"Heydər Əliyev ayağa qalxaraq dedi ki..." - Məşhur pilotun oğlu Azərbaycan vətəndaşlığından niyə imtina etmişdi?

"Heydər Əliyev ayağa qalxaraq dedi ki..." - Məşhur pilotun oğlu Azərbaycan vətəndaşlığından niyə imtina etmişdi?
3 avqust 2025
# 12:00

Kulis.az Dilqəm Əhmədin yeni yazısını təqdim edir.

1939-cu ildə üç azərbaycanlı pilot - Məmməd Altunbay, Həsən Zeynallı və Cəlal Məmmədzadə tarixdə misli-bərabəri görülməmiş bir hadisəyə imza atırlar. Onlar özlərinin ifadələri ilə desək, təyyarə ilə azadlığa doğru uçurlar... Sovet təyyarəsini qaçıran bu şəxslər İran hüdudundan keçərkən sərhəd mühafizlərinin atəşinə məruz qalırlar və məcburi yerə eniş edirlər. Xoşbəxtlikdən sağ qalan pilotlar həbs edilir, 9 ay zindanda saxlanılırlar. Rus qoşunlarının İrana girdiyi bu müddətdə pilotlardan Cəlal küçədə güllələnərək öldürülür. Başlarına müxtəlif hadisələr gələn digər iki pilot isə Türkiyə səfirliyinin yardımı ilə qardaş ölkəyə keçə bilirlər.

Məmməd Altunbayın mühacirlik kağızında Türkiyəyə gəliş tarixi dəqiq göstərilib: 20 oktyabr 1941-ci il. Sənəddə Gəncədə doğulduğu, təyyarə müəllimi olduğu qeyd edilib. Eləcə də ailəli, irqinin türk, dininin İslam olduğu da yazılıb.

Məmməd Altunbay 1911-ci ildə Gəncədə doğulub. Atası Gəncənin Qaramusalı kəndindən olub, el arasında Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb. Orta məktəbi Gəncədə bitirdikdən sonra 1926-cı ildə qardaşı ilə bərabər Bakıya gəlib, bir müddət mətbuatda çalışdıqdan sonra, paytaxtdakı təyyarə məktəbinə girib. Ardınca Odessa Ali Hərbi Hava Məktəbinə daxil olub, 1933-cü ildə buranı bitirib. SSRİ-nin bir sıra bölgələrində pilot kimi fəaliyyət göstərib. Lakin ona edilən haqsızlıq səbəbindən pilot yoldaşları ilə birlikdə mühacirətə gedib.

Türkiyəyə gəldikdən sonra xatirələrini qələmə alıb, 1942-1943-cü illərdə "Gök Börü" jurnalında "Rusiyadan necə qaçdım?" başlığı ilə dərc etdirib. Xatirələrini sonrakı illərdə müxtəlif qəzetlərdə daha geniş şəkildə yazıb. II Dünya müharibəsinin şiddətlə davam etdiyi bir dövrdə Altunbay 1943-cü ildə "Tasvir" qəzetində "Rus təyyarəçiliyi" adlı maraqlı məlumatların olduğu məqalə qələmə alıb.

Altunbay Türkiyəyə gələn kimi pilot kimi fəaliyyətinə davam etməyə qərar verib. 1943-cü ildə bu məqsədlə baş qərargahın sədrinə müraciət edib. Əskişəhər təyyarəçilik məktəbinə göndərilib. İmtahanlardan uğurla keçərək pilotluq sənədini alıb. 1945-1960-cı illər ərzində Türkiyə Hava Yollarında işləyib. Eyni zamanda Azərbaycan istiqlal mübarizəsinə qoşulub, 1949-cu ildə Ankarada təsis edilən Azərbaycan Kültür Dərnəyinin qurucu üzvlərindən olub.

"Mücahid", "Türk izi", "Kür Şad", "Yeni bozqurd", "Davran", "Qızıl alma" kimi jurnallarda məqalələr qələmə alıb, 1960-1963-cü illərdə "Azadlıq" radiostansiyasının Azərbaycan şöbəsi ilə əməkdaşlıq edib.

1967-ci ildə həyatı haqqında "501 nömrəli hücrə" adlı bədii film çəkilib. Filmin girişində Azərbaycan himni səsləndirilib, üçrəngli bayrağımız göstərilib. 1974-cü ildə onun "Düşmən gəlir. Tarixdə hürriyyətə uçan ilk adam" adlı kitabçası işıq üzü görüb. Altunbay mühacirətdə olan tanınmış azərbaycanlılarla - Ceyhun bəy Hacıbəyli, Əkbər ağa Şeyxülislamzadə, Əbdürrəhman Fətəlibəyli ilə yaxın münasibətdə olub. 1961-ci ildə Amerikaya gedib, səfər təəssüratlarını "Amerikadan gəlirəm" adlı məqaləsində geniş şəkildə qələmə alıb.

Altunbayın Azərbaycanda özü kimi pilot olan Gülsüm Rüstəmova ilə evliliyindən Oqtay adlı övladı dünyaya gəlib. Türkiyədə ikinci dəfə ailə həyatı quran Altunbayın orada doğulan övladının da adı Oqtaydır.

Məmməd Altunbay 27 dekabr 1987-ci ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub.

Altunbayın Türkiyədə doğulan oğlu ilə bir neçə il əvvəl sosial media vasitəsilə əlaqə yaratmış, ondan maraqlı bilgilər və materiallar toplamışdım. Amma Azərbaycanda doğulan böyük oğlu, yazıçı-dramaturq, şair Oqtay Altunbayla ilk dəfə 17 noyabr 2023-cü ildə Milli Aviasiya Akademiyasında atasının xatirəsinə həsr olunmuş tədbirdə tanış olmuşdum. Ötən həftələrdə isə Oqtay bəylə geniş söhbət etmək imkanı əldə etdik və o, bizə atasının mühacirətə getməsindən sonra ailənin başına gələn faciələrdən, uzun illərdən sonra atası ilə İstanbulda görüşməsindən, 9 ay Türkiyədə yaşamasından, Bakıya qayıtdıqdan sonra üzləşdiyi olaylardan bəhs etdi. Oqtay bəyin danışdıqları Altunbay ailəsinin həyat hekayətinin daha dəqiq şəkildə bilinməsinə səbəb olacaqdır.

Dosye:

Oqtay bəy 1939-cu ildə Bakıda təyyarəçi ailəsində doğulub. Atasının mühacirətə getməsindən sonra ailəsi ilə birlikdə sürgün olunub. Gənclik illərindən etibarən ədəbiyyata böyük marağı olan Oqtay bəy müxtəlif pyeslər, şeirlər, hekayələr qələmə alıb.

Onun müəllifi olduğu "Şeyx Nizami" tamaşası Türkiyənin "Samanyolu", "TRT1" və Azərbaycanın müxtəlif telekanallarında yayımlanıb, "Kərbəlada doğan Günəş" əsəri Azərbaycan Dövlət Gənclər Teatrında, "Mehrişah" əsəri isə 1979-cu ildə Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdirilib. "Bir alov ki, haqdan yanar" adlı əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında nümayiş etdirilib. "Şeyx Nizami" əsəri Gəncə Dövlət Dram Teatrında da səhnəyə qoyulub.

Eyni zamanda publisistik fəaliyyətlə məşğul olan Oqtay bəy uzun illər ərzində "Azərbaycan", "Bakinski Raboçi", "Respublika" və digər mətbu orqanlarda yüzlərlə məqalə ilə çıxış edib.

O.Altunbayın bir neçə bədii və publisistik kitabı nəşr olunub. Bunlara "Heykəllər fəryad edir", "Gözümdə yüksələn dağ" (şeirlər və poemalar, 1979), "Dəmirüz" (Türkiyə, 1988), "Sahildə duran gəmi" (Türkiyə, 1988), "Tomris" (roman və hekayələr toplusu, "Gənclik", 1992) və "Tufanlarda keçən ömür" ("Gənclik", 1994) kimi əsərlər daxildir. Yazıçının son illərdə qələmə aldığı "Zülmətdə doğan Günəş" bədii-siyasi əsəri mərhum prezident Heydər Əliyevin ikinci hakimiyyət dövrünü və bu dövrdə Azərbaycanın müstəqillik yolunda atdığı addımları əks etdirən publisistik-tarixi nümunədir.

O, Cəlal Bərgüşadın "Qaçaq Nəbi" əsərini də Türkiyə türkcəsinə çevirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

***

Oqtay bəydən əvvəlcə ailə şəcərəsini soruşuruq. Bizə Gəncənin tanınmış kişilərindən biri olan babası haqqında danışır:

"Mənim ata babam gəncəli Bala Seyid Məhəmmədbəyli əsilzadə, Gəncənin sevimlisi, zəngin, şan-şərəf sahibi idi, hörmət-izzətə malikdi. Ticarətlə məşğul olan adamdı. Oğlu İbrahim Məhəmmədbəyli Gəncənin göz bəbəyi idi. Cavanlığından çar Rusiyasına qarşı mübarizə aparan dəstənin başçısı idi. Oğlu Məmməd Məhəmmədbəylini də - sonrakı adı Mehmet Altunbay - o ruhda böyütmüşdü. Ana babam Tahir ağa Rüstəmzadə 1890-cı illərdə Həmədan şəhərindən köçüb Bakının Əmircan kəndinə yerləşmişdi. Babam Həmədanda var-dövlət sahibi idi və mənə bəlli olmayan səbəblərdən İrandakı mülkünü satıb Bakıya köç etmişdi. Bakıda Hacı Zeynalabdin Tağıyevlə görüşüb dostlaşmış və onun məsləhəti ilə Ramanada və Naftalanda torpaq sahələri almışdı. Aldığı torpaqlar neft ilə zəngindi və qısa bir müddət ərzində babam var-dövlət sahibi olmuşdu. Tahir ağa Zeynalabdin Tağıyevlə Mərdəkan bağlarında can bir, qan bir qonşu idilər.

Bütün bu hadisələri mənə ana nənəm Səlimə xanım Rüstəmova danışardı. Mən o zaman 13-14 yaşlarında idim. Nənəmdən soruşanda ki, "bəs babamın neft buruqlarının taleyi necə oldu?" dünyagörmüş nənəm belə cavab verdi: "Baban Tahir ağa dərrakəli, çox ağıllı adam idi. "İşğal" sözünü dilə gətirmirdi. Bolşeviklər Bakını alanda baban özü hökumət böyükləri ilə görüşüb buruqlarını hökumətə təhvil verdi. Sənədlərlə bir yerdə. Ona görə bolşevik hökuməti bizim mülklərimizə toxunmadı".

Atam Mehmet Altunbay Ukraynanın Odessa şəhərində Aviasiya Akademiyasını bitirdikdən sonra Bakı Binə aeroportunda mülki, Zabrat aeroportunda hərbi hissədə fəaliyyətə başlayır. 1929-1939-cu illərdə on il ərzində yüzlərlə pilot yetişdirir. Dövlət tərəfindən təqdirəlayiq mükafatlara layiq görülür. Medallarla təltif olunur. Amma sən saydığını say, gör, fələk nə sayır".

Oqtay bəy atasının Bakıdan necə getməsini onun dilindən bizə danışır:

"Hərbi zavodlardan Zaqafqaziyaya göndərilən qırıcı təyyarələri sınaqdan keçirməyi mənə həvalə etmişdilər. 1938-ci ilin ortalarında Zabrat aeroportunda bir-birinin ardınca iki dəhşətli faciə baş verir. İki hərbi təyyarə göydə alovlanır, yerə enəndə partlayış qopur. Pilotlar həlak olurlar. Fəlakəti dərindən araşdırmadan məsuliyyəti mənim üstümə yıxırlar, vəzifədən uzaqlaşdırırlar. Sonralar bəlli oldu ki, günah zavod mühəndislərində imiş. 1937-1938-ci illər idi. Repressiyalar şiddətlənmişdi. Yüzlərcə yetişdirdiyim pilotlara qiymət verilmədi. Bu haqsızlığa dözmədim. Ölüm mələyi qanadlarını başımın üzərinə gərmişdi. Gec-tez məni də ölümə məhkum edəcəkdilər. Mənim sizləri tərk etməyim, baş götürüb yad ölkələrə getməyim də ölümdən qaçış idi".

Bu yerdə Oqtay bəydən soruşuram: "Atanız Vətəni tərk edəndən sonra nələrlə üzləşdiniz?"

"Bir dövlətin təyyarəsini xarici ölkələrə qaçırmaq Stalin rejimində amansız bir cinayətdi! Dövlət cinayəti! Mən o zaman anamın qucağında Bayıl həbsxanasında bir aylıq südəmər körpə idim. Həbsxana həyatı iki il davam etdi. Yəni istintaq iki il sürdü. Anamın da, atamın da istər Bakıda, istər Gəncədə olsun, bütün qohum-əqrəbalarını, hətta qoca analarını da, yəni nənələrimi həbs edib istintaqa cəlb etdilər. İstintaq zamanı anamı - yəni Mehmet Altunbayın həyat yoldaşı Gülsüm xanımı olmazın əzablara məhkum etdilər. Anamın əllərini dəmir xətkeşlərlə döyə-döyə istintaq aparırdılar. Anam həbsxanada ömrünün ən acı günlərini yaşadı. İstintaq bitdikdən sonra məni anamın qucağında Sibirə, İrkutsk şəhərinə sürgün etdilər. Sürgündə məni anamın qucağından qoparıb körpələr evinə, anamı həbsxana düşərgəsinə təslim etdilər. Bu zülm, işgəncə 7 il davam etdi. Körpəlik həyatım anasız, atasız, doğmalara həsrət içində keçdi, bir qətrə sevgiyə, bir damla nəvazişə möhtac ac-yalavac şəkildə 7 yaşıma qədəm qoydum".

Bir şeir oxuyur:

Nə zülmlər gördüm, nə müsibətlər,

Dərdlər zindanında keçdisə ömrüm,

Həyatın ən böyük acılarını,

Ən böyük zülmünü vətəndə gördüm...

Söhbətinə davam edir:

"Nənələrimə gəlincə... Ata nənəm Seyid Bəyimi, yəni Mehmet Altunbayın anasını və ana nənəmi - Səlimə xanımı Qazaxıstanın Semipalatinsk şəhərinə qoyun-quzu otarmağa məhkum etdilər. Altmış yaşlı qoca qadınların günahları nə idi, bəlli olmadı. Stalinlər, Mircəfər Bağırovlar Mehmet Altunbaydan belə intiqam alırdılar. Bəs yeni doğulan körpənin, mənim günahım nə idi? Bütün ömür boyu bu suala cavab tapa bilmədim".

Mehmet Altunbayın həyat yoldaşı Gülsüm xanım da pilot olub. O dövrdə bir qadının bu sahəni seçməsi necə mümkün idi? Oqtay bəy "Kommunist" qəzetində anasının dərc edilmiş şəklini göstərərək deyir:

"Mən də bu sualı zarafatla rəhmətlik anamdan soruşmuşdum: Yer üzünə sığmırdın? Göylərdə nə işin vardı? Anamın cavabı bu oldu ki, o zamanlar gənc qızların pilot olmaları haqqında güclü təbliğat aparırdılar. Mən qəzetlərdə elanları oxuyurdum. Birdən-birə məndə həvəs oyandı. Qardaşım Rüstəmlə danışdım, o məndən beş yaş böyükdü. "Təyyarəçi olmaq istəyirəm" dedim. O da mənə etiraz etmədi, icazə verdi. Yadımdadır ki, o gecə səhərəcən göylərdə uçmaq xəyalı ilə yaşadım. Səhər pilot məktəbinə gedib adımı yazdırdım".

Müsahibə boyunca Oqtay bəyə ünvanlamaq istədiyim əsas sualın həyəcanı içində idim. Nəhayət, o məqamın gəldiyini hiss edirəm. Mövzunu uzatmadan açıq şəkildə soruşuram: "Atanızla ilk dəfə necə görüşdünüz?" O anı təsvir etməyin mümkünsüzlüyünü deyən Oqtay bəy, nəhayət, gücünü toplayıb görüş anını mənə danışır. Amma bu detalları yazmamağımı istəyir, eyni zamanda görüşün necə baş tutmasını geniş şəkildə izah edir:

"1967-ci ilin ilk baharı idi. Türkiyə Cümhuriyyəti dövlətinin Baş naziri Süleyman Dəmirəlin SSRİ hökumətinin dəvəti ilə Moskvaya rəsmi dövlət səfəri gerçəkləşməli idi. Amma Süleyman Dəmirəl tələb edirdi ki, Moskvaya səfər Bakı üzərindən həyata keçsin. Yəni Türkiyənin Baş naziri Bakıya gəlsin. Süleyman Dəmirəlin Bakı səfəri Azərbaycanda böyük bir bayram əhval-ruhiyyəsi yaratdı. Bu ab-hava Moskvadakı danışıqlara, sonralar da Moskva ilə Ankara arasındakı siyasi münasibətlərə də müsbət sirayət etdi. O zaman siyasi dairələrdə bəlli olmadı ki, Moskvamı Heydər Əliyevin avtoritetindən istifadə etmişdi, yoxsa ulu öndər iki böyük dövlətin dostluğundan Vətəni Azərbaycan üçün faydalar qazandırmağa çalışırdı?! Bu, o zaman bir sirr olaraq açılmadı. Çünki Heydər Əliyev illər boyu ürəyinin dərin guşələrində müqəddəs bir sirr kimi qoruduğu arzunu, yəni böyük türk sevgisini ruslara büruzə verə bilməzdi. Keçək, əsas mətləbə. Süleyman Dəmirəli müşayiət edən heyətin tərkibində məşhur bir türk jurnalisti vardı. Jurnalist Dəmirəldən xahiş edir ki, onu Oqtay Altunbay ismində qəzetə yazarı ilə görüşdürsünlər. Süleyman Dəmirəl jurnalistin ricasını qəbul edir və Azərbaycan Kommunist Partiyasının birinci katibi Vəli Axundovdan xahiş edir ki, qəzetə yazarı Oqtay Altunbayla türk jurnalisti görüşdürsünlər. Mən doğulduğum gündən bəri atamın dostu olan bu türk qonağın vasitəsi və Türkiyə hökumətinin Baş naziri Süleyman Dəmirəlin alicənablığı ilə ilk dəfə ata səsini eşitdim... O zaman telefonda hıçqırsam da, dünyalar mənim oldu... Amma bu hadisələrdən sonra mənim Azərbaycan Dövlət Təhlükəsizlik orqanları ilə "mübarizəm" başlandı. Bu "mübarizə" mənim Türkiyədə - İstanbulda yaşayan atamla görüşmək tələbimdən və təhlükəsizlik orqanlarının mənə rədd cavabları üzündən baş verdi. Azərbaycan çekistləri "sən ata üzü görməyəcəksən" deyə mənə meydan oxuyurdular. Bu "mübarizə" iki il davam etdi. 1969-cu il idi. Nəhayət, mən "on iki imama yalvarınca, bir peyğəmbərə üz tutum", deyə Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevə teleqram vurdum. Vətəndə dövlət məmurlarından çəkdiyim zülmləri teleqramda qeyd etdim və "cənab general, nə üçün dövlətə və Vətənə sədaqət yalnız KQB binasında fəaliyyət göstərənlərlə ölçülür?" deyə teleqramı bitirdim. İki gündən sonra evimizə DTK-dan məktub gəldi. Mən ulu öndər Heydər Əliyevlə görüşməli idim. Mənə 5 dəqiqəlik reqlament müəyyən etmişdilər. 5 dəqiqəlik reqlament 45 dəqiqə sürdü. Bir çox sorğu-sualdan sonra Heydər Əliyev ayağa qalxanda dedi: "Sən atanla görüşəcəksən bir gün. Ümidvaram ki, atanızı görmək xoşbəxtliyi körpəlik və gənclik illərinizin iztirab dolu həyatınızı sizə unutduracaq. Amma sən atanla nə zaman görüşəcəksən, mən belə müəyyən edə bilmərəm". Amma bu görüşdən sonra ulu öndər otuz il Azərbaycanın rəhbəri olacaqdı. Ulu öndərin dediyi kimi, atamla görüşüm səkkiz ildən sonra - 1976-cı il mart ayının 22-də İstanbulun hava limanında gerçəkləşəcəkdi. Amma o zaman ulu öndərlə görüşəndə məni acı bir hıçqırıq boğurdu. Bu hıçqırıq illər boyu içimdə gəzdirdiyim ağrılar idi, həsrət iztirabları idi. Mən ulu öndəri bağrıma basmaq, başımı onun sinəsinə qoyub hönkür-hönkür ağlamaq, qəlbimə axan göz yaşları ilə ürəyimdəki dərd və atama olan həsrət ocaqlarını söndürmək istəyirdim. Mən Dövlət Təhlükəsizlik Komitəsindən çıxanda axşam düşmüşdü. Bir az getdikdən sonra geri dönüb binaya xeyli baxdım. Ömrümdə ilk dəfə olaraq bu binadan ehtiram və minnət dolu duyğularla ayrıldım. Çünki bu həmin Heydər Əlirza oğlu Əliyev idi ki, sonralar 70 ildə Rusiyanın əzəməti və ehtişamı üçün dərisi soyulan Azərbaycan 1990-cı ilin 19-dan 20-nə keçən Yanvar gecəsində sovet ordusu tərəfindən qana boyandığı zaman Moskvada Kremlin qarşısında bütün zamanların ən qəddar, ən qanlı və ən yırtıcı imperiyasına meydan oxuyacaqdı. Bütün dünya dövlətləri qarşısında bu imperiyanı rüsvayi-cahan edəcəkdi. Və öz əli ilə öz başına ölümsüz şərəf taclarından birini qoyacaqdı. Çünki Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana, sonralar sovet dövlətinə SSRİ-nin Baş nazirinin birinci müavini olaraq rəhbərlik etdiyi illərdə bilirdi ki, bir azdan, beş ilə, on ilə dünyanı sarsıdan ictimai fırtınalar qopacaq. Xalqların dövlətlərin, bəşəriyyətin taleyi dəyişəcək. Dünyamız ona doğru gedir. Yəni bəşəriyyət hər yüz ildən bir, əsri başa vurmamış qorxunc təlatümlər qopararaq dərkedilməz ölüm və fəlakət tufanları ilə öz qanlı-qadalı tarixini yenidən yaradır. İnsanlıq yüz ildən bir böyük, möhtəşəm, amma saxta tanrıcıqlar yaradaraq onlara səcdə edir. Sonra da onları Allah kimi yüksəklərə ucaldanları tarixin qaranlıqlarına gömərək əbədiyyətə doğru yolunu davam edir. Bəşəriyyətin son yüz ildə, yəni XX əsrdə yaratdığı "tanrıcıq"lara baxın: Lenin, Stalin, Hitler... İllərcə yüksəklərdə parlayan bu "tanrıcıq"lar, vücudlarından qan buğlanan bu yaratıqlar nə oldu? Onlar insanlığı qan dənizlərində boğdular. Sonra da yüz milyonların qanı bahasına bəşəriyyətə miskin bir həyat bəxş etdilər. Millətlərin baş bəlası Mixail Qorbaçov hakimiyyətə gələndə ulu öndəri ermənilərin təhrikiylə yüksək hakimiyyət zirvələrindən endirsələr də, şərəf və yüksək ləyaqət zirvələrindən endirə bilmədilər. Nə üçün? Çünki ulu öndər həyatda mühüm və ən dəyərli bir şeyi əxz etmişdi. Vicdan və şərəf dahilərin tacıdır. Vicdan və şərəf ləkələnsə, göylərin bütün ulduzlarını yaxana taxsalar da, özünü parlada bilməyəcəksən. Hakimiyyət ehtirasları vicdanları tari-mar etdiyi bir zamanda şöhrət və hakimiyyətin gözqamaşdıran parıltısı onu şərəf və ləyaqət zirvəsindən endirə bilmədi. Bu misilsiz keyfiyyət oğlu cənab İlham Əliyevə də keçdi".

Oqtay bəy atasının yanına getdiyi ilk dövrdə 9 ay Türkiyədə qalır. Bu aylarda nə işlə məşğul olduğunu, kimlərlə görüşdüyünü soruşuram:

"1976-cı ilin martında - Türkiyəyə ayaq basdığım onuncu gündə Başbakanlıqda Türkiyənin Baş nazirinin müavini Alparslan Türkeşlə görüşdük. O zaman Türkiyənin Baş naziri Süleyman Dəmirəl idi. Türkeş atamın dostu və Azərbaycan sevdalısı idi. Onun möhtəşəm bir görkəmi vardı. Alicənablığı ilə ruhoxşayıcı idi. Bir saatlıq görüş Azərbaycan üzərində qurulmuşdu və ruhoxşayıcı təbəssümlə ayağa qalxanda Türkeş atama üz tutaraq "Mehmet bəy, bu dəliqanlıyı sevdim, yenidən sovetlərə dönməməlidir. Yazıq olar. Həmən Türkiyə vətəndaşlığına qəbul edəlim. Üç odalı lojman və Başbakanlıqda vəzifə ayarlayalım", - dedi. Mən də: "Türkeş bəy, hələ bir qərara gələlim", - dedim. Alparslan Türkeş məni bağrına basdı, ayrıldıq. Türkiyədə ikinci görüş "Tərcüman" qəzetinin baş yazarı Əhməd bəy Kabaklının evində oldu. Bu görüş dostluğa çevrildi. Baş redaktoru olduğu "Türk ədəbiyyatı" jurnalında Əhməd bəy hekayə və şeirlərimi nəşr etdirdi. Onu da qeyd edim ki, "Tomris" tamaşasının hekayə variantı ilk dəfə Əhməd Kabaklının "Türk ədəbiyyatı" dərgisində və Ankarada Azərbaycan Kültür Dərnəyinin nəşri olan "Azərbaycan" jurnalında çap olunub. Tez-tez görüşdüyüm Türkiyə Kültür Bakanlığının müşaviri Yavuz Bülənd Bakilər məşhur şair və yazıçı idi. Ankara Dövlət Teatrının baş rejissoru İsmət Hürmüzlü mənim Ankara radiosunda "Mehrişah" və "Tomris xan" radio pyeslərimin rejissoru olmuşdur. Amma əsasən atamın "Qafqazfilm" şirkətini idarə edirdim. Şirkət həm Ankarada, həm İstanbulda fəaliyyət göstərirdi. Eləcə də Türkiyənin bir çox şəhərlərində "Qafqazfilm"in filmləri yayımlanırdı. Türkiyə ali məktəblərində, universitetlərdə tələbələrlə, professor heyəti ilə görüşürdüm. İstanbulun, Ankaranın ali məktəblərinin tələbələri elə zənn edirdilər ki, SSRİ dövləti bir cənnətdir. Tələbələrin əksəriyyəti kommunist idi. Leninin, Stalinin, Marksın, Engelsin əsərləri, kitabları marketlərdə, küçələrdə satılırdı. İstanbulda, Ankarada kommunist tələbələrlə millətçi tələbələr arasında tez-tez qırğınlar, çaxnaşmalar baş verirdi. Mən kommunizm sevdalısı xocalara, tələbələrə dönə-dönə başa salırdım ki, siz vətəninizi, Türkiyəni uçuruma sürükləyirsiniz. Mən onlara öncə siz Sovet İttifaqına gəlin, həyatı görün, öyrənin, sonra qərar verin. Kommunist xocalar və onların tələbələri "xeyr, əfəndim, biz sovetlərə getməyəcəyik, biz kommunizmi Türkiyəyə gətirəcəyik" deyirdilər. Nəhayət, Türkiyə ordusunun qərargah rəisi Kənan Evren 1982-ci ilin sentyabrında dövlət çevrilişi ilə Türkiyəni kommunizm bəlasından xilas etdi".

Mehmet Altunbay Türkiyədə bir sıra Azərbaycan və Orta Asiya filmlərinin Türkiyədə yayımlanmasına səbəb olub. Bütün bu işləri isə oğlu Oqtay bəy təşkil edibmiş:

"Atamın "Qafqazfilm" şirkətinin işçiləri şirkəti iflasa doğru sürükləyirdilər. Ankara və İstanbulda kinoteatrların sahibləri ilə görüşdüm. Ultimatum verdim ki, bundan belə mənimlə münasibət quracaqsınız. İstanbulda SSRİ-nin "Soveteksportfilm"in nümayəndəliyi ilə əlaqə yaratdım. Dostlaşdıq. Hədiyyələrlə könlünü aldım. Bir ay ərzində "Qafqazfilm" ilə "Soveteksportfilm" arasında on bir filmin Moskvadan İstanbula ixrac olunması barədə müqavilə imzalandı. Amma Türkiyə ilə Sovetlər arasındakı gərginlik işlərimizə mane olurdu. Moskvada "Soveteksportfilm"in rəhbərliyinin şərti bu idi ki, "Mosfilm"in filmləri də Türkiyədə nümayiş etdiriləcəyi təqdirdə, tərəflər arasında müqavilə qüvvəyə minəcək. Türkiyə tərəfinin də şərti bu idi ki, Sovetlərdən yalnız türkdilli xalqların istehsal etdikləri filmlər Türkiyəyə ixrac oluna bilər. Bu, çox mürəkkəb bir proses idi, həm də aylarla vaxt aparan idi. Moskvaya uçmaq məcburiyyətində qaldım. "Soveteksportfilm"in baş direktoru ilə görüşdüm. Razılığa gəldik. Daşkənd, Aşqabad, Alma-Ata, Bişkekə - o zamanlar Frunze adlanırdı - uçdum. Bu respublikaların kinostudiyaları və bu ölkələrin dövlət kinematoqrafiyalarının komitələrinin rəhbərləri ilə üz-üzə gəldim. Bu ölkələrin hamısı Türkiyə ilə mədəni əlaqələr qurmaq istəyirdi. Mən bu qardaşlar üçün göydən düşmüş qızıl alma idim. Nəhayət, Azərbaycandan "Dədə Qorqud", "Nəsimi", "Babək" filmlərini, Daşkənddən "Özbəkfilm"in "Uluğ bəy" filmi, qırğızların "Ağ liman" filmi və s. filmlər İstanbula çatdı. Mən yüz əlli ədəd kino lentlərin qutusunu Moskvanın "Vnukova" aeroportundan İstanbula nəql etdirdim. Filmlər türkcəyə dublyaj olundu, "Qafqazfilm" şirkəti tərəfindən atamla Türkiyə Kültür və Turizm Bakanlığına təhvil verdik, 220 milyon türk lirəsi qarşılığında. O zamanlar bu məbləğ 220 min dollara bərabərdi. Ankaradakı Sovet səfirliyində məni qınayırdılar ki, sən atanı milyonçu etdin".

Şübhəsiz ki, Sovet dövründə mühacir atanın yanında 9 ay qalmaq DTK məmurlarının xoşuna gəlməzdi. Mülayimləşmə dövrü olsa da, xaricə, xüsusən, Türkiyəyə gedənlər nəzarətdə saxlanılırdılar. Bəs, 9 aydan sonra qayıdan Oqtay bəyin başına nələr gəldi?

"Mən Vətənə qayıtdıqdan sonra öncə başımı sığalladılar. Xalq şairimiz Nəbi Xəzri "Xarici Ölkələrlə Mədəni Əlaqələr" cəmiyyətinin sədri vəzifəsində çalışırdı. Evimizə zəng edib iş yerində görüşmək arzusunda olduğunu bildirdi. Görüşdük. Xoş-beş, on beş, nəhayət, mətləb üstünə gəldi. "Oqtay qardaşım, dedi, - səninlə illər boyu dost-aşna olmasaq da, bir-birimizə hörmətimiz var. Sənə məsləhət görürəm ki, yazıçılığın, şairliyin öz yerində, Türkiyə səfərindən silsilə məqalələr yazıb "Kommunist" qəzetində çap elətdirəsən. Artıq qəzetin redaktoru ilə danışılıb". Bu sifarişin kimdən və haradan olduğunu dərk etdim. Bu, Dövlət Təhlükəsizlik Komitəsinin sifarişi idi. "Nəbi müəllim, məni siyasətə qarışdırma, mən siyasət adamı deyiləm", dedim. Nəbi Xəzri "Bu, bir az da sənin gələcəyinlə bağlıdır, yaxşı düşün, hələ çox gəncsən", dedi. "Mən Türkiyədə sevgi və hörmətdən başqa bir şey görmədim, Nəbi müəllim, bu sifariş nə mahiyyətdə olacaq?" Nəbi Xəzri "sənin publisist qələmin Türkiyəni göylərə qaldıracaq mahiyyətdə olmaz hər halda", dedi. "Fikirləşərəm", dedim və ayrıldıq.

Bir həftədən sonra Nəbi Xəzri bir daha zəng etdi, nə qərara gəldiyimi soruşdu. Mən də "Nəbi müəllim, mən heç vaxt Türkiyə əleyhində yazmadım və bundan belə də yazmayacağam", dedim. Bu telefon zəngindən sonra mən bir daha ömür boyu Nəbi Xəzrinin üzünü görmədim.

Bu zəngdən sonra mənim əleyhimə kampaniya başlandı. Gah DTK tərəfindən, gah da Daxili İşlər Nazirliyinin mənə bəlli olmayan şöbəsindən dəvət edirdilər. Məni Türkiyədə üç ay qalmaq əvəzinə, bir il qalmağımla günahlandırırdılar. Hədə-qorxu gəlirdilər, izahat tələb edirdilər. Mən də Türkiyədə bu qədər qalmağım barədə yazdığımdan əlavə heç bir şey yazmayacağımı deyirdim. Hətta DTK sədrinin müavini Bahadur Hüseynov çığır-bağırla "Mı s toboy ehe razberemsə" ("Səninlə sonra danışacağıq"), deyə mənə hədə-qorxu gəlirdi.

Məni heç yerdə işə götürmürdülər. Səkkiz ay işsiz qaldım. Vətənə qayıtmağıma peşman oldum. Nəhayət, Azərbaycan SSR-nin Ali Sovetinə teleqramla müraciət etdim: "Əgər vətənimdə əmək hüququmdan məhrum olmuşamsa, Azərbaycan dövləti vətəndaşlığından imtina edirəm. Teleqram yazdım ki, Moskvaya gedib SSRİ Ali Sovetindən tələb edəcəyəm ki, mən Azərbaycanda əmək hüququmdan məhrum olmuşamsa, Avropa ölkələrinin birində yaşamaq istəyirəm.

Bu teleqramdan sonra ortalıq qarışdı. Məni DTK-ya dəvət etdilər. DTK-nın rəhbəri Vitali Krasilnikov məni qəbul etdi. Vəziyyətimi izah etdikdən sonra, "yoldaş general" dedim, "mənim Türkiyədə on ay müddətində qalmağım dövlətimə bir zərər vurdumu? Dövlət məndən narazıdırmı?" General cavab verdi ki, "qətiyyən! Bizdə olan məlumata görə siz Türkiyədə özünüzü layiqincə idarə etmisiniz. Amma sizin Azərbaycan SSR Ali Sovetinə vurduğunuz teleqram nədir?"

"Cənab general, səkkiz aydır, daşqəlbli məmurların əlində əsir-yesir qalmışam", dedim.

Krasilnikov telefona əl atdı və dedi: "Oqtay Altunbay mənim yanımdadır. 24 saat ərzində kinostudiyadakı vəzifəsinə təyin edilsin". Sonda üzünü mənə tutdu: "Siz Türkiyədən gələn kimi niyə bizə müraciət etmədiniz?"

Mən heyrət içində generala baxırdım: "Yoldaş general, heç ağlıma gəlməzdi ki, mənim millətimdən olanlar mənim başıma bu oyunları açacaq".

General gülərüzlə mənimlə vidalaşdı".

Ötənlərdə Oqtay bəy mənə "Tarixə nur saçan ömürlər" adlı bir kitabını hədiyyə etmişdi. Orada "Şah və sultan və ya Çaldıran fəlakəti" adlı maraqlı bir pyesi də vardı. Bu əsər Avropa dövlətlərinin türk birliyini pozmaq üçün hansı oyunları oynadıqları ilə bağlı idi. Bu əsər bu gün Türkiyə və Azərbaycanın liderliyində aparılan Türk Dövlətləri Təşkilatı üçün də keçmişin səhvlərindən nəticə çıxarmaq baxımından əhəmiyyətlidir. Oqtay bəy Türkiyəyə olduqca heyrandır. 1976-cı ildən sonra da bu ölkəyə dəfələrlə səfər edib, ölüm anında atasının yanında olub. Müstəqillik illərindən bu yana da mütəmadi qardaş ölkədə səfərdə olur. Ona görə də 2025-ci ilin Türkiyəsi ilə 1976-cı ilin Türkiyəsini müqayisə etməsini istəyirəm:

"Sovet dövrü zamanındakı Türkiyə ilə XXI əsrin birinci rübünün Türkiyəsi ilə müqayisədə heç bir ölçüyəsığmaz qədər fərq var. Mən 1991-ci ilə qədər, yəni SSRİ-nin süqutuna qədər Türkiyədə dəfələrlə (1976, 1985, 1987, 1989, 1991-ci illər) olmuşam və hər gedişimdə aylarla İstanbulda qalmışam. Bugünkü Türkiyə bütün parametrləri ilə 1976-cı ildəkindən də, Osmanlı dövründəkindən də daha qüdrətli və ehtişamlıdır. Terrorsuz Türkiyə haqqın zülm üzərində, xeyirin şər üzərindəki qalibiyyətidir".

Sonda Oqtay bəydən atası ilə fotoşəkli olub-olmamasını soruşdum. Fotoşəkil çəkdiribmiş, amma özündə yox idi. Türkiyədəki qardaşı ilə danışıb həmin fotoşəkli əldə etdik...

# 403 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib

Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib

13:15 3 avqust 2025
Rahat istirahət istəyirsiniz? – Bu 6 qızıl qaydanı unutmayın!

Rahat istirahət istəyirsiniz? – Bu 6 qızıl qaydanı unutmayın!

13:00 3 avqust 2025
Vəfat etmiş Həsən Kürün oğlu dünyaya gəldi

Vəfat etmiş Həsən Kürün oğlu dünyaya gəldi

20:00 2 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir? - Rusiyanın terror üzü

Türkləri və yəhudləri qıranlar kimlərdir? - Rusiyanın terror üzü

15:00 2 avqust 2025
Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi

Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi

13:10 2 avqust 2025
Aydın Kazımzadə:  “Film adı altında təqdim olunan verilişlər gözümdən qaçmır” – Müsahibə

Aydın Kazımzadə: “Film adı altında təqdim olunan verilişlər gözümdən qaçmır” – Müsahibə

12:00 2 avqust 2025
# # #