ucalın hekayəsi
18 aprel 2025
# 18:03

Kulis.az Əli Ucalın "İki böyrəkli alçaqlar" adlı yeni hekayəsini təqdim edir.

Hadisə vaqeə olunur bizdən çox-çox uzaq, iraq-iraq ölkələrin birində - Şimali Happylanddə. Bu ölkə barədə əvvəlcə onu deməliyik ki, yarımada ölkəsi olan Happylandin əvvəllər tək qonşusu cənubda keçilməz dağları və şimalda ucsuz-bucaqsız dənizləriydi. Daha sonra ölkədə başlayan vətəndaş müharibəsinin nəticəsi olaraq Happyland ikiyə bölünmüş, bu bölünmə vətəndaşları öz yerlərindən pərən-pərən salmışdı.

Bölünmə nəticəsində qərara alındı ki, bütün şərəfli və namuslu vətəndaşlar şimalda qalmalı, murdar və alçaq adamlar isə cənuba keçməlidirlər. Burada ən maraqlısı o idi ki, bütün murdar insanlar eyni anda murdar insan olduğunu könüllü surətdə qəbul eləmiş və heç bir etiraz etmədən cənub tərəfə yaşamağa razı olmuşdular. Və məhz bu səbəbdən şimaldakılar cənubdakı soydaşlarına dərin bir nifrət, kin bəsləyir, onları özündən saymırdılar.

Əslinə qalsa, cənubda olan ölkənin adı tamamilə başqaydı, amma Happylanddəkilərin gec-tez oranı öz torpaqlarına qatmaq xəyalı olduğu üçün ölkələrinin adının əvvəlinə “Şimali” sözünü əlavə etməyi məqsədəuyğun saymışdılar.

Cəmi 400 min əhalisi, 20 kvadrat km ərazisi, bircə dənə də qonşusu və düşməni olan Şimali Happyland sakini olmaq hər adama nəsib olmur. Bu şad-xürrəm ölkənin vətəndaşları ölkələrindəki heç bir problemi problem kimi görmür, bütün problemlərin həllinin, əsl həqiqətin yalnız öləndən sonra ortaya çıxacağına inanır, hər sıravi vətəndaş öz məzarına fokuslanmış bir həyat yaşayır, əsl həyatın məzara girəndən sonra başlayacağını düşünür, o məzardan diriləcəyi günün xəyalını qurur, diri ikən fani dünya həyatında başlarına gəlmiş və gələcək təhlükələri ilahinin qisməti sayır, bundan qeyri bir fikrə ciddi fikir kimi yanaşmır, belə fikirlərin sahiblərini lağa qoyur, həyatlarına bu cür davam edirdilər. Nə maaşlarının azlığı, nə xərclərinin çoxluğu, nə iş saatının həddən artıq olması, nə işsizlik, nə ifadə azadlığından məhrum olmaq, nə də istədikləri kimi yaşaya bilməmək Happylandlilər üçün önəmsənəcək məsələ deyildi. Happylanddə doğulma şərəfinə nail olmaq bütün bu nemətlərdən daha üstün idi.

Hər xırda məsələdən ötrü etiraz aksiyaları, mintinqlər keçirib ölkələrini xaosa sürükləyən ölkələrin xalqları isə üzdə nə qədər bu ölkənin uzaqgörən xalqını “cahil toplusu” adlandırsa da, hərəsi öz içində onlara qibtə edir, onlar kimi olmaq istəyir, onları qısqanır və çox yaxşı bilirdilər ki, ən düzünü məhz onlar edir. Bir çoxu hətta gizli-gizli Happylandə köçüb oranın vətəndaşı olmaq üçün araşdırmalar aparır, bu araşdırmalar nəticəsində Happyland sakini olmağın yalnız happylandlilərə məxsus bir imtiyaz olduğunu öyrənir, yaşadıqları həsəddən sonra bu məsum ölkəyə daha böyük nifrət bəsləyirdilər.

Ancaq nə qədər inanılmaz gözəlliklərlə dolu bir ölkə olsa da, bir müddət bundan öncə Happyland xalqı və hökuməti çətin günlər yaşamağa başladı. Daim Happyland sakinlərinin hüzur və xoşbəxtliyini düşünən Happyland hökuməti çıxılmaz bir vəziyyətlə qarşı-qarşıya qalmışdı.

Hər şey dörd ay bundan qabaq ölkədə çox qüvvətli bir tornadonun bu kiçik ölkəni alt-üst etməsiylə başladı. Heç bir gün keçməmiş baş verən dəhşətli zəlzələ əhaliyə bu tornadonun şokundan ayılmağa imkan vermədi. Üstəlik, bu ağır təbiət hadisələrinin bəhsinə girmiş kimi sunami də hər şeyi yuyub aparmış, gözəlim Happyland bütünlüklə yıxılmış və sular altında qalmışdı.

Cəmi üç ildir seçilmiş, bütün səylərini Happyland xalqının firəvanlığı üçün sərf etmiş yeni hökumət bu fəlakətin yaralarını sarmaq üçün səfərbər olmuşdu. Ancaq açılan yaralar asanlıqla qapanana oxşamırdı. Dünya ölkələrindən gələn yardımlar hər şeyini itirmiş Happyland sakinlərinin bir qarın ac, bir qarın tox yaşamağına ancaq yetirdi. Sular çəkildikdən sonra fəlakətin miqyası daha aydın ortaya çıxdı. 54 min Happyland sakininin bu fəlakətlər zənciri nəticəsində öldüyü məlum oldu. Ölkədə tamamilə yas havası hakimiydi.

Ancaq ölkəsini tezliklə əvvəlki şanlı günlərinə qaytarmağa and içmiş Happyland hökumətinin yas tutacaq zamanı yoxuydu. Onlar heç yorulmadan çalışır, problemdən çıxış üçün dəyərli fikirlər istehsal edir, bu fəlakəti necə arxada qoya biləcəklərini müzakirə edir, tez-tez bunun uğrunda mübahisələrə qarışır, aqresiv tutumlara məruz qalır, dalaşır, yumruq yeyir, döyülür, döyür, ancaq bir an olsun bu şanlı vəzifədən geri durmaq bilmirdilər.

Happyland yerinə başqa bir dövlət olsa, bu problemi çözmək üçün vergiləri artırar, rüsumları və cərimələri yüksəldər, təbii sərvətlərini başqa ölkənin istifadəsinə verərək kredit alar, bir az da ehtiyat büdcədən istifadə edərdi. Ancaq Happylandin əvvəlki hökumətləri bu sərvətləri çoxdandan ölkə əhalisinin rifahı naminə havaya sovurduğu üçün ortada heç bir sərvət qalmamışdı.

Onu da deməliyik ki, Happyland kiçik bir ölkə olsa da faydalı qazıntılarla zəngin bir yer idi. Burada çox qiymətli metallarla yanaşı kömür də çıxarılırdı. Ancaq indiki hökumətin sələfləri bu sərvətləri xalqın rifahı naminə o qədər havaya sovurmuşdular ki, qiymətli metallar ərşə çəkilmiş, indiki hökumətə ancaq bir qədər kömür qalmışdı. Bu biçarə hökumət də üç il boyunca bu kömürlə başını birtəhər qatdıqdan sonra ortada xalqın rifahı naminə havaya sovuracaq heç nə qalmamışdı.

Bu fəlakət özü, hardan baxsan, böyük fəlakət idi. Bunun üstünə yaşanan təbii fəlakətlər zənciri isə Happylanddə “happy” olan bircə dənə canlı qoymamışdı.

Vəziyyət o qədər pisiydi ki, hər problemi vergi, rüsum və cərimələri artırmaqla çözməyə alışmış hökumətin belə bunları artırmağa həvəsi qalmamışdı. Lap artırsalar belə, dalbadal üç fəlakətlə lüt-üryan ortada qalmış əhalinin canından başqa verəcək heç nəyi yox idi. Problem o qədər çözülməz hala gəlmişdi ki, hansısa ölkə çıxıb Happylandi işğal eləməyə çalışsa, heç bir güllə atılmış hökumət özü “Sizi Allah göndərdi” deyib ölkəni bu qüvvəyə təslim edərdi. Tərs kimi bu günlərdə heç bir kopayoğlu ölkə hökumətinin nəfsi viran qalmış bu torpaqlarla uğraşmağı çəkmirdi.

Bütün bu mənzərənin fonunda Happyland milli məclisində çox mənasız müzakirələr gedir, deputatlar tez-tez yığılışıb-dağılışır, ortaya heç bir samballı fikir ata bilmirdilər. Gün keçdikcə Happyland sakinlərinin bitməz-tükənməz səbri belə tükənməyə başlayır, hər kəs mövcud problemlərin həllini gözləyirdi.

Belə günlərin birində millət vəkillərindən biri olduqca orijinal bir çıxışla çıxış etdi. Millət vəkili bildirdi ki, “insanlar dünyaya bəzi artıq orqanlarla gəlir ki, bunlardan biri də böyrəkdir. Hər insan bir böyrəyi ilə də yaşaya biləcəyi halda bir çox insan utanmadan iki böyrəklə yaşamaq qəflətinə düşür. Biz hökumət olaraq indiyə qədər bu nadanlığa göz yummuşuq. Ancaq yurdumuz indi çox çətin günlər yaşamaqdadır. Vətənin bu ağır günlərində yaxşı olar ki, hər bir vətəndaş artıq böyrəyini vətənə bağışlasın”.

Millət vəkilinin bu çıxışı onsuz da hökumətin əlindən bezmiş xalqda böyük bir qəzəb fırtınası yaratdı. İnsanlar xaos çıxaran xalqlara xas bir qəzəblə meydanlara axışdılar. Qəzəblə dükanlara, obyektlərə hücumlar elədilər, polislə çaxnaşmaya girdilər. Onlar əllərində plakatlar tutur, bu plakatlarda “Məndə artıq böyrək yoxdu!”, “Böyrək mənimdi, vermirəm!”, “Əlimizdən almadığınız bir böyrəyimiz qalıb zatən”, “Hər kəsin böyrəyinə heç kim qarışa bilməz” kimi şüarlar yazılmışdı. Bunu görən hökumət tərəfdarları da meydanlara axışmış, onlar da əllərində müxtəlif plakatlar tutmuşdular. Bu plakatlarda “Bir böyrək nə olan şeydi ki, onu vətəndən əsirgəyəcək qədər qorxaq olasan?!”, “Bəzi vətəndaşların canını verdiyi ölkədə xainlər böyrək davası edir”, “Vətənimə canım fəda, nəinki böyrəyim”, “Ən dadlı kabab böyrək kababıdı!” kimi şüarlar yazmışdılar.

Etirazlar bir neçə gün boyunca səngiməsə də, nəhayət, Happylandin sarsılmaz keşişçisi hökumət qüvvələri bir çox etirazçını həbsə ataraq bu etirazları yatırmağı bacardı. Haqqını vermək lazımdır ki, Happyland hökuməti nəyi bacarmasa da etirazları yatırmağı həmişə bacarmışdı.

Ölkə mediası öz növbəsində bu çaxnaşmanı, necə lazımdırsa, işıqlandırdı. Happylandin ən qocaman ictimai fiqurları etiraz edən kütləni birmənalı olaraq vətən xaini adlandırdı. Vətənin bu acınacaqlı günündə hər kəs əl-ələ verib problemləri çözməli ikən belə çaxnaşmalar yaratmağın heç kimə bir fayda verməyəcəyi bildirildi. Bu proqramlar dünyada gedən proseslərlə bağlı müəyyən qənaətə gəlmək üçün hər gün televizor izləyən qəzəbli əhalini bir az sakitləşdirdi. Ancaq yenə də insanlarda böyrəyindən məhrum olmaq qorxusu mövcud idi.

Növbəti günlərdə mətbuatda tez-tez insanların qarşısına böyrəklə bağlı fərqli-fərqli xəbərlər çıxmağa başladı. Bu xəbərlərdə tək böyrəklə yaşamağın faydaları, ikinci böyrəyin nə qədər lazımsız olduğu insanların nəzərinə çatdırılırdı. Həmin xəbərlərin birində bu cümlələr deyilirdi: “təəssüf ki, insanlar öz xeyirlərinə olan şeyləri bəzən aqresiv qarşılaya bilir. Məsələn, siqaret çəkən birinə “siqaret zərərli bir vərdişdir” deyiləndə qəzəbləndiyi kimi. Millət vəkilinin çıxışı da təəssüflər olsun ki, bəziləri tərəfindən belə qarşılandı. Halbuki millət vəkili son dərəcə haqlıydı”.

Media günlərlə bu məsələdən əl çəkmədi. Televiziyadakı siyasətlə bağlı proqram analitiklərdən biri bildirdi ki, “bir ürəyimiz, bir qaraciyərimiz, bir mədəmiz olduğu halda, böyrəklər bədənimizdə daxili çaxnaşma yaratmaqla məşğuldur. Elm sübut edib ki, daxili orqanlarımızdan iki dənə olan ağciyərdən biri olmasa insan yaşaya bilmir və ölür. Ancaq tək böyrəklə yaşamaq insan həyatında heç bir dəyişiklik yaşatmır. Belə olan halda insanlar nə üçün özləriylə iki böyrək gəzdirməlidirlər? Xüsusilə, vətənin bu dar günündə kiminsə belə bir lüks içində yaşamağa nə ixtiyarı var?”

Başqa bir proqramda ekspert iki böyrəklə yaşamağın özbaşınalıq, qudurğanlıq olduğunu bildirib öz böyrəyini illər əvvəl götüzdürdüyünü açıqladı.

Bu cür məntiqli arqumentlərin fonunda müzakirələr Happyland ictimaiyyətində də sürətlə yayılmağa başladı. İnsanlar evlərdə, kafelərdə, avtobuslarda, toylarda ancaq bu mövzudan danışırdı. Kimisi millət vəkili kimi düşünən insanların haqlı olduğunu müdafiə edir, kimisi bunu tamamilə absurd və məntiqsiz adlandırırdı. Bir tərəf vətənin bu dar günündə bir böyrəyini ondan əsirgəyənləri vətən xaini adlandırır, digər tərəf isə yaranmış problemi hökumətin çözməli olduğunu iddia edib heç kimə böyrəyini verməyəcəyini deyirdi.

Bütün bu mübahisələr gedərkən Happylanddəki ən şanslı insanlar isə jurnalistlər idi, çünki uzun bir zaman sonra onların xəbər axtarmaq kimi bir dərdi yoxuydu. Gün boyu redaksiyada oturur, insanlar gündəmlə bağlı fikirlərini bildirmək üçün özləri onları tapırdı.

Ancaq çox keçmədi ki, hökumət rəsmi açıqlama yayaraq məsələyə aydınlıq gətirdi. Açıqlamada qısaca bildirilirdi ki, “hökumətimizin mövcud problemlərin həlli ilə bağlı vətəndaşların böyrəyinə ehtiyac duymaq kimi bir gündəmi yoxdur. Bu cür əsilsiz xəbərlə etibar edilməməlidir. Happyland hökuməti dimdik ayaqda və xalqının yanındadır”.

Bu açıqlama ölkədə yaşanan xaosu yatışdırdı, böyrəyinin dərdini çəkən insanların ürəyinə su sərpdi. Fəlakətin içində boğulan Happyland sakinləri, nəhayət ki, xoşbəxt olmaq üçün bir səbəb tapdılar. Heç kim onların böyrəyini zorla almayacaqdı. Bu xəbər hardan baxsan möhtəşəm, gecələr yatarkən hər bir Happyland vətəndaşının özünü mutlu hiss etməyinə səbəb olacaq bir xəbər idi.

Açıqlama sonrasında xalq dəstəyini arxasına alan hökumət dərin bir nəfəs aldı. Artıq üstlərindəki böyük təzyiq ortadan qalxmış və problemləri həll etmək üçün vaxt qazanmışdılar. Ancaq hələki vaxt xaric əllərində heç bir qazanc yoxuydu.

Vəziyyət stabilləşəndən sonra ölkədə başqa mövzular danışılmağa başlandı. Baş verən fəlakətləri taleyin qisməti sayıb hərə özbaşına, özü üçün yeni həyat qurmağa çalışdı. Vəziyyətin azca stabilləşdiyini görən Happyland hökuməti fürsətdən istifadə edib vergi və cərimələri yarıbayarı atırdı. Təcavüzə alışmış Happyland xalqı bu artışı heç hiss etmədi də.

Aradan iki aya yaxın zaman keçdikdən sonra TV-lərdən birində ixtisasca vəkil olan birisi ölkədə bir çox insanın tək böyrəklə yaşadığını bildirərək tək böyrəklə yaşamağa məcbur olan vətəndaşların özlərini əskik hiss etməyinə qarşı durmaq, bu ədalətsizliyə son qoymaq, hər kəsin bərabərliyini təmin etmək məqsədiylə hər bir vətəndaşın bir böyrəklə yaşamalı olduğu fikrini səsləndirdi.

Bu fikir də öz növbəsində yenidən mübahisələr yaratdı. Yenə jurnalistlərin bayramı başladı. Bütün TV, radio, qısıtlanan internet resuslarında bu müzakirələrə rast gəlindi. Ancaq hökumətin bu mövzudakı tutumu hər kəsə aydın olduğu üçün bu mübahisələr əvvəlki qədər səs-soraq doğurmadı.

Yenə gündəmlər dəyişdi. Gah hər hansı bir cinayət hadisəsi, gah serialdakı bir səhnə, gah müğənninin şəxsi həyatı gündəmə gəldi. Beləcə bir müddət daha keçdi.

Günlərin bir günü dietoloq, fizioterapist bir xanım öz verilişində bildirdi ki, arıqlamaq və sağlam həyat üçün bir böyrəyini əməliyyatla götüzdürüb. O, bununla həm böyrəyinin 300 qram ağırlığından azad olub, həm də sürətlə arıqlayaraq əvvəlki formasına qayıdıb. Daha sonra başqa bir məşhur müğənni də bunu təsdiqlədi, hazırkı gözəlliyini tək böyrəklə yaşamağına borclu olduğunu bildirdi.

Bu açıqlama Happyland ictimaiyyətində heç bir aqresiya ilə qarşılanmadı. Əksinə insanlar, xüsusilə, qadınlar artıq çəkidən azad olmaq üçün könüllü surətdə artıq böyrəyindən imtina eləməyə başladılar. Bir müddət sonra xəstəxanalar böyrəyini satışa çıxaran insanlarla dolub daşdı. İnsanlar həm artıq böyrəklərini satıb pul qazanır, həm daha sağlam bir yaşayışa qovuşduğunu düşünür, həm də arıqlayırdılar. Qadınlarının həm arıqlayıb, həm də evə pul gətirdiyini görən kişilər də vəziyyətdən məmnun qaldılar.

Proses bir müddət bu cür davam elədi. İnsanlar arasında tək böyrəklə yaşamaq bir viral olmağa başladı. Onlar kütləvi halda böyrəyini çıxarıb satdığını sosial şəbəkə hesabında qürurla açıqlayır, bunu hər kəsə tövsiyə edirdilər. Artan təklif qarabazarda insan böyrəyinin getdikcə dəyər itirməyinə səbəb oldu. Bir müddət sonra insan böyrəyi az qala qoyun böyrəyi ilə eyni qiymətə təklif edilməyə başladı. Hətta bəzi yerlərdə insan böyrəyi də heyvan böyrəyi kimi kilo ilə satılırdı.

Bu yeni trendin təhlükəli bir hal almağa başladığını görən Happyland hökuməti vəziyyətə nəzarəti ələ almaq üçün radikal qərarlar almağa məcbur oldu. Xəstəxanalarda böyrək nəqli qanunla qadağan edildi. Trendə uymaq üçün böyrəyindən imtina etməyə qərar verən vətəndaşlar arasında bu qanun böyük bir narazılığa səbəb oldu. Qadağadan sonra qarabazardakı böyrək qiymətləri kəllə-çarxa çıxdı. Öz problemlərini artıq böyrəyini sataraq həll etmə yolunu kəşf edən Happyland sakinləri hökumətə çox qəzəbliydi. Onlar rüşvət verdiyi həkimlərə küncdə-bucaqda öz böyrəklərini çıxartdırır, onu dəyər-dəyməzinə satır, bəzən də naşı həkimin əlinə düşüb ölürdülər.

Vəziyyətin çıxılmaz bir hal aldığını görən Happyland hökuməti bu krizi fürsətə çevirməyə qərar verdi. Hökumət vətəndaşlardan ölkənin problemini həll etmək üçün öz böyrəyini dəyər-dəyməzinə satmaq yerinə vətənə fəda etməyini istədi. Yığılan böyrəklər müqavilə imzalanan ölkələr tərəfindən yüksək qiymətə alınacaq, əldə olununan külli-miqdarda gəlirlə Happylandin həm xarici borclarını ödənmiş olacaq, həm də fəlakət zəncirinin ölkəyə vurduğu zərərləri ortadan qaldıracaqdı.

Beləliklə, Happylanddə görülməyən düşmənə qarşı savaş elan edildi. Bu savaş vətəndaşların vətənə olan sadəqətlərini sübut etmə, vətən üçün nələr edə biləcəyini göstərmə yarışından ibarət idi. Məhz sıravi vətəndaşlar hər kəsə sübut etməliydilər ki, onlar öz ölkələrinə nə qədər bağlıdırlar.

Hökumətin planı işə yaradı. Tək böyrəklə yaşamağa onsuz da həvəsli Happyland əhalisi böyük canfəşanlıqla xəstəxanalara axışır, lazımsız böyrəyini vətənin əmin-amanlığı üçün fəda edirdi. Xəstəxanalarda ucu-bucağı görünməyən növbələr yaranmış, həkimlər digər bütün xəstələrin başını buraxıb sırf bu işlə məşğul olur, ancaq heç cür çatdıra bilmirdilər.

Vətən yolunda böyrəyindən keçən hər kəsə yerindəcə xüsusi medal və kiçik bir miqdar pul verilir, onlara dövlət adından təşəkkür edilirdi. Bu qəhrəmanlar insanlar tərəfindən xalq qəhrəmanı muamələsi görürdülər. Onlara hər yerdə tərənnüm edilirdi. Etiraf etmək lazımdı ki, bu çoşğun istək və həvəs böyrəyini verməyə qorxan insanları da cəsarətləndirmiş, onlar da öz böyrəyini vətən yolunda fəda etməyə razı olmuşdular.

Cəmi iki ay içində Happyland əhalisinin 95 faizi vətən yolunda böyrəyini fəda etmişdi. Artıq Happylanddə böyükdən kiçiyə hər kəs xalq qəhrəmanıydı. Sıra hökumət üzvləri və onların ailələrinə gəlmədən lazımi qədər böyrək toplanmış, bu böyrəklər xarici bazarlarda yüksək qiymətə satılmış və Happyland dövləti bu işdən böyük gəlir əldə edərək qaranlıq günləri aydınlatmağı bacarmışdı.

Proses yekunlaşdıqdan sonra 15 mart Happylanddə “Vətəndaş Günü” kimi elan edildi. Happylandin ən böyük meydanı – İstiqlal Meydanına toplaşmış xalqın şərəfinə böyük atəşfəşanlıq və konsert proqramı təşkil edildi. Hökumət bu atəşfəşanlıq və konsert üçün heç bir məsrəfdən qaçınmamış, cəfakeş xalqına bu cür təşəkkür etmişdi. Vətən yolunda böyrəyini fəda etmiş qəhrəmanlar olduqca böyük çoşğuyla bu sevincli hadisəni qeyd etdilər.

Happyland xalqı və hökuməti indilik öz problemlərini həll etdiyi üçün çox xoşbəxt idilər. Sabahkı problemlərə qarşı satacaq heç nə qalmamağı isə onları qətiyyən narahat etmirdi. Bu artıq o dönəmin hökuməti ilə xalqının problemiydi..

Happyland xalqının əksəriyyəti böyük qəhrəmanlıq nümunəsi göstərib vətən borcunu şərəflə yerinə yetirsə də, təbii ki, meşə çaqqalsız olmur. Bəzi tək-tük Happyland vətəndaşları böyrəyini vətənə fəda etmək əvəzinə qaçıb dərmə-deşiyə gizlənmiş, hər şey sovuşduqdan sonra ortaya çıxmışdılar. Bu cür iki böyrəkli alçaqlara münasibət isə həm xalq, həm hökumət tərəfindən bir mənalı deyildi. Onlar öz ölkələrində nə adam yerinə qoyulur, nə də özlərinə bir iş tapa bilirdilər.

Yaşanmış tarixi hadisədən sonra Happylanddə iş başlamaq istəyən hər kəs tək böyrəkli olduğunu təsdiq edən sənədi aiddiyyəti qurumdan alaraq işə qəbul olmaq istədikləri müəssisələrə təqdim etməli idilər. Yalnız bundan sonra onlar iş və hörmət sahibi ola bilərdilər. Öz böyrəyini vətənə fəda etmək var ikən qaçıb gizlənmiş iki böyrəkli alçaqlar isə işləmək haqqından məhrum edilmişdilər. Onlar həyatlarının geri qalanını zibillikdən artıqları toplayaraq yaşamağa məhkum idilər.

Happylanddə bundan sonra da bir çox hadisələr, gündəmlər yaşandı, ancaq nə yaşanır yaşansın iki böyrəkli alçaqlara münasibət tarix boyu aşağılayıcı olmağa davam elədi.

# 408 dəfə oxunub

Oxşar xəbərlər

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

Post-prodakşn müsabiqəsinin qalibləri açıqlandı

13:00 19 aprel 2025
Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

Günel Natiqin xilas yolu... – Fuad Biləsuvarlı

12:30 19 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

Tənqid darıxan insanın ucuz əyləncəsidir - Aydın Talıbzadə

12:00 19 aprel 2025
Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

Uşaq İncəsənət Festivalında birinci seçim turu başladı

11:45 19 aprel 2025
Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə

Süni zəka istənilən ağsaqqaldan çox bilir - Yalçın İslamzadə

11:10 19 aprel 2025
İnsan dərisindən hazırlanmış kitab tapılıb

İnsan dərisindən hazırlanmış kitab tapılıb

10:30 19 aprel 2025
# # #